• cümə, 19 Aprel, 15:59
  • Baku Bakı 25°C

“Böhrandan yeni dövrana”

31.05.16 20:46 1758
“Böhrandan yeni dövrana”

"Əgər əvvəllər nəyisə xatırladanda "sovetin vaxtında” deyirdiksə, indi "dolların 78 qəpik olan vaxtında” deyirik”. Bu sözlər ötən həftənin sonu Bakıda keçirilən Milli Marketinq Forumunda səsləndirildi. "Böhrandan yeni dövrana” adlı forumda çıxış edən Gilan Holdinq FMCG Qrupunun Strateji marketinq direktoru, tədbirin təşkilatçılarından olan Rafiq Hunaltay bildirdi ki, 2013-cü ildə birinci marketinq forumunu təşkil edəndə bu tədbirin ölkəmiz üçün nə dərəcədə vacib olub-olmadığını düşünüblər: "Fikirləşirdik ki, bəlkə də xaricə gedib əcnəbi spikerlərin dediklərini dinləyib qayıtsaq, daha yaxşı olar. Amma sonra düşündük ki, öz milli spikerlərimizdən, mili şirkətlərimizin yaradıcılarından, idarəedicilərindən yararlanaq”.

Qeyd edək ki, Milli Marketinq Forumu dördüncü ildir düzənlənir və forumda marketinqin bugünkü vəziyyəti və gələcəyindən söhbət açılır. 6 paneldən ibarət olan builki forumun hər panelində 4 spiker öz təcrübəsini 260 nəfərlə bölüşdü.

Forumda "Böhran dövründə marketinq strategiyası”, "Marketinq kommunikasiyaları”, "Bloqçuluq və rəy liderliyi”, "Milli keyslər”, "Rəqəmsal marketinq”, "Şəxsi brendinq” haqqında panellərdə söhbət açıldı. Bütün panellər üzrə ana istiqamət isə hazırkı iqtisadi şəraitə uyğun olaraq "Böhrandan yeni dövrana” idi.

Azərbaycanda real biznes neçə yaşındadır?

"Böhran dövründə marketinq strategiyası” panelinin moderatoru, Dəmir Bankın Marketinq departamentinin rəhbəri, tədbirin təşkilatçılarından olan Anar Bayramov bildirdi ki, forum tamamilə millidir: "Çünki milli mütəxəssislər milli şirkətləri barədə danışır, təcrübələrini bölüşürlər.

Panelin spikeri, AAF holdinqin İdarə Heyəti sədrinin müavini Fəxri Ağayev "Azərbaycanda real biznes neçə yaşındadır?” sualına cavab axtardı. Tarixə nəzər salan natiq böhrandan öncə aciz dolların güclü manatın fonunda əzildiyini xatırlatdı: "O zamanlar biz Antalyanı Nabrandan daha yaxşı tanıyırdıq. Böhrandan öncə Azərbaycanda bir kran vardı - oradan neft gəlirdi. O zaman şirkət sahiblərinin daxili istehsalata həvəsi yox idi. Çünki istehsal etmək idxal etməkdən baha başa gəlirdi. Şirkətlərimiz böyüyürdü, amma idarəçilərin bilikləri artmırdı. Şirkətlərdə iki əsas şöbə işləyirdi. Satış və mühasibat: pul gətirən və pulu hesablayan şöbələr. Şirkət quranlar rəhbərliyə qohumunu, yerlisini, əsgər yoldaşını təyin edirdi. Düşünürdülər ki, işləyə-işləyə öyrənəcək. Həmin idarəedicilər də peşəkar olmadığından, peşəkarlardan qorxduğundan ətrafına qeyri-peşəkarları toplayırdı. Buna görə şirkətlər ciddi zərbə alırdı. Düşünürdük ki, az işləyib çox qazanmaq haqqımızdır. Bir anda böhran gəldi və oyunun qaydaları dəyişdi. Ölkədə pul kütləsi azaldı, müştərilərin davranış tərzi dəyişdi. Böhrandan sonra işçilərini ruhlandıra biləcək, sıfırdan yetişdirə bilən, minimum xərclə maksimum gəlir əldə edə biləcək müdirə ehtiyac yarandı”.

F.Ağayevin sözlərinə görə, neftin qiyməti azalmağa başlayan anda ölkəmizdə real biznes dünyaya gəldi: "Hazırda bu biznesin iki yaşı var. Biz peşəkar idarəçilər iki yaşlı biznesimizin əlindən tutub yuxarı qaldırmalıyıq”.

Eyiblərimizi düzəltməklə çox şeyə nail ola bilərik

"Böhran qaçılmazdırsa, faydalanmağa çalışın” mövzusunda danışan "Megafun”ın layihə meneceri Firdovsi Xəlilovdedi ki, böhran marketoloqları, iqtisadçıları aşan məsələdir: "Böhran bizdən asılı olmasa da, vəziyyət o qədər də bədbin deyil. Böhran yaşayanda qorxu yaşayırsan, böhranın dibini görəndə isə artıq qorxmursan”.

Amerikanın iqtisadi böhran təcrübəsindən söz açan natiq iki böhran yaşayandan sonra ABŞ-ın dünyada hegemon dövlət olduğunu xatırlatdı.

F.Xəlilov Azərbaycanın iqlimi, təbiəti, insanları ilə çox gözəl olduğunu dedi. Amma eyiblərimizin də olduğunu qeyd etdi: "Eyiblərimiz tənbəlliyimiz, proqnozsuzluğumuz, plansızlığımız, asana qaçmağımızdır. Eyiblərimizi düzəltməklə çox şeyə nail ola bilərik”.

"Müştərilərimizin rəyi bizim üçün önəmli oldu”

Chevrolet Azərbaycanın Marketinq departamentinin direktoru Anar Fətəliyev şirkət olaraq böhranı fürsətə çevirə bildiklərindən danışdı və bunun sirrini açıqladı: "Bir şirkət olaraq böhrandan sonra bazar payımızı iki dəfəyə yaxın artırmış, rəqiblərimizdən daha çox satış etmişik. Bunun səbəbi ilk növbədə böhrandan sonra daha verimli, daha çox çalışmağımız oldu. Bunun üçün isə işçilərimizi, xüsusilə marketinq departamentinin işçilərini motivə etdik. İkinci növbədə müştərilərimizi dinlədik, işimizi onların rahatlığına uyğun qurduq. Müştərilərimizin rəyi bizim üçün önəmli oldu.

Üçüncüsü, əgər əvvəllər müştərilərimiz komfort, modelyönümlü idisə, böhrandan sonra sərfəli şərtlərin onlar üçün daha vacib olduğunu nəzərə aldıq. Buna görə də qərara aldıq ki, daha sərfəli şərtlər irəli sürdük.

Dördüncüsü, marketinq büdcəmizi artırdıq.

Beşincisi, müştərilərimizə pozitiv enerji aşılamağa çalışdıq. Çünki böhran dövründə müştərilərdə neqativ enerji olur, onu pozitivə çevirmək sizin uğurunuzdur”.

Böhrandan çıxmağın vahid konsepsiyasının olmadığını deyən natiq xoşbəxt olmağın yolunun pozitiv olmaqdan keçdiyini bildirdi: "Pozitivliyi biznesə yönləndirəndə qarşılığını ala bilirsən”.

"Reklam yatırımdır”

Daha sonra digər panelə keçid oldu.

McCann Baku reklam agentliyinin icraçı direktoru Elnur Nurəliyev "Axır ki, böhran” mövzusunda danışdı. E.Nurəliyevin sözlərinə görə, böhrandan sonra bir çox şirkət rəhbərləri reklam xərclərini kəsmək barədə düşünürlər: "Amma bu, yanlışdır. Çünki reklam yatırımdır. Daha az reklam daha az gəlir, daha az müştəri deməkdir. Əksinə, böhrandan çıxmaq üçün reklam xərclərini artırmaq lazımdır. Statistika göstərir ki, reklam xərclərini azaldanda iki ildən sonra şirkətin satışında azalma müşahidə edilir. ABŞ-dakı 1990-91-ci illər böhranı zamanı bazarda lider olan "Reebok” reklam xərclərini kəsdi, "Nike” isə 3 dəfə artırdı. Böhrandan sonra "Nike”ın gəliri 9 dəfə artdı və hələ də bazarda liderdir. Siz böhran zamanı reklam edirsinizsə, müştərilərin sizə inamı artır”.

E.Nurəliyevin fikrincə, əgər innovativ məhsulunuz varsa, onu məhz böhran dövründə bazara buraxmaq lazımdır. Çünki böhranda rəqabət azalır.

Asan qələbələrin keçmişdə qaldığını xatırladan natiq bildirdi ki, məhsulun satılması üçün gözə çarpmaq, xüsusi olmaq lazımdır.

Qeyd edək ki, hər paneldən sonra spikerlər forum iştirakçılarının suallarını cavablandırdılar.

İki gün davam edən Milli Marketinq Forumu Marketing AİR, Facemark.az və Azərbaycanın ilk onlayn marketinq televiziyası olan Facemark.tv komandasının səyi nəticəsində illik olaraq keçirilir.

Lalə MUSAQIZI




banner

Oxşar Xəbərlər