• cümə, 19 Aprel, 20:08
  • Baku Bakı 24°C

Biabırçılıq

16.12.14 09:51 1422
Biabırçılıq
AXCP sədri Əli Kərimlinin nəzarət etdiyi Milli Şuranın noyabr ayında keçirdiyi uğursuz aksiyalardan sonra Müsavat Partiyası (MP) da varlığını sübut etmək, gündəmdə qalmaq üçün eyni addımı atmaq məcburiyyətində qaldı. Bu məqsədlə Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edən və razılıq alan partiya dekabrın 14-də öz tərəfdarlarını “İnşaatçılar” metrostansiyasının yaxınlığındakı keçmiş “Məhsul” stadionuna səslədi. Beləliklə də ötən bazar günü MP Beynəlxalq İnsan Haqları Günü münasibəti ilə “Siyasi məhbuslara azadlıq!” şüarı altında mitinq keçirdi. 15:00-dan 17:00-a kimi davam edəcək bu mitinqi izləmək üçün təxminən 1 saat qabaq hadisə yerində oldum. Müşahidələrim əsasında onu deyə bilərəm ki, mitinqdə iştirak etmək istəyən vətəndaşlar üçün hər hansı maneə yox idi. Hər hansı narazılıq yaranmasın deyə, aksiyada iştirak etmək üçün gələn xanımların üzərini daxili işlər nazirliyinin iki zabit və bir çavuş olmaqla ümumilikdə 3 qadın əməkdaşı yoxlayırdı. Adamların azlığı səbəbindən saat 15:15-də öz işinə başlayan mitinqdə Müsavat, Xalq, “Bozqurd”, “Ümid” partiyalarının, eləcə də bir sıra digər müxalifətyönlü qeyri-hökumət və gənclər təşkilatlarının təmsilçiləri iştirak edirdilər.
Müsavat başqanının müavini Səxavət Soltanlının aparıcılıq etdiyi aksiyada Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər, həbsdə olan müsavatçılar Sirac və Fərəc Kərimli qardaşlarının atası Raqif Kərimli, hüquq müdafiəçisi Vidadi İsgəndərli, Müsavat başqanı Arif Hacılı çıxış edərək öz fikirlərini çatdırdılar.
Qeyd edək ki, aksiyada Müsavat təmsilçilərinin əvvəlcədən qeyd etdikləri kimi minlərlə adam deyil, təxminən 400 nəfərə yaxın şəxs iştirak edirdi. Əgər stadionda peşə borcunu yerinə yetirən kütləvi informasiya vasitələri təmsilçilərini, ictimai asayişə nəzarət edən polisləri çıxsaq, aksiya iştirakçılarının sayının daha az olduğu o dəqiqə sezilirdi. Başqa sözlə desək, İsa Qəmbərin oğlunun toyuna Müsavatın mitinqindən çox adam gəlmişdi. Bu fakt, müxalifətin sosial dayağının olmadığını, Azərbaycan xalqı tərəfindən dəstəklənmədiyini bir daha ortaya qoyurdu.
Mitinq zamanı stadionda apardığım müşahidələr nəticəsində onu da deyə bilərəm ki, Müsavatın icazəli aksiyasına AXP sədri Pənah Hüseyn, sabiq daxili işlər naziri İsgəndər Həmidov, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, başqanlığa sabiq namizəd Tural Abbaslı, sabiq başqan müşaviri Əhəd Məmmədli, Müsavat üzvü Vurğun Əyyub da qatılmışdılar. Amma yeni başqan Arif Hacılının legetimliyini şübhə altına alan Qubad İbadoğlu, Səxavət Əlisoy və bir çox digər narazılar aksiyada iştirak etmirdilər. Bununla onlar, A.Hacılını başqan kimi qəbul etmədiklərini bir daha nümayiş etdirirdilər. Eyni zamanda bu, başqan A.Hacılı ilə bərabər İ.Qəmbərin də lider kimi öz tərəfdarları arasında nüfuzdan düşdüyünü göstərirdi.
Olduqca sönük keçən aksiya təxminən 40-45 dəqiqə sonra qətnamənin oxunması ilə yekunlaşdı. Saat 16:00-dan etibarən isə aksiya iştirakçıları stadionu tərk etməyə başladılar. Beləliklə də Müsavatın icazəli aksiyası əvvəlcədən elan edilmiş vaxtdan bir saat əvvəl başa çatdı.
Mitinqdən sonra Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) tərəfindən açıqlama yayılaraq, dekabrın 14-də Yasamal rayonundakı keçmiş “Məhsul” stadionunda MP-nın BŞİH ilə razılaşdırılmış mitinqinin keçirildiyi, saat 15.00-dan 16.00-dək davam edən toplantıda partiyanın 400 nəfərədək üzvü və təəssübkeşinin iştirak etdiyi bildirilib. Qeyd olunub ki, aksiyada ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.
Həmin gün Azərbaycan Mətbuat Şurası da aksiyada jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinin vəziyyəti barədə monitorinqinin nəticələrini açıqlayıb. Bildirilib ki, MŞ MP-nın dekabrın 14-də Bakıda keçirdiyi mitinqində jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinin monitorinqini aparıb. Aksiyada prosesi işıqlandıran kütləvi informasiya vasitələrinin təmsilçilərinin sərbəst hərəkətlərinə və xidməti vəzifələrini səmərəli şəkildə icra etmələrinə hər hansı maneə qeydə alınmayıb. Şuranın daxili işlər nazirliyi ilə birgə yaradılmış monitorinq qrupunun mitinqdə iştirak edən üzvlərinə, həmçinin Mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasının təmsilçilərinə jurnalistlərin fəaliyyətinə məhdudiyyətlərin yaradılmasına dair müraciət edilməyib. MŞ-nın monitorinq qrupu icazəli aksiyada peşə vəzifəsini yerinə yetirmiş jurnalistlərin əsasən üzərində “PRESS” yazılmış xüsusi gödəkcələrdə olduqlarını qeydə alıb.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər