Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Qazaxıstan Milli Akademik Kitabxanasında olub
Qazaxıstanın Astana şəhərində səfərdə olan Beynəlxalq Türk
Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Azərbaycan Xalq
Cümhuriyyətinin 100 illiyi münasibətilə silsilə tədbirlərdə iştirak edəcək. G.Əfəndiyeva səfər çərçivəsində Qazaxıstan Milli Akademik
Kitabxanasının baş direktoru Umutkan Munalbayeva ilə görüşüb. Görüşdə Azərbaycanın Qazaxıstandakı
səfiri Rəşad Məmmədov da iştirak edib.
G.Əfəndiyeva
bildirib ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prioriteti türk
dünyasının sahib olduğu mədəni irsi qoruyaraq, araşdıraraq, dünyada tanıdaraq
və gələcək nəsillərə miras qoyaraq özümüzə qaytarmaqdır. O, türkdilli
xalqların dünya tarixində və mədəniyyətində əhəmiyyətli rol oynadığını,
türkdilli dövlətlərin və xalqların ümumi tarixi köklərə, ortaq zəngin irsə,
dilə, incəsənətə, ədəbiyyata, adət-ənənələrə, milli mənəvi dəyərlərə malik
olduğunu qeyd edib.
G.Əfəndiyeva
Fondun yeni yaradılmasına baxmayaraq, türk tarixi və mədəniyyəti ilə bağlı bir
sıra layihələr üzərində işlədiyini qeyd edib. Bildirib ki, bu layihələrdən biri
də "Koroğlu” dastanının çap edilməsidir. Üzv ölkələrin hər birinin özünə xas
tarixi və ədəbi variantı var. Fondun prezidenti mart ayının sonunda hazır
olacaq "Fəlsəfi türk düşüncələri antologiyası” layihəsi haqqında da ətraflı danışıb. Qeyd edib ki, layihənin mart ayında Bakıda,
sonra Astanada təqdimatının keçirilməsi nəzərdə tutulur. O, kitabxanada üzv
ölkələrin guşəsinin yaradılmasını da təklif edib.
"Türk dünyası qadın şairələrinin antologiyası” ideyası
üzərində də işlədiyini vurğulayan Günay Əfəndiyeva deyib ki, Qazaxıstan
Prezidenti Nursultan Nazarbayevin latın qrafikalı qazax əlifbasının yeni
versiyasını təsdiqləyən fərmanı da türkdilli ölkələrin yaxınlaşmasına, ümumi
dildə danışmasına imkan verəcək.
Qazaxıstan Milli Akademik Kitabxanasının baş direktoru
Umutkan Munalbayeva iki ölkənin kitabxanaları arasında əməkdaşlığın daha da
genişləndirilməsində maraqlı olduqlarını bildirib. Türk xalqları haqda sənədli və bədii filmlərin
çəkilməsini təklif edən kitabxananın baş direktoru təbliğatın daha da
artırılmasının önəmini qeyd edib.
Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov Beynəlxalq
Türk Mədəniyyəti və İrsi Fondunun türkdilli xalqların tarixi-mədəni irsinin
qorunması və təşviqinə dair fəaliyyətindən söz açıb, Fondun fəaliyyətinin
genişləndirilməsində üzv ölkələrin dəstək olmasının, əlaqələrin
gücləndirilməsinin vacibliyini vurğulayıb. Səfir ümumtürk mədəniyyətinin dünya
mədəniyyətinə böyük töhfələr verdiyini, türkdilli xalqların dahi
şəxsiyyətlərinin - mütəfəkkirlərinin, yazıçılarının, şairlərinin, alimlərinin
bəşəri nailiyyətlər qazandıqlarını bildirib.
Görüş zamanı Milli Akademik Kitabxana ilə tanış olan Fondun
prezidentinə "Qazax xanlığı 550 illik” kitabı hədiyyə verilib.
Günay Əfəndiyeva latın dilində çap olunmuş "Nursultan
Nazarbayev. Həyat yolu” kitabını kitabxanaya bağışlayıb.