• cümə axşamı, 25 aprel, 00:43
  • Baku Bakı 19°C

Beynimizə xəbərsiz girən reklamlar

28.06.13 10:31 2093
Beynimizə xəbərsiz girən reklamlar
Milli Məclisdə yeni hazırlanan «Reklam haqqında» qanun layihəsində gizli reklamların qadağası nəzərdə tutulur. Parlamentdən verilən məlumata görə, qanun layihəsinin 8.1-ci maddəsinə görə, televiziya və radio verilişlərində, kino, audio və video materiallarında, internet şəbəkəsində, çap məhsullarında, malların qablarında və qablaşdırma materiallarında yerləşdirilərək, əmtəə istehlakçısına reklam qismində təqdim edilmədən, müxtəlif üsullarla, görüntülər vasitəsilə onun şüuraltına təsir göstərilməsi gizli reklam sayılır. Eyni zamanda, televiziya proqramlarında, video, kino və çap materiallarında əmtəə nişanının texniki üsullarla örtmədən göstərilməsi də gizli reklam olacaq. Qanun layihəsində o da göstərilir ki, reklam daşımayan televiziya və radio proqramlarında, çap materiallarında tamaşaçıların, dinləyicilərin, oxucuların diqqətinin konkret əmtəəyə «reklam», yaxud «reklam hüququ əsasında» qeydi olmadan yönəldilməsi gizli reklam hesab edilir. Yeni qanunda bütün hallarda gizli reklamlara qadağa qoyulur. Gizli reklamların təsnifatı da hazırlanıb layihəyə salınacaq.
Telefonlara gələn reklam xarakterli mesajlara qadağa
Sözügedən qanun layihəsinin araya-ərsəyə gəlməsində böyük rolu olan Azərbaycan Reklamçılar İttifaqının rəhbəri Hacıəmi Atakişiyev bizimlə söhbətində gizli reklamların bir neçə qrupa bölündüyünü dedi: “Məsələn, bu gün insanların mobil telefonlarına reklam xarakterli mətnlər gəlir. Mesajda deyilir ki, hər hansı maşının uduş vaxtı artıq yaxınlaşır, tezliklə maşın uda bilərsiniz, bir də filan nömrəyə mesaj göndərin. Bu, özü gizli reklamdır, çünki istehlakçı sonda heç nə udmur, oyunu axıra qədər oynamağa məcbur olur. Şirkət isə istədiyi qazancı əldə edir. Yəni insanları bu cür aldatma yolu ilə pul qazanır. Bəzi küçə reklamlarında, televiziya reklamlarında da bu aldadıcılıq var. Yəni mövzualtı, sətiraltı gizlinlər var ki, o gizlinləri həmin anda hər kəs qavraya bilmədiyinə görə onun tələsinə düşür. Bununla da gizli reklam həm insanları yorur, vaxtlarını alır, həm də maliyyə prinsiplərini pozur. Belə hadisələr gizli reklam kimi qəbul olunur. “Reklam haqqında” qanun layihəsində bu məsələ çox aktualdır”.
H.Atakişiyevin sözlərinə görə, gələcəkdə monitorinqlər aparmaqla bu cür hallar aradan qaldırılacaq. Yəqin insanları gizli reklamlardan qorumaq üçün İnzibati Xətalar Məcəlləsində cərimələr də nəzərdə tutulacaq.
Gizli reklamlar necə tutulacaq?
Müsahibimizin sözlərinə görə, telekanallarda insanların şüuraltına yeridilən reklamlara da yeni qanunda yer ayrılıb: “Yəni gizli reklamların bəndlərindən biri də budur. Qanunda nəzərdə tutulub ki, kodlaşdırma sistemi, xüsusi şriftkod, keyfiyyət sertifikatı olacaq. Koddan keçməkdən yayınanlar cərimələnəcəkələr. Bu kod elə bir elementdir ki, hər hansı bir reklam subyektivlərinin, reklamların üzərinə qoyulacaq və bununla da rahat şəkildə tapmaq mümkün olacaq ki, hansı reklam yayıcısı bu işi səhv görür”.
Yeri gəlmişkən, müxtəlif teleseriallarda qəhrəmanların istifadə etdiyi maşınlar, telefon, kompyüter markaları və digər əşyalar, oxuduğu orta və ali məktəbləri də göstərmək gizli reklam sayılır. Bu cür reklamlara istehsalçılar daha çox pul ödəyirlər. Çünki açıq reklamın reklam olduğunu hamı bilir və buna inanıb -inanmamaq da onların seçimindən asılıdır. Ancaq teleseriallarda, filmlərdəki reklamlarda qəhrəmanların istifadə etdiyi brendləri tamaşaçıların əksəriyyəti, yəni kütlə reklam kimi deyil, həyat tərzi kimi qəbul edir və bu, onların şüuraltına daha rahat yeriyir.
Qeyd edək ki, gizli reklamlara yalnız gözlə görülə bilən reklamlar daxil deyil. Buraya gözlə görülməsi mümkün olmayan, 25-ci kadrda insanların şüurlarının altına yeridilən reklamlar da daxildir. Bu reklamlar filmlərdə yerləşdirilən gizli reklamlardan daha təhlükəlidir. Çünki bu cür reklamları gözlə görmək mümkün deyil, onlar yalnız şüur altına yeridilir. Bəs bu proses necə baş verir?
25-ci kadr nədir?
Vikipediyada yazılana görə, alimlər araşdırıblar ki, insan bir saniyədə 24 kadr görür. Bir saniyədə verilən 25-ci kadr isə görünmür, yalnız şüuraltına yeridilir. İyirmi beşdə bir saniyə müddətində görünüb yox olan bu kadr, ifrat qısamüddətliliyi səbəbindən kino davam edən zaman diqqəti cəlb edə bilmir. Çünki bu müddətdə tamaşaçı beyni yalnız kinonu təhlil edir. Əslində isə 25-ci kadrda yerləşdirilən gizli mesajla gələn siqnallar hiss reseptorlarına, göz analizatorlarına düşüb onları cüzi də olsa qıcıqlandırdığından, həmin bu mikroproseslər izsiz itib getmir və birbaşa təhtəlşüur sferasına düşür. Məlum olduğu kimi isə təhtəlşüur ona daxil olan istənilən informasiyanı ağına-bozuna baxmadan icra etmək üçün müvafiq orqanlara göndərir. Çünki beynin mexanizmi elə qurulub ki, təhtəlşüura yalnız şüurun analiz edib, “‘müsbət rəy” verdiyi informasiyalar düşə bilir. Bu metod ilk dəfə ötən əsrin ortalarında ABŞ-da klublardan birində film nümayişi zamanı sınaqdan keçirilib. Burada filmin lentinə, deyildiyi qayda ilə “Coca-cola için!” əmri yerləşdirilir. Film qurtaranda isə aşkar olur ki, klubun həyətindəki köşklərdə bütün digər içkilər satılmamış qaldığı halda bir dənə də olsun Coca-cola qalmayıb.
Hazırda bu metoddan müxtəlif videofilmlər, cizgi filmləri, kliplər və s. vasitəsilə insanların beyninə lazımi ideologiyaları, baxışları və s. yerləşdirmək üçün geniş istifadə edilir. Dünyada aparıcı televiziyalar bu metodikadan məqsədli şəkildə istifadə edirlər. Hazırda metodun səs üçün də xüsusi modifikasiyası işlənib hazırlanıb, yəni lazımi kodlar müvafiq auditoriyanın beyninə, onların özünün xəbəri olmadan, müxtəlif radiostansiyaları dinlədiyi məqamda da yeridilə bilir.
Mesaj xarakterli görüntü
Azərbaycan Reklamçılar İttifaqının rəhbəri Hacıəmi Atakişiyev xüsusilə əcnəbi filmlərdə yerləşdirilən 25-ci kadrı belə izah etdi: “Mesaj xarakterli ani bir görüntünü çox qısa bir vaxtda ortaya atırlar və insan bunun dərinliyinə varmır. Varmadığına görə də reklamın arxasınca getməyə başlayır. İnsanların vaxtı bir az çox olsa, yəni araşdırma imkanları olsa, o zaman şüuraltına yeridilən reklamlardan qaçacaqlar. Çünki bu vaxt hesabında onlar bunu dərk edəcəklər. İnsanlar hələ ki, bunu dərk eləmir, amma monitorinqlər aparılsa, bu cür kadrlar çox qısa vaxtda tutula bilər. Monitorinq zamanı saniyəlik kadrlar belə qeydə alınır. Qeydə düşəndən sonra o araşdırılır və istehlakçıya bu barədə məlumatlar verilir”.
H.Atakişiyevin sözlərinə görə, qanun layihəsi qəbul olunandan sonra da reklamvericilər bazarda hər hansı gizli reklam vasitələrindən istifadə etmək üçün yollar axtaracaqlar: “Bunun da qarşısını almaq üçün monitorinq sistemini gücləndirmək lazımdır. Qanunla kodlaşdırma prinsipi gerçəkləşəndə artıq görünəcək ki, hansı kanalda, hansı vaxtda, hansı filmin üzərində belə yayım gedir, insanlara şüuraltına yeridilir. Bu, kompleks bir işdir. Hələlik layihə üzərində iş gedir. Bunun əsaslandırılması, təşkilatlanması lazımdır. Yəni özünü tənzimləyən bir təşkilat qurulmalıdır ki, bu təşkilat da özünü tənzimləmə mexanizmindən istifadə edib bunların hamısını qeydə alsın”.
55 ölkənin qadağan etdiyi reklam
Filologiya elmləri namizədi, astroloq Firudin Qurbansoy bildirdi ki, ümumiyyətlə, filmlərdə, televiziya verilişlərində insanlara psixi təsir göstərən vasitələrdən istifadə edirlər: “Hipnozun gizli hipnoz deyilən növü var. Bu zaman mətndə tamam ayrı şeylərdən danışılır, amma açar sözlər olur. Açar sözlər insana psixi təsir göstərir. Məsələn, belə mətnlərdə deyilmir ki, “mənim məhsulumu al”. “Mən”, “məhsul”, “al” sözləri işlədilir və bu sözlərin arasına keyləşdirici sözlər yerləşdirilir və reklamı izləyən, yaxud da görən sonda “mənim məhsulumu al” sözünü eşidir. Adam da qeyri-şüuru olaraq 50 məhsulun arasından gedib məhz həmin məhsulu alır”.
1964-cü ildən İngiltərə, 1974-cü ildən bəri ABŞ olmaq üzrə dünyada 55 ölkə vətəndaşlarını 25-ci kadrda beyinlərə yeridilən reklamlardan qorumağa çalışır. Rusiyanın Yekaterinburq şəhərində yayımlanan ATN Televiziyasının “Otur və ATN izlə” şəklində gizli mesaj verdiyi təsbit edilmiş və iki ay telekanalın yayın lisenziyası ləğv edilmişdir.
Psixoloq Dəyanət Rzayev də gizli reklamların təhlükəli olduğunu bildirdi: “Ancaq bizim telekanallarda xüsusilə də 25-ci kadrı işləyə biləcək mütəxəssislərin olduğuna inanmıram. Bizdə belə bir təhlükə yoxdur. 25-ci kadrla şüurumuza nələrsə yeridən xarici kanalları isə qadağan etməyimiz mümkün deyil”.
Lalə Musaqızı
banner

Oxşar Xəbərlər