AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Bəzi ulduzlar geyimlərini xaricdə küçə bazarlarından alır

Bəzi ulduzlar geyimlərini xaricdə küçə bazarlarından alır

Mədəniyyət
06 Aprel 2013, 11:55 2170
Yerli şou-biznes nümayəndələrinin bahalı geyimlərlə gündəmdə qalmaq istəkləri adi hal alıb. Müğənnilərimiz dəbli görünmək üçün dəridən-qabıqdan çıxsalar da, buna hər zaman nail olmurlar. Bəzən zövqsüz geyim tərzləri ucbatından qınaq obyektinə çevrildikləri hallara da tez-tez rast gəlirik. Çox zaman peşəkarlarla işləmək onlara maddi baxımdan əlverişli olmadığından, istəklərinə uyğun geyinən müğənnilərimiz hətta haqlı iradları görməzlikdən gəlirlər.

Adi paltara bir maşının qiyməti qədər pul xərcləyən müğənnilər həmin libasları 2 dəfə geyindikdən sonra qarderoblarında köhnəldiyini söyləyirlər. Bununla da gündəmi zəbt etməyə cəhd göstərirlər. Maraqlısı da odur ki, gündəmi zəbt etməyi bacarırlar. Bizimlə söhbətində şou-biznesin nümayəndələrindən kimisi geyimlərini ucuz mağazalardan əldə etdiyini, kimisi də yerli mağazalardan geyim almadığını söylədi.

Estrada müğənnisi Roza Zərgərli adətən libası markasına görə deyil, ona yaraşanı aldığını vurğuladı: “Bu gün şou-biznes nümayəndələri geyimlərini xaricdən aldıqlarını söyləyirlər. Hər kəs Sədərək Ticarət Mərkəzinə dırnaqarası baxır, halbuki ora heç də pis ticarət mərkəzi deyil. Bizim tanınmış ulduzlar gedib Türkiyədə, Çində, Dubayda geyimlərini küçə bazarlarından alırlar. Nə fərqi var ki, o ölkələrin küçə bazarlarından aldın, ya da öz vətənindən. Bunlar arasında heç bir fərq görmürəm. Bir geyimə 7-8 min manat da xərcləyirəm, 7-8 manat da. Kliplərimdə, fotosessiyalarımda dizaynerlərlə işləməyi üstün tuturam. Bir müddət Səma, Günay və türk dizayneri Ramazo ilə işləmişəm. “Atəş” klipimdə amerikalı dizaynerlə işləmişəm. İşlə bağlı dizaynerlərə müraciət edirəm. Amma adi ev geyimimi bazardan, ucuz mağazalardan alıram. Adi geyim almaq üçün bir də xaricə getməyə ehtiyac görmürəm”.

Gənc müğənni Günay İbrahimli geyimləri ilə özü məşğul olduğunu, ehtiyac duyduğu anlarda modelyerlərə müraciət etdiyini bildirdi: “Sənətə yeni başlayanda bir neçə modelyerlə işləyirdim. Hazırda vizaj və makiyaj ustam Elnur və Pərvizlə işləyirəm. Çalışıram ki, geyimlərimlə özüm məşğul olum. Elə olur ki, modellər seçirəm, geyim hazırlatdırıram. Xaricdən aldığım geyimlər də az deyil. İçlərində bahalı paltarlarım, ucuz paltarlarım da var. Mənim üçün ən əsası odur ki, geyindiyim libaslar rahat olsun.

Modelyerlər tərəfindən ötən ilin ən zövqlü geyinən müğənnisi hesab olunan Kərim Abbasov modelyerlərə müraciət etmədiyini, geyimlərini xaricdən aldığını qeyd etdi: “Sevindirici haldır ki, bu gün ismim zövqlü geyinən kişi müğənnilərin sırasında hallanır. Bütün geyimlərimi Türkiyədən əldə edirəm. İdman üslubunda olan bir geyim dəstinə 1200 avro pul xərcləmişəm. Yalandan deyə bilmərəm ki, hansısa geyimimə 5000-10 000 manat pul vermişəm. Ən ucuz geyimim isə 10 manata olub. Libaslarımı adətən Türkiyədə “Zaara” mağazasından alıram, çünki o firmanın geyimlərini çox bəyənirəm. Ümumiyyətlə, Azərbaycanda çox az hallarda alış-veriş edirəm. Türkiyədə 2 il bundan qabaq dəbdə olan geyimlər Azərbaycana hələ indi gəlib çıxır. Ona görə də geyimlərimi məhz Türkiyədən əldə edirəm”.

Modelyer Xəyalə Hüseynova müğənnilərin geyim seçərkən mütləq peşəkarlara müraciət etməli və səhnə geyimlərinin gündəlik geyimlərdən seçilməli olduğunu bildirdi: “Modelyer sifarişçinin bədəninə, hətta sifət cizgilərinə uyğun rəng və paltar seçimi edir. Əgər modelyer peşəkardırsa, insanın simasına, bədən quruluşuna baxıb təsəvvür edə bilir ki, ona hansı geyim yaraşacaq. Özünü tamamilə modelyerin ixtiyarına verən müğənnilərlə işləmək rahat olur. Müğənnilər arasında zövqlü olanları və olmayanları var. Elə müğənni var ki, bəzən çox zövqlü geyinir. Birdən də efirdə pis paltarda görünür”.

Stilist Samir (Samiraldo – müəllif) mətbuata açıqlamasında bu ilin ən zövqlü müğənnisinin isimlərini açıqlayıb. Belə ki, stilist yaşlı sənətçilərin əksəriyyətini zövqsüz müğənnilər adlandırıb: “Nadir Qafarzadə yaxşı müğənnidir, sevilir. Amma mən bu yaxınlarda bir verilişdə gördüm, geyimini bəyənmədim. Çünki çox üst-üstə bahalı brendlərdən geyinmişdi. Xalq artisti Faiq Ağayev və Yalçın Rzazadə də bahalı geyinirlər. Faiq çox zövqlü müğənnidir. Bu yaxınlarda bir proqramda bir müğənni ilə bərabər qonaq idik. Saçına o qədər rəng yaxmışdı ki, dərisi görünürdü”.

Stilist qadın müğənnilər arasında Şəbnəm Tapdıqova, Arzu Mələk, Təranə Qumral kimi müğənniləri zövqsüz hesab edir: “Biz hansı əsrdə yaşayırıq, amma onlar hələ də köhnə dəblə geyinirlər. Saç düzümləri də həmçinin. İradəni bu yaxınlarda gördüm, saçını bəyənmədim. Saçını elə rəngdə boyamışdı ki, on yaş qoca görünürdü”.

Xəyalə Rəis