• çərşənbə, 24 Aprel, 01:38
  • Baku Bakı 14°C

Beynəlxalq qurumlar Paşinyana qarşı çıxdılar

21.05.19 19:23 517
Beynəlxalq qurumlar Paşinyana qarşı çıxdılar
Nikol Paşinyanın Ermənistanda yaratdığı süni problem parlament müstəvisində müzakirəyə çıxarılacaq. Baş nazirin faktiki nəzarəti altında olan parlament mayın 22-də növbədənkənar iclas keçirəcək. Bunu "İşıqlı Ermənistan” Partiyasının mətbuat katibi Aren Petuns deyib. O bildirib ki, partiyanın 18 deputatının təşəbbüsünə milyader-deputat Qaqik Sarukyanın "Çiçəklənən Ermənistan” Partiyasının parlamentdəki "Sarukyan” fraksiyasının deputatları da qoşulub. Deputatlar N.Paşinyanın çağırışı ilə məhkəmə binalarına giriş-çıxışın bağlanması məsələsini müzakirə edəcəklər. Qeyd edək ki, mayın 19-da N.Paşinyan mayın 20-də ölkədəki bütün məhkəmələrin binasına giriş-çıxışın bağlanması ilə bağlı müraciət etmişdi. Mayın 20-də tərəfdarları onun çağırışını yerinə yetirmişdi. Bu aksiya ondan əvvəl Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın zaminə buraxılmasına etiraz tədbir kimi dəyərləndirilir. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq KomitəsiN.Paşinyanın məhkəmənin giriş-çıxışını nəzarətə götürmək çağırışından narahatlığınıifadə edib. AŞPA Monitorinq Komitəsinin Ermənistan üzrə həmməruzəçiləri Yuliya Lovoşkina (Ukrayna) və Andrej Şirceljin (Sloveniya) yaydıqları bəyanatda məhkəmə orqanlarının qeyd-şərtsiz müstəqilliyi və siyasi aktorların müdaxiləsinin yolverilməz olduğu vurğulanıb. "Siyasi tərəfdaşlar qanunverici orqanlara təzyiq kimi qəbul edilə bilən fəaliyyət və bəyanatlardan uzaq durmalıdırlar”, –həmməruzəçilər Ermənistana tövsiyə ediblər.
Yeri gəlmişkən, N.Paşinyanın məhkəmə binalarını təcrid etmək çağırışı ölkədə birmənalı qarşılanmayıb və bir çoxları tərəfindən tənqid edilməkdədir. Rəsmi və qeyri-rəsmi təşkilatlar və şəxslər dərhal bəyanatlarla öz münasibətlərini bildiriblər. Məsələn, "Daşnaksutyun” Erməni İnqilabi Federasiyası Paşinyanın çağırışını avantürizm hesab edib və vətəndaşları "təxribata” varmamağa çağırıb. Daşnaksutyun Paşinyanın "məhkəmələrə giriş-çıxışları bağlamaq” çağırışını "sülhlə hərb arasında yaşayan erməni xalqını, ölkənin stabilliyi və təhlükəsizliyi yeni çağırışlar qarşısında qoymaq” kimi qiymətləndirir.
Daşnaksütyun baş nazirin çağırışını "konstitusiyaya zidd, məhkəmə sisteminin işinə maneə olan və ümumiyyətlə, dövlətçiliyi avantürizmə aparan addım” adlandırıb, vətəndaşları bu təxribatdan qaçmağa və "ölkə üçün çox vacib sabitliyi müdafiə etməyə” çağırıb. "Daşnaksütyun” mayın 23-də mitinq də planlaşdırır. Bu barədə partiyanın ali orqanının təmsilçisi İşxan Saqatelyan "Feysbuk” hesabında yazıb. "Təcili! Daşnaksütyun Partiyası yaxın vaxtlarda bəyanatla çıxış edəcək. Buna qədər isə məlumat verim ki, Daşnaksütyun mayın 23-ü saat 19:00-da Azadlıq meydanında mitinq təşkil edir”, - partiya rəsmisi yazıb.
Yeri gəlmişkən, Dağlıq Qarabağdakı separatçı rejimin lideri Bako Saakyan Paşinyanın "bəzi xəyanətkar qüvvələr” barədə bəyanatına şərh istəyib. N.Paşinyan demişdi ki, bəzi qüvvələrin hərəkətlərində "xəyanətkar müharibə qızışdırmaq, bəzi əraziləri təhvil vermək və bunda Ermənistan hökumətini ittiham etməyə qədər gedib çıxan məqsəd görür”. Saakyan "Azatutyunun” sualına cavab olaraq deyib: "Əgər belə qüvvələr varsa, biz bu adamları aşkara çıxarmalıyıq və əgər belə məqsədlər varsa, mən də bunu xəyanət kimi qiymətləndirirəm. Məndə belə satqın hərəkətlər hazırlayan qüvvələrin, xadimlərin olmasına dair informasiya yoxdur”.
Rusiyalı politoloq Modest Kolerov deyib ki, Paşinyan məhkəmələrin giriş-çıxışlarını bağlamaq çağırışı ilə Koçaryan işinin siyasi xarakterli olduğunu etiraf edib: "Paşinyan açıq şəkildə, çəkinmədən bütün məhkəmə sisteminə təzyiq edir. O, özünün şəxsi problemləri ucbatından bütün sistemi dəyişməyi planlaşdırır. Paşinyan psevdoməhkəmə diktaturası qurmaq yolunu seçib”, – deyə o bildirib.
"Freedom House”un xüsusi tədqiqatlar üzrə direktoru Neyt Şenken da Paşinyanın qərarını şərh edib: "Postinqilab dövrünün Ermənistanında hər zaman təhlükə onda olub ki, ölkəni hansısa bir sistemə transformasiya etməyə müvəffəq ola bilməyən Paşinyan onu hakimiyyətə gətirən populizmə qayıdacaq. Baxın, indi biz buradayıq”.
Ermənistanda baş verənləri diqqətlə izləyən Rusiya mediası hadisələrə ən müxtəlif prizmadan yanaşmaqdadır. Məsələn, "Russkaya planeta” yazır: "Koçaryanın azad edilməsi qüvvələr balansının bərpa edilməsi deməkdir. Ermənistan Rusiyanın Cənubi Qafqazda əsas müttəfiqi olduğundan baş verənlər ona sərf edir. Baş verən bütün bu "doğma” siyasi hadisələrin arxasında Ermənistanın gələcəyi uğrunda mübarizə durur. Qərbyönümlü və yaxud rusiyayönümlü. Üçüncü ola bilməz”. "Nezavisimaya qazeta”da dərc edilən məqalədə isə politoloq Armen Xanbabyanın fikirləri yer alıb. Onun qənaətincə, inqilab köhnə qanunlara istinad edib özünü müdafiə etməyə cəhd edərkən məğlubiyyətə düçar olur.
"Belsat.tv” nəşri isə Ermənistan Avropa Partiyasının həmsədri Tiqran Xzmalyanın fikirlərini dərc edib: "Moskva əvvəlki tək Yerevanı şantaj etməkdədir və ümumiyyətlə Paşinyana etibar etmir. Kreml Robert Koçaryan və Qarabağdan bir vaxtlar Saakaşviliyə qarşı Acarıstan kartından istifadə edilən kimi yararlanmağa çalışır. Yəni, Koçaryan ətrafında yeni rejimə qarşı müxalifət formalaşdırılır, bütün qırmızı xətlər keçilib”. "Rosbalt” isə yazır ki, N.Paşinyan bir tərəfdən and içir ki, separatçı Dağlıq Qarabağın təhlükəsizliyinin təminatçısıdır, digər tərəfdən də tanınmamış qurumu inqilaba hazırlayır.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər