AZE | RUS | ENG |

“Bəzi qüvvələr Ermənistanda qan tökülməsində maraqlıdırlar”

“Bəzi qüvvələr Ermənistanda qan tökülməsində maraqlıdırlar”
Sahib Alıyev: “Rusiya hiss etsə ki, proseslərə nəzarəti itirə bilər, Ermənistan tamamilə başqa reallıqlarla üzləşəcək”

Ermənistan parlamentinin müxalif deputatı Nikol Paşinyanın rəhbərliyi ilə aprelin 13-dən paytaxt Yerevanda başlayan etiraz aksiyaları səngimək bilmir. Serj Sarkisyan aprelin 23-də baş nazir vəzifəsindən, bundan bir neçə gün sonra isə hakim Respublika Partiyasının sədrliyindən istefa vermək məcburiyyətində qalıb. Ermənistan parlamentinin sədri Ara Babloyan yaydığı bəyanatda bildirib ki, yeni baş nazirin seçilməsi ilə bağlı mayın 1-də xüsusi iclas keçiriləcək. Belə bir vaxtda Rusiya prezidenti Vladimir Putin və Ermənistan prezidenti Armen Sarkisyan arasında telefon danışığı olub. Danışıqlar zamanı Ermənistanda yaranmış mövcud vəziyyət müzakirə edilib. Bu telefon danışığının ardınca Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Moskvaya yola düşüb. Moskvada Rusiya və Ermənistanın xarici işlər nazirləri Sergey Lavrov və E.Nalbandyan arasında görüş keçirilib. Eyni zamanda, Ermənistan baş nazirinin müavini Armen Gevorkyanın da işgüzar məsləhətləşmələr üçün Moskvaya gedib. Ermənistanda cərəyan edən bütün bu proseslərlə bağlı "Kaspi”nin suallarını millət vəkili, siyasi şərhçi Sahib Alıyev cavablandırır.

- Sahib müəllim, artıq 14 gündür Ermənistanda etiraz aksiyaları keçirilir. Bu aksiyalar nəticəsində hökumət başçısı istefa versə də, etirazlar səngimək bilmir. Bütün bunlarla əlaqədar sizin münasibətinizi öyrənək istərdik.
- Hazırda Ermənistanda cərəyan edən proseslər kənardan göründüyü qədər heç də sıradan bir hadisə deyil. Bu aksiyalar yeni başlayanda hakimiyyətdən qovulan Serj Sarkisyan baş verənləri ciddi qəbul etmirdi. Məsələnin bu səviyyəyə gəlib çatacağını heç təsəvvür də etmirdi. Ola bilsin ki, buna səbəb onun kimlərdənsə zəmanət alması, yaxud da özü özünü həddən ziyadə ağıllı hesab etməsi idi. O hesab edirdi ki, hər şey nəzarəti altındadır. Çünki buna qədər Sarkisyan Ermənistandakı aksiyaları müxtəlif yollarla yatırtmışdı. Lakin proseslərin gedişi Sarkisyan üçün gözlənilməz sürprizə çevrildi. Baş nazir vəzifəsindən istefa verməyə məcbur qalan Serj Sarkisyan özü də səhvini etiraf etdi. Ermənistandakı "məxməri inqilab”ın digər ölkələrdəki inqilablara oxşar və fərqli tərəfləri də müşahidə olunmaqdadır. Oxşarlıqlar məlumdur. Fərqli məqamlar budur ki, proseslər yalnız Ermənistanın daxilində deyil, bütövlükdə erməniliyin içində baş verir. Proseslərə xarici ölkələrdəki erməni diasporunun təsirinin, eləcə də Qərbin əlinin olduğu gün kimi aydındır. Fikrimcə, diaspor əsasən ona çalışır ki, proseslərin sonu olaraq Ermənistanın edəcəyi geosiyasi seçim qurbansız, yaxud haylar üçün minimum itki ilə başa çatsın. Lakin onların əlaqəli olduğu Qərbdəki qüvvələr üçün bütün ssenarilər məqbuldur. Onlar üçün Ermənistanda böyük qanların tökülməsinin əhəmiyyəti yoxdur. Deyərdim ki, bəlkə də böyük qanların tökülməsində Qərbdəki qüvvələr daha çox maraqlıdır. Əgər belə bir hadisə baş versə, bu, birbaşa Rusiyanın əleyhinə yönələcək. Bütün hallarda Rusiyanın Ermənistan üzərinə təsirlərinin azaldılması istiqamətində istənilən hadisənin baş verməsi Qərb üçün məqbuldur. Hesab edirəm ki, Rusiya da bunun fərqinə varıb və ona görə də son dərəcə ehtiyatlı davranır. Bu səbəbdən Kreml rəhbərliyi Ermənistanda böyük qırğınlar törədilməsini arzulamır. Bilir ki, bu baş versə, Rusiyanın adı ilə əlaqələndiriləcək. Ermənistanda böyük qırğınların baş verməsi Rusiyanın imicinə daha böyük zərbə vuracaq. Və burada dünyanın bir sıra aparıcı dövlətlərində media və siyasi elitaya çıxışı olan erməni diasporu da haray-həşir salaraq öz "töhvəsini" verəcək.

- Biz bilirik ki, Ermənistan Rusiyanın forpostudur, Gümrüdə rus hərbi bazası var, işğalçı ölkənin sərhədlərini rus hərbçiləri qoruyur, eləcə də iqtisadi və sair sferalar Kremlin nəzarətindədir. Belə olan halda, Ermənistanın müstəqil geosiyasi seçim etməsi nə dərəcədə mümkündür?
- Burada seçim deyərkən, proseslərin ya böyük qırğınlarla yekunlaşmasını, ya da baş verənlərlə Rusiyanın barışmasını nəzərdə tuturam. 90-cı illərin əvvəlində rəsmi Yerevanın uduşlu vəziyyəti onda idi ki, dünyadakı erməni diasporu sayəsində Ermənistan beynəlxalq aləmdə baş verənlərdən yetərincə məlumatlı idi. İstənilən prosesin sonunun nə ilə nəticələnəcəyindən xəbərləri var idi. Hazırda Ermənistandakı vəziyyət də kortəbii surətdə baş vermir. Bu proseslər Rusiyanın zəifləməsindən və daha da zəifləyəcəyinə inamdan irəli gəlib. Yəni, haylar hər zaman tarixin dönüşlü vaxtında öz xislətlərini büruzə veriblər. İndi də bu xisləti nümayiş etdirirlər. Baxmayaraq ki, aksiyalar başlayandan Rusiya əleyhinə heç bir çağırış yoxdur, yenə də bu addımların arxasında geosiyasi məqsədlər dayanır. Bu prosesləri sadəcə paşinyanlar idarə etmir. Baş verənlərin arxasında dayanan güclər hələlik öz niyyətlərini qabarıq şəkildə ortaya qoymaq istəmirlər. Bunu Rusiyanı qıcıqlandırmamaq, bir növ baş verənləri Kremlə tədricən həzm etdirmək istəyirlər. Amma Rusiya da zəif qüvvə deyil və bu dövlətin Ermənistanda varlığı yalnız hərbi, iqtisadi faktorlarla bitmir. Rusiya Ermənistanda baş verənlərin hamısını izləyir və bilir.

- Ermənistanda Rusiya-ABŞ qarşıdurmasının açıq müstəvidə, daha sərt formada özünü göstərməsi mümkündürmü?
- Əslində Ermənistanda müşahidə olunanlar Yaxın Şərqdə, o cümlədən Suriyada baş verənlərin fərqli, nisbətən dinc xarakterli formasıdır. Amma bu proseslər sabah-birisi gün daha sərt, açıq toqquşma xarakter də ala bilər. Bu, proseslərin nə dərəcədə irəli gedəcəyindən, hansı istiqamətə inkişaf edəcəyindən asılıdır. Misal üçün, Serj Sarkisyan əvvəllər olduğu kimi güc tətbiq etməklə, hətta qətllərə yol verməklə etirazların qarşısını almaq istəmədi. Ola bilsin ki, Karen Karapetyan da buna getməsin. Amma Ermənistanda bu addımı ata biləcək, sərt tədbirlər görə biləcək oyunçular var və Rusiya istədiyi zaman onları meydana ata bilər. Bir qədər əvvəlki suala cavabımda vurğuladığım səbəblərdən dolayı, Rusiya hələlik bunu istəmir. Lakin Rusiya hiss etsə ki, proseslərə nəzarəti itirə bilər, Ermənistan tamamilə başqa reallıqlarla üzləşəcək. Bu kimi səbəblərdən Ermənistandakı proseslər mürəkkəbliyi ilə seçilir.

- Bəzən belə bir mülahizələr səsləndirilir ki, Ermənistanda daxili vəziyyətin gərgin olmasından yararlanaraq, Azərbaycan tərəfi işğal altındakı torpaqlarımızı hərbi yolla azad etməlidir. Belə fikirləri siz də bölüşürsünüzmü? Ümumiyyətlə, Ermənistanda baş verən proseslər fonunda Azərbaycan necə davranmalıdır?
- Ermənistanda baş verən proseslər Azərbaycandan son dərəcə ehtiyatlı olmağı tələb edir. Azərbaycan indiki məqamlarda bu vaxta qədər olduğundan daha böyük dəqiqlik nümayiş etdirməli, el məsəli ilə desək, yüz ölçüb bir biçməlidir. Sualda qeyd etdiyiniz kimi, bəzən cəmiyyətimizdə iddialar səsləndirilir ki, hazır Yerevanda baş qarışmışkən biz hücuma keçək, torpaqlarımızı azad edək və sair. Təbii ki, torpaqlarımızın işğaldan azad edilməsi hər birimizin arzusu və istəyidir. Amma Ermənistanda cərəyan edən hadisələrdən yararlanıb hərbi yolla torpaqların azad edilməsi barədə fikirlər səsləndirənlər dünyada baş verənləri izləmirlər. Belə iddiada olanlar proseslərin nə dərəcədə mürəkkəb olduğunu ya təsəvvür etmirlər, ya da avantüraya meyllidirlər. Biz indiyə qədər olduğundan daha diqqətli, daha diplomatik, daha ayıq-sayıq olmalıyıq. Hər bir atılacaq addıma veriləcək sonrakı reaksiyanı qabaqcadan bilməliyik. Əks təqdirdə bu, bizim ziyanımıza işləyə bilər. Vaxtilə Vladimir İliç Leninin "Bir addım irəli, iki addım geri” məşhur fikri gündəmdə idi. Biz heç zaman, xüsusən də Dağlıq Qarabağ məsələsində bu fikirdə qeyd edildiyi kimi, bir addım irəli atıb, iki addım geriyə gedə bilmərik. Belə bir arzuolunmaz vəziyyətlə üzləşməməliyik. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı indiyə qədər Prezident İlham Əliyevin atdığı bütün addımlar onu deməyə əsas verir ki, dövlət başçısı bütün bu məsələləri incəliklərinə qədər bilir, milli-dövlətçilik maraqlarımızı ən yüksək səviyyədə müdafiə edir. Azərbaycan Prezidenti münaqişənin dincə və ya hərbi yolla həllində hansı məqamda hansı addım atmaq lazım olduğunu hər kəsdən yaxşı bilir.

- Ermənistanda siyasi hakimiyyətin dəyişməsi, Nikol Paşinyanın və ya qeyrisinin timsalında qərbyönümlü birisinin ölkəyə rəhbərlik etməsi Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir edə, konfliktin dinc və ya hərbi yolla tənzimlənməsini sürətləndirə bilərmi?
- Əvvəla qeyd edim ki, Paşinyan avantürist və populist bir ermənidir. Ola bilər ki, o, hansısa formada Ermənistanda hakimiyyətə gəlsin, yaxud gətirilsin, lakin Paşinyan hakimiyyəti qoruyub saxlayacaq, idarə edəcək birisi deyil. Reallıq budur ki, Ermənistanda kimlərinsə hakimiyyətdə olması Dağlıq Qarabağ probleminə azacıq təsir etsə də, onun bütövlükdə həllinə gətirib çıxara bilməz. Unutmayaq ki, Ermənistan müstəqil dövlət deyil, oyuncaq respublikadır. Ermənistan yalnız bizim bildiyimiz, gördüyümüz indiki Ermənistandan ibarət deyil. Ermənistan dünyadakı diaspor deməkdir həm də. Heç kimə sirr deyil ki, Azərbaycan bu savaşda Ermənistanla üz-üzə deyil. Azərbaycan Dağlıq Qarabağ probleminin həllində Ermənistandan daha çox münaqişənin idarə edilməsi ilə məşğul olan, bunda maraqlı tərəf kimi çıxış edən güc mərkəzləri ilə qarşı-qarşıyadır. Biz bu reallığı görməzdən gələ bilmərik. Prezident İlham Əliyevin hər zaman vurğuladığı kimi, Azərbaycan bütün parametrlər üzrə Ermənistandan dəfələrlə üstündür. Demoqrafik vəziyyət, iqtisadi durum, beynəlxalq nüfuz baxımından ölkəmiz işğalçı dövlətdən dəfələrlə üstündür. Əgər münaqişənin həlli yalnız Azərbaycan və Ermənistandan asılı olsaydı, Silahlı Qüvvələrimiz bir həftənin içində yalnız işğal altındakı torpaqlarımızı deyil, tarixi ərazilərimizi, o cümlədən vaxtilə İrəvan xanlığının mərkəzi olan indiki Yerevan şəhərini də ermənilərdən azad etməyə qadirdir.

Rufik İSMAYILOV

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN