• çərşənbə, 17 Aprel, 01:04
  • Baku Bakı 14°C

Beynəlxalq müsabiqənin qalibi olan gənclər

07.04.18 09:00 1732
Beynəlxalq müsabiqənin qalibi olan gənclər
Həmyaşıdlarından bir çox xüsusiyyətlərinə görə fərqlənirlər. Elə buna görə də gənc yaşda olmalarına baxmayaraq, bir sıra uğurlara imza atıblar. Hər üçü də fikirləşir ki, insan tələbə vaxtından özünə bir istiqamət seçməli və o xətt üzrə özünü inkişaf etdirməlidir. Yalnız bu halda qlobal əmək bazarında özünə yer tapa bilərsən. Müsahiblərim 22-30 mart tarixlərində "Harbour Space” Universiteti, Amrita Mühəndislik Məktəbi, "Codeforces” və "Moscow Workshops ACM-ICPC” şirkətlərinin birgə təşkilatçılığı ilə Hindistanın Amritapuri vilayətinin Amrita Mühəndislik Məktəbinin bazasında "Hello India x Russia Programming Bootcamp ACM-ICPC 2018” beynəlxalq proqramlaşdırma müsabiqəsində qalib olan gənclərdir. Beləliklə, qaliblərimizlə yaxından tanış olaq.
"Komanda iş bölgüsü əsasında işləyir”
Sözügedən yarışmaya qatılaraq qalib olan "BEU Programmers” komandasının üzvlərindən biri Bakı Mühəndislik Universitetinin (BMU) informasiya texnologiyaları və idarəetmə sistemi fakültəsinin magistr tələbəsi Rəşad Məmmədovdur. Rəşad deyir ki, hələ bakalavr təhsili alarkən yerli və beynəlxalq olimpiadalara qatılıb: "Lerik şəhərində anadan olmuşam, orta təhsilimi də orda almışam. Əslində, mən riyaziyyat üzrə ali təhsil almaq istəyirdim, amma kompüter mühəndisliyi oxuduqdan sonra başa düşdüm ki, bu, bir növ riyaziyyatın tətbiqi sahəsidir. Seçimimdə peşman olmadım. Hazırda bakalavr təhsili aldığım Bakı Mühəndislik Universitetinin magistr pilləsində oxuyuram. Magistr üçün də bu universiteti seçməyimin əsas səbəblərindən biri beynəlxalq yarış və olimpiadalara qatılmaq istəyim idi. Universitetdə bizim komandamız var. Mən hələ bakalavr təhsili aldığım vaxtdan bu tip yarışlara qatılıram. Ona görə də müəyyən qədər təcrübəmiz var. Bu müddət ərzində komanda şəklində işləməyi öyrənmişik. Komandada hər kəsin öz işi var. İş bölgüsü aparıldığına görə, bizə bir o qədər də çətin gəlmir”.

"BEU Programmers” komandasının digər bir üzvü isə BMU-nun kompüter mühəndisliyi fakültəsinin 4-cü kurs tələbəsi Mahmud Allahverdiyevdir. Mahmud deyir ki, yarışmada uğur qazanmalarının səbəblərindən biri zəif olduqları məqamları bilmələridir: "Əslən Qaxdan olsam da, orta təhsilimi Zaqatalada almışam. Məktəbin sonuncu illərindən başlayaraq özümə ixtisas seçməyə başladım. Həmin vaxt başa düşdüm ki, indiki dövrdə ən qlobal sektor İT-dir. Ona görə də bu sahəyə yönəldim. Universitetə qəbul olduqdan sonra bir il hazırlıq mərhələsi keçdik. Bu müddət ərzində bizə ingilis dili öyrədilir. Komanda yoldaşlarımın hər biri ingilis bölməsində təhsil alır. Əslində, Rəşadın da dediyi kimi, müxtəlif müsabiqələrdə iştirak etmək bizdə artıq zamanla vərdiş halını alıb. Biz birinci kursdan bir yerdə işlədiyimizə görə, bir-birimizin güclü və zəif tərəflərini bilirik. Zəif tərəflərimizi bilməklə, özümüzü komanda şəklində gücləndirmişik”.
Qaliblərdən biri də BMU-nun kompüter mühəndisliyi fakültəsinin 4-cü kurs tələbəsi Rəsul Kərimovdur. Rəsul fikirləşir ki, uğur qazanmaq üçün təkcə bilikli olmaq kifayət etmir. Bunun üçün gərək hərtərəfli olasan: "Mən Azərbaycanda doğulsam da, 9-cu sinfə qədər Rusiyada yaşamışam, orda oxumuşam. Daha sonra bir il Bakıda və Gəncədə oxumuşam. Hazırda universitetin 4-cü kursunda təhsil alıram. Uşaq vaxtı developerliklə məşğul idim. Hələ o vaxtdan proqramlaşdırma mühəndisi olmaq niyyətində idim. Bu sferanın inkişaf etdiyini və iş tapmağın daha rahat olduğun bildiyim üçün bu sahəyə üz tutdum. Hazırkı komanda yoldaşlarımla əvvəllər eyni komandada olmasam da, mən də əvvəllər müxtəlif yarışmalara qatılmışam. Bu cür yarışmalarda iştirak etmək iştirakçılardan biliklə yanaşı, təcrübə də tələb edir. Yarışmada komandanın həm riyazi bilikləri, həm də məntiqi və alqoritmik təfəkkürü sınağa çəkilir. Əgər belə bir önəmli yarışmaya qatılırsansa, deməli sən hərtərəfli inkişaf etməlisən. Ona görə də, təkcə universitetdə aldığın biliklə kifayətlənmək olmaz. Universitetdə ilboyu müəllimlərimiz bizə təlimlər keçirlər, birinci kursdan başlayaraq tələbələrlə fərdi məşğul olurlar. Bu proses ilboyu davam edir. Həmçinin, universitetimizə başqa ölkələrdən bu sahənin mütəxəssisləri dəvət olunur”.

"Yekun nəticəyə əsasən qalib olduq”
Söhbətə komandanı formalaşdıran, BMU-nun kompüter və İiformasiya texnologiyaları kafedrasının baş müəllimi, "ACM İCPC Tələbələrin Beynəlxalq Proqramlaşdırma üzrə müsabiqəsi"nin Azərbaycan üzrə koordinatoru Etibar Seyidzadə də qatıldı. O deyir ki, 2005-ci ildən indiyə kimi universitetin beynəlxalq və respublika fənn olimpiadalarının proqramlaşdırma üzrə komandalarına rəhbərlik edir: "Bu günə kimi universitetimiz dəfələrlə respublika birinciliyi və ikinciliyini qazanıb. Nazirliklərin, şirkətlərin təşkil etdiyi fərdi və komanda şəklində müsabiqələrin əksəriyyətində uğurlar qazanmışıq. Bundan başqa, universitet olaraq bir sıra beynəlxalq müsabiqələrin də iştirakçısı olmuşuq. Bu müsabiqələrin içərisində ölkələrin və iştirakçıların sayına görə, dünyada bir nömrə "Hello India x Russia Programming Bootcamp ACM-ICPC 2018” beynəlxalq proqramlaşdırma müsabiqəsidir ki, adıçəkilən müsabiqədə əvvəl də iştirakçı olmuşuq. Daha öncə yarımfinala qədər gəlsək də, finala çıxa bilməmişdik. Əslində, bu həm təlim, həm də müsabiqədir. Üç ildir ki, bu müsabiqə təşkil olunub. Bu müddət ərzində yarış iştirakçılarına təlimlər keçirilir. Bu yarışmanı təşkil edənlər Rusiyanın və digər ölkələrin bu sahədə beynəlxalq olimpiadalarda ən yüksək nəticələr göstərən təlimçiləridir. Əvvəlki illərdən fərqli olaraq, bu il müsabiqə Barselonada deyil, Hindistanda baş tutdu. Bu təlim və müsabiqələrdə ümumilikdə 8 ölkənin 28 ali təhsil müəssisəsi, 3 kollec və 3 şirkətdən 39 komanda iştirak edib. Komandaların hər biri professional idi. Təlimlərdən sonra beş saatlıq canlı müsabiqələr başladı. Müsabiqə başa çatdıqdan sonra nəticələr ümumiləşdirildi. Yekun nəticəyə görə, müsabiqənin qalibi olduq və qızıl medalla mükafatlandırıldıq”.
Etibar müəllim deyir ki, universitetdə hər bir tələbəyə fərdi yanaşma var: "Biz hər bir tələbə ilə fərdi şəkildə məşğul oluruq. Daha sonra komandalar yığılır. Bu komandaların tərkibi dəyişkən olur. Tələbələr özlərini inkişaf etdirdikcə, komandalarda müəyyən yerdəyişdirmələr edilir. Məsələn, Rəsul bura sonradan digər komandadan qatıldı. Həmçinin, Mahmud və Rəşad da ayrı-ayrı komandaların üzvləri idilər. Ələmə prosesindən keçəndən sonra tələbələr öz yerlərini tapırlar. Biz çalışırıq ki, ən yaxşılardan ibarət komanda formalaşdıraq. Çünki belə yarışmaları təşkil etməkdə şirkətlərin əsas məqsədi dünyanın ən yaxşı koderlərini bir araya toplamaqdır. Belə olduqda şirkət rəhbərləri seçim imkanı əldə edirlər. Böyük müsabiqələr böyük şirkətlərin gündəmində olan məsələdir. Onlar özləri bu məsələyə şəxsən nəzarət və sponsorluq edirlər. Tələbələrimiz isə əslində bir növ indidən iş həyatına hazırlıq mərhələsindən keçirlər. İl ərzində tələbələrimiz "Facebook”, "Yandex” "Google” kimi böyük şirkətlərin keçirdiyi çoxsaylı müsabiqələrində iştirak edirlər”.


"Rəqib bizdən daha sürətli olsa da...”
Qaliblərdən yarışın çətin tərəflərini də soruşduq. Rəsul deyir ki, müəyyən problemlərlə üzləşiblər: "İştirakçılar arasında Rusiyadan gələnlər var idi ki, onlar həndəsəni çox yaxşı işləyirdilər. Bizdə isə bu sahə bir az onların səviyyəsindən geri qalır. Amma yenə də biz bütün gücümüzü səfərbər edərək birinciliyi qazandıq. Etiraf etməliyəm ki, onlar bizdən daha sürətli idilər”.
Rəşad da rəqibin daha sürətli olduğunu deyir: "Rəsulun dedikləri ilə razıyam. Yarışmada həndəsədən bir qədər çətinliyimiz oldu. Əslində, rəqibi üstələsək də, onlardan geri qalırdıq. Onlar çox sürətli idilər. Digər mövzularda biz əvvəldən birinci idik. Amma dinamik proqramlaşdırmada ikinci yerə çıxdıq. Rusiyanın bir komandası bu yarışmada birinciliyi qazandı”.
Mahmud isə deyir ki, hər şey komandanın ümumi gücündən asılıdır: "Bu yarış təkcə bilik və alqoritmik proqramlaşdırmadan ibarət deyildi. Belə yarışlarda sən həm də psixoloji cəhətdən hazır olmalısan. Çünki burada əhəmiyyətli olan komandaya verilən məsələni ən qısa müddətdə və optimal şəkildə həll edərək, onlayn sistemə göndərib, nəticə qazanmaqdır. Eyni məsələni bir neçə komanda yerinə yetirə bilər. Hətta eyni balı da toplaya bilərsən. Amma burada əsas rol oynayan onu hansı müddətdə həll etməyindir. Məsələ sayına görə xallar bərabər olsa, ən tez həll edən uğur qazanır. Ona görə də psixoloji olaraq tam hazır olmalısan. Komanda şəklində düzgün işləməyi də bacarmaq mühümdür. Verilən tapşırıq bölgüsünü doğru etməlisən. Bu, artıq tələbələrin özündən asılı olan bir amildir. Təcrübə yığdıqca komanda şəklində işləmək bacarığımız da artır. Məsələn, ayrılıqda güclü proqramçı ola bilərsən. Amma komanda şəklində işləməyi bacarmırsansa, uğur qazanmaq mümkün deyil”.

Sonda qaliblərimizin hər birinə uğurlar arzulayaraq gələcək planları haqda sual verdik. Rəşad gələcəkdə elm sahəsinə yönəlmək istəyir. Xarici ölkələrin birində magistr və doktorantura təhsili də müsahibimin planları arasındadır.
Amma Rəsul Rəşaddan fərqli olaraq bu sektorda qalıb işləmək niyyətindədir. Hələlik seçim etməsə də, o da xaricdə magistr təhsili almaq istəyir. Təhsili bitirdikdən sonra sektorda qalıb işləməyi planlayır.
Mahmud isə bu ilin sentyabrından xarici ölkələrin birində magistr olmaq niyyətindədir: "Hələlik təqaüdlü təhsil haqqında araşdırmalar aparıram. Top-universitetlərin əksəriyyətində təqaüdlü təhsil tapmaq çox çətin məsələdir. Ona görə də mənim əsas məqsədim bu təqaüdlü təhsili tapmaqdır. Ümumiyyətlə, bu tip yarışmaların iştirakçıları gələcəkdə dünyanın bir çox ölkələrinin əmək bazarında özünə yer tapa bilir. Bu yarışmalar bizə imkan verir ki, həmin şirkətlərin iş müsahibələrinə qatıla bilək. Gələcəkdə kompüter elmləri, proqramlaşdırma, yaxud proqramlaşdırma mühəndisliyi sahəsində müvəffəqiyyət qazana bilirik”.
Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər