• çərşənbə, 24 Aprel, 05:33
  • Baku Bakı 14°C

Bıçağı işə salmaq əvəzinə müalicə

23.06.16 12:10 1385
Bıçağı işə salmaq əvəzinə müalicə
Dövlət büdcəsi hesabına çalışan sahə baytarlıq məntəqələri ilə yanaşı, özəl xidmət göstərən baytar həkimlərin fəaliyyətlərinin də mexanizmi hazırlanır. Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə, məqsəd qida təhlükəsizliyinin təminatını yüksək səviyyəyə çatdırmaq, heyvan sağlamlığını yaxşılaşdırmaq, daha savadlı baytar kadrların yetişməsinə dəstək vermək və büdcədən baytarlıq xidmətinə yönəldilən vəsaitin səmərəli istifadəsinə nail olmaqdır.
Bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyi ilə Dünya Bankının birgə icra etdiyi Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi çərçivəsində beynəlxalq məsləhətçi fəaliyyətə başlayıb və ilkin tövsiyələrini nazirliyə təqdim edib. Kənd Təsərrüfatı Nazirliyi mütəxəssisləri özəl baytarlıq xidməti fəaliyyətinin tətbiqi üçün dünyanın bir çox ölkələrində sınaqdan keçirilmiş modellərlə tanış olublar. Azərbaycan üçün ən uyğun modelin mərhələli keçid olduğu qərara alınıb. Belə ki, Kənd Təsərrüfatı Nazirliyi seçilmiş pilot rayonlarda dövlət baytarlıq məntəqələri ilə paralel olaraq özəl baytarlıq xidmətlərinin də fəaliyyətə başlamasına şərait yaradaraq dəstək verəcək.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev qəzetimizə açıqlamasında bildirdi ki, mexanizmin hazırlanması ilə bağlı işlər gedir. Mexanizm hazır olduqda mətbuata ətraflı açıqlama veriləcək.
Əməkdar kənd təsərrüfatı işçisi Çingiz Fərəcov deyir ki, ölkəmizdə mal-qaranın sayı çox olsa da, məhsuldarlıq azdır, heyvanların tələf olması məqamları çoxdur: "Ölkəmizdə 2 milyon 700 min baş iribuynuzlu heyvan, 9 milyon başa yaxın qoyun və keçi, 25 milyondan çox quş var. Mal-qara çox olsa da, məhsuldarlıq aşağıdır, ölüm-itim faizi çoxdur. Respublikamızda baytarlıq xidməti məhdud səviyyədədir. Yerlərdə kifayət qədər baytarlıq xidməti yaradılmır. Elə yerlər var ki, iki-üç kəndə bir baytar xidmət göstərir. Əlbəttə, onlar işin öhdəsindən tam gələ bilmirlər. Ona görə özəl baytarlıq xidmətinin yaradılmasına böyük ehtiyac var. Özəl tibb müəssisələri kimi, özəl baytarlıq xidməti də olacaq”.
Ç.Fərəcov deyir ki, özəl baytar xidmətlərinin görəcəyi əsas iş əhalinin inamını qazanmaq olmalıdır: "Onlar özəl damazlıq təsərrüfatları üzərində işləməlidirlər. Elə işləməlidirlər ki, əhali inanıb xəstə heyvanlarını onların yanına gətirsin. Baytarlıq tədbirlərində iştirak etsinlər. Yoxsa onlar quru bir ad olaraq qalacaqsa, bunun heç bir əhəmiyyəti olmayacaq”.
Ç.Fərəcov bildirdi ki, baytarlar profilaktik tədbirlərlə yanaşı, müalicə ilə də məşğul olmalıdırlar: "Baytarlıqda profilaktika tədbirləri əsas məsələdir. Lakin baytarlar uzun müddət terapiya, cərrahiyyə, mamalıq dərslərini keçiblər. Buna görə də onlar müalicə ilə məşğul olmalıdırlar. Yaxşı olar ki, hər rayonda baytarlıq dispanseri yaradılsın və xəstə heyvanlar dispanserdə yerləşdirilsin, həkimlərin nəzarəti altında müalicə olunsun. Xəstə heyvanlara baxmaq üçün hər dəfə baytar həkimi gedib gəlməsin. Bu şərtlə ki, həmin heyvanların yemini sahibi dispanserə özü versin”.
Kənd təsərrüfatı işçisinin sözlərinə görə, bu xidmətin fəaliyyətinə Dövlət Baytarlıq Xidməti nəzarət etməlidir. Çünki onların hansı dərmanlardan istifadə etdiklərini, hansı profilaktik tədbirlər gördüklərini bilməlidirlər: "Bizdə özəl baytarlıq aptekləri var. Bu apteklərə də nəzarət olunmalıdır. Dövlət Baytarlıq Xidməti müntəzəm olaraq özəl baytarlıq apteklərində yoxlama aparmalıdır ki, vaxtı keçmiş, yararlılıq müddəti bitmiş dərmanları əhaliyə satırlar, yoxsa yox. Bu yaxınlarda Sabirabad rayonunda oldum. Mənə Qalağayın kəndində şikayət etdilər ki, gedib aptekdən dərman alırıq, amma təsiri olmur. Əlbəttə, təsiri olmayacaq. Əgər üzərində yararlılıq müddəti yoxdursa, onların heç bir köməyi olmayacaq. Demirəm ki, işlərinə qarışsın, amma Dövlət Baytarlıq Xidməti daim nəzarət etməlidir”.
Ç.Fərəcov deyir ki, baytarlıq xidməti Kənd Təsərrüfatı Nazirliyinin tələblərinə cavab verəcək səviyyədə deyil. Ona görə də yerlərdə baytarlıq işçilərinin təkmilləşdirilməsinə ehtiyac var: "Almaniya, Avstriya və başqa yerlərdən ölkəmizə özəl damazlıq heyvanlar gətirilir. Bəzi heyvanlarda doğuş çətin gedir. Respublikada qeysəriyyə kəsiyi aparan, balanı qarın boşluğundan salamat çıxarmaq qabiliyyətinə malik olan baytar həkimlər yox dərəcəsindədir. 3 həkim bu metodu bilirdi. Onlar da pensiyaya çıxıb. Süni mayalanmada da çox az bala alınır. 100 baş heyvan mayalanır, 15 maldan bala alınır. Bu, rüsvayçılıqdır. Dünyada belə təcrübə yoxdur. Mamalıq və balalıq xəstəliklərini baytarlıq işçiləri öyrənməlidirlər.
Əgər Dövlət Baytarlıq Xidmətinin işçiləri bu sahədə çətinlik çəkirlərsə, özəl baytarlıq xidmətinin işçiləri bu xəstəliklərin öhdəsindən necə gələ bilərlər? Ona görə də mexanizm elə hazırlanmalıdır ki, özbaşınalıq yaradılmasın. Özəl baytarlıq xidmətində çalışan işçilərə təkmilləşdirmə kursları keçirilməlidir. Yeni çıxan dərmanlar haqqında məlumat verilməlidir. Əks halda, onların fəaliyyəti uzağa gedə bilməyəcək. Onların uçotu aparılmalı, təhsil səviyyələri, iş təcrübələri öyrənilməlidir. Onların özəl baytarlıq xidməti göstərmə qabiliyyətləri öyrənilməlidir. Özəl baytarlıq xidmətinə çox ehtiyac var. Amma orada işləmək üçün peşəkar baytarlarımız yox dərəcəsindədir. Mən tez-tez rayonlarda oluram. Hamı şikayətlənir. Heyvanlar xəstələnəndə yeganə müalicə metodu bıçaqdır. Amma heyvanlar müalicə olunmalıdır”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər