Beynin, ürək-damar sisteminin funksiyasını yaxşılaşdıran əti var, həm də...
Mütəxəssislər deyirlər ki,
Azərbaycanda maralların çoxaldılması üçün ixtisaslı kadrlara ehtiyac olacaq
Rusiyanın
Sibir bölgəsindən Azərbaycana maral əti məhsulları ixrac ediləcək. Maral ətinin
Azərbaycanla yanaşı, Türkiyə və İrana da ixracı gözlənilir. Bu barədə Sibirin
Taymır bölgəsinin bələdiyyə sədri Yevgeni Verşinin açıqlama verib. Onun
sözlərinə görə, ixracla bağlı məsələ Krasnoyarsk vilayət qubernatoru Aleksandr
Ussla görüşdə müzakirə edilib. Görüş zamanı qubernatora bölgədəki turizm
sektoru və maral təsərrüfatları haqqında məlumat verilib: "Görəcəyimiz
işlər nəticəsində büdcəyə 8,9 milyard rubl töhfə veriləcək ki, bu da keçən illə
müqayisədə 203 milyon əlavə vəsait deməkdir. Bundan başqa, bölgədə maral
təsərrüfatı da inkişaf etdirilir. Əsas
bazarımız Norilsk və Taymırdır. Ancaq Azərbaycan, Türkiyə və İran da bu
məhsulların ixracına maraq döstərir”.
Qeyd
edək ki, artıq bir neçə ildir, Rusiyanın Altay diyarından Azərbaycana maral
gətirilir. Azərbaycanın bəzi rayonlarında, o cümlədən, Xızı və Şəmkirdə
maralçılıq təsərrüfatları qurulub. Rusiyadan gətirilən yüzlərlə maral burada
müalicə və digər məqsədlər üçün bəslənir.
Gətirilən
marallar ölkəmizin iqliminə, təbiətinə alışa biləcəkmi, idxal edilən ətin
keyfiyyəti, dadı hansı səviyyədədir, insanlarımızın bu ətə marağı varmı? Məsələ
ilə bağlı mütəxəssislərin fikirlərini öyrəndik.
Kənd təsərrüfatı üzrə ekspert
Nicat Nəsirli qeyd etdi ki, bu ətə tarixən maraq olub: "Bu, ekzotik heyvandarlığın bir növüdür
və dünyada çox geniş yayılıb. Amma bizdə bu sektor demək olar ki, boşdur.
Nəinki maral, dekorativ quşçuluq və ümumiyyətlə, dekorativ xarakter daşıyan ev
heyvanları ilə iş çox zəifdir. Əgər belə bir addım atılarsa, insanların marağına
səbəb olar. Ferma şəraitində maralçılığın, dəvəçiliyin, camışçılığın inkişafı
çox böyük perspektivi olan sahələrdir. Hazırda maral ətinin idxalı gündəmdədir,
hansı ki insan orqanizmi üçün də kifayət qədər faydalıdır. Nəzərə alsaq ki,
ölkəmizdə xidmət sahəsi sürətlə inkişaf edir, onlar böyük məmnuniyyətlə maral
ətini qəbul edərlər. Çünki bu ətə tarixən maraq olub. Qədim dövrlərdə şahlar
həmişə maral ovuna çıxardılar. Ona görə, bu sahədə çox işlər görmək olar. Amma
perspektivləri ilə yanaşı, böyük qayğıları da var. Həmin heyvanları
yetişdirmək, çoxaltmaq üçün mütləq kadr olmalıdır. Heyvan xəstələnən zaman onun
müalicəsini edəcək, yemlənməsinə nəzarət edəcək xüsusi baytar və zootexnik
ixtisaslı şəxslərə böyük ehtiyac olacaq”.
Azad İstehlakçılar Birliyinin sədri
Eyyub Hüseynovun sözlərinə görə, maral ətinin idxalı zamanı üzərində
istehsal edən ölkə və şirkət haqqında məlumat olmalıdır: "Maral ətinin satışı
və istehlakı ilə bağlı nə mentalitet, nə dini, nə də digər nüanslarla əlaqəli
bir məhdudiyyət var. İstənilən marketlərdə satıla və şadlıq evlərində yemək kimi təqdim edilə
bilər. Lakin ətin keyfiyyətinə nəzarəti Azərbaycan Qida Təhlükəsizliyi
Agentliyi nəzarət etməlidir. Ətin satışa çıxarılmasından sonra hansısa bir şikayət
daxil olarsa, biz qurum olaraq onların hüquqlarını qorumağa hazırıq. Bir müddət
sonra ətə olan tələbat artarsa, istisna olunmur ki, bəzi işbazlar maral əti adı
altında başqa ət gətirsinlər. Buna görə də, Azad İstehlakçılar Birliyi olaraq
işi nəzarətdə saxlayacağıq”.
"Maral
çoxartımlı heyvan növlərindən biridir və ölkəmizə uyğunlaşma prosesi asan
olacaq” deyən aqrar məsələlər üzrə
ekspert Qadir Bayramlı bildirdi ki, sadəcə hansı bölgədə yerləşdiriləcəyi
düzgün seçilməlidir: "Ölkəmizdə olan münbit şərait maralların bura uyğunlaşmasına,
çoxalmasına kifayət qədər uyğundur. Çünki 60-cı illərin ortalarına qədər
Azərbaycanda marallar olub. İndi də zooparklarda, bəzi təsərrüfatlarda az da
olsa var. Lakin bunu kütləviləşdirmək daha müsbət nəticələr verər. İlkin
dövrlərdə bu sahədən ciddi gəlir gözləmək mümkün deyil, amma zamanla istənilər
nəticə əldə oluna bilər. Həm də bu, tək marallara aid deyil. Bildiyim qədəri ilə bir müddət əvvəl
Belarusdan zubrlar gətirilərək İsmayıllı bölgəsinə buraxılıb. Onlar da iqlim
şəraitinə adaptasiya olub. Gətirilən heyvanların uyğunlaşmasından başqa,
onların çoxalmasını həyata keçirəcək mütəxəssislər olmalıdır. Ətin idxalına
gəlincə, bununla bağlı AQTA müəyyən işlər görməli, işə ciddi nəzarət etməlidir”.
Maraqlıdır,
yeyinti sənayesində istifadə üçün idxal edilən maral ətinin faydaları nələrdir?
Qeyd edək ki, mətbəxlərdə ən çox gənc maralın
ətindən istifadə edilir. Maral əti şimal ölkələrində yaşayan əhali tərəfindən
daha çox istifadə olunur. Onun xüsusi dadı olur və müalicəvi, dietik ətlərdən
hesab edilir. Maral əti bişirildiyi zaman gözəl dada malik xüsusi bulyona və
ətə çevrilir. Ondan avitaminozlar və maddələr mübadiləsinin pozulmaları zamanı
istifadə edilir. Maraldan məşhur diç adlanan yemək hazırlanır. Maral ətini
buxarda və ya közdə bişirirlər.
Bəs, əti necə seçməli? Ən
yaxşı maral əti 6 ayına qədər yaşı olan maralın əti hesab olunur. Gənc maral
əti tünd qırmızı rəngdə və zərif, yaşlı maralın ətinin rəngi isə daha tünd və
bərk olur. Ən yaxşı maral əti isə erkək maralın əti hesab edilir. Maralın ətində yağın miqdarı az olduğuna görə, onu
uzun müddət saxlamaq olmur. Maral əti tez xarab olan məhsuldur. Onu hətta
dondurucuda da 3 gündən artıq saxlamaq mümkün deyil. Çünki belə şəraitdə saxlanılan
maral əti dadını və keyfiyyətini itirir. Bu ətdən müxtəlif dadlı yeməklərin
hazırlanmasında geniş istifadə edilir.
100 qram maral ətinin qida dəyəri:
- Zülallar - 19,5 qr
- Yağlar - 8,5 qr
- Su - 71 qr
- Kalori - 154,5 kKal.
Maral ətinin bir çox müsbət özəllikləri var.
Onun tərkibində yağların və xolesterinin miqdarı azdır. Bu ət ürək-damar
sistemi xəstəliklərinin əmələ gəlməsi üçün riskli qida sayılmır. Maral ətinin
tərkibində yağların miqdarı az olduğuna görə, orqanizm üçün zərərli sayılmır.
Onun tərkibində PP, B1, B2, B1 vitaminləri var ki, bu vitaminlərin qarışımı
beynin funksiyasını yaxşılaşdırır, beyin hüceyrələrinin inkişafına səbəb olur,
enerji mübadiləsini normallaşdırır, iştahanı artırır.
Maral ətinin zərərli xüsusiyyətlərinə gəlincə isə bu barədə heç bir mənbədə
qeydlərə rast gəlinməyib. Maral əti nadir hallarda allergik reaksiyaların
meydana çıxmasına səbəb olur.
Günel Azadə