• şənbə, 20 Aprel, 09:10
  • Baku Bakı 14°C

Beynəlxalq təşkilatların gözündən iraq Fransa

03.12.18 18:27 707
Beynəlxalq təşkilatların gözündən iraq Fransa
Fransada noyabrın 17-dən başlayaraq hökumətin avtomobil yanacağının qiymətinin artırılması qərarına qarşı kütləvi etiraz aksiyaları keçirilir. Bu etirazlar zamanı vətəndaşlarla polis arasında iğtişaşlar baş verib. Məlumatlara görə, Parisdə baş verən küçə iğtişaşları zamanı xəsarət alanların sayı, 23-ü polis əməkdaşı olmaqla 133 nəfərə çatıb. Həmçinin etiraz aksiyaları zamanı 412 nəfər saxlanılıb, onlardan 378 nəfəri nəzarət altına götürülüb.
Fransada etiraz aksiyalarının başlanmasından xeyli vaxt keçməsinə baxmayaraq, beynəlxalq təşkilatların heç bir reaksiyasını görə bilmirik. Halbuki, bu təşkilatların Azərbaycanda, qardaş Türkiyədə hadisələr zamanı polisin qanuni müdaxiləsini insan haqlarının, demokratiyanın pozulması kimi qələmə vermələri heç bir sutka çəkmir. Bu sırada öndə gedən Avropa institutlarından olan AŞ PA komitələrinin Parisdə iclasları da başlayıb. Bütövlükdə beynəlxalq təşkilatların hansı səbəbdən Fransadakı hadisələrə münasibəti gecikir? Bu həmin təşkilatların ikili yanaşmasının təzahürü deyilmi?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Çingiz Qənizadə bildirdi ki, Fransada, eləcə də Avropanın digər ölkələrində bu cür etiraz aksiyaları olur: "Hətta Brüsseldə də insanlar küçəyə çıxıb etirazlar etdilər, qarşıdurmalar oldu və sair. Amma çox təəssüflər olsun ki, beynəlxalq təşkilatların heç bir reaksiyası yoxdur. Onlar belə hesab edirlər ki, Avropa ölkələrində bu cür hallar olarsa, bu normaldır. Yəni, vətəndaş-polis qarşıdurması varsa, polis haqlıdır və onun atdığı addımlar tam qanunauyğundur. Biz bunu Almaniya və Londonda da görmüşük. Hətta orada atlarla, itlərlə, dəyənəklə və hətta su şırnaqları ilə polisin insanlara hücumunun şahidi olduq. Təəssüflər olsun ki, bəzi ölkələrdə, o cümlədən Azərbaycanda da müəyyən qruplar tərəfindən hansısa qarşıdurma meylləri olursa, polisin buna qanuni müdaxiləsini dərhal insan haqlarının, kütləvi toplaşmaq hüququnun və sairənin pozulması kimi qeydə alırlar. Dərhal da beynəlxalq təşkilatların, o cümlədən də ABŞ Dövlət Departamentinin illik insan hüquqlarına dair hesabatında öz əksini tapır. Bu cür yanaşmanı təbii ki, dəfələrlə görmüşük və bu, illərdir davam edir. Hesab edirəm ki, bu yanaşma qeyri-obyektivdir və bütün dünyada baş verən hadisələrə polisin müdaxiləsi zamanı qanuni tədbirlər görülürsə, bunu təqdir etmək olar. Amma Avropanın mərkəzində qanundan kənar nümayişçini yerə yıxıb döyürlərsə, təpikləyirlərsə, müxbirlərin foto aparatları əlindən alınırsa və buna susqunluq nümayiş etdirilirsə, bu artıq ikili standartlardır. Biz də Azərbaycan olaraq, bu ikili standartların təzyiqi ilə, eləcə də ədalətsiz münasibətlə üzləşirik”.
Ç.Qənizadə dekabrın 3-də Parisdə keçirilən AŞ PA-nın komitə iclaslarında bu məsələyə toxunulacağına inanmadığını diqqətə çatdırdı: "Ola bilər ki, hansısa AŞ PA deputatı Fransadakı hadisələri fərdi şəkildə qaldırsın. Əlbəttə komitələr də deyəcək ki, bu bizim gündəliyə salınan məsələ deyil, nəzərdə tutulmayıb və buna AŞ PA-nın yanvar sessiyasında baxa bilərik və sair. Beləcə üstündən keçəcəklər. Çünki elə orada olanların, o məsələni qaldıranların böyük əksəriyyəti o cür yanaşmaların subyektləridirlər. Bu baxımdan hesab edirəm ki, Parisdə AŞ PA-nın komitələrinin iclaslarında Fransadakı hadisələrə toxunulmayacaq”.
Millət vəkili Sahib Alıyev bildirdi ki, ikili standartı təkcə Fransada baş verən hadisələrdə görmürük: "Digər qərb ölkələrində bu cür hadisələr olanda adətən görməzlikdən gəlirlər. Bu təkcə son zamanlar üzə çıxan reallıq deyil. Həmişə belə olub və yəqin ki, həmişə də belə olacaq. Onu deyim ki, bu cür yanaşma təkcə bu qəbildən olan hadisələrdə baş vermir. Özlərinin ərazi bütövlüyü sual altında olanda, həddən artıq sərt hərəkətlər edirlər. Kimlərisə həbs etməkdən və yaxud digər cəza tədbirləri tətbiq etməkdən çəkinmirlər. Başqaları üzləşəndə isə, insan haqları, öz müqəddəratını təyinetmə və sair məsələlər ortaya atılır. Özlərinin nəzarətində olan, birbaşa əmrlərini yerinə yetirən terrorçular olanda, onlar "yaxşı terrorçular” hesab olunur, digəri isə pis. Yəni, biz təkcə Fransadakı iğtişaşlara münasibətdə beynəlxalq insan haqları təşkilatlarının çoxstandartlılığını, ayrı-seçkiliyini görmürük ki? Bunu başqa məsələlərdə də görürük. Açığını desək, burada yeni heç nə yoxdur. Sadəcə olaraq, biz bütün bunlardan nəticə çıxarmalıyıq”.
S.Alıyev vurğuladı ki, Azərbaycan və azərbaycanlı olaraq dövlətimizin daha da möhkəmlənməsinə çalışmalıyıq: "Onu dərk etməliyik ki, bəzi qüvvələr müxtəlif, bəzən demokratiya, insan haqları və sair gəlişigözəl adlar altında Azərbaycanda nələrəsə çağırışlar edirlərsə, bunun arxasında səmimi istək durmur. Onların bu çağırışları onunla bağlı deyil ki, biz də həmin dövlətlər kimi olaq. Əslində bu çağırışlar onunla bağlıdır ki, biz həmin dövlətlərin istədiyi kimi olaq. Biz isə öz istədiyimiz kimi olmalıyıq. Yəni güclü, qüdrətli olmalıyıq və Azərbaycanda Yaxın Şərqdə və bəzi qonşu ölkələrdə baş verən proseslərin təkrarlanmasını istəyən qüvvələr bunun mənasız olduğunu dərk etməlidirlər. Bu cür cəhdlərin isə heç bir nəticə verməyəcəyini görüb öz işləri ilə məşğul olmalıdırlar. Yaxud da elə yerlərə getməlidirlər ki, təzyiqlərini və başqa niyyətlərini orada həyata keçirə bilsinlər”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər