AZE | RUS | ENG |


Bəzi meyvələr görünüşcə “gəl-gəl” desə də...

Bəzi meyvələr görünüşcə “gəl-gəl” desə də...
Elmar Allahverdiyev: “Təbii şəkildə yetişdirilən heç bir meyvə-tərəvəz insan üçün ziyanlı deyil”

Meyvə-tərəvəz bol vitamin mənbəyidir. Ona görə də hər kəs meyvə-tərəvəzdən mümkün qədər çox istifadə etməyə çalışır. Amma bir narahatedici məqam da var ki, bu da meyvə-tərəvəzin keyfiyyəti ilə bağlıdır. Aldığımız məhsul Geni modifikasiya olunmuş (GMO), yaxud zəhərli ola bilərmi? GMO ilə bağlı qadağa olsa da, satışda görünüşcə gözəl, standart formalı meyvə-tərəvəzə çox rast gəlinir. Bəs bunlar təhlükəlidirmi? Bu və ya digər suallara cavab tapmaq üçün Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktor müavini Elmar Allahverdiyevlə söhbətləşdik.

- Elmar bəy, Azərbaycan vətəndaşının yediyi meyvə-tərəvəzi nə dərəcədə keyfiyyətli hesab etmək olar?

- Azərbaycan şəraitində meyvə-tərəvəzlər təbii yolla becərildiyi üçün hamısı keyfiyyətlidir. Dərmanlar, pestisitlər də öz miqdarında istifadə olunur. Meyvə-tərəvəzin, yaxud yetişdirilən hansısa məhsulun zəhərli olmasına rast gəlinməyib. Arada ola bilər. Məsələn, qarpızda nitratın (azot gübrəsi) miqdarı çox olanda zəhərlənmə hadisələri baş verə bilər. Nitrat tərkibli gübrələri ona görə verirlər ki, bitki daha tez böyüsün və istehsalçı onu bazara daha tez çıxarsın. Yetişdirilən məhsulda nitratın miqdarı normadan artıq olduqda zəhərlənməyə gətirib çıxara bilir. Belə problemə əsasən bostan məhsullarında, qarpız-yemişdə daha çox rast gəlinir. Nitrat maddəsi yetişdirilən məhsulun meyvəsində toplanır və insan həmin qidanı qəbul edəndə qidayla birlikdə həmin maddəni də qəbul etmiş olur, beləliklə də zəhərlənmə baş verir.
 
- Bizim eşitdiyimiz həmin zəhərlənmələr də bu problemdən qaynaqlanır?
 
- Bəli, qarpızdan zəhərlənmənin bir nömrəli səbəbi nitrat tərkibli gübrələrdən məsarif normasından çox istifadə edilməsidir.
 
- Bu yaxınlarda satışdakı sarı qarpızla bağlı xəbər yayıldı. Əvvəlcə onun zəhərli olması yazıldı, sonra isə təkzib edildi. Bu, yeni bir sortdurmu?
 
- Sarı qarpız yabanı qarpızla mədəni qarpızın çarpazlaşdırılması yolu ilə alınmış bir növdür. Vətəni Tailand hesab olunur. Forma və dadına görə bu qarpızın fərqli növləri var. Görünüşünə görə uzunsov, oval, yumru, müxtəlif ölçülü, xaricdən yemişə oxşayan formalarda ola bilir. Çox şirin olur. İçərisi açıq sarı, çəhrayıya çalan rənglərdə olur. Son 10 ildə rus alimləri də araşdırmadan sonra seleksiya yolu ilə sarı qarpız əldə etməyə nail olublar. 
 
- Bu bizdə indiyə qədər yetişdirilməyib?
 
- Bizdə fermerlər bu il yetişdirməyə başlayıblar. Deyilənə görə, toxumu İrandan gətiriblər. Ümumiyyətlə, dünyada tərəvəz növlərinin bizim mətbəxdə istifadə olunmayanları çoxdur. Bu, torpaq-iqlim, coğrafi şərait və xalqın milli mətbəxindən, mental dəyərlərindən asılıdır. Bu cür meyvə-tərəvəzlərin yad bir mətbəxə daxil olması müəyyən bir zaman keçdikcə baş verir. Sarı qarpız indi ekzotik görünsə də, bir neçə ildən sonra adi bitki kimi olacaq. 
 
- Xarici ölkələrdə yetişdirilən, amma bizdə olmayan yeni növ meyvə-tərəvəzlərin ölkəmizə daxil olması ilə bağlı hansı yeniliklər var? Sarı qarpız kimi bazarda görəndə zəhərli olduğunu düşünməyək...
 
- Zəhərli bitki ola bilər, amma təbii şəkildə yetişdirilən heç bir meyvə-tərəvəz insan üçün ziyanlı deyil. Son 1 ildə bizdə fizalis bitkisinin yetişdirilməsi işi aparıldı. Bitkinin meyvəsi çiçəyə oxşayır, içini açanda ortasında fındıq boyda meyvəsi olur. Xüsusi dadı olan meyvə görünüşcə xırda narıngi, portağala bənzəyir. Vitaminli bir meyvə olmaqla yanaşı, şəkərli diabet xəstələri üçün çox xeyirlidir. Xaçmaz tərəfdə istixana şəraitində onu becərirlər. Amma cəmiyyətimiz, mətbəximiz üçün yad meyvə idi.
 
- Niyə yaddır ki?
 
- Bizim regiona məxsus bitki deyil. Vətəni Mərkəzi və Cənubi Amerikadır. Bizdə istifadə edilməyib.
 
- Qreypfrut da bizdə yetişdirilmir. Amma xeyirli tərəfləri bizə elə aşılanıb ki, o qədər də yad olduğunu demək olmaz. Siz dediyiniz meyvənin də təbliğatını hansısa
formada aparmaq olmazdımı?
 
- Qreypfrut hardasa portağal, narıngiyə daha çox bənzədiyi üçün mətbəximizə daxil olması bir az daha asan oldu. Bunun üzərində təbii ki, iş aparıldı. Fizalis bitkisi bizdə mövcud olan heç bir meyvə-tərəvəzə oxşamır. Yetişdirilməsi də çətin başa gəldiyi üçün qiyməti də baha olurdu. 100 qramı, səhv etmirəmsə, 2 manat idi. Marketlərdə reklam etdilər, təbliğat apardılar. Bu işlərin sayəsində istehsal etdikləri məhsulu sata bildilər. Amma işin tam uğurlu olduğunu demək olmaz.
 
- Alış-verişə gedərkən keyfiyyətli məhsulu necə tanıyaq? Siz özünüz bazarlıq edərkən nələrə diqqət edirsiniz?
 
- Son illər belə bir ənənə yaranıb ki, istehlakçılar forması standart olan, görünüşcə insanı cəlb edən meyvə-tərəvəzi almağa çalışırlar. Onlarda dad, keyfiyyət aşağı olur. Yaşlı adamların dilindən yəqin ki, "indiki pomidor o vaxtkıların dadını vermir”, "almanı yeyirsən, elə bil yonqar yeyirsən” fikirlərini eşitmisiniz. Bəzi meyvələr görünüşcə adama "gəl-gəl” desə də, tərkibinə və dadına görə aşağı səviyyədə olurlar. Yerli məhsulların ticari görünüşü gözəl olmaya bilər, amma dad və keyfiyyətinə görə çox üstündürlər. Məsələn, bizim ailədə təbii məhsullardan istifadəyə üstünlük verilir. Təbii nehrə yağı, kənd yumurtası, kənd toyuğu. Eləcə də meyvə-tərəvəzlər. Öz torpağımızda yetişdirilən məhsullar bizə digər ölkələrdə yetişdirilənlərdən daha xeyirlidir.
 
- Yaşlı adamlar indiki məhsullardan şikayətlənəndə əvvəlki sortların sıradan çıxdığını da deyirlər. Sıradan çıxan sortlar varmı?
 
- Əvvəlki sortlardan sıradan çıxanı var. Seleksiyaçıların yaratdıqları sortlar 15-20 il öz aktuallığını saxlayır. Ondan sonra həmin sort cırlaşmağa doğru gedir,
aktuallığını itirir və yeni sort yaradılmasına ehtiyac yaranır. Amma bizdə el arasında "dədə-baba sortları” adlandırılan ənənəvi sortlar da var. Dad və keyfiyyət cəhətdən onlar daha yaxşıdır. Amma bu gün bazar onları deyil, məhsuldar və xarici görünüşü gözəl olan sortları tələb edir. İstehsalçıya isə daha çox gəlir əldə etmək üçün məhsuldar sort lazımdır. Ona görə eyni ölçüdə və standart görünüşdə olan hibridlər ənənəvi sortları sıxışdırmağa başlayır. Bu səbəbdən ənənəvi sortların istehsalı, toxumçuluğu arxa plana keçir və yavaş-yavaş unudulmağa başlayır.
 
- Sonradan həmin sortların bərpası üzərində iş aparılmır?
 
- Aparılır. Bizim institut xalq seleksiyası yolu ilə bir neçə itmiş sortu tapıb, bərpa edib. Soğan növləri içərisində ən acı və qidalı olan Hövsan sortu cırlaşmağa doğru
gedirdi. İndi alimlərio sortun bərpası üzərində miz işləyirlər. Pomidorun "Qaratağ” sortu olub. Onu tapıb, üzərində iş aparırıq. Ümumilikdə isə unudulmaqda olan, ancaq bəzi şəxsi təsərrüfatlarda yetişdirilən ənənəvi sortları tapıb, bərpa etmək üçün rayonlara ekspedisiyalar təşkil edirik. 
 
- GMO ilə bağlı qadağa olsa da, satışda  görünüşcə təbii olaraq yetişdirildiyi hiss olunmayan məhsulları görürük. Bunları isə hibridlər adlandırırlar.  
 
- Ənənəvi meyvə-tərəvəzçilikdə sort anlayışı olub. Məhsul yetişdirildikdə ondan toxum əldə edilirdi və növbəti dəfə əkilirdi. Amma hibrid iki və daha artıq sortun çarpazlaşmasından alınır. Bu zaman alınan məhsuldan toxum əldə etmək olmur. Toxum alınsa da, ondan ikinci dəfə həmin keyfiyyətdə məhsulu əldə etmək olmur. Görünüşcə gözəl olmaqla yanaşı, həm də məhsuldar olur. Amma toxumçuluq cəhətdən istehsalçıya sərf etmir. Çünki istehsalçı hər il hibrid toxum almağa məcbur olur. Bir ədəd toxumun qiyməti 50 qəpik, 1 manat ola bilir. Bu, iqtisadi cəhətdən məhsul istehsalçısını toxum satandan asılı saxlayır. Bir toxumdan bir pomidor bitkisi yetişir, amma məhsuldarlığı çox olur. Hibrid toxumların sirri isə verilmir. Dünyada belə bir tendensiya var ki, sortların deyil, hibridlərin istehsalına daha çox üstünlük verilir.
 
- Amma biz hibrid ilə GMO-nu qarışdırırıq...
 
- Hibridin insan səhhətinə ziyanı yoxdur. Loru dillə desək, toxumların calağıdır. Amma GMO geni modifikasiya olunmuş orqanizmlərdir. GMO-nu heyvanlarda da tətbiq etmək olur, bitkilərdə də, insanlarda da. Meyvə-tərəvəzçilikdə bu, bir bitkinin geninə başqa bitki, yaxud heyvan geninin vurulmasıdır. Tutaq ki, pomidora xiyar geni vurulur. Bu zaman isə həmin məhsullar öz dadlarını tam olaraq vermirlər. Bitkinin soyuğa, xəstəliyə dözümlü, məhsuldar olması üçün genin dəyişdirilməsi metodundan istifadə edirlər. İndi bir çox Qərb alimləri GMO-nun zərərli olmadığını deyir. Hətta ABŞ-ın 100-ə yaxın alimi 2015-ci ildə BMT-yə bununla bağlı məktub yazıb və bu məhsullara qarşı əks təbliğatı dayandırmağı tələb edirlər.
 
- Qida çatışmazlığını aradan qaldırmaq üçün bu məhsullardan imtina edilməsi məqsədəuyğun hesab edilmir...
 
- İnsanların qida ilə təmin olunması lazımdır. İnsan çoxaldıqca qidaya da tələb artır.
 
- GMO məhsullara "acından deyil, yeyərək ölmək” də deyirlər...
 
- Haradasa demək olar. Bir çox onkoloqlar sübut ediblər ki, GMO insan səhhətinə ziyandır, xərçəngin bir nömrəli daşıyıcısıdır. Çünki insan orqanizminə düşəndə o maddələr parçalanmır, düşdüyü yerdə şiş əmələ gətirməyə başlayır.
 
- Bəzən çiyələk su kimi dadsız olur. Bu, GMO-dur, yoxsa hibrid?
 
- Bu, hibrid toxumlardan yetişdirilən məhsullardır. Həvəskar olaraq çiyələk əkdiyim üçün onun təcrübəsini aparmışam. İsrail sortu almışdım. Dedilər ki, toyuq yumurtasından bir az balaca məhsulu olur. Birinci il məhsul böyük oldu, ikinci il balaca. GMO hardansa gətirilə bilər, amma bizdə yetişdirilməsinə inanmıram.
 
- Bizdə GMO yetişdirmək mümkün deyil?
 
- GMO-nun yaradılması gen mühəndisliyinin işidir. Gen mühəndisliyi elmdə ən yüksək mərtəbədir. Bu iş üçün güclü kadr, elmi potensial və maddi-texniki baza lazımdır. Gen mühsəndiyliyi sahəsində bizdə tədqiqatlar aparılıb, amma GMO istiqamətində yox. Bu istiqamətdə işlərin getməsi də məqsədəuyğun deyil. Çünki dövlətin sərt tədbirləri var.
 
- İnternetdə almanın saxlanması üçün üzərinə parafin çəkilməsi ilə bağlı məlumat oxumuşdum. Meyvə-tərəvəzin saxlanması, tez xarab olmaması üçün zərərli olmayan hansı üsullardan istifadə edilir?
 
- Bu sahədə istehsalçılar tərəfindən saxlanma ilə bağlı müxtəlif üsullar tətbiq olunur. Tutaq ki, meyvə-tərəvəz kal yığılır, bir neçə min kilometr məsafəyə satış üçün daşınır. Onların üstünə bir ara qaz vururdular, mənzil başına çatanda məhsul yetişmiş olurdu. Yaxud müxtəlif maddələrdən istifadə edilir. Bir də daşınmaya davamlı sortlar yaradılır. Pomidorun elə sortu var ki, qabığı qalındır, özü bərkdir, tərkibindəki maye də azdır. 5000 kilometr yol getməyə dözümlüdür. Konserv sənayesi üçün olan ayrıdır, daşınma üçün olan ayrı, süfrə üçün ayrı. Universal sortlar var ki, hər birinə yararlıdır.
 
- Meyvə-tərəvəzin yetişmiş rəng alması, bazara tez çıxarılması üçün müxtəlif üsullardan istifadə edilməsi ilə bağlı da müəyyən fikirlər var...
 
- Bəli, var. Daha tez yetişməsi üçün müəyyən dərmanlardan istifadə edilir. Amma bu, çox da tətbiq olunmur.
 
- Belə deyirlər ki, meyvəyə qurd düşməməsi onun aşağı keyfiyyətdə olmasının göstəricisidir. Bu nə dərəcədə doğrudur?
 
- Ataların belə bir sözü var: "Yerə düşmüş qurdlu meyvəni götür ye, ən dadlısı odur, qurd bilir hara düşür”. Bu sözdə haradasa həqiqət payı var. Əgər zərərvericilərə, xəstəliyə qarşı dərman istifadə edilirsə, həmin meyvənin üstünə heç vaxt qurd gəlmir. Ona görə ataların bu misalı yaranıb.
 
- "Alma almaya bənzər filmindən ağlımızda qalan bir mənzərə var. Uşaq bütöv almanı yesə də, tumu olmur. Bu bir film idi. Bəs reallıqda tumsuz meyvə varmı?
 
- Tozlanma olmadan toxumsuz meyvənin meydana gəlməsinə partenokarpiya və bu şəkildə əmələ gələn toxumsuz meyvələrə partenokarp meyvə deyilir. Banan, armud, portağal, xurma, əncir kimi meyvə və xiyar, badımcan, qapız, pomidor və s. kimi tərəvəz növlərində partenokarp meyvələrin meydana gəlməsi müşahidə edilir. Ərik, şaftalı, albalı və gilas kimi sərt tumlu meyvə növlərində partenokarpiya prosesi olmur. Bu növlərdə toxum meydana gəlməzsə meyvə əmələ gələ bilməz. Qoz, fındıq və püstə kimi toxumları yeyilən sərt qabıqlı meyvə növlərində partenokarpiya müşahidə olunmur. Partenokarp meyvələrin meydana gəlməsində genetik quruluşla yanaşı, iqlim şərtləri də öz təsirini göstərir. Məsələn isti iqlimli yerlərdə bəzi armud sortlarında partenokarp meyvə meydana gəlməsi artır. Bundan başqa gibberellik turşusu və bəzi hormonların tətbiqi partenokarp meyvələrin meydana gəlməsinə gətirib çıxarır. Mexaniki , kimyəvi və ya istiliyin təsiri yolu ilə partenokarpiyaya süni şəkildə səbəb olmaq olar. Bunun müəyyən iqtisadi əhəmiyyəti var. Belə ki bu yolla əldə olunan meyvə və tərəvəzlər yüksək məhsuldarlıq, sululuq, ətli və yüksək dad keyfiyyətləri ilə xarakterizə olunur. Həmçinin emal zamanı da üstünlükləri var.
 
Aygün Asimqızı


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.7079
GBP 1 İngilis funt sterlinqi 2.1952
TRY 1 Türk lirəsi 0.4837
KWD 1 Küveyt dinarı 5.6346
SEK 1 İsveç kronu 0.2108
EUR 1 Avro 2.0035
CHF 1 İsveçrə frankı 1.7632
USD 1 ABŞ dolları 1.7008