• cümə axşamı, 25 aprel, 14:50
  • Baku Bakı 23°C

“Bəzi QHT-lər öz səhv yollarından çəkilməlidirlər”

22.12.14 15:31 1246
“Bəzi QHT-lər öz səhv yollarından çəkilməlidirlər”
“Bəzi QHT-lər xarici qüvvələrin Azərbaycandakı təbliğatçısı rolunu oynayırlar. Belə QHT-lərin fəaliyyəti birmənalı olaraq pislənməlidir”. Bu fikirləri Soyqırımı Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin sədri Ceyhun Ələkbərov bildirib. Onun sözlərinə görə, bəzi xarici dairələr öz çirkin siyasətini Azərbaycanda vətəndaş cəmiyyəti və digər vasitələrlə həyata keçirmək istəyir: “Bir çox beynəlxalq təşkilatlar vətəndaş cəmiyyəti institutlarını inkişaf etdirmək əvəzinə, bəzi insanlara, eləcə də QHT və KİV-lərə qrant ayırıb, onları dövlətə qarşı yönəldirlər. Xarici donorların Azərbaycan vətəndaşlarını və QHT-ləri qanunsuz fəaliyyətə sövq etmələri heç bir halda məqbul sayılmır”. C.Ələkbərov beynəlxalq təşkilatların Azərbaycanın tarixi torpaqlarının Ermənistan tərəfindən işğalına münasibətdə ikili standart mövqe nümayiş etdirdiklərini deyib: “Bu gün bəzi beynəlxalq qurumlar özünü dünyada baş verən münaqişələrin tənzimləyicisi kimi göstərir. Əslində isə bu münaqişələrin yaranma səbəbi elə onların özlərindən qaynaqlanır. Öz addımlarına demokratiya donu geyindirib dünyada yeni münaqişə zonaları yaradırlar. Ona görə beynəlxalq müstəviyə çıxmış bir çox münaqişələr hələ də öz həllini tapmır. Elə Dağlıq Qarabağ probleminin də həllinin gecikməsinin əsas səbəbi beynəlxalq təşkilatların bu baxımdan ögeyçiliyidir”. Təşkilat sədri hesab edir ki, bəzi dövlətlərin yalanına aldanan QHT-lər öz səhv yollarından çəkilməlidirlər: “Belələrinin, bizə düşmən olanlardan heç bir fərqi yoxdur. Düşünürəm ki, hər bir Azərbaycan vətəndaşı dünyanın hansı yerində, nə işlə məşğul olmasından asılı olamayaraq, bizim öz dövlətçilik maraqlarımıza xidmət etməlidir. Dövlətimizin, millətimizin, bayrağımızın şəninə yaraşan şəkildə yaxşı işlərlə məşğul olmalıdır. Bu gün bizim Dağlıq Qarabağ kimi problemimiz var. Odur ki, istər ölkə daxilində, istərsə də vətənimizdən uzaqlarda yaşayan hər bir azərbaycanlı bu istiqamətdə işlər görməlidir. Ermənilərin soydaşlarımızın başına gətirdikləri vəhşilikləri müxtəlif vasitələrlə nümayiş etdirməli, öz milli mədəniyyətimizi təqdim etməyi bacarmalıdır. Hər birimiz ölkəmizin qüdrətinin artması üçün üzərimizə düşən, bacardığımız işi görməliyik. Bu bizim vətəndaşlıq borcumuzdur”.
C.Ələkbərov bildirib ki, Azərbaycanın müstəqilliyi tarixin xalqımıza bəxş etdiyi ən qiymətli töhfəsidir: “Azərbaycanın bölgədə və dünyada müstəqil siyasət həyata keçirməsi bu dövlətimizin böyük güclər qarşısında özünəməxsus yeri və rolu olmasına söykənir. Ona görədir ki, ictimai-siyasi fəaliyyətlə məşğul olanlar müstəqilliyimizi sual altında qoya biləcək bütün faktorlardan çəkinməlidirlər. 5 günlük rahat həyat şəraiti üçün dövlətimizin və xalqımızın ümumi maraqlarını qurban vermək Vətənə qarşı edilən çox böyük cinayətdir”.
banner

Oxşar Xəbərlər