• çərşənbə axşamı, 19 mart, 13:28
  • Baku Bakı 8°C

Bəzi ifaçılar böyük ustadları görmədikləri üçün iddialı danışırlar

11.02.19 13:00 1562
Bəzi ifaçılar böyük ustadları görmədikləri üçün iddialı danışırlar
O da öz sənətində seçilmişlərdəndir... Oxuduğu muğamlara, ifa etdiyi bəstəkar mahnılarına dinləyəndə anlayırsan ki, seçmək, yaxşını arayıb-tapmaq, dərinə getmək onun sənət meyarlarındandır. Adətən nümunə olmağa iddialı yaş qırxdan, əllidən o tərəfə başlayır, yəni sənətdə yolun tam açılandan, istedadın çoxluq tərəfindən qəbul olunandan sonra. Amma onun səsi kimi taleyi də fərqlidir, başqalarından fərqlənmir. O elə indikindən daha az yaşlarından da düzgün oxuları, səhnə mədəniyyəti, ağayanalığı, məlahətli səsi ilə digər gənclərə – həmkarlarına nümunə, örnək göstərildi. Haqlı olaraq da həqiqi mükafatını aldı – xalq tərəfindən sevildi, xoş qarşılandı.
Bu gün onun səsində muğamımız dilindən, dinindən, mədəniyyətindən asılı olmayaraq dünyanın dörd bir yanında səslənir, böyük konsert salonlarında eşidilir. "Muğam xəritəmiz”in genişlənməyində, asta-asta dünya ilə bir olmağında onun da xidmətləri var. Onun səsində muğam okean aşıb, qitə dəyişib, materik adlayıb – İsrail, Birləşmiş Ərəb Əmirliyi, İsveç, Kanada, ABŞ, Qazaxıstan, Qırğızstsan, Almaniya, Fransa, Türkiyə və sair ölkələrdə Azərbaycanı layiqincə təmsil edib.
Tərcümeyi-halı zərrə-zərrə toplayırlar, axırda gəlib böyük bir bioqrafiyaya – ömürlüyə çevrilir. Bəzən kitabların arxasında yer alan beş cümləlik tərcümeyi-hala sənət, söz adamları bir ömür həsr edirlər. Zəhmət hesabına tərcümeyi-halını hər gün daha da zənginləşdirənlərdən biri də odur.
O, da sənətdə böyük yola istiqamətlənmişlər kimi uğurun səmtini, müvəffəqiyyətin dilini tapanlardandır. Bu cəhətdən də Allahın sevimli bəndələrindən sayıla bilər. Uğurlarının düzümünü izləyək: O, "Ananın səsi” mahnısı "7-17”, "Uşaq Muğam festivalı”, "Pöhrə-97”, "İstedadlar axtarırıq”, "Muğam-99”, "Muğam-2001”, "Üzeyir Hacıbəyov – 120”, "Bakı Gecələri” kimi müsabiqələrin qalibi olan xanəndə Respublika Muğam müsabiqəsinin (2002) baş mükafatına da – "Qran-pri” layiq görülüb. Bundan başqa çoxsaylı diplomlara və mükafatlar qazanıb. Haqqında danışdığım sənətkar dəyərli xanəndə, sevilən ifaçı Bəyimxanım Vəliyevadır. Azərbaycan Dövlət Televiziyasının solisti, Azərbaycan Milli Konservatoriyasında müəllimi və əməkdar artistdir B.Vəliyeva dəvətimizlə redaksiyamızda "Muğam söhbəti” layihəmizin qonağı oldu. Onunla yaradıcılığı, muğam ifaçılıq tarixi, muğamın tədrisi məsələləri barədə əhatəli söhbət etdik:
– Muğam məktəblərindən hansı sizin ruhunuza, səsinizə, ifa marağınıza daha doğmadır?
– Nədənsə bineyi-qədimdən muğam məktəbləri qollara ayrılıb, amma mənə elə gəlir ki, ifaçılıqda belə bölgü etmək, ayrımçılıq salmaq doğru deyil, ən düzgünü, yaxşı nə varsa, onu öz oxuna tətbiq etməkdir. Məsələn, Bakı məktəbi söz, şeiriyyət, qəzəliyyat, dolğun tələffüz baxımından daha peşəkardır, Qarabağ muğam məktəbi ifaçıların səsindəki məlahəti, rəngarəngliyi ilə seçilir. Şirvan məktəbində isə vəziyyət bir az başqadır. Burada, əsasən, aşıq sənəti inkişaf etdiyindən, muğamlarına da belə ritmiklik sirayət edib. Yəni hər üç qolun da özünəməxsus gözəlliyi var. İfada isə bu müxtəliflikləri birləşdirib daha peşəkar oxular ərsəyə gətirmək olar.
– Ustadınız Ağaxan Abdullayev olub. Sizin ondan öyrənib gələcək nəsillərə ötürdüyünüz muğam öyüdü hansılardır?
– Bilirsiniz, muğam elə bir sənətdir ki, nə qədər öyrənsən də, onun kamil bilicisi ola bilmirsən. Yəni ifaçı püxtələşdikcə, sənət daha da dərinləşir. Ümumiyyətlə, pedaqoqlar iki yerə ayrılır: öz biliyini son nöqtəsinədək tələbəsinə çatdırmaq istəyənlər və qısqanclıqdan, "birdən məndən daha yaxşı oxuyar" düşüncəsi səbəbindən sadəcə bildiyinin bir hissəsini öyrədənlər. Xoşbəxtəm ki, mənim ustadım birinci qəbildən idi. O, əgər bir muğamın üç variantı varsa, üçünü də mənə öyrədirdi ki, hansı səsimə daha uyğundursa onu ifa edim. Düşünürəm ki, bu ən yaxşı pedaqoji metoddur. Hazırda mən də çalışıram ki, indiyə qədər nə öyrənmişəmsə, onların hamısını tələbələrimə çatdırım. Çünki arzum onların ən yaxşı səviyyədə yetişməsidir.
– Ağaxan müəllim erkən vəfat etdi. Bu gün sənətlə bağlı hansı məqamlarda onun yoxluğunu daha dərindən duyursunuz?
– Təbii ki, Ağaxan müəllimin vəfatı mənim üçün çox böyük itki oldu, çünki hər ifamda, hər addımımda onunla məsləhətləşirdim. Allah ona rəhmət eləsin, qalan ustadlara da can sağlığı versin. Bilirsiniz ki, Azərbaycan Milli Konservatoriyasında başda ustad sənətkar Arif Babayev olmaqla bir çox pedaqoqlar – Əlibaba Məmmədov, Zabit Nəbizadə, Məsum İbrahimov, Qəzənfər Abbasov, Nəzakət Teymurova, Aygün Bayramova və s. fəaliyyət göstərir. Sənətdə öz sözünü demiş sənətkarla çiyin-çiyinə çalışmaq mənim üçün də fəxrdir, qürurdur. Mənə qaranlıq məqamları ustadlardan soruşuram, aydınlaşdırıram. Nəyisə daha düzgün bilmək, tam kökünə – dərinliyinə varmaq üçün bir-birimizlə məsləhətləşməyimiz, analiz etməyimiz çox olub. Beləcə çalışırıq ki, xalq musiqimizi, muğam sənətimizi qoruyaq, əslində olduğu kimi gələcək nəslə ötürək.
– Azərbaycan Milli Konservatoriyasında müəllim vəzifəsində çalışırsınız, sizcə, muğamın tədrisində hansı axsamalar var, yaxud bu sənətdə nələrə daha çox diqqət yetirməlidirlər?
– Biz tədris zamanı tələbələrimizdən klassik ənənəyə sadiqliyi tələb edirik. Çünki muğamın itməsini, dəyişdirilib gələcək nəslə fərqli formada çatdırılmasını istəmirik. Tələbələrin də ən çox axsadıqları yerlər muğamın giriş və ayaq hissələridir.
– Hər kəsə bəllidir ki, muğamı öyrənməkdə iddialı olan tələbələrdən çox az qismi bu sənəti davam etdirir. Maraqlıdır ki, tələbələri hansı xüsusiyyətlərinə görə fərqləndirə, sənət yolunun davamlı olacağını müəyyənləşdirə bilirsiniz?
Sənətdə yadda qalmaq üçün, ilk növbədə, səs, sonra faktura, üçüncü və ən başlıcası isə tələbənin özünün muğama həvəsi olmalıdır. Bu üç cəhət bir arada olarsa, tələbənin gələcəyi parlaqdır. Məndə də bir-iki nəfər belə tələbə var ki, onların gələcəyindən ümidliyəm.
– Siz həm də "Xan Şuşinskinin ifa xüsusiyyətləri və muğam sənətində tutduğu yer” adlı elmi iş üzərində çalışırsınız. Hər bir dissertasiya mövzusunun əsas xüsusiyyəti onun elmi yeniliyindədir. Siz öz mövzunuzda indiyə qədər toxunulmamış, üzə çıxarılmamış, yaxud ötəri nəzər salınmış hansı məsələləri aydınlaşdıracaqsınız?
- Öncə, qeyd edim ki, bəli, Xan Şuşinski haqqında müxtəlif tədqiqatlar yazılıb, amma nədənsə bu vaxta qədər sırf elmi çərçivədə ona müraciət edən olmayıb. Xan Şuşinskiyə müraciət etməyimin səbəbi, təbii ki, onun sənətinə olan heyranlığımdan, uşaqlıdan iki ağız oxuduğu "Şahnaz" muğamının qulağımdan getməməyi ilə bağlıdır. Daha sonra Xan Şuşinskinin ifaçısı olduğu, amma hələ musiqi sənətinə aydın olmayan bəzi mahnıları da bu elmi işimdə araşdırmışam.
– Üzeyir Hacıbəyov yazırdı ki, "Dəsgahların qəzəlləri mütləq əruz vəzni ilə yazılmış olmalıdır, barmaq hesabı yazılmış şeir və qəzəllər dəsgah üçün yaraşmaz, əruzda yazılmış dəsgahın vəzni dəsgahın musiqisi üçün vəzn məqamını tutur”. Amma bu gün buna tam əməl olunmur, bu məqamlar sizcə, muğamatımıza nə qazandırır, yaxud nələri itirməsinə səbəb olur?
– Əlbəttə, muğam əruzda olanda daha gözəl səslənir. Yadıma düşmüşkən qeyd edim ki, elmi işimin yeniliklərindən biri də budur ki, Xan Şuşinskinin muğamda heca vəzninə müraciət edən ilk xanəndə olduğunu qeyd etmişəm. O, "Mirzə Hüseyn segahı”nda heca vəznli şeirdən yararlanıb. Ümumiyyətlə isə oxunulan şeirin ölçüsünə, məzmuna, muğama uyarlılığına fikir vermək lazımdır. Tamaşaçılar bəzən Nəsimi, Füzuli "gizliliyini” sevmir, istəyir ki, heca vəznində, "açıq” fikirləri dinləsin. Bəlkə, elə muğamları heca vəznində oxumaqla bu sənəti tamaşaçıya daha çox sevdirmək, qəbullandırmaq olar?
– Cabbar Qaryağdıoğlu "Mahur”u dörd, Seyid Şuşinski isə "Cahargah”ı iki saata oxuyurmuş. Dəsgah elədir ki, onun vaxt müddəti həm də səsə, "aralıqlara” görə dəyişir, ancaq hər halda ifaçı özü də oxusuna müvafiq çalışır ki, əl-ayağını yığsın. Siz, dəsgah oxuyanda adətən, 25-30 dəqiqə çəkir, bu, zamanın, günün tələbi ilə bağlı olan bir şeydir yoxsa?
– Çox düzgün vurğuladınız. Mənə elə gəlir ki, bu ancaq və ancaq zamanın tələbidir. Hazırda Bakının bəzi kəndlərində muğam dəsgahlarına tələb var. Düzdür, hazırda muğam sevilir, dinlənir, amma tələbat əvvəlki qədər deyil. El şənliklərimizdə muğamı dəsgah formasında çox nadir hallarda ifa edirlər. Buna görə də xanəndələr lakonik, konkret ifaya üstünlük verir ki, dinləyiciləri çox yormasınlar.
– Siz daha toylara getmirsiniz. Bərkə-boşa düşmək baxımından, sınaqlara öyrəşmək sarıdan el şənlikləri də muğam ustasını az kamilləşdirmir. Sizdə, necə, elə şənliklərində iştirak etməməyinizin sənətinizə hansısa təsiri olurmu?
– Hazırda el şənliklərində daha çox yüngül mahnılar oxunur. Ona görə də düşünmürəm ki, iştirak etməməyim fəaliyyətimdə qeyri-ciddilik yaradar. Pedaqoji fəaliyyətim bu sahədə yetəri qədər köməkçim olur. Axı müəllim muğamları tələbəyə öyrədəndə özü də yenidən öyrənir.

– Oxuduğunuz muğamların əksəri ənənəvidir, muğama haçansa yaradıcı yanaşmaq, yenilik etmək, improvizələr barədə düşünürsünüzmü? Ümumiyyətlə, bu məsələlər sizi nə dərəcədə düşündürür?
– Sənətdə, ifada yaxşı şəkildə icra olunan heç nəyə pis baxmıram. Amma mənə elə gəlir ki, klassik muğamlarımız toxunulmazdır. Məsələn, hər hansı Avropa musiqi arasında muğam səsləndirmək olar, yaxud muğamlarımızın hansısa şöbəsində, guşəsində rok, pop musiqisi səsləndirmək mümkündür. Amma muğam dəsgahlarının olduğu kimi gələcək nəslə ötürülməsinin tərəfdarıyam.
– Ələsgər Abdullayev – Şəkili Ələsgər "Mahur”u çox gözəl oxuyub. Lent yazılarında səsi qalıb. Ancaq o səslər, bizə lazımı səviyyədə – keyfiyyətdə gəlib çatmayıb. Köhnə lentləri əldə etmək, dinlənmək sizin üçün nə dərəcədə əhəmiyyətlidir?
– Hazırda elmi iş üzərində çalışdığım üçün köhnə səs yazıları barədə çox araşdırmalar edirəm. Elmi işə başlayandan, hardasa, 3-4 ildir, köhnə lentlərə daha çox qulaq asıram. Dinlədikcə də bu zamana qədər xəbərsiz olduğum üçün heyifsilənirəm, çünki hər köhnə lent yazısını dinləyərkən özüm üçün bir çox yeniliklər qazanıram. Düzdür, əvvəl də köhnə lentləri dinləyirdim, amma daha çox yaxın tarixi – Yaqub Məmmədovu, İslam Rzayevi. Bu tapıntılardan istər elmi işimdə, istər Milli Konservatoriyada 5 ildən bir tərtib etdiyimiz tədris proqramında istifadə edirəm. Bilirsiniz, gözəl olmayanı çalışırıq ki, üzə çıxarmayaq, amma gözəl olanı da unudulmağa qoymuruq.
– Muğam qədər təkrar oxunan musiqi növü yoxdur. Ancaq insanlar milyon illərdir eyni musiqilərə qulaq asmaqdan doymurlar. Sizcə, buna səbəb nədir?
– Çünki hər xanəndənin boğazı, avazı, nəfəsi, muğama yanaşma üslubu fərqlidir. Mənim fikrimcə, muğam ifasının bir başlanğıcı, bir də sonu əvvəldən necə varsa, elə də olmalıdır. Başlanğıcla son arasında qalan məqamda etdiyin improvizələr, qəzəllər, boğazlar, avazlar isə istər-istəməz dəyişir. Deməli, muğam, əslində, hər ifaçının səsində yenilikdir. Ona görə də hər ifa yeni muğam təəssüratı yaradır və dinləyici əsrlər boyu davam edən bu rəngarənglikdən yorulmur.
– Muğamlar haqqında belə bir qənaət var ki, Muğamlar müxtəlif xalqların təbiətindən, iqlim şəraitindən də asılıdır. Məsələn, "Busəlik”, "Üşşaq” dağ yerlərində yaşayan xalqların təbiətinə uyğundur, "Rast”, "Əraq”, "İsfahan” isə bu muğamlar isə orta iqlimdə yaşayan insanların təbiətinə uyğundur. Bu fikirlərlə razısınızmı?
– Düzdür, belə fərqlər istənilən halda hiss olunur, amma bu, şəxsin haralı olduğundan asılı deyil, məncə. Sadəcə fərdi yaşantı və duyğularla bağlıdır. Muğam fəlsəfi musiqidir və əlbəttə ki, mahiyyət etibarı ilə təbiətlə də əlaqəlidir.
- Deyirlər ki, "Rəhab” adını çayın suyunun səsinin tökülməsinə bənzəyir, "Üzzal” metroitin axmasında, "Mahur” suda üzməkdən, "Rahab” bahar küləyinin adından götürülüb...
– Muğam elə bir sənətdir ki, külək kimi əsdirir, yay kimi qızdırır. Məsələn, "Heyratı”nı dinləyəndə əlinə silah alıb, arxaya belə baxmadan düşmən üzərinə yürümək istəyirsən, yaxud "Bəstə-nigar” muğamında o qədər həssas, qayğılardan azad olursan ki... Bu baxımdan muğamı bütün təbiət hadisələrinə, bütün hislərə aid etmək olar, əsasən də, ana laylasına.
– Siz müxtəlif ölkələrdə yaradıcılıq səfərlərində, qastrollarda olmusunuz, muğam sənətimizi təmsil etmisiniz. Maraqlıdır, xarici ölkələrdə muğamımıza reaksiya necədir?
– Bilmirəm nədəndir, amma Azərbaycan muğamı bütün dünyada fərqli qarşılanır. İfa zamanı bəzən zala diqqət edirəm, inanırsınız ki, heç kimi bizi gözü açıq dinləmir, dinləyicilər gözlərini yumub, sənətin sehrinə düşür, muğamı ilahi varlıq kimi qəbul edirlər. Bu baxımdan, Azərbaycan muğamı qarşısında daima baş əyirəm.
– Dəsgahlarda özünüzü, səsinizi ən rahat hiss etdiyiniz muğamlar hansılardır?
– "Bayati-kürd” və "Caharşah”ın "Bəstə Nigar”ında daha rahat hiss edirəm.
– Yavər Kənəntərli "Şur”u ilə, Fatma Mehrəliyeva "Kəsmə şikəstə”si ilə möhtəşəmdir. Bəs Bəyimxanım Vəliyeva hansı muğama möhürünü vurmaq istəyər ki, hər dövrdə onun adı həmin muğamla qoşa çəkilsin?
– Bunu ancaq zaman göstərər. Çünki muğam elə sirli-sehrli aləmdir ki, bu gün "Bayati-kürd” həvəsində, sabah isə "Bəstə-nigar” ovqatında ola bilərəm. Hansı muğamla adımın qoşa çəkiləcəyini ancaq zaman və tamaşaçı deyə bilər.
– İnsanın kefi yaxşı olmayanda bəzən dilinin altında sevdiyi bir mahnını zümzümə edir, yada salır. Belə məqamlarınızda beyninizdə səslənən hansısa bir muğam və ya qəzəl varmı?
– Gündəlik həyatda – məişətdə muğam yox, bəzi mahnılar dilimə gəlir. Ən çox rəhmətlik Məmmədbağır Bağırzadənin "Ürək deyər ayrılığın üzü dönsün bu dünyadan”ı zümzümə edirəm. Amma bu cür seçimlər daha çox əhvalla bağlıdır, adi bir mahnını zümzümə etdiyim də olur.
– Oxuduğunuz qəzəllər içərisində hansı şairin əsərləri ruhunuza daha yaxındır?
– Məhəmməd Füzulinin yaradıcılığını çox sevirəm, Nəsiminin bir neçə qəzəlini də həmçinin. Klassiklərimizin əksəriyyətinin poeziyasını sevirəm və ardıcıl şəkildə oxuyuram.

– "Kəsmə şikəstə”, "Mirzə Hüseyn segahı”, "Lay lay”, "Ərəq təsnifi” və sair oxumusunuz. İstərdim bu rəngarənglikdən danışaq...
– Çalışıram ki, əksər muğamları ifa edib hamısında səsimi və özümü sınayım.
– Daha gənc nəslin muğam ifaçıları ilə söhbət zamanı mənə aydın olub ki, demək olar, hamısında digər növlərdə oxuyan bir çox ifaçılardan fərqli olaraq sanki daha ehtiramkardırlar, yəni adlarını çəkən kimi ustadlarının xidmətlərini vurğulayır, özlərini kənara çəkirlər.
– Bəli, bu, muğamın əslindən, kökündən gəlir. Biz belə görüb-götürmüşük. Bəlkə də, bunun üçün də bir məktəb keçmək lazımdır. Bəzi ifaçılar, bəlkə də, əsl böyük ustadları görmədikləri, xüsusi sənət məktəb keçmədikləri üçün iddialı danışırlar, heç kəsi yada salmırlar.
– Əvvəlki muğam ifalarını dinlədikdə görürük ki, zil səslər azdır. Hazırda isə daha həzin ifalar az rəğbət qazanır. Nə üçün müasir tamaşaçı zil səsi sevir?
– Mənə elə gəlir ki, bu, daha çox təbliğatla bağlıdır. Düşünürük ki, muğam dəsgahlarını ifa edirsə, deməli, onun səs diapazonu var. Belə səsin var deyə hər muğamda da nümayişkaranə şəkildə zilə qalxmaq bəlli kütləni muğamdan soyudur. Hər şey əndazəsində, yerində, qaydasında gözəldir. Orta registrdə da gözəl ifalar etmək mümkündür. Bu baxımdan düşünürəm ki, kütləni nəyə yönəltsən, ona da meyl edəcək. Ona görə də ifaçıdan çox şey asılıdır.

Söhbətləşdi: Fərid Hüseyn

banner

Oxşar Xəbərlər