“Bəzən uşağın psixoloqu valideyn özü olmalıdır” - Mənim balam
Ana olmaq şərəfli və bir o qədər də çətin
missiyadır. Hansı ki, bu adı dünyaya övlad gətirən hər qadına şamil etmək
mümkün deyil. Təəssüf ki, XXI əsrdə də dünyaya övlad gətirib, ondan imtina edən
və taleyin ümidinə buraxan valideynlər az da olsa var. Cəmiyyətimiz onları
şiddətli şəkildə qınayır və "ana”lıq missiyasının onlara heç bir aidiyyatı
olmadığını vurğulayır.
Bu gün sizə örnək ana olaraq təqdim edəcəyim valideynlərdən
biri də tanınmış aparıcı Şəbnəm Həsənovadır. İki övlad sahibi olan müsahibimin
böyük oğlu Turanın 8 yaşı, Tomrisin isə 3 yaşı var. Uşaqlarının tərbiyəsinə
həssaslıqla yanaşan aparıcı işdən qalan zamanını onlara sərf etdiyini deyir və
övladları ilə gününün daha şən, əyləncəli keçdiyini gizlətmir.
- Şəbnəm
xanım, uşaqlarınızla nə qədər zaman keçirirsiniz?
- Açığını deyim ki, iş rejimim o qədər də gərgin deyil
və ona görə övladlarımla çox zaman keçirmə imkanına sahibəm. Həftənin 2-3 günü işləyirəm,
qalan günlər isə zamanımı uşaqlarıma sərf edirəm. Uşaqlarla daha çox zaman
keçirməyin tərəfdarıyam. Ümumiyyətlə, uşaqlıq illəri insan ömrünün ən qayğısız,
gözəl çağlarıdır və təəssüf ki, bu zaman çox qısadır, biz böyüyürük, ancaq uşaqlıq
arxada qalır. Bacardığımız qədər uşaqlara öz uşaqlığını dolğun keçirməsi üçün
şərait yaratmağın tərəfdarıyam. Nəinki körpə uşaqların, hətta böyüklərin belə içində
az da olsa bir uşaqlıq var.
- Övladlarınızın
istəkləri ilə çoxmu oynayırsınız?
- Əlbəttə. Misal üçün, onların istəyi ilə evdə heyvan
saxlayırıq. Evdə pişiyimiz, itimiz, tutuquşumuz var. Uşaqlarımla zaman keçirmək
üçün hər hansı əyləncə mərkəzinə üstünlük vermirəm. Daha çox kinoya baxırıq, təbiət
qoynunda istirahət etməyə gedirik. Şəraitə uyğun olaraq onları at sürməyə
aparıram. Çalışıram ki, övladlarım canlılarla daha çox təmasda olsunlar.
- Bəzən deyirlər
ki, ana oğula daha çox bağlı olur. Sizdə də elədirmi?
- Heç bir halda övladlarıma fərq qoymuram. Mənim
üçün hər iki övladım və onların fikirləri dəyərlidir. Hətta qızım dünyaya gələndə,
Turanın qərarlarına hörmət etdiyimizi görməsi üçün onunla söhbət etdik. Biz
onunla ana-övlad deyil, iki yaxın dostuq və özü də bilir ki, bizim üçün nə
qədər dəyərlidir. Hətta biz o qədər narahat idik ki, ondan sonra ikinci
övladımız dünyaya gələrsə, Turanın bacısını paylaşa bilməyəcəyini də düşünürdük.
Bunun üçün psixoloji olaraq Turana təzyiq göstərdik. Əslində o istəyirdi ki, qardaşı
olsun. Mən bir variant işlətdim və dedim ki, qardaşın olsa, maşınlarınızı və
digər oyuncaqlarınızı öz aranızda paylaşa bilməyəcəksiniz, bəlkə bacın olsun?
Bu üsulla onun daha çox bacıya ehtiyacı olduğunu qəbul etdirdik və bunun üçün
müxtəlif üsullara əl atdıq. Çox şükür, bu gün oğlum bacısını çox istəyir.
- Ana olduqdan sonra
həyatınızda nələr dəyişdi?
- Ana olduqdan sonra məsuliyyətim artdı. Bəzən çevrəmdəki
qadınlar "uşaqlarım üçün yaşayıram” deyəndə gülürdüm. Fikirləşirdim ki, insan niyə
uşağı üçün yaşasın ki? Valideyn olandan sonra "uşaqlarım üçün yaşamalıyam” deyə
qarşıma məqsəd qoydum. Həqiqətən də uşaqlarım üçün yaşayıram. Hətta düşünürəm ki,
mənim özümün sağlamlığım belə uşaqlarım üçün lazımdır ki, onları istədiyim şəkildə
böyüdüm.
Valideynlərim dünyasını tez dəyişdiyi üçün uşaqlarım
nənə, baba korluğu çəkir. Həyatlarındakı o natamamlıq olmasın deyə, çox yaxın insanlarımız
var ki, onlara bu sənin nənən, babandır demişəm. Övladlarımızı böyüdərkən onlara özgüvəni
verməyə çalışırıq. İstəyirik ki, ürəkli böyüsünlər.
- Uşaqlar xəstələnəndə
onların sağlamlığı ilə özünüz maraqlanırsınız, yoxsa bunu dayəyə həvalə edirsiniz?
- Dəfələrlə olub ki, çox xəstə və ağır vəziyyətdə işimin
gedişatına görə məcbur olaraq uşağımı dayə yanında, hətta bağçaya qoyub getmişəm.
Bu o demək deyil ki, uşağımı atmışam, kiminsə öhdəsinə buraxmışam. Əsla, məcburiyyətdən
olub. Ancaq işimi bitirən kimi, gəlib onların sağlamlığı ilə özüm məşğul
olmuşam.
- Uşaqlarınızın gələcəyini
necə təsəvvür edirsiniz?
- Oğlum çox dünyəvi uşaqdır, maraqlı tərəfləri çoxdur.
Mənə elə gəlir ki, o, gələcəkdə yaradıcı bir işlə məşğul olacaq. Hazırda rəsmlə
məşğul olur. Animasiya filmlərinin çəkiliş prosesi ilə maraqlanır, ədəbiyyatı sevir.
Nağılları personajların səsi ilə ifa edir. Onun gələcəkdə yaradıcı tərəfə gedəcəyini
düşünürəm. Qızıma gəlincə isə, onun çox savadlı və intellektli olmasını istəyirəm
və bunun üçün əlimdən gələni edəcəm.
Allahdan arzum budur ki, onların canları daim
sağlam olsun, özgüvənli şəkildə böyüsünlər. Öz ayaqlarının üstə durmağı bacarsınlar.
Bizim də bir valideyn kimi hər an bunu hiss etdirmək borcumuzdur.
- İndiki valideynlərin
bir qismi övladı xəstələnəndə həkimə müraciət etməkdənsə, psixoloqa müraciət
edirlər. Bəs sizin psixoloqlarla aranız
necədir?
- Açığı, mən uşağımı psixoloq yanına aparmamışam. Ancaq
psixoloqdan məsləhətlər almışam. Ötən ay oğlumun dərslərdən yayındığını və zəiflədiyini
hiss etmişdim. Gördüm ki, dərs oxumağa həvəsi yoxdur. Oturub bunun problemlərini
araşdırdım. Nəticədə məlum oldu ki, Turan müəlliməsiylə daha çox vaxt keçirmək əvəzinə,
mənimlə birlikdə dərs oxumaq istəyirmiş. Turan rus bölməsində oxuyur və dərslərinin
çoxu ingilis dilindədir. Ona görə də mən onunla hazırlaşa bilmirdim. Onu müəllimə
həvalə etmişdim. Artıq 10 gündür ki, axşamlar bir saat da olsa zaman ayırıb, onun
dərsləri ilə məşğul oluram. Görürəm ki, bunun gözəl nəticəsi var. Bəzən
uşağının psixoloqu valideynin özü olmalıdır.
- Övladlarınızın aparıcı
olmasını istəyərsinizmi?
- Niyə də yox? Çox istəyərəm. Mən işimi və sənətimi
çox sevirəm. Daxilimdə istək olmasa, bu səviyyəyə gəlib çıxa bilməzdim. Əgər onlar
da gələcəkdə bu sənətlə məşğul olmaq istəyərlərsə, mane olmayacam. Bu məsələdə
övladlarımın qarşısında dayanmaq fikrim yoxdur.
- Bu
yaxınlarda həmkarınız Lalə Azərtaş müsahibəsində "qızını döyməyən, dizi döyər”
ifadəsini səsləndirdi və onun bu fikirləri bəzi analar tərəfindən qınaqla
qarşılandı. Siz bu mövzu haqqında nə düşünürsünüz?
- Uşağın döyülməsinin qətiyyən tərəfdarı deyiləm.
Nəinki öz uşağımın, çevrəmdə də bir uşağın döyüldüyünü görəndə çox pis oluram.
Bir şey ki, adı şiddətdir. Ən kritik vəziyyətdə belə səbirli olmağa çalışmışam.
Ancaq yalan deyərəm ki, uşaqlarımı vurmamışam. Mənim öz tərbiyə metodum var.
Gördüm ki, tabe olmurlar, müəyyən məqamdan sonra öz eqolarını ortaya qoyurlar
və mən belə halda uşağa aqressiv yanaşmıram. Onda uşağın hər iki qolundan bərk
sıxıb stola oturduram və özüm də onlarla bərabər otururam. Gözlərinin içinə
baxıb sonuncu xəbərdarlığımı edirəm. Çox şükür ki, bu metod oğlumda çox gözəl
nəticə verib. Ancaq qızım bir qədər nadincdir. O hələ çox balacadır. Deməyim
odur ki, heç bir halda döyməyin tərəfdarı deyiləm.
- Bəs siz
özünüz necə uşaq olmusunuz? Uşaq vaxtı döyülmüsünüzmü?
- Bizim vaxtımızda analar müəllimələrə
tapşırırdılar ki, nadinclik etsə onu danla, cəzalandır. Desəm ki döyülməmişəm,
səmimi olmaram (gülürük). Anam tərəfindən bir neçə dəfə döyülmüşəm.
- Bu sizdə
aqressiya yaradıbmı? Hansı ki, onu indiyə qədər xatırlayırsınız.
- Xeyr. İndi müasir zəmanədə psixoloji məqamlar
tendensiya halını alıb. Guya nəyinsə təsirindən uşaqlar psixoloji travma
keçirir. İnanmıram ki, uşaqlıqda olan hansısa bir hadisə mənim bu günümə təsir
etsin. O zaman başqa tələblər və düşüncə tərzi var idi. İndi insanların həyata
baxışı, fikirləri, düşüncələri də dəyişib. İnformasiya bolluğu, qloballaşmaq,
dünyaya açılmaq daha da çoxalıb deyə, insanlar hər nüansa diqqət yetirirlər.
Əvvəllər uşağın döyülməsinə bu qədər reaksiya verilmirdi.
Xəyalə Rəis