• şənbə, 20 Aprel, 16:50
  • Baku Bakı 23°C

Beynəlxalq qurumlar Azərbaycanı tənqid etməkdə haqlı deyillər

15.06.13 08:24 2123
Beynəlxalq qurumlar Azərbaycanı tənqid etməkdə haqlı deyillər
Azərbaycanda insan haqlarının vəziyyəti, siyasi məhbus problemi, Avropa Parlamentinin son qətnaməsi, orada ölkəmizin ünvanına yönələn ittihamlar və sairlə bağlı “Kaspi”nin suallarını Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət cavablandırır.
- Azər bəy, tez-tez Azərbaycanda siyasi məhbus, insan haqlarının pozulması məsələləri bəzi beynəlxalq təşkilatların gündəminə gətirilir. Sizcə, bunun səbəbi nədir?
- Azərbaycan kimi ölkələrdə siyasi məhbus məsələsi bəzi beynəlxalq təşkilatlar və ölkəmizə təzyiqlər etmək istəyən bir sıra dövlətlər üçün sadəcə vasitədir. Yəni, burada əsas ictimai rəylə manipulyasiya etmək, Azərbaycanı daim təzyiq altında saxlamaq, ümumilikdə ölkəmizdən arzu etdiklərini qoparmaq üçün istər beynəlxalq təşkilatlar, istərsə də bəzi xarici dövlətlər bu məsələni daim gündəmdə saxlayırlar. Amma bütövlükdə götürəndə, Azərbaycanda bu sahədə elə də ciddi problemlər yoxdur. Düzdür, bəzən müəyyən sahələrdə, bəzi şəxslərlə bağlı hüquq pozmalar olur. Baxırsan ki, bu da sırf siyasi tərəfdən qiymətləndirilə bilməz. Hər hansı məhkəmə səhvi və sair olan kimi bəzi dairələr dərhal bunu insan haqlarının pozulması kimi qiymətləndirir, adamları siyasi məhbus elan edirlər. Halbuki, siyasi məhbus kimi qələmə verilən adamların əksəriyyəti, xüsusən də radikal dini kəsimlərə bağlı olan şəxslər ABŞ-ın, eləcə də digər Qərb dövlətlərinin özlərinin də mübarizə apardığı insanlardır. Aparıcı Qərb dövlətləri özləri də bu adamların bağlı olduqları qüvvələrə, onların radikal siyasətinə qarşıdırlar. Rəsmi Vaşinqtonun özü belə qüvvələrə qarşı mübarizə aparır, onları terrorçu kimi həbs edir. Ancaq Azərbaycana gələndə, belə adamlar qanun pozuntusuna görə həbs olunan kimi vicdan məhbusu, siyasi məhbus elan edilirlər. Ona görə də hesab edirəm ki, bu yanaşma Qərb dairələrinin uydurması olmaqla, sırf Azərbaycan dövlətini təzyiq altında saxlamağa yönəlib.
- Srağagün Avropa Parlamentində Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair qətnamə qəbul edilib. Sənəddə ölkəmizin ünvanına bəzi tənqidlər də yer alıb. Sizin bu qətnaməni nə dərəcədə doğru sayırsınız?
- Şəxsən öz təcrübəmdən çıxış edərək bir məsələni xüsusi qeyd edim. Azərbaycanda bəzi qeyri hökumət təşkilatları və şəxslər var ki, onların işi daim ölkəmiz haqqında mənfi fikirlər formalaşdırmaq, belə rəyləri paylaşmaqdır. Həmin adamlar beynəlxalq təşkilatlara yeri gəldi-gəlmədi yalan-doğru xeyli sayda məlumatlar yollayırlar. Bununla da beynəlxalq təşkilatların, xarici dövlətlərin Azərbaycan haqqında pis düşünməsinə səbəb olurlar. Avropa strukturlarında da bir qayda olaraq elə adamlar çalışır ki, onların əksəriyyəti nəinki Azərbaycanı heç görməyib, ümumiyyətlə ölkəmiz haqqında təsəvvürləri belə yoxdur. Sadəcə olaraq, həmin adamlara məqsədli şəkildə, təhrif olunaraq ötürülən informasiyalar bu cür qətnamələrin qəbul olunmasına gətirib çıxarır. Azərbaycanda bu məqsədlə fəaliyyət göstərən bir neçə qeyri hökumət təşkilatı, eləcə də onların yolunu tutmuş bir sıra şəxslər var ki, o adamlar həqiqətən də gözümüzün qabağında baş verən hadisələri ciddi şəkildə təhrif edərək Avropa strukturlarına ötürürlər. Guya bununla, insan haqlarının təməl prinsiplərinin pozulmasını sübut edirlər. Təbii ki, həmin strukturlar da sonda heç bir reallığa söykənməyən qətnamələr qəbul edirlər. Mən bir qayda olaraq, belə qətnamələr qəbul olunanda həmin beynəlxalq qurumlara müraciət edirəm ki, siz ən yaxşısı, gəlin bütün bu prosesləri Azərbaycan daxilində müşahidə edin, ondan sonra qərar verin. Hansısa təşkilatın, xüsusən Azərbaycana zidd, qarşı olan dairələrin verdiyi qrantlar əsasında bəzi QHT-lərin dezinformasiya xarakterli məlumatları, qətnamələrin qəbul olunması üçün əsas sayılmamalıdır.
- Qətnamədə göstərilir ki, hökumət Bakının mərkəzində sərbəst toplaşmaq azadlığının həyata keçirilməsinə imkan vermir. Amma o da məlumdur ki, Bakı meriyası müxalifət təmsilçilərinə aksiyalar keçirmək üçün hər zaman alternativ ərazilər təklif edib. Qarşı tərəf isə bununla bəzən razılaşmayıb məhz mərkəzdə aksiya keçirməyi tələb edib, bəzən isə göstərilən ünvanda toplaşıb. Belə olan halda, nəyə görə Avropa Parlamenti alternativ ərazilərdə sərbəst toplaşmaq azadlığının həyata keçirilməsini görməməzlikdən gəlir, lakin paytaxtın mərkəzi ilə bağlı məsələni ictimailəşdirir?
- Məsələ ondadır ki, son zamanlarda keçirilməsinə cəhd göstərilən aksiyalar bir qayda olaraq, Fəvvarələr Meydanına təyin edilib. Bu ərazi isə insanların asudə vaxtının səmərəli keçirilməsi, istirahəti üçün nəzərdə tutulub. Bura etiraz aksiyaları üçün uyğun yer deyil. Hökumət də haqlı olaraq həmin yerdə aksiya keçirməyi qadağan edib. Üstəlik burada icazəsiz aksiya keçirmək istəyən, polisin qanunu çağırışlarına əməl etməyən, zorakılığa meylli kütləni dağıdıb. Hətta bu zaman belə mitinq iştirakçıları ilə yumşaq davranılıb. ABŞ Dövlət Departamentinin iki ay bundan öncə dünyadakı insan haqları ilə bağlı yayımlanan hesabatında da bu məqam xüsusi qeyd olunub ki, polis aksiyaları dağıdarkən yumşaq güc tətbiq edib, nümayişə çıxan insanlara qarşı zorakılığa yol verməməyə çalışıb. Yəni, ABŞ Dövlət Departamentinin belə, sözügedən məsələyə bu cür yanaşırsa, Avropa strukturlarında təmsil olunanların belə qətnamə qəbul etməsi yolverilməzdir. Onlar bu cür əsassız, sərt tənqidlər işlətməməlidirlər. Hər bir insanın etiraz etmək, öz fikrini bildirmək hüququ var. Bu hüquq Konstitusion şəkildə təsbit olunub. Lakin yeri gəldi-gəlmədi, həftə səkkiz, mən doqquz insanların istirahətini pozaraq, şəhərin harasında gəldi icazəsiz yürüş-mitinq keçirmək olmaz. Bunun özü də bir siyasi mədəniyyətsizlikdir. Dəfələrlə müşahidə etmişik ki, bəzi şəxslər və ya təşkilatlar bilərəkdən, planlı şəkildə olay yaratmağa çalışıblar. Heç bir ehtiyac olmadan polisi ağır söyüşlərlə təhqir edir, onu qıcıqlandıraraq təxribata çəkir, özlərini döydürməyə çalışırlar. Belə “qəhrəmanlıqları” xüsusi ilə kameralar qarşısında edirlər ki, sonradan onu kimlərə isə göstərib məqsədlərinə çatsınlar. Yaxud, jurnalistikaya dəxli olmayan adamlar jurnalistlər üçün nəzərdə tutulmuş gödəkcələri geyinib həmin olaylara müdaxilə edirlər. Bütün bunlara qarşı, təbii ki, hakimiyyətin tədbir görməsi lazımdır. Bu tədbirlər görülərkən isə insanlarla yetərincə nəzakətlə davranılır. Belə olan halda beynəlxalq qurumlar Azərbaycanı yersiz tənqid etməkdə heç də haqlı deyillər.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər