• cümə axşamı, 28 mart, 19:35
  • Baku Bakı 13°C

“Böhrandan çıxış yolu tapılıb”

12.01.17 11:00 1162
“Böhrandan çıxış yolu tapılıb”
Prezidentİlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Dövlətbaşçısı 2016-cı ili təhlil edərək deyib ki, ümumilikdə regionda və dünyada gedən proseslər nəzərə alınmalıdır. 2016-cı ildə dünyada və yaşadığımız regionda təhlükələr, risklər, təhdidlər artıb, qanlı münaqişələr, müharibələr davam edib, yeni münaqişə ocaqları yaranıb.
Bir sözlə, yaşadığımız bölgədə sabitlik pozulub və iqtisadi inkişafla bağlı vəziyyət ağırlaşıb: "2016-cı ildə dünyanın müxtəlif yerlərində təhlükəli proseslər müşahidə olunurdu. Avropada miqrantlar böhranı dərinləşib, MDB məkanında gedən proseslər narahatlıq doğururdu. O ki qaldı bizim ölkəmizə - Azərbaycan 2016-cı ildə öz inamlı inkişafını davam etdirib, ölkəmizdə təhlükəsizlik tədbirləri təmin edilib, Azərbaycan xalqı sülh, əmin-amanlıq şəraitində yaşayır. Ölkəmizdə sabitliyin mənbəyi xalqımızın iradəsidir, xalqımızın seçimidir. Bu gün ölkəmiz dünya miqyasında sabitliyi ilə seçilən ölkələrdən biridir. Dünyada və bölgədə gedən təhlükəli proseslərə fikir verərkən bir daha görürük ki, Azərbaycan öz yoluna sadiqdir, müstəqillik, inkişaf yolu ilə gedir və biz çalışmışıq və çalışacağıq bundan sonra da ölkəmizi, xalqımızı mümkün olan risklərdən qoruyaq, öz müstəqil yolumuzu təmin edək”.
Prezident 2016-cı ildə ölkə qarşısında duran bütün əsas vəzifələrin təmin edildiyini də qeyd edib. Bildirib ki, Azərbaycan neftlə zəngin olan digər ölkələr kimi, neftin qiymətinin aşağı düşməsindən əziyyət çəkirdi. Ancaq neft ixrac edən bütün ölkələrin addımlarına nəzər salsaq, görərik ki, Azərbaycan o ölkələrdəndir ki, bu böhranlı vəziyyətdən də uğurla çıxa bilib. Neftlə zəngin olan bir neçə başqa ölkə var ki, bizim kimi bu vəziyyətdən uğurla çıxa bilib. Bu o deməkdir ki, əsas gəlir mənbəyimiz olan neft bizə 3-4 dəfə az gəlir gətirib: "Biz, əlbəttə ki, bu böhranlı vəziyyətdən çıxış yolunu tapmalı idik və hesab edirəm ki, tapmışıq. Bütün çətinliklərə, itkilərə baxmayaraq, biz iqtisadi sabitliyimizi qoruya bildik, bu ağır vəziyyətdən şərəflə çıxa bildik. 2016-cı ildə də ölkəmizdə iqtisadi inkişafla bağlı çox önəmli addımlar atılıb. Bir daha qeyd etmək istəyirəm, hər bir ölkənin inkişafı üçün əsas şərt təhlükəsizlikdir, sabitlikdir, vətəndaş həmrəyliyidir. Bu da bizdə var. Təhlükəsizlik qorunur, bir daha demək istəyirəm ki, xalqın iradəsinə əsaslanan sabitlik, vətəndaş birliyi və həmrəyliyi 2016-cı ildə daha da artıb. Ümumi daxili məhsul aşağı düşsə də - bunun da əsas səbəbi neftin qiymətinin 3-4 dəfə aşağı düşməsidir və bundan irəli gələn investisiyaların, dövlət investisiyalarının azalmasıdır, - digər önəmli göstəricilər bizi sevindirir. Xüsusilə, ölkəmizdə qeyri-neft sənaye istehsalı keçən il 5 faiz artıb. Bu o deməkdir ki, bizim uzun illər ərzində apardığımız siyasət öz nəticəsini göstərir. Sənayeləşmə, qeyri-neft sektorunun, sahibkarlığın inkişafı, bax, bu gözəl nəticəni təmin edib. Böhranlı ildə qeyri-neft sənayemizin 5 faiz artması, hesab edirəm ki, çox böyük göstəricidir”.
Demək olar ki, neftlə zəngin olan bütün ölkələrin valyuta gəlirləri böyük dərəcədə aşağı düşüb. Müxtəlif fondlarda yığılan vəsaitlər kəskin şəkildə azalıb. Prezident qeyd edib ki, Azərbaycanda Neft Fondunun gəlirlərini qorumaq mümkün olub. Neft Fondunun gəlirləri cəmi 4 faiz aşağı düşüb. Çünki valyuta ehtiyatlarının şaxələndirilməsi istiqamətində addımlar atılması nəticəsini verib. Bizim valyutamız həm dollarda, həm avroda, həm Britaniya funtunda saxlanılır. Dolların möhkəmlənməsi, avronun, funtun aşağı düşməsi nəticəsində dollar ekvivalentində Neft Fondunun valyuta ehtiyatları 4 faiz aşağı düşüb. Əgər bu məzənnə fərqi olmasaydı, az səviyyəli tənəzzülə uğramazdıq: "Böhrandan çıxmaq üçün ən asan yol valyuta ehtiyatlarını xərcləməkdir və biz bunu bəzi yerlərdə görürük. Ancaq biz gələcəyi düşünürük. Biz uzunmüddətli strategiyamızı qururuq. Biz illər boyu valyuta ehtiyatlarımızı qorumuşuq, yığmışıq, ölkə üçün lazım olan infrastruktur, sosial layihələrə yönəltmişik və bu gün də qoruyuruq, artırırıq və artırmalıyıq”.
Dövlət başçısı bildirib ki, keçən il "Cənub” qaz dəhlizinin icrası uğurla davam etdirilib. Neft gəlirləri üç-dörd dəfə azaldı deyə, xaricdən kreditlər alınıb, daxili vəsait hesabına "Cənub Qaz Dəhlizi” və "Şahdəniz-2” layihələrinin icrası ilə bağlı bütün lazımi addımlar atılıb. Keçən il Bakıda "Cənub” qaz dəhlizi Məşvərət Şurasının ikinci toplantısı olub. O toplantıda iştirak edən bütün ölkələr, Avropa Komissiyası, Amerika Birləşmiş Ştatları və "Cənub” qaz dəhlizinin bütün üzvləri qəbul edilmiş bəyanatda Azərbaycanın liderliyini bir daha göstəriblər: "Biz bu layihənin lideriyik, təşəbbüskarıyıq, aparıcı qüvvəsiyik. 2016-cı ilin iqtisadi göstəricilərini təhlil edərkən görürük ki, ümumi daxili məhsulun azalmasının əsas səbəbi dünya bazarlarında neftin qiymətinin aşağı düşməsidir və bundan irəli gələn dövlət investisiyalarının azalmasıdır. Biz ixracı şaxələndirməliyik və ilk növbədə kənd təsərrüfatı məhsulları hesabına. Biz realist olmalıyıq. Biz indi texnologiya ixrac edə bilmirik və edə bilmərik, vaxt lazımdır. Biz istədiyimiz səviyyədə maşın, mexanizm ixrac edə bilmirik. Heç özümüzü də təmin edə bilmirik. Biz nəyi ixrac edə biliriksə, diqqətimizi o real sektora yönəltməliyik. Burada kənd təsərrüfatı, emal sahəsi əlbəttə ki, ən böyük potensiala malikdir. Torpaqlardan səmərəli istifadə etməliyik və ixracımızı şaxələndirməliyik. Hesab edirəm ki, biz görüləcək tədbirlər sayəsində kənd təsərrüfatı məhsulları ixracını iki dəfə artıra bilərik. Bu, ölkəmizə daha çox valyuta, kənddə yaşayanlara isə əlavə vəsait gətirəcək”.
Prezident onu da nəzərə çatdırıb ki, bu il "Cənub” qaz dəhlizinin yaradılması ilə bağlı çox böyük işlər görüləcək. Bu il həlledici il olacaq. Bu nəhəng layihəni maliyyələşdirmək üçün Azərbaycanın kifayət qədər vəsaiti var. Beynəlxalq maliyyə qurumları da bu layihəyə vəsait ayırırlar: "Ona görə yox ki, bizə belə xüsusi xoş münasibət bəsləyirlər. Ona görə ki, bu, səmərəli layihədir. İndi beynəlxalq maliyyə qurumları elə layihələri axtarırlar ki, o layihələr pul gətirsin. "Cənub” qaz dəhlizi o layihələrdəndir. Bu layihə həm iqtisadi cəhətdən çox səmərəlidir, həm də ki, enerji təhlükəsizliyi baxımından bir çox ölkələrin maraqlarını təmin edəcək, ilk növbədə Azərbaycanın. Ona görə, əgər kimsə düşünürsə ki, bu layihənin icrası ilə bağlı bizdə problem olacaq, o, səhv edir. Mən nəyə görə bunu deyirəm? Çünki bilirəm ki, bəzi siyasi dairələr neftin qiymətinin düşməsi ilə bağlı yaranmış vəziyyətdən istifadə edərək deyirlər ki, Azərbaycanın indi pulu azalıb, Azərbaycan indi ağır, çətin vəziyyətə düşüb, "Cənub” qaz dəhlizini maliyyələşdirmək üçün pulu yoxdur, ona görə, gəlin Azərbaycana təzyiq edək, öz tələblərimizi qoyaq, öz maraqlarımızı təmin edək ki, o şərtlə biz Azərbaycana kredit verə bilərik. Bax, bu, keçən il ərzində müşahidə edilən mənzərə idi, çox ucuz, necə deyərlər, çox ləyaqətsiz hərəkətlər idi”.
H.Əsgər
banner

Oxşar Xəbərlər