• cümə, 29 Mart, 09:57
  • Baku Bakı 5°C

Bəzən çox heyfsilənirəm ki, ömrümə şan-şöhrət yükləndi Müsahibə

18.07.13 09:18 4984
Bəzən çox heyfsilənirəm ki, ömrümə şan-şöhrət yükləndi Müsahibə
Muğam sənəti Azərbaycanın professional musiqi mədəniyyətinin şifahi irsinin mühüm qolunu təşkil edir. Hazırda bu sənətə maraq kifayət qədərdir. Azərbaycanda hər zaman qiymətli muğam ifaçıları dünya arenasında kifayət qədər tanınıb. Muğam sənətinə gənclərin marağının kifayət qədər olmadığını söyləsələr də, gənc ifaçılar bu kimi fikirləri inkar edərək muğamı sevdiklərini və bu sənətə marağın getdikcə daha da çoxaldığını deyirlər. Elə ötən həftə 2007-ci ildə Muğam müsabiqəsinin qalibi olan Güllü Muradova “Qarabağdır məkanım” adlı ilk albomunu mətbuat nümayəndələrinə təqdim etdi. Albomun təqdimatından sonra Güllü Muradova ilə səmimi söhbət etdik. Xanəndə muğam müsabiqəsindən sonrakı fəaliyyətindən və gələcəyə dair planlarından danışdı.
Artıq gec idi
- Güllü Muradova özünü oxucularına necə təqdim edər?
- Hər kəsin təqdimata ehtiyacı var, mən hələ o zirvədə deyiləm ki, özümü təqdim etmədən söhbətə başlayım.
- Elə isə bu sənətə maraq sizdə nə zamandan yaranıb?
- Bu sənətə uşaqlıqdan böyük marağım olub. Evimizdə piano var idi, həmin pianoda özüm oxuyub, özüm də ifa edirdim. O zaman hələ 8 yaşındaydım. Elə həmin yaşlarımdan ailəm və qohum-əqrəbalarımız yaxşı səsim olduğunu söyləyirdilər. Onlar hər zaman deyirdilər ki, bu səsi dəyərləndirmək lazımdır. Ondan sonra ailəm məni musiqi məktəbinə yönləndirdi. Elə o zamandan musiqiyə böyük marağım yarandı.
- Sizi məşhurlaşdıran muğam müsabiqəsinə necə gəldiniz?
- Müsabiqəyə gəlişim çox maraqlı hadisə ilə başladı. Belə ki, müsabiqə üçün sənəd verəndə artıq seçim turları bitmişdi. Orada mənə söylədilər ki, artıq sənəd qəbulu bitib. Mən də dedim ki, hər ehtimala qarşı siz bu sənədləri götürün. Artıq sənədlərimi geri götürmək istəyirdim. Bir də o zaman eşitdim ki, sənədlərim qəbul olunub. Bilirsinizmi, ondan əvvəl mən bir neçə dəfə tədbirlərdə və müsabiqələrdə iştirak etmişdim, ancaq onların heç birində istədiyim mərhələyə qədər gedib çıxa bilməmişdim. Ona görə də bu müsabiqəyə həvəssiz yanaşırdım. Könülsüz şəkildə aparıb sənədlərimi müsabiqəyə təhvil verdim.
- Bəs necə bildiniz ki, siz müsabiqədə iştirak edəcəksiniz?
- Mənə zəng edib dedilər ki, artıq siz müsabiqədən keçmisiniz, seçim turlarına gələ bilərsiniz. Həmin zaman çox təəccübləndim. Ondan sonra seçim turlarına getdim. Bir də onda baxdım ki, mən müsabiqənin qalibiyəm.
Çox heyfsilənirəm
- Muğam müsabiqəsinin sizin həyatınızda rolu nədən ibarətdir?
- Mən deyərdim ki, Muğam müsabiqəsi həyatımda çox şeyi dəyişdi və mənim dönüş mərhələm oldu, həyatımda çox böyük rol oynadı. O müsabiqədən sonra məşhurlaşdım. O zamana qədər iştirak etdiyim müsabiqələrdə bu səviyyəyə gəlib çıxmamışdım. Bəzən çox heyfsilənirəm. Ona görə ki, ömrümə şan-şöhrət yükləndi, əvəzində müəyyən çətinliklər və xoşagəlməz hadisələrlə qarşılaşdım. Hərdən şükür edirəm ki, yəqin qismətim budur.
- Sizcə, yaxşı muğam ifaçısı olmaq üçün nələri bilmək lazımdır?
- İlk növbədə xanəndənin gözəl səsi olmalıdır. Səs olmayandan sonra yaxşı ifaçı olmaq qeyri-mümkündür. Səsdən sonra qəzəli, əruzu və muğamlarımızı bilmək, eyni zamanda, onu mənimsəmək lazımdır. Təbii ki, bunları öyrənib dayanmaqla nəyəsə nail olmaq mümkün deyil. Bunları daim istifadə etmək və zümzümə etmək lazımdır. Bütün bunlarla yanaşı, yaxşı xanəndə olmaq üçün insanda həvəs də çox vacib məsələdir.
- Deyirlər gənc nəslin bu sənətə marağı zəifdir. Siz necə düşünürsünüz?
- Mən bu fikirlərin əksini düşünürəm. Bu gün gənclərin muğama marağı çox böyükdür. Əgər fikir vermisinizsə, son beş ildə əksər ifaçılar muğam ifa etməyə çalışırlar. Bilmirəm, bəlkə də bu, dövlətin muğama olan qayğısının nəticəsidir ki, hər kəs bu sənətə belə həvəslidir. Amma onu da deyim ki, “Hər oxuyan da Molla Pənah Vaqif olmur”.
- Sizcə, muğam ifaçılarının qazanc yeri bu gün yalnız toylardırmı?
- Ola bilər ki, xaricdə xanəndənin qastrolu təşkil olunursa o gedib həmin konsertdən gəlir əldə etsin. Hazırda isə Azərbaycanda belə hallar çox az-az baş verir. Burada xanəndələrin qazancı yalnız toylardır və yaxud da gördüyü işlərdən də qazanc əldə edə bilər. Düşünürəm ki, haradasa konsertlərdən gəlir əldə etmək olar. İndi bizim ifaçıların gəlir mənbəyi toylar və onların şəxsi biznesləridir. Başqa cür inanmıram ki, xanəndələr gəlir əldə etsinlər. Ola bilər ki, müəllim kimi işləsinlər, ancaq 120 manatla dolanmaq da olmur.
- Ümid edirsiniz ki, işıq üzü görən ilk albomunuzdan gəlir əldə edəcəksiniz?
- Mən bu albomu gəlir əldə etmək məqsədi ilə hazırlamamışam. Bu albomdan heç bir gəlir gözləmirəm. Albomumuz çox az tirajla çap olunub. Bu mənim ilk albomumdur. Albomu qəzəl ustadı Mir Həmzə Seyyid Nigarinin xatirəsinə həsr etmişəm. Albomda neçə illərdir oxuduğum mahnılar yer alıb.
- Bu albomu ərsəyə gətirmək üçün nə qədər vəsait sərf etmisiniz?
- Diskin hazırlanması bir az çox vəsait tələb etdi. O da ki mənim şəxsi tələblərimdən irəli gəlirdi. Mən istəyirdim ki, hər şey çox yüksək səviyyədə olsun. Adətən muğam ifaçılarının ifalarında tar-kamança, balabanın ifası olur, ancaq bizdə 9 nəfərlik ansamblın iştirak ilə mahnılar yazıldı. “Xarı bülbül” ansamblının iştirakı ilə mahnıları ərsəyə gətirdik. Bunun üçün tar ifaçısı Əliağa Sədiyevə minnətdarlığımı bildirirəm. Bu diskin ərsəyə gəlməsində o çox əziyyət çəkdi.
Elə xəbərlərə fikir bildirmirəm
- Güllü Muradova gələcəyini necə görür?
- Mən bir neçə il sonranı düşünən insan deyiləm, bu gün üçün yaşayıram. Artıq gələcəyə dair plan qurmuram, yerində və yaxın zamanda gördüyüm işləri sevirəm. Misal üçün, albomum yox idi deyə albom hazırlatdırmağa çox həvəsli idim. Bu gün albomumu təqdim etdim. Artıq yeni layihələrim var, onların üzərində çalışmaq istəyirəm. Buraya konsertlər və yeni mahnılar da daxildir.
- Dünyanın əksər ölkələrində festivallarda olmusunuz. Xaricdə Azərbaycan muğamlarına maraq necədir?
- Elə ölkə var ki nümayəndələri oturub, sadəcə musiqini dinləyir. Hərdən elə olur ki, hiss edilirik, onlar bizim nə oxuduğumuzu dərk etmirlər. Bilirsinizmi, hansı ölkələrə ki muğam daha yaxındır, misal üçün, Şərq ölkələrinə, bizim ifamız daha tez çatır. Çünki onlarda da muğama yaxın mahnılar olduğuna görə bizi başa düşürlər deyə fikirləşirəm. İfamız zamanı bəlkə də əcnəbi dinləyicilər bizi başa düşürlər, ancaq mimikalarında heç bir dəyişiklik görmürük. Misal üçün, xaricdən hansısa bir müğənni gəlib burada oxusa, onun səs tembrinə baxaram və ona diqqətlə qulaq asmağa çalışaram. Əgər o insanlar mənim onlara qulaq asdığım kimi məni dinləyirlərsə, mahnım bəlkə də onlara çatacaq. Yox, sadəcə dinləyici kimi qulaq asırsa, onun muğamdan təsirlənəcəyini söyləyə bilmərəm.
- Hazırda xanəndələrin əksəriyyəti sosial şəbəkə vasitəsi ilə tamaşaçıları ilə ünsiyyət qurur. Bəs siz sosial şəbəkədə aktivsinizmi?
- Xeyr, mən sosial şəbəkədən istifadə etmirəm. Ancaq mənim adıma yetərincə fan səhifələri yaradılıb. Ümumiyyətlə, sosial şəbəkələrin istifadəsinin tərəfdarı deyiləm. Bəlkə də sosial şəbəkə xanəndə üçün çox lazımdır. Ancaq, bu, mənlik deyil. Vaxtımın çoxunu sosial şəbəkədə sərf etmək istəmirəm. Ancaq görürəm ki, həmin səhifələrdə mənim haqqımda doğru və yaxud da yanlış xəbərlər yazırlar.
- Haqqınızda hansı yanlış məlumatlar yayılıb?
- Bir də görürük ki, “Güllü Muradova ailə qurub” yazıblar. Bu tamamilə yanlış informasiyadır. Elə xəbərlərə fikir bildirmirəm.
- Bəs ailə qurmağı necə, düşünürsünüzmü?
- Yox, hələ ki düşünmürəm. Yəni belə bir planım yoxdur.
- Güllü xanım, muğam ifaçıları ilə duetiniz gözlənilirmi?
- İstəyərdim. Baxır xanəndəyə.
- Məsələn, Alim Qasımovla...
- Sənətinə, səmimiyyətinə hörmət qoyduğum xanəndələrdən biri də Alim Qasımovdur. Onunla mən duet oxumamışam, ancaq bizim bir ortaq proyektimiz var idi ki, orada hər ikimiz iştirak etmişdik. Alim müəllimlə başqa el məclislərində görüşmüşük. Onunla duet oxumaq mənim ən böyük arzumdur. Nəzakət Teymurovaya da böyük hörmətim var. Hər iki xanəndə ilə duet oxumaq istəyərdim. Qeyd etdiyim sənətkarlarla eyni səhnəni və musiqini paylaşmağı çox istəyərdim. Bütün muğam ifaçılarını dinləyirəm, amma müəyyən yerdə bu iki xanəndə mənə görə vazgeçilməz səhifədir.
Ay camaat, mən səhv oxudum...
- Heç olubmu ki, oxuduğunuz yerdə qəzəli unudasınız?
- O qədər… Birdən elə olub ki, həmin anda ağlıma gələn ilk sözü quraşdırıb demişəm. Birdən də elə olub ki, başqa bir qəzəlin sözlərini demişəm. Düzdür, oxumuşam, ancaq gülüşüm və mimikamla büruzə vermişəm ki, ay camaat, mən səhv oxudum. Qəzəli və əruzu bilən adam bunu başa düşüb. Müəllimlərim isə o dəqiqə hiss ediblər.
- Sizcə, muğam ifaçılarını digər ifaçılardan fərqləndirən hansı keyfiyyətdir?
- Ən əsası, səs tembri və hissiyyatdır. Mənə elə gəlir ki, elə bir layihələrim də var, istənilən caz ifaçısının və dünya ulduzunun musiqilərini səsləndirə bilərəm. Bu o deməkdir ki, mən muğam ifaçısıyam və mənim səsim buna çatır. Bəlkə də mən hansısa xarici musiqini onun özü kimi tamaşaçılara çatdıra bilmərəm, ancaq səs çalarlarım buna imkan verir. Bir gün bunu edib hər kəsə göstərəcəm. Elə gözəl əməkdar və xalq artistlərimiz var ki, onlar da bunu edə bilərdi. Əgər söhbət əsl muğam ifaçısından gedirsə, onlar istənilən mövzuda olan mahnıların səs tembrinə qadirdir. Düşünürəm ki, onlar bütün mahnıları ifa edə bilərlər. Bunun üçün, sadəcə ürək lazımdır.
- Bu gün xanəndələr gündəmdə qalmaq üçün müxtəlif üsullara əl atırlar. Bəs Güllü Muradova gündəmdə qalmaq üçün nələr edir?
- Mən gündəmdə qalmağa can atan xanəndələrdən deyiləm. Yəni gündəm üçün çalışmıram. Mənə verilən qiymətləri doğrultmağa çalışıram. Bir müddət idi ki, efirlərdə görünmürdüm. Söyləyirdilər ki, Güllü Muradova passivdir, aktiv deyil. O zaman mən albomun işıq üzü görməsi üçün çalışırdım. Bu gün mən gündəmdə qalmaq üçün heç bir addım atmıram. Başımı aşağı salıb işimlə məşğulam. Yeni proyektlərə və layihələrə hazırlaşıram.
- Belə çıxır ki, qalmaqallarla da aranız yoxdur?
- Mən, ümumiyyətlə qalmaqallara önəm verən insan deyiləm. Adətən qalmaqallı suallar veriləndə ondan yan keçirəm. Məni tanıyan onsuz da tanıyır. Qalmaqala ehtiyacım yoxdur.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər