AZE | RUS | ENG |


Beynəlxalq oyunlar ölkəmizə nə verir?- Diskussiya

Beynəlxalq oyunlar ölkəmizə nə verir?- Diskussiya
Ölkəmiz son illər "Avroviziya” mahnı müsabiqəsindən tutmuş, "Bakı 2015 Avropa Oyunları”, "Formula 1” və hazırda davam edən "İslam Həmrəyliyi Oyunları”na qədər bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib. İstər "Bakı 2015 Avropa Oyunları”, istərsə də müsəlman aləminin, eləcə də idman ictimaiyyətinin maraqla gözlədiyi "IV İslam Həmrəyliyi Oyunları” tamaşaçılar tərəfindən maraqla qarşılanıb və bütün dünyanın diqqət mərkəzinə düşməyimizə zəmin yaradıb.
Bəs gənclər bu haqda nə düşünür? Dünya miqyaslı oyunlar Azərbaycana nə verir? Bu sualın cavabını Bakı Slavyan Universitetinin tələbələri ilə müzakirə etdik.
 
Məmmədəli Həsənov:
- Azərbaycan müstəqilliyi qazandıqdan sonra hazırda 25 yaşlı gənc ölkədir. Buna görə də dünya sferasında çox da tanınmırdıq. "Avroviziya” mahnı müsabiqəsi, Avropa Oyunları bizi Avropa ölkələrində kifayət qədər tanıtdı. Artıq əcnəbilərlə söhbətləşən zaman "Azərbaycan haradadır?” sualını vermirlər. Bu, çox böyük uğurdur. 25 yaşlı ölkənin bu qədər qısa müddətdə beynəlxalq yarışlara ev sahibliyi etməsi həqiqətən bizim nə qədər güclü ölkə olduğumuzu göstərir. İslam Həmrəyliyi Oyunlarının keçirilməsi isə bizi daha çox İslam ölkələri arasında tanıdır. Bununla yanaşı, Azərbaycanda olan multikultural dəyərlər digər ölkələrə çatdırılır. Mən İslam Oyunlarının açılış mərasimində iştirak etdim. Orada baş qəhrəman qız idi. Nəyə görə qız? Çünki insanların böyük qismi düşünür ki, İslam aləmində xanımlara hörmət bəslənilmir. Amma İslam Həmrəyliyi Oyunlarında həmin qızın baş rolda olması onu göstərir ki, Azərbaycanda xanımlara kişilərlərlə bərabər hörmət bəslənilir. Bu digər İslam ölkələrinə mesaj idi. Həm özümüz tanınır, həm də mədəniyyətimizi digər ölkələrə yayırıq. Və ya müəyyən musiqilər, mədəni-tarixi mənbələr var ki, Nizami Gəncəvi bəzi ölkələrdə fars şairi kimi tanınırdı. Amma Avropa Oyunlarının açılışında onun miniatürlərı, "Xəmsə”si göstərildi və Azərbaycana məxsus olduğu bildirildi. Yaxud "Sarı gəlin” mahnısı orada ifa olundu. Bu da onu göstərir ki, biz dəyərlərimizə sahib çıxır və onları dünyaya tanıtdırırıq. Beynəlxalq Oyunlar mədəni dəyərlərimizi dünyaya tanıtmağımızda böyük rol oynayır.
 
Rüfət Həşimov:

- Avropa Oyunlarından sonra Azərbaycan beynəlxalq müstəvidə öz sözünü demiş ölkədir. Sadəcə, bəzi kiçik ölkələr var ki, onların ölkəmiz haqqında məlumatları yox idi. Birbaşa Avropa Oyunları vasitəsilə demək olar ki, Avropanın hər bir ölkəsində tanındıq. Yəni həmin ölkələr də bildilər ki, belə bir kiçik və gənc dövlət var, amma kiçikliyinə baxmayaraq, mötəbər tədbirə ev sahibliyi etməyi öz üzərinə götürüb. Baxmayaraq ki bu, böyük, çətin və məsuliyyətli bir iş idi, bunun öhdəsindən gəldik. İslam Oyunlarına gəldikdə isə, açılış mərasimində iştirak etmişdim. Məndə belə bir fikir formalaşdı ki, Azərbaycan öz istəyinə nail oldu. Bu, İslam ölkələri arasında da uğurlu başlanğıc oldu.
 
Fatimə Həsənova:
- Mən bütün beynəlxalq yarışlarda könüllü kimi iştirak etmişəm. Bu, bildiklərimi tətbiq etmək, dil biliklərimi inkişaf etdirmək imkanı verib. Azərbaycan beynəlxalq yarışlar vasitəsilə öz milli dəyərlərini dünyaya tanıtdı. İslam Oyunlarının da açılışı məni həqiqətən çox qürurlandırdı. Alim Qasımovun möhtəşəm azan ifası İslami dəyərlərə necə önəm verdiyimizi dünyaya göstərdi.
 
Məmmədəli:
- Avropa Oyunları zamanı könüllülərin fəaliyyətinə cəmiyyətin münasibəti fərqli idi. O zaman kiməsə deyəndə ki "könüllüyəm”, gülürdü. Deyirdilər, ağlın yoxdur, boş-boş işləyirsən. Amma İslam Oyunlarında fikir verdim ki, artıq münasibət dəyişib. Belə ki, tamaşaçılar oyunu izləmək üçün zala daxil olanda, hansı yerdə əyləşəcəklərini soruşmaq üçün könüllü axtarırdılar. Yəni artıq könnüllülük mədəniyyəti, könüllü dəyəri formalaşıb. Bu da ölkəmiz üçün yaxşı haldır.
 
Fatimə:
- Beynəlxalq oyunlarda könüllülərə özlərini tanıtmaq, təcrübə toplamaq üçün kifayət qədər imkanlar yaradılır. İşçilərlə fərqimiz odur ki, onlara müəyyən miqdarda pul verilir. Amma könüllü o işi ürəyindən gəldiyi, könlü istədiyi üçün edir. Biz dövlətimizə könüllü şəkildə xidmət edirik. Bir könüllü, min könüllü - fərqi yoxdu, hər bir könüllünün beynəlxalq oyunlarda öz yeri və rolu var. Yəni könüllülər olmasa, bu cür oyunların təşkili qeyri-mümkündür. Bunu prezidentimiz şəxsən özü də vurğulayıb. Mən medal təqdimetmə mərasimindəydim. Prezidentimiz gəlib medalları şəxsən təqdim etdi. Bu da mənim üçün böyük bir fəxr hissidir. Çünki dövlət başçımızı başqa heç bir yerdə görmək şansım yoxdur. Amma könüllü olduğum üçün bu şansı qazandım. Onunla bir səhnədə olmaq mənim üçün qurur hissi idi. Həmiçinin xaricilərlə işləməklə dil imkanlarımı daha da artırdım.
 
Məmmədəli:
- Açılış mərasimində iştirak etdikdən sonra səhəri günü zəng gəldi, "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov məni işə dəvət etdi. Elçin Səfərovun korporativ köməkçisiyəm. Bu o deməkdir ki, könüllülüyə dəyər verilir və biz üzərimizə düşən vəzifəni layiqincə görmək üçün əlimizdən gələni edirik.
 
Aygün Əlizadə:
- Düşünürəm ki, bu cür beynəlxalaq yarışların Azərbaycanda keçirilməsi ölkəmizin inkişafına hərtərəfli kömək edir. Həmçinin islami dəyərlərimizi aşılamaqda və İslam ölkələrinə tanınmaqda İslam Oyunlarının əhəmiyyəti böyükdür. Yəni göstəririk ki, bizdə İslam daha dərin köklərə malikdir. Həm müasirlik, həm də İslam var. Müasirliklə İslamı bir yerdə apara bildiyimizi dünyaya sübut edirik.
 
Fidan Bəşirova:
- İslam Oyunlarının Azərbaycanda keçirilməsi mənim üçün böyük bir qürur hissidir. Mən də İslam Oyunlarında könüllü kimi iştirak edirəm və bağlanış mərasimində də iştirak edəcəm. Bizim məşqlərimiz çox maraqlı keçir. Məncə, könüllülük ən çox tələbələrlə ünsiyyət qurmaqda kömək edən bir vasitədir. İstər azərbaycanlı tələbələrlə, istər xarici işçilərlə ünsiyyət qurmaq şəxsi keyfiyyətlərimizin inkişafına böyük təsir göstərir. Komplekslərimizi aşırıq.
 
Beynəlxalq oyunlar iqtisadi cəhətdən ölkəmizə nə verir?

Məmmədəli:
- Ümumiyyətlə, bəzi insanlarda belə bir fikir var ki, bu cür oyunların keçirilməsinə pul xərcləməkdənsə, ən yaxşısı, həmin pulu insanlara paylamaqdır. Amma nəzərinizə çatdırım ki, Azərbaycan neft ölkəsidir və  neft də tükənən bir sərvətdir. Belə oyunların keçirilməsi isəə turizm cəhətdən inkişafımıza müsbət təsir göstərir. Yəni turizm baxımından inkişaf etsək, neft tükənəndə, turizm sahəsindən müəyyən gəlirlər əldə edərik. 25 ildir müstəqillik əldə etmiş bir dövlətin bu cür oyunları keçirməsi artıq onun göstərir ki, iqtisadi cəhətdən yetərincə güclüyük. Eyni zamanda, gənc ölkə olmağımıza baxmayaraq, bütün ağır yükləri öz boynumuza götürə bilərik.
 
Rüfət:
- Belə oyunların təşkilatçısı olmaq çox xərc tələb edir, amma xərclədiyindən artıq qazanırsan. İqtisadiyyatda belə bir qanun var. Gərək xərcləyəsən ki, qazanasan. Yəni "bu cür yarışların keçirilməsi ölkəmizə nə verir?” sualına cavab olaraq düşünmək lazımdır ki, Azərbaycan hərtərəfli tanınacaq. Hətta ən ucqar Avropa ölkələrində belə, sadə vətəndaşlar Azərbaycanın yerini xəritədə göstərə biləcəklər. Həmçinin ölkəmizə turist axınının genişlənməsinə səbəb olacaq. Ondan sonra Azərbaycan istədiyi və hədəflədiyi qazancı əldə edəcək. Yəni hər şey belə başlayır. Avropa Oyunları bizi Avropaya, İslam Oyunları isə İslam ölklərinə tanıdır. Belə təbiəti olan ölkənin turizminin inkişaf etdirilməsinin nəyi pisdir ki?
 
Aygün:
- Yarışlarda ən çox ingilislərlə əlaqəmiz olur, onlarla ünsiyyət qururuq. Danışan zaman Azərbaycan haqqında fikirlərini soruşanda, çox bəyəndiklərini deyirlər. Ən çox yeməklərimizi xoşlayırlar. Xüsusilə də paxlavanı daha çox bəyəndiklərini deyirlər. Bulvarı və İçərişəhəri gəzməyi sevirlər. Yəni gəzdikcə, tanıdıqca, onların fikirləri müsbət istiqamətdə dəyişir. Hələ ki mənfi fikir eşitməmişəm. Biz də bacardığımız qədər onları gülərüzlə qarşılayırıq ki, bizdən müsbət enerji və fikirlə ayrılsınlar. 
 
Fatimə:
-         Mən də Aygünün sözlərinə qatılıram. Onlar daha çox bizim yeməklərimizi bəyənirlər. Bununla yanaşı, təşkilatçılığımızı bəyəndiklərini vurğulayırlar. Təkcə Bakı ilə kifayətlənməyib, rayonlarımıza da gedirlər. Bizim menecerlərimiz xaricilərdir. Onlar həmişə bizə "gülümsəyin” deyirlər. Onlarla işləmək bizə ayrı bir zövq verir. Hiss edirik ki, tamam başqa bir mühitdəyik.
 
Rüfət:
- Təəssüf ki, bəzi İslam ölkələri Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə dəstəkləmir. Oyunların açılış mərasimində  bir videoçarx göstərilir, Azərbaycanın bir sıra bölgələrindən su götürülür. Orada Azərbaycanın ən son işğaldan azad etdiyi Cocuq Mərcanlıdan da su gətirilsəydi, məncə. Daha yaxşı olardı. Biz artıq orada İslam ölkələrinə  biz mesaj vermiş olardıq ki, Qarabağ bizim torpağımızdır. Həmçinin şəhər adları gedəndə, mütləq işğal olunmuş ərazilərin də adları göstərilməli idi. Yəni bu kimi şeyləri demək, göstərmək lazımdır. Çünki bu məsələdə haqlı tərəf bizik, torpaqları işğal olunan bizik, işğalçı tərəf biz deyilik ki, nədənsə çəkinək. Bu cür mötəbər yarışların keçirilməsi böyük bir məsuliyyət tələb edir. Bu zaman böyük bir kütlə qarşısında olursan və istənilən informasiyanı ötürə bilərsən.
 
Aytəkin Qardaşova:
- Beynəlxalq oyunlarda insanların ən çox narazı olduğu məsələ tıxacla bağlıdır. İstər metrodakı, istərsə də yollardakı sıxlıqlar o yollardan istifadə edənlərin narazılığına səbəb olmuşdu. Amma bu, yalnız bizim ölkədə deyil, bütün dünyada görülmüş təcrübədir ki, əgər beynəlxalq yarış keçirilirsə, tıxac olmalıdır. Üstəlik, bu dəfə tıxacın olacağı saatlar da cəmiyyətə əvvəlcədən bildirilirdi. Bir neçə saat səbr etməklə, dünya dağılmaz. Məncə, bunu problem etmək lazım deyil.
Aygün ƏZİZ
Günel AZADƏ


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0047
GEL 1 Gürcü larisi 0.7072
GBP 1 İngilis funt sterlinqi 2.2065
TRY 1 Türk lirəsi 0.4824
KWD 1 Küveyt dinarı 5.6202
SEK 1 İsveç kronu 0.2069
EUR 1 Avro 1.9783
CHF 1 İsveçrə frankı 1.7884
USD 1 ABŞ dolları 1.7012