• çərşənbə axşamı, 16 aprel, 10:17
  • Baku Bakı 14°C

Beynəlxalq münasibətlərdə güc amili

30.06.20 09:07 653
Beynəlxalq münasibətlərdə güc amili
Azərbaycan Prezidenti İlham Əliyev bir neçə gün bundan əvvəl Mingəçevirdə hərbi hissənin açılışında bəyan etdiyi kimi, indiki dünya meyilləri göstərir ki, dövlətin gücü onun nümayiş etdirə biləcəyi ordusu və imkanları ilə müəyyən olunur.
Prezident İlham Əliyev deyib: "Beynəlxalq hüquq normaları kobudcasına pozulur, onlara əməl edilmir. Əfsuslar olsun ki, bu gün beynəlxalq münasibətlərdə "kim güclüdür, o da haqlıdır” prinsipi üstünlük təşkil edir. Azərbaycan Silahlı Qüvvələrinin möhkəmləndirilməsi, sərhədlərdə mövqelərinin gücləndirilməsi çərçivəsində yeni hərbi texnika alınıb, bundan əvvəl istifadə olunan texnika modernləşdirilib. Biz bunu görürük, müşahidə edirik və buna uyğun öz addımlarımızı atmalıyıq. Çünki biz real vəziyyətlə hesablaşmalıyıq”.
Azərbaycan Prezidentinin bu bəyanatı vəziyyətə əsaslı şəkildə yenidən baxılmasına və danışıqlar prosesində Azərbaycanın konsepsiyasının müəyyən qədər dəyişməsinə dəlalət edir. Azərbaycan uzun müddət böyük səbirlə Qarabağ münaqişəsini beynəlxalq-hüquqi müstəvidə danışıqlar yolu ilə həll etməyə çalışıb. Lakin Ermənistanın istər əvvəlki, istərsə də indiki siyasi rejiminin öz ölkəsi üçün qərar qəbul etmək iqtidarında olmadığı, beynəlxalq hüquqa əsaslanan hazırkı dünya düzəni göz önündə dağıldığı bir vaxtda Azərbaycana öz ərazilərini yalnız güc tətbiq etməklə qaytarmaqdan başqa bir yol qalmır.
İsrailin "Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının başçısı, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye QutAZƏRTAC-a müsahibəsində bu barədə danışıb.
"Artıq 28 ildir ki, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik yeddi rayonu da daxil olmaqla Azərbaycanın 20 faiz ərazisini işğal altında saxlayır. Mübahisəsiz və beynəlxalq səviyyədə qəbul edilən faktdır ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi hissəsidir. Ermənistanın bu təcavüzü nəticəsində ölkədə bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Əgər BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsinə dair 28 il bundan öncə qəbul edilmiş qətnamələri yerinə yetirilmirsə, o zaman Cənubi Qafqaz regionunda silahlı münaqişələr davam edəcək və mülki əhali arasında qurbanlar olacaq. Mən İsrail KİV-lərinin təmsilçiləri ilə birgə dəfələrlə azərbaycanlı qaçqın və məcburi köçkünlərlə görüşmüşəm. İnanın, onlar erməni təcavüzü və qəddarlığından elə dəhşətli faktlar danışırdılar ki, bunlar barədə yazmağa və danışmağa utanırsan. Dünya birliyi Ermənistanın təkcə Azərbaycan torpaqlarının işğalının arxasında deyil, hətta bu gün də nəinki mənəvi, həm də maliyyə cəhətdən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində status-kvonun saxlanması niyyətini dəstəkləyən ölkələri yaxşı tanıyır”, - deyə israilli ekspert qeyd edir.
Qutun fikrincə, rəsmi Bakı artıq çoxdan eyhamla bildirib ki, Ermənistanın bu münaqişədə indiki statusu qəbuledilməzdir. "Əgər Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycanın peşəkar ordu yaratması, Prezident İlham Əliyev isə müasir dünya nizamında ordunun rolunun gücləndirilməsi barədə bəyan edirsə, o halda Azərbaycan ordusu tərəfindən döyüş əməliyyatlarının başlanması ehtimalı kifayət qədərdir və praktik olaraq gündəlikdə durur. Azərbaycanın özünün müasir və kifayət qədər peşəkar silahlı qüvvələrindən istifadə etməsindən məqsəd tamamilə aydındır və dünyada hər kəsə məlumdur – Ermənistan tərəfindən işğal olunmuş ərazilərin azad edilməsi. Həm də rəsmi Bakı beynəlxalq hüquq normalarına müvafiq olaraq, nəinki özünü müdafiə etmək, həmçinin Ermənistan tərəfindən işğal edilmiş ərazilərin azad edilməsi hüququna da malikdir. Əfsuslar olsun ki, beynəlxalq münasibətlərdə bugünkü qəddar reallıq dünya arenasında beynəlxalq hüquq amilinin deyil, güc amilinin daha effektli təsir göstərdiyini sübut edir”, - deyə Arye Qut vurğulayır.
İsrailli ekspertin sözlərinə görə, əfsuslar olsun ki, Nikol Paşinyan və onun müdafiə naziri David Tonoyan kimi küçədən gələn, "meydan oxuyan” populistlər, əslində başa düşmürlər ki, müasir Azərbaycan ötən əsrin 90-cı illərinin sonunda olan ölkə deyil. Hazırkı Azərbaycan – Cənubi Qafqazda baş verən geosiyasi proseslərin lideridir, onun öz əzəmətini nümayiş etdirmək üçün həqiqət anını gözləyən güclü və möhkəm ordusu var.
"Hamı gözəl başa düşür ki, dilənçi, yoxsul vəziyyətində olan, heç bir perspektivi olmayan Ermənistan üçüncü ölkənin dəstəyi olmadan Azərbaycan ərazilərinin 20 faizini işğal edə bilməzdi. Azərbaycanın səbri tükənməkdədir. Mən İsrail KİV-lərinin təmsilçiləri ilə səfərlərim zamanı həqiqətən də Azərbaycan ordusunun döyüş ruhunu gördüm və hiss etdim. Azərbaycan ordusunda mövcud olan əsl intizamı gördüm. Prezident Əliyev tamamilə haqlı olaraq vurğulayır ki, Paşinyan rejimi üçün bu mürəkkəb, pat vəziyyətində Azərbaycanın münaqişənin həlli üçün hərbi yoldan başqa hər hansı yolu yoxdur. Bir vaxtlar Karl fon Klauzevitsin yazdığı kimi, müharibə siyasətin digər vasitələrlə davamıdır və qələbə təkcə döyüş meydanının işğalı ilə deyil, həm də düşmənin silahlı qüvvələrinin fiziki və mənəvi cəhətdən darmadağın edilməsindədir. Öz ölkəsini hərc-mərcliyə və iflasa aparan Paşinyanın siyasi rejimini yaxın gələcəkdə məhz bu gözləyir.
Hər kəs yaxşı başa düşür ki, bu gün beynəlxalq münasibətlərin müasir sistemi çərçivəsində güc amili həlledici əhəmiyyətə malikdir.
Stokholmdakı dünya problemlərinin tədqiqatı institutunun göstəricilərinə görə, Azərbaycan 2015-2019-cu illərdə dünyada əsas silah-sursatın ən böyük idxalçılarının TOP-40 siyahısına daxildir və postsovet məkanında Qazaxıstandan (25-ci mövqe) sonra ikinci ən iri silah-sursat idxalatçısıdır, alıcıların ümumi reytinqində isə 30-cu yeri tutur. Azərbaycan ordusunun silahlandırılmasının şaxələndirilməsi siyasəti aparılır. Buraya hava hücumundan müdafiə, artilleriya sistemləri, aviasiya vasitələri, zirehli maşınlar (tanklar, zirehli transportyorlar, piyada döyüş maşınları və mühəndis texnikası), gəmilər, C4ISR sistemləri və s. daxildir. Belə ki, məsələn, Azərbaycan bu gün əhəmiyyətli dərəcədə maliyyə vəsaitlərini öz Silahlı Qüvvələri üçün pilotsuz texnikanın alınmasına yönəltmək imkanına malikdir və müxtəlif istehsalçılardan pilotsuz uçuş aparatı sisteminin geniş spektrini alaraq bu imkandan istifadə edir. Təkcə 2016-cı ilin Aprel hadisələrini, Azərbaycan ordusunun İsraildən aldığı, artilleriya qurğularına, hava hücumundan müdafiə sistemlərinə, arxa cəbhə obyektlərinə zərbələr endirilməsi üçün nəzərdə tutulan "Narop” pilotsuz uçuş aparatlarından fəal şəkildə istifadə etdiyi vaxtı yada salmaq kifayətdir”, - deyə Arye Qut qeyd edir.
İsrailli ekspertin fikrincə, bütün bu amillər çox tezliklə real şəkildə təmas xəttində kimin kim olacağını göstərəcək. "Ermənistanın indiki baş naziri ölkəsinin Cənubi Qafqazda ən güclü ölkə olacağını arzulaya bilər. Lakin reallıqda Ermənistan bu gün Cənubi Qafqazın ən yoxsul və dilənçi kökündə olan, əhalisinin sayı 2,5 milyonu ötməyən, dünyada koronavirusa yoluxmanın rekord səviyyəsinin qeydə alındığı ölkədir. Bu gün koronavirusun Ermənistanı fəlakətə aparması və ölkənin dəhşətli epidemiya vəziyyətində olması faktdır. Paşinyan rejimi çox gözəl başa düşür ki, ölkə tamamilə iflas vəziyyətindədir. Qərb biblioqrafiyasında bu, "failed state”, yəni "uğursuz dövlət” adlandırılır”, - deyə Arye Qut vurğulayır.
Bu səbəbdən, ekspertin fikrincə, Azərbaycan Cənubi Qafqazda geosiyasi və geoiqtisadi proseslərin lideri kimi öz inkişafını davam etdirir, bütün Cənubi Qafqazda nəqliyyat və geosiyasi haba çevrilib. "Bu gün real faktdır ki, Azərbaycanın razılığı və iştirakı olmadan regionda heç bir geosiyasi və ya geoiqtisadi layihəni həyata keçirmək mümkün deyil. Bunların hamısını Paşinyan çox gözəl başa düşür. Ona görə də o, öz xalqını "meqaerməni” arzuları ilə doydurur. Bütün bunlar havayı sözlər, demaqoqluq və populizmdir. Reallıqda isə Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsindən (fərdi özünümüdafiəyə ayrılmaz hüquq) istifadə edərək öz ərazilərinin qaytarılmasına qərar verərsə, o halda onun buna bütün hüquqları çatır. Çünki Dağlıq Qarabağ və ona bitişik 7 rayon Azərbaycanın BMT tərəfindən 1992-ci ildə tanınmış ayrılmaz hissəsidir.
Əfsuslar olsun ki, Ermənistan-Azərbaycan münaqişəsi ətrafında münaqişə tərəflərinin yaxınlaşma nöqtəsini tapmaq üçün bundan əvvəlki bütün 27 illik cəhdin qeyri-qənaətbəxş və amansız reallığını yenidən etiraf etmək lazım gəlir: əsl və həqiqi danışıqlar mövcud deyil, Ermənistan tərəfindən biz onların keçirilməsinin destruktivliyini və real imitasiyasını görürük. Bütün bunların arxasında Paşinyanın hazırkı siyasi rejiminin ciddi siyasi qərarlara görə öz məsuliyyətini minimallaşdırmaq niyyəti və ən ciddi siyasi təhdidlərlə üzləşməkdən real qorxu hissi dayanır. Bütün bunlar Paşinyan rejiminin xarici və daxili siyasi davranışıdır – bu, müasir və texnoloji cəhətdən qabaqcıl Azərbaycan ordusu qarşısında sovet tipli erməni ordusunun daxilindən çürüyən gələcək kollapsının qorxusunun, təlaşının və iztirabının təzahürüdür. Azərbaycanın indiki ordusu – ən əzəmətli, ən müasir texnika və silah-sursat, şəxsi heyətin yüksək döyüş hazırlığı, intizamı və döyüş ruhudur. Müasir müharibədə isə döyüş əməliyyatlarını təmin etmək üçün daha qabaqcıl yüksək texnologiyalı vasitələrə malik olan qalib gəlir. Müasir beynəlxalq münasibətlərdə "kim güclüdür, o da haqlıdır” prinsipinin üstünlük təşkil etdiyi bugünkü vəziyyətdə, həmçinin müasir Azərbaycan ordusu tərəfindən Ermənistan silahlı qüvvələrinə qarşı antiterror əməliyyatlarının aparılmasına və öz ərazilərinin qaytarılmasına hazır olduğu bir vaxtda bütün suallara nöqtə qoymaq "ən yaxşı üsuldur”, - deyə İsrailin "Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının başçısı, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut şərh edib.
banner

Oxşar Xəbərlər