• çərşənbə, 24 Aprel, 05:55
  • Baku Bakı 14°C

«Bəziləri şou-biznesi tamaşaçılara çirkab kimi təqdim etməyə çalışır»

08.07.14 09:12 2620
«Bəziləri şou-biznesi tamaşaçılara çirkab kimi təqdim etməyə çalışır»
Bu gün şou aləmində gənc ifaçılarımıza geniş meydan açılıb. Onlar yerli rejissorların işlərindən qane olmayıb, dünyanın ən reytinqli studiyalarında çalışaraq yaradıcılıqlarında yenilik etməyə çalışırlar. Elə müsahibimiz Zarina Məmmədova kimi.
Zarina Məmmədova Azərbaycan Gənclər Mərkəzinin təşkilatçılığının “Gənclərin Dostu” Milli Mükafatlandırılma mərasimində “Gənclərin sevimli gənc xanım müğənnisi” mükafatına layiq görülüb. O gündən bu yana ifaçıya “gənclərin sevimlisi” deyə müraciət olunur.
Beləliklə Gənclərin sevimli xanımı olan Zarina ötən gün “Gənclik qəzeti”nin qonağı oldu. Bizimlə söhbətində şou aləmindəki yerindən və gələcək planlarından danışdı.
Şou-biznesdən uzağam
- Bu gün şou əhli özünə maraqlı ləqəblər qoyaraq onunla tanınmaq istəyir. Sizin də adınız elə maraqlı isimlər sırasındadır. Zarina sözünün mənası nədir?
- Adımın tərcüməsi Zərinədir. Zarina ilə Zərinə eyni addır. Mənim araşdırmama görə, mənası qızıldan geyimi olan, daş-qaşlarla əlaqəli bir isimdir. Adımı əmimin yoldaşı qoyub. Çox nadir adlardandır. Yaxşı ki, belə bir isim düşünüb, çünki Zarina səhnə üçün çox yaxşı səslənir. Həm də tərcüməsi yoxdur deyə, istənilən dildə rahatca deyilə bilir. Dünyanın bütün ölkələrində adım olduğu kimi deyilir. Belə adlar müğənnilər üçün vacibdir ki, sonra ləqəb götürmək məcburiyyətində qalmasınlar.
- Sizi şou biznesdə fərqli göstərən hansı cəhətidir?

- Fərqli olmağım şou-biznesdə olduğum qədər də ondan kənarda olmağımdır.
- Hesab edirsiniz ki, şou-biznesdən uzaqsınız?

- Bəli. Mən şou-biznesin fəal iştirakçısı deyiləm.
- Sizə elə gəlmirmi ki, bu fikirlərinizdə yanılırsınız?

- Kənardan necə göründüyümü bilmirəm. Ancaq mən özümü şou-biznesin içində tam olaraq hiss etmirəm.
- Deyirlər ki, bir şou-biznesə gələn sevinir, bir də onu tərk etməyi bacaran.

- Bu fikirlə heç də razılaşmıram. Bəzi insanlar şou-biznesi çox şişirdib kənardan tamaşaçılara böyük bir çirkab kimi təqdim etməyə çalışırlar. Ancaq hər şey insanın özündən asılıdır. Həyatda hər şey ola bilər. Müğənni ailə qurub bu sənətdən tamamilə uzaqlaşa da bilər və ya bunun üçün başqa səbəbləri də ola bilər.
- Ancaq qəbul edək ki, tamaşaçı alqışını görən ifaçılar heç vaxt ondan doya bilmirlər.

- Şou-biznes elə bir aləmdir ki, uğur qazandıqdan və sevildiyini hiss etdikdən sonra o sevgini itirmək ya da o sənətdən uzaqlaşmaq istəmirsən. Eləcə də mən. Ona görə hamı çalışır ki, inkişaf etsin. Daha da yüksəlsin, sevənlərinin sayı çox olsun. Hər kəs əllərindən gələni etməyə çalışır. Hələ ki, şou-biznes aləmindəyəm, istədiyim layihələri həyata keçirirəm. Ancaq ola bilər ki, nə zamansa bu sənətdən uzaqlaşım.
Üzümə qapılar açıldı
- Sənətə gəldiyiniz gündən heç bir sponsorla işləmədiyinizi demişdiniz. Maraqlıdır, sponsorla işləmədiyiniz halda haradan gəlir əldə edirsiniz?

- Türklərlə birlikdə həyata keçirdiyim layihəm mənə çox uğur gətirdi. Türkiyədən birbaşa gəldiyim üçün uzun zamanda açıla biləcək qapılar mənə tez bir zamanda açıldı. Türkiyədə albomum çıxandan sonra istər televiziya, istər radio, istər mətbuat mənim üçün böyük tramplin oldu. Ona görə şükürlər olsun ki, bu günə qədər elə də böyük əziyyət çəkməmişəm. Belə də ki, Azərbaycanda müğənnilərin gəlir mənbəyinin ünvanı bəllidir(gülür).
- Təbii ki, nə albomdan, nə də konsertdən müğənni gəlir əldə edə bilmir. Müğənnilərin gəlir mənbəyi əsasən toylardır. Orada isə sizi çox az hallarda görürük.

- Bizdə müğənnilərin gəlir mənbəyi şou-proqramlar və el şənliklərindəndir. Çox zaman da televiziya proqramlarına qatılmamışam, heç qatılmıram da. Ancaq bundan sonra qatılmayacağam demirəm. El şənliklərinə gedirəm, danmıram. İştirak etməyimə baxmayaraq sizə deyə bilmərəm ki, el şənliklərinə getməyə məcbur oluram. Toylara getməyimin səbəbi tamaşaçı sayı az olsa da orada mini konsert proqramımın baş tutmasıdır.
Məsləhətlərimə xalqın ehtiyacı yoxdur
- Qeyd etdiniz ki, televiziya proqramlarına qatılmırsınız. Buna əsas səbəb nədir?

- Televiziya proqramlarına çox nadir hallarda qatılıram. Əgər mənə uyğun olan verilişlər varsa, həmin verilişlərdə iştirak edirəm. Yalnız dəvət olunan verilişlərə gedirəm. Yerli-yersiz kiməsə müraciət edib, televiziyaya can atmamışam. Əgər o verilişdə özümü görürəmsə, təbii ki, böyük məmnuniyyətlə orada iştirak edirəm. Dəvət olunduğum verilişdə mahnı ifa edəcəyəmsə, orada öz yaradıcılığımdan danışmağa yer ayrılacaqsa, belə verilişlərdə iştirak edirəm. Nəinki heç bir mahnı ifa etmədən, ifaçının yaradıcılığından belə söz açılmadan hansısa bir mövzu barədə fikir bildirmək. Belə verilişlər mənim xasiyyətimə ziddir. Tamaşaçı qarşısına yalnız ifalarımla çıxa bilərəm. Şükürlər olsun ki, danışmaq üçün savadlı adamlarımız çoxdur. Düşünürəm ki, mənim məsləhətlərimə hələ ki, xalqın ehtiyacı yoxdur. Mənə görə ifaçı efirdə yalnız sənətini təqdim etməlidir.
- Sizcə ifaçı efirdə ekspert kimi çıxış edə bilməz? Axı bu gün efirlərimizdə ekspertlərin əksəriyyəti elə müğənnilərdir.

- Bəli, əgər sənətçi ekspert kimi çıxış edirsə, o, elə bir həyat yolu keçməlidir ki, onun geniş həyat təcrübəsi olsun. Məsləhət almaq üçün ifaçının yaşı ona imkan verməlidir ki, öz həyat təcrübəsini tamaşaçılarla bölüşə bilsin. Bu gün efirdən kiməsə irad bildirib, kiməsə düzgün yol göstərə bilmərəm. Bunu özümə yaraşdırmıram, çünki böyüklərdən çəkinirəm. Ola bilər ki, 15 ildən sonra mən də hansısa bir verilişdə ekspert kimi çıxış edərəm. Ancaq bacardığım qədər elə verilişlərə getmirəm, baxmayaraq ki, dəvət olunuram. Hərdən elə olur ki, istəmədiyim halda elə verilişlərin iştirakçısına çevrilirəm.
- Sizcə peşəkar müğənni olmaq üçün təhsil almaq önəmlidir?

- Mən düşünmürəm ki, kiminsə musiqi təhsili yoxdursa, o, müğənni ola bilməz. Çünki istedad Allahdan gələn bir şeydir. Əgər istedad varsa, onu düzgün istiqamətə yönəltmək lazımdır. Gələcəkdə təhsil ifaçıya lazım olur. Azərbaycan müğənnilərinə isə təhsil mütləq lazımdır. Çünki bizim zəngin musiqimiz, ifa çalarlarımız, muğamımız var. Muğamı biləndən sonra istənilən dünya musiqisini ifa etmək müğənni üçün rahat olur. Bizim musiqidə elə boğazlar var ki, dünyanın müxtəlif ölkələrinə gedəndə ondan istifadə etməli oluruq. Xaricə gedəndə deyirlər ki, estrada janrdan bizdə də var, bizə öz ölkənin mahnısını göstər. Onda təhsil özünü göstərir. Belə hallarla tez-tez rastlaşmışam.
10-15 minlik klipi 35-40 minə çəkiblər

- Siz həm yerli, həm də xarici rejissorlarla çalışmısınız. Onların arasında elə də böyük fərq varmı?

- Türk və yerli rejissorlarımızla çox yaxşı münasibətdəyəm. Təbii ki, iş rejimlərində böyük fərqlər var. Türklərin işini daha çox bəyənirəm. Çəkdirdiyim kliplərimin tam versiyasını izləyəndə orada işıq və rəng effektlərinin məni daha çox qane edir. Bu o demək deyil ki, bizim rejissorlarımız yaxşı klip çəkə bilmirlər. Mən özüm də dəfələrlə yerli rejissorlara müraciət etmişəm. Ancaq əksər kliplərim türk rejissorlar ilə çəkilib.
- Deyirsiniz ki,. sponsorum yoxdur. Türkiyədə klip çəkdirmək isə çox bahalı işdir. Sizə bu şərtlərlə işləmək çətin gəlmirmi?

- Türkiyədə hər qiymətə klip çəkmək mümkündür. Misal üçün mənim “Dəlilik” klipim çox bahalıdır. Azərbaycandan hər hansı müğənni türk rejissoruna müraciət edəndə onlara şişirdilmiş qiymətlər söyləyirlər. Xarici rejissorlarla da bilirlər ki, kimə hansı qiyməti deyirlər. Türk rejissorları ilə bizim ortaq dostlarımız çoxdur. Ona görə də orada normal klipin qiyməti necədirsə o qiymətə çəkdirmişəm. “Bir acı” klipimi Türkiyənin tanınmış rejissoru Kamal Başbuğa çəkib. O, mənim Ümid Sayınla olan klipimin də rejissorudur. Azərbaycanda çəkilən kliplə onun mənə çəkdiyi klip arasında heç bir fərq yoxdur. Bu aləmdə belə şeylər də olur. Elə Azərbaycan müğənniləri olub ki, Türkiyədə klip çəkdirmək niyyətində olub, xarici rejissorlar da 10-15 minlik klipi 35-40 minə çəkiblər. Düzdür, orada bahalı kliplər də var. Klip ola bilər ki, dəyəri 100 min manat da olsun. Amma bir də var ki, onlar özləri qiyməti qəsdən şişirdirlər. Bilirlər ki, azərbaycanlı müğənnidir, xarici bazardakı qiymətdən xəbəri yoxdur.
- Zarina xanım, indi siz prodüser Təranə Səmədova ilə çalışırsınız. Onun şou-biznesdə qalmaqalları az olmayıb. Qorxmursunuzmu sizin də adınız qalmaqallarda hallanar?

- Mənim o qalmaqalların heç birinə aidiyyətim yoxdur. Təranə xanım köhnə iş yoldaşları ilə arasında nə yaşayıbsa, bu, ona aiddir. Həyatdır, həyatda hər şey olur. Mənim də ola bilər ki, kimləsə yaxşı münasibətim olmasın. Bu, o demək deyil ki, mənim problemim Təranə xanıma da aiddir. O, bir çox müğənnilərlə işləyib, ayrılıb deyə hər kəs belə düşünür. Təranə xanımın ayrıldığı müğənnilərlə mənim çox gözəl münasibətim var. O, mənə qadağa qoymur ki, həmin ifaçılarla danışma. Hər insanın həyatda öz prinsipi, öz düşüncə tərzi var. Bizim hələ ki, ayrılmaq fikrimiz yoxdur, bir yerdə işlərimiz yaxşı gedir. Gələcəkdə ayrılası olsaq iki normal insan kimi ayrılmağı bacaracağıq. Bizim əvvəldən də bir-birimizə qarşı böyük hörmətimiz var. Bir-birimizə hörmətlə yanaşmağı bacarırıq və mənə elə gəlir ki, ən əsası da budur.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər