• cümə, 19 Aprel, 12:00
  • Baku Bakı 25°C

Böhran dövründə şirkətimizi necə qoruyaq və inkişaf etdirək?

02.11.16 14:56 1740
Böhran dövründə şirkətimizi necə qoruyaq və inkişaf etdirək?
Camid Mövsümov
2015-2016-cı illərdə də dünyanın iqtisadi sferasında kifayət qədər təlatümlü proseslər baş verdi. Təbii ki, bu proseslər Azərbaycanın iqtisadi həyatına da təsirsiz ötüşmədi. Son iki il ərzində ölkəmizdə fəaliyyət gösətərən bir çox şirkətlər böyük bazar payı itiriblər. Böhran ölkəmizdə ən çox maliyyə sektoruna öz mənfi təsirini göstərmişdir. Maliyyə qurumlarımızın bəziləri böhrana tab gətirməyərək, fəaliyyətlərini dayandırıblar, bəziləri isə filial şəbəkələrinin sayını azaldıblar. BOKT şəklində fəaliyyətlərini davam etdirənlər də olub. Bütün bu qeyd olunanlar onun göstəricisidir ki, ölkəmizdə fəaliyyət göstərən istər maliyyə qurumları, istərsə də başqa təşkilatlar böhran dövründə xüsusi strategiyalara sahib olmayıblar. Yanlış idarə olunan bu tip şirkətlər iflasa məhkumdur.
Böhran dövründə yalnız makro tədbirlər görməklə, təşkilatların varlığını davam etdirmələri mümkün deyildir, TƏŞKİLATLAR MİKRO QABAQLAYICI TƏDBİRLƏR SAYƏSİNDƏ BÖHRANIN SONUNADƏK VARLIQLARINI DAVAM ETDİRƏ BİLƏRLƏR.
Böhran dövründə uğurun formulası: risk, yaradıcılıq, fürsət və bacarıqdır.
Hər bir riskli sahənin uğurlu olacağını düşünmək və buna uyğun hərəkət etmək də böyük yanlışlıqdır. Mövcud vəziyyət və riski yaxşı analiz edərək, düzgün yolu tapmaq ən doğru hərəkət olsa da, böhran dövründə ortaya çıxmaq və illər sonra böyük şirkətə çevrilmək, həqiqətən də, böyük bir uğurdur.
Heylett-Packard nümunəsi
Hewlett-Packard( bazarda tanına adı HP), bu gün öz sahəsində dünyanın ən böyük şirkətlərindən biridir. Şirkətin adı qurucularının soyadlarının birləşməsindən yaranmışdır. Stantford Universitetinin iki tələbəsi Bill Heylett və David Packard tərəfindən 1939-cu ildə bir evin qarajında 538 dollar başlanğıc investisiya və kiçik elektronika cihazlarının istifadəsi niyyəti ilə qurulan bir şirkətdir. İlk müştərilərindən biri dünyanın əyləncə sektorunda lider şirkəti olan Disney olmuşdur.
Şirkətin qurulmasından qısa zaman sonra II Dünya müharibəsi başlayır. Alman sualtı gəmilərinin zədələnməsi nəticəsində xüsusi radar sistemlərinə ehtiyac duyulur və o zaman bu sahədə ixtisaslaşan HP bunu özü üçün bir fürsətə çevirməyi bacarır. O illərdə cəmi 45 nəfərlik bir heyətlə çalışan HP şirkəti milyonlarla dollar gəlir əldə etməyə başlayır.
Böhran dövründə şirkətinizin mövqeyini qoruyacaq bir sıra məsləhətləri nəzərə alın:
Müştərilərinizlə əlaqəni sıxlaşdırın - Böhran zamanı müştərilərin davranış və ehtiyaclarında ciddi dəyişikliklər meydana gəlir. Müştəri davranışlarındakı dəyişiklikləri anlamasanız müştərilərinizi itirərsiniz. Böhran dövrü əldə olan mövcud müştərilərin qorunması dövrüdür. Ona görə də, müştərilərinizlə ünsiyyətinizi daha da sıxlaşdırın və mövcud müştərilərinizi təşkilatınıza daha çox bağlamağa çalışın. Sadiq müştəri kütləsi yaradın və onu daim inkişaf etdirərək artırın.
Əsas hədəfinizə yönəlin - Böhran istiqamətinizi qətiləşdirməyin və əsas hədəfinizə yönəlməyin zamanıdır. Buna görə də hansı bazar və mövcud müştəri seqmentlərinə xidmət göstərirsinizsə, hansı məhsul kateqoriyasında davam etmək istəyirsinizsə, onları müəyyənləşdirin, digər istiqamətlərdən kənarlaşın.
Kiçilin - Kiçilmək yaxşıdır, prosesləri daha effektiv tənzimləməyə imkan verir. İdarəetmə pillələrinizi azalda bilərsiniz. Qeyd olunanlara əyani misal olaraq, ölkə ərazisində fəaliyyət göstərən bir sıra bankları xüsusilə qeyd etmək olar. Banklar likvid işləməyən bir sıra filial şəbəkələrini bağlayaraq, xərclərini önəmli şəkildə azaltdılar. Bəlkə də bunun nəticəsində daha az müştərisi və daha az işçisi olacaq, lakin böhran başa çatdıqda kifayət qədər güclü bir şirkət olacaqlar.
Böyük İnvestisiyalardan çəkinin - Böhran dalğavari bir prosesdir. Misal olaraq, ölkəmizdə baş verən son iki devalvasiyanı qeyd etmək mümkündür. Nəzərə almaq lazımdır ki, üçüncü bir devalvasiyadan və onun özü ilə bərabər gətirəcəyi növbəti böhran dalğasından heç kim sığortalanmayıb. Bazarın hər an tərsinə dövr edə biləcəyi böhran dövründə kifayət qədər nağd vəsait ehtiyatınız yoxdursa, böyük investisiyalardan çəkinin.
Uzun yox, qısa dövrü düşünün - Dünyanın ən böyük iqtisadçılarından biri olan Con Meynard Keynsin sözünü xatırlayaq: "Uzun vədədə hamımız öləcəyik”. İşiniz qısa vədədir, bunu heç bir zaman yaddan çıxartmayın. Buna görə də hədəflərinizi illik deyil, aylıq, həftəlik, olaraq müəyyənləşdirin. Nağd vəsaitinizi isə günlük olaraq idarə edin. Bunu böhran dövründə təşkil olunan satış kampaniyaları üçün nəzərə almaq mümkündür. Qısa dövrü əhatə edən satış kampaniyaları daha effektiv olur. Məsələn, "Yalnız üç gün bütün məhsullara 50% endirim” kampaniyası effektivdir. Bunu şəxsi praktikamdan deyirəm. Eyni kampaniyanı 1 aylıq təşkil etdikdə isə kampaniyanın effektivlik dərəcəsi olduqca aşağı düşür. Çünki müştəridə belə bir düşüncə formalaşır ki, bir ay ərzində kampaniyadan yararlana bilər. Son nəticədə isə kampaniyanı unudur.
Online alış-veriş - Böhran dövrü online alış-veriş dövrüdür. Böhran dövründə bir qrup insanlar nağd vəsait əldə etmək niyyəti ilə istifadə etmədikləri məhsullarını online yolla satışa təqdim edirlər, digər qrup insanlar isə öz ehtiyaclarını bu təklif olunan məhsullarla təmin edərək, daha az vəsait xərcləyir və son nəticədə qənaət etmiş olurlar.
"Yaxşı iş, pis iş yoxdur. Hər bir işi yaxşı, və pis icra edən vardır”. Peter Drukerin o məşhur sualını özünüzdən soruşun: "Əgər öz işimə yenidən başlasaydım, nələri fərqli edərdim?” Böhranın mənfi təsirləri olduğu qədər müsbət təsirləri də vardır. Böhran insanları hərəkətə keçirir. Başqa dövrdə bir çox şirkət əlavə xərclərdən və dəyər yaratmayan bir çox işdən xilas ola bilməzdi. Böhranın bu enerjisindən faydalanın və işinizi yenidən formalaşdırın.
Heç bir böhran sonsuza qədər davam etmir. Əsas məsələ sizin böhran dövründə varlığınızı qorumağınızdır.
banner

Oxşar Xəbərlər