• cümə axşamı, 25 aprel, 16:01
  • Baku Bakı 23°C

Beynəlxalq medianın Türkiyə-Azərbaycan modeli

11.09.20 18:26 1415
Beynəlxalq medianın Türkiyə-Azərbaycan modeli
Ekspertlər hesab edirlər ki, iki ölkənin media platforması informasiya müharibəsində vacib rıçaq ola bilər

Azərbaycanın Türkiyə ilə dostluq, qardaşlıq üzərində qurduğu əlaqələr artıq yeni forma almağa başlayıb. İndiyədək iki qardaş ölkə arasında siyasi, iqtisadi, hərbi və bir çox sahələrdə əməkdaşlığa birgə media platforması da əlavə edildi. Düzdür, indiyədək Azərbaycanla Türkiyə arasında media sahəsində əlaqələr mövcud olub, lakin bundan sonrakı mərhələnin beynəlxalq müstəvidə daha geniş spektrləri əhatə edəcəyi heç şübhəsizdir. Belə ki, bu əməkdaşlığın təməli Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin rəhbərliyi etdiyi nümayəndə heyətinin iki ölkə arasında birgə media platforması yaratmaq, xəbər, mütəxəssis və fikir mübadiləsini həyata keçirmək məqsədi ilə Türkiyəyə səfərində gerçəkləşib. Birgə toplantıda çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun Türkiyə-Azərbaycan Media Platformasının yaradılması üçün razılığa gəldiklərini açıqlayıblar. Bəs görəsən iki ölkə arasında yaradılacaq media platformanın əhəmiyyəti nədən ibarətdir?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirdi ki, son günlər Türkiyə ilə Azərbaycan arasında bir sıra istiqamətdə əməkdaşlıq daha da intensivləşib: "Hərbi və müxtəlif sahələrdə əməkdaşlıq əvvəlki illərdə də olubdur. İndi isə Türkiyə-Azərbaycan media platformasının yaradılması istiqamətində işlər gedir. Bildiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyədə rəsmi səfərdə idi və qeyd edilən məsələ ilə bağlı çox geniş müzakirələr apardı. Bu istiqamətdə əlaqələrin və əməkdaşlığın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Söhbət təcrübə mübadiləsinin aparılmasından, birgə media layihələrinin həyata keçirilməsindən, eyni zamanda mütəxəssislərin mübadiləsindən gedir və bu, xüsusi əhəmiyyət daşıyır. Yəni bütün bunlar iki ölkə arasında əlaqələri daha da sürətləndirəcək. Çünki bu gün dünyada informasiya müharibəsi gedir. İnformasiya təhlükəsizliyi bu baxımdan xüsusi önəm daşıyır və demək olar ki, birgə əməkdaşlığa zərurət yaranıb. Ümumiyyətlə, son dövrlər Türkiyə xarici dillərdə olan mətbuata xüsusi önəm verir, TRT-nin ərəbcə, ingiliscə bölmələri fəaliyyət göstərir. Burada da əsas hədəf və məqsədlərdən biri informasiya təhlükəsizliyinin təmin edilməsidir. Yəni prioritet məsələ budur”.
C.Məmmədov qeyd etdi ki, Türkiyənin media sahəsində kifayət qədər uğurları var: "Texniki imkanlar və sair istiqamətdə əməkdaşlıq, hesab edirəm ki, çox faydalı olacaq və ümumi əlaqələrimizin daha da inkişaf etməsinə öz töhfəsini verəcək. Çünki bu gün hər bir məsələ onun təqdim edilməsindən çox asılıdır. Yəni hazırda Azərbaycanla Ermənistan arasında müharibə gedir, Qarabağ münaqişəsi öz həllini tapmayıb. Ermənistanın həyata keçirdiyi vandalizmin dünya ictimaiyyətinə çatdırılması və bu istiqamətdə səylərin gücləndirilməsi baxımından bu platforma xüsusi əhəmiyyət daşıyır. Bu platformaya, gələcəkdə birgə filmlərin və digər birgə layihələrin həyata keçirilməsi də daxildir. Yəni həm Türkiyə, həm də Azərbaycan mətbuatı sıx əməkdaşlıq edərək öz təcrübələrini biri-biriləri ilə bölüşmək imkanı, fürsəti qazanırlar. Eyni zamanda informasiya təhlükəsizliyini təmin etmiş oluruq. Bildiyimiz kimi, zaman-zaman bu əməkdaşlığın pozulmasına müəyyən cəhdlər olur. Bəzən məqsədli şəkildə hansısa şəxslər tərəfindən yazıların yayılmasına cəhd olunur. Bu baxımdan da biri-birini daha yaxından tanımaq, sıx əməkdaşlıq etmək üçün bu layihə çox vacibdir”.
Millət vəkili Müşfiq Cəfərov bildirdi ki, Türkiyə ilə Azərbaycan arasında ortaq media platformasının yaradılması nəinki iki qardaş ölkə, ümumiyyətlə, Türk dünyası üçün vacibdir: "Hər sahədə bir-birini dəstəkləyən bu iki dövlətin media maraqları da eynidir. Uzun illərdir ki, müzakirə olunan bu məsələ hazırda müasir dövrün əsas tələbinə çevrilib. Cəbhədəki savaşlarda necə bir-birimizi dəstəkləyiriksə, telekommunikasiya dövrünün yeni metodu olan informasiya müharibəsində də ölkələrin bir-birinə dayaq olması vacibdir. Artıq bu sahədə əməli mövqe ortaya qoyulması alqışlanan haldır. Sözügedən mövzuda illərdir ki, müzakirə gedirdi. Hətta müəyyən sazişlər imzalanmışdı. Lakin bu, kağız üzərində qalırdı, ortaq bir mexanizm yaradılmadığından gecikdirilirdi”.
M.Cəfərov vurğuladı ki, qardaş ölkə ilə media sahəsində birgə işlərimiz davamlı olmalıdır və təxirə salınmamalıdır: "İstərdim ki, Azərbaycan kütləvi informasiya vasitələri Türkiyənin təcrübəsindən yararlansın. Media sahəsində son illərdəki irəliləyişlər danılmazdır. Lakin yenə də boşluqlar var. Xüsusilə 2016 və 2020-ci il Ermənistanın törətdiyi təxribatlar bu boşluqları daha da qabartdı. Hər iki dövrdə də xarici medianı izləyən biri kimi, deyə bilərəm ki, biz bu sahədə ciddi boşluqlar yaşadıq. Təbii ki, bu, sırf media əhlinin deyil, cəmiyyət olaraq, xalq olaraq hər birimizin yaratdığı çatışmazlıqlardır. Bu gün nəinki Türkiyə və Azərbaycan dövlətlərinin, ümumi Türk dünyasının ortaq media platformaları yaradılıb, ortaq media siyasəti yürüdülməlidir. Artıq yetişən bu yeni dövr bizə, xaricə səsimizi necə eşitdirməli olduğumuzu bir daha göstərdi. Haqqımızın tapdalandığını göstərmək, əslində 1990-cı illərlə müqayisədə daha asanlaşıb. Sosial medianın bizə yaratdığı vasitələrdən tez, rahat və əlçatan formada istifadə etmək dünya mediasında işğalçı dövləti tanıtmaq, ifşa etmək lazımdır. Xatırladım ki, MDB məkanında fəaliyyət göstərən mətbuat şuralarının vahid informasiya portalının yaradılması barədə qərarın qəbulunda da Azərbaycan tərəfi əsas təşəbbüskarlardan biri olmuşdur”.
"Türküstan” qəzetinin baş redaktoru Aqil Camal bildirdi ki, Azərbaycanla Türkiyə arasında münasibətlər hər zaman qardaşlıq, dostluq səviyyəsində olub: "Eyni zamanda bu münasibətlər strateji əməkdaşlıq səviyyəsindədir. İki ölkə arasında olan bu münasibətlər hər zaman nümunə kimi göstərilir. Onu da qeyd edim ki, ötən müddət ərzində media ilə bağlı da müxtəlif təşəbbüslər olub. Amma bu gün bu məsələyə yenidən qayıdılırsa və təşəbbüslər varsa, bu o deməkdir ki, indiyədək görülən işlər o qədər də mükəmməl olmayıb. Bu sahəyə yenidən baxmağa, dizayn olunmasına və məsələlərin zamanın tələblərinə uyğun şəkildə işlənməsinə ehtiyac var. Ona görə də, hesab edirəm ki, Azərbaycan-Türkiyə media qurumlarının əməkdaşlığı, ümumiyyətlə, bu sahədəki razılaşmalar bundan sonra praktiki mahiyyət daşıyacaq. Çünki əgər bu istiqamətdə indiyədək boşluqlar var idisə, artıq son razılaşmalarda bütün ciddiyyət qorunub saxlanacaq. Təbii ki, Azərbaycan üçün digər sahələrdə Türkiyə örnək götürüldüyü kimi, media da örnək sayılır. Xüsusilə, Türkiyə mediasının dünya arenasında yeri və rolu bizim üçün çox önəmlidir. İndiki informasiya savaşı dönəmində bizim üçün Türkiyə mediasında görünmək və eyni zamanda onların təcrübəsindən yararlanmaq xüsusi əhəmiyyət daşıyır”.
A.Camalın sözlərinə görə, çox yaxşı olardı ki, bu məsələlərə hər zamankı kimi şablon yanaşma olmasın: "Azərbaycan gündəmi ilə bağlı olan məsələlərin Türkiyənin aparıcı kütləvi informasiya vasitələrində işıqlandırılması zamanı yaranmış boşluqların monitorinqinin aparılmasına ehtiyac var. Bunu da ən yaxşı halda bu məsələlərə məsul olan şəxslər və yaxud da qurumlar keçirə bilər. Onu qeyd edim ki, zaman-zaman həm Azərbaycan, həm də Türkiyə ictimai rəyində yanlışlıqlar olur. Qarşılıqlı olaraq bu yanlış informasiyaların doğrulanmasında hər iki ölkənin mediasının rolu danılmazdır. Bu baxımdan da hesab edirəm ki, iki ölkənin mediası əməkdaşlıq məsələlərində sözlərini birlikdə deyə bilərlər”.
BƏXTİYAR
banner

Oxşar Xəbərlər