• şənbə, 20 Aprel, 10:17
  • Baku Bakı 14°C

Beynəlxalq qurumlardakı fəallığı Azərbaycanın nüfuzlu dövlətə çevrildiyini göstərir

26.06.14 10:14 1190
Beynəlxalq qurumlardakı fəallığı Azərbaycanın nüfuzlu dövlətə çevrildiyini göstərir
Məlum olduğu kimi, prezident İlham Əliyev iyunun 24-də AŞ PA-nın yay sessiyasının plenar iclasında çıxış edib. Azərbaycan prezidenti nitqində həm ölkə, həm region və həm də qlobal miqyaslı məsələlərə toxunub. O, əvvəlcə Azərbaycanın müstəqillik tarixinə nəzər salıb, ilk illərdə ölkənin qarşılaşdığı problemlərə toxunaraq bunun qeyri-effektiv hakimiyyət idarəçiliyinin nəticəsi olduğunu bildirib. Lakin 1990-cı illərin ortalarından başlayaraq demokratik islahatlara start verildiyini qeyd edən İlham Əliyev ölkəmizin 2001-ci ildə Avropa Şurasına üzvlüyünün demokratikləşmə yolunda mühüm mərhələ olduğunu qeyd edib: «90-cı illərin ortalarında Azərbaycanın yeni demokratik Konstitusiyası qəbul olundu. Ölkədə sosial və iqtisadi inkişaf dövrü başladı. Biz fəal şəkildə Avropa Şurasına üzv olduq. Üzərimizə düşən öhdəlikləri həyata keçiririk. 60-a yaxın konvensiyaya qoşulmuşuq, qanunvericiliyimizi yeniləmişik. Hazırda apardığımız islahatlar bizim cəmiyyətdə çox müsbət abı-hava yaradır. Fundamental azadlıqlar məsələsinə gəldikdə, Azərbaycanda bütün bunların hamısına riayət olunur. Sərbəst siyasi fəaliyyətlə məşğul olmaq, siyasi azadlıqlar mövcuddur. Bizim ölkədə yüzlərlə siyasi institut, siyasi partiya fəaliyyət göstərir”.
Bununla da İlham Əliyev hazırda Azərbaycanın demokratik cəmiyyət quruculuğu yolunda mühüm nailiyyətlər əldə etdiyini bəyan edib.
Prezidentin nitqində Dağlıq Qarabağ problemi ilə bağlı məqamın xüsusilə qabarıq olması isə əlbəttə ki, təsadüfi sayıla bilməz. İlham Əliyev AŞ-nin ali tribunasından istifadə edərək Ermənistanın işğalçı dövlət olduğunu bəyan etməklə dünya birliyini bu dövlətə qarşı biganə qalmamağa çağırıb. Bu kontekstdə prezident işğalçını öz adı ilə çağırmayan beynəlxalq ictimaiyyəti açıq-aşkar tənqid edib. Belə ki, prezident BMT-nin münaqişə ilə bağlı 4 qətnaməsinin olduğu halda, Ermənistana qarşı heç bir tədbir görülməməsini ikili standartlar kimi dəyərləndirib: «…beynəlxalq səviyyədə qəbul edilmiş qətnamələrin implimentasiya mexanizminin yaradılması olduqca vacib məsələdir... BMT-nin Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib və işğalçı erməni qüvvələrinin işğal edilmiş ərazilərdən çəkilməsini tələb edib. Lakin çox təəssüf ki, bu qətnamələrdəki müddəaların heç biri həyata keçirilmədi. Bu da məhz həmin ikili standartlar siyasətinin nəticəsidir. Bəzən elə hallar olur ki, BMT-nin qətnamələri bir neçə saat ərzində yerinə yetirilir. Bizim bu məsələmizdə isə artıq 20 il vaxt keçib, amma ortada heç bir mexanizm yoxdur ki, bunu həyata keçirsin... AŞ PA-nın qəbul etdiyi qətnamələrə, xüsusilə də 2005-ci ildə qəbul edilmiş 1416 saylı qətnaməyə əməl olunmur. Belə bir qətnamə Avropa Parlamenti tərəfindən də qəbul olunmuşdu. Eyni zamanda ATƏT-in qərarı var və bütün bu sənədlər işğal edilmiş ərazilərdən Ermənistanın çıxmasını tələb edir. Çox təəssüf ki, münaqişə hələ də öz həllini tapa bilmir”.
Azərbaycan prezidentinin AŞ PA tribunasından bu cür ritorikadan istifadə etməsi əlbəttə ki, Azərbaycanın artan beynəlxalq nüfuzundan xəbər verir. Belə ki, prezident bu fikirləri ilə dünyanın aparıcı beynəlxalq təşkilatlarının, böyük dövlətlərin maraqlarına xidmət etdiyini bəyan etmiş olub. Bununla da o təsdiq etmiş olub ki, Azərbaycan ona qarşı nümayiş etdirilən ədalətsizliyi görür və bununla barışmaq niyyətində deyil.
Digər tərəfdən Azərbaycanın bu gün dünyada, xüsusilə də Avropa, onun enerji təminatında əhəmiyyətinin artdığı bir məqamda AŞ PA tribunasından cəsarətli fikirlərin ifadə edilməsi ölkəmizin öz təbii sərvətlərindən milli maraqların təmini üçün istifadə ediləcəyini nümayiş etdirir.
Qarabağ problemindən danışarkən prezident münaqişənin regionun inkişafına əngəl törətdiyini də qeyd edib. Həmçinin prezident İlham Əliyev Ermənistan tərəfinin münaqişəyə dini don geyindirməyə də cəhd etdiyini, guya ermənilərlə azərbaycanlılar arasında milli uyğunsuzluğun olması ilə bağlı iddialar səsləndirdiyini, lakin bütün bunların doğru olmadığını, Azərbaycanın dünyanın multikulturalizm mərkəzlərindən birinə çevrildiyini deyib: “Multikultiralizm bizim üçün prioritet təşkil edən məsələlərdəndir. Biz Avropa Şurasındakı sədrliyimiz dövründə fəaliyyətimizi bu məsələnin üzərində də cəmləşdirəcəyik. Çox təəssüf ki, indi dünyanın bir çox bölgəsində, istər bizim qonşuluğumuzda, istərsə də Yaxın Şərq kimi regionlarda narahatlıq yaradan tendensiyalar mövcuddur. Bunlar bölücülük və nifrət kimi tendensiyalardır. Biz bu problemləri həll etməliyik”.
Bununla da prezident İlham Əliyev Ermənistanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xristian ictimaiyyətini çaşdırmağa yönəlmiş təxribatının qarşısını almış olub.
Azərbaycan prezidentinin AŞ PA-dakı nitqi zamanı toxunduğu məsələlər, xüsusilə də qlobal miqyasda ikili standartların mövcudluğunu vurğulaması prezidentin nitqinin əhəmiyyətini bir qədər də artırmış olub. Elə AŞ PA-nın özündə də tez-tez bu cür halların baş verdiyi nəzərə alınarsa, prezidentin fikirlərini xüsusilə məqamına düşmüş hesab etmək olar.
Ümumiyyətlə isə qeyd etmək lazımdır ki, Azərbaycan prezidentinin AŞ PA-dakı nitqi bütövlükdə Azərbaycanın tam müstəqil, demokratik cəmiyyət quruculuğu yolunda inamla addımlayan bir dövlət olduğunu, öz haqq səsini qaldırmaqdan, dünyada baş verən ədalətsizliklərlə barışmayacağını bəyan etməkdən çəkinmədiyini bir daha nümayiş etdirir.
Prezidentin dünyanın müxtəlif bölgələrində, qlobal miqyasda baş verən prolseslərə münasibət bildirməsi isə Azərbaycanın dünya birliyinin aktiv üzvü olduğunu ortaya qoyur.
Digər tərəfdən, prezidentin AŞ PA-dakı çıxışı ölkəmizin AŞ Nazirlər Komitəsinə sədrliyinin başladığı bir dövrə təsadüf etməsi, bir növ onun proqram xarakteri kəsb etdiyini deməyə əsas verir. Belə ki, nitqində göründüyü kimi, prezident Azərbaycanın qarşıdakı dövrlərdə beynəlxalq birliyin ümumi işində daha aktiv iştirak edəcəyini, təkliflər və təşəbbüslərlə çıxış edəcəyini nümayiş etdirib.
Ümumiyyətlə, Azərbaycan üzvü olduğu digər beynəlxalq qurumların da işində fəallıq göstərməklə nüfuzlu bir dövlətə çevrildiyini təsdiq etməkdədir. Məsələn, BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi və onun fəaliyyətində göstərdiyi aktivlik, İKT, Türkdilli dövlətlərin Əməkdaşlıq Şurasında, bu gün isə AŞ Nazirlər Komitəsindəki aktivliyi Azərbaycanın artan nüfuzunun göstəricisidir.
Təvəkkül Dadaşov
banner

Oxşar Xəbərlər