• cümə, 19 Aprel, 14:02
  • Baku Bakı 25°C

Beynəlxalq maliyyə qurumlarından TANAP-a böyük dəstək

23.12.16 10:00 1286
Beynəlxalq maliyyə qurumlarından TANAP-a böyük dəstək
Beynəlxalq maliyyə qurumlarının Azərbaycan təbii qazının Türkiyəyə və bu ölkədən də Avropaya nəqlini nəzərdə tutan Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinə ümumilikdə 4 milyard dollaradək kredit ayırması gözlənilir. AZƏRTAC-ın məlumatına görə, Dünya Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankından bu günlərdə layihəyə ayrılan 1,4 milyard dollarlıq kreditlə yanaşı, Çoxtərəfli İnvestisiya Təminatı Agentliyi, Avropa İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankından da maliyyə vəsaiti cəlb olunacaq.

Dekabrın 21-də Dünya Bankının Direktorlar Şurası TANAP layihəsinə 800 milyon ABŞ dolları kredit ayrılması ilə əlaqədar qərar qəbul edib. Belə ki, Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı vasitəsilə cəlb olunacaq kreditin 400 milyon dolları Azərbaycanın zəmanəti ilə "Cənub Qaz Dəhlizi” QSC-yə, qalan hissəsi isə Türkiyənin zəmanəti ilə "Botaş” şirkətinə veriləcək. Dekabrın 21-də Asiya İnfrastruktur İnvestisiya Bankının Direktorlar Şurası da TANAP layihəsinə 600 milyon ABŞ dolları kredit ayrılması ilə bağlı qərar qəbul edib.

Millət vəkili Tahir Mirkişili "Kaspi”yə açıqlamasında bildirdi ki, TANAP layihəsi həm bizim region, həm Avropa üçün mühüm əhəmiyyətə malikdir: "Bu layihə bütün tərəflər üçün yeni iqtisadi imkanlar yaradacaq, enerji təhlükəsizliyinin təmin edilməsinə səbəb olacaq. Layihənin uğurla həyata keçəməsində əsas rol Azərbaycana məxsusdur. Bu məqsədlə dövlət büdcəsində vəsait də nəzərdə tutulub. Dünya Bankının TANAP layihəsinə kredit ayırması barədə verdiyi qərar layihənin dərin təhlilindən sonra baş verib. Bu qərar bir daha Azərbaycanın müəllifi olduğu beynəlxalq layihələrin perspektivli, gəlirli və etimadyaradıcı olduğunu göstərir”.

Millət vəkili Aydın Hüseynov deyir ki, beynəlxalq maliyyə qurumlarının TANAP-a kredit ayırması layihənin reallaşması ilə bağlı şübhələri aradan qaldırır: "Beynəlxalq maliyyə qurumları hansı layihələrə kredit ayırırlarsa, həmin vəsaitin geri qaytarılacağına tam əmin olduqdan sonra bu addımı atırlar. Xeyli müddət layihənin mahiyyəti, gələcək perspektivləri ilə bağlı bütün detallar, geosiyasi proseslər nəzərə alındıqdan sonra o sahənin kreditləşməsi üçün qərar verilir. Deməli, maliyyə ayırırlarsa, bu, TANAP-ın perspektivinin özünü yüz faiz doğruldacağından xəbər verir. Azərbaycan tərəfi beynəlxalq qurumların bu dəstəyindən öncə də layihənin reallaşmasına tam əmin idi. Ölkə başçısının təşəbbüsü, qətiyyəti sayəsində bu layihə artıq real həllini tapmaq üzrədir. Layihə yaxın gələcəkdə reallaşdıqda, Avropanın enerji təminatında mühüm rol oynamaqla yanaşı, Azərbaycanın milli iqtisadiyyatına da öz müsbət nəticələrini verəcək”.

İqtisadçı alim Vüqar Bayramov hesab edir ki, son vaxtlar TANAP-ın maliyyələşdirilməsinə beynəlxalq maliyyə qurumlarının maraq göstərməsi və eyni zamanda kreditləşmədə iştirak etməsi bir neçə aspektdən müsbət hal kimi qiymətləndirilməlidir: "Birinci tərəfi ondan ibarətdir ki, TANAP-ın inşası üçün maliyyə vəsaitlərinə ehtiyac var. Buna görə inşaatda fasilənin yaranmaması üçün maliyyə təminatının gücləndirilməsi və kreditlərin cəlb edilməsi vacib idi. Nəzərə alaq ki, TANAP və TAP Cənub Qaz Dəhlizinə daxil olan iki böyük kəmərdir. TANAP vasitəsilə Azərbaycan il ərzində təxminən 7 milyard kub metrə yaxın mavi qazı Türkiyə bazarına çıxaracaq. Eyni zamanda, TAP layihəsi vasitəsilə Azərbaycan birinci mərhələdə Avropa bazarına 10 milyard, sonrakı mərhələlərdə isə illik 15-20 milyard kubmetr arası mavi qazı nəql edəcək. O baxımdan söhbət kifayət qədər böyük layihənin maliyyələşdirilməsindən gedir”.

V.Bayramov deyir ki, vəsaitin cəlb edilməsinin digər önəmli tərəfi TANAP-a inamın və xüsusilə beynəlxalq dəstəyin artırılmasıdır: "TANAP-ın reallaşması, inşasının aparılması ilə bağlı müxtəlif fikirlər var idi. Hətta beynəlxalq cəmiyyətdə bəzi hallarda TANAP-ın gələcəyinə bir inamsızlıq da nümayiş etdirilirdi. Amma beynəlxalq maliyyə qurumları, Dünya Bankı və Avropa Bankının maliyyələşdirmədə iştirak etməsi ondan xəbər verir ki, onlar TANAP-ın reallaşmasında maraqlıdırlar. Təbii ki, TANAP-ın reallaşması ölkəmizə beynəlxalq inamın artmasına gətirib çıxarır. TANAP-la bağlı şübhələrin aradan qaldırılması və onun inşası üçün beynəlxalq dəstəyin gücləndirilməsi baxımından məsələnin siyasi tərəfi də var. Eləcə də bu maliyyələşdirmə kəmərin strateji əhəmiyyət daşıdığını nümayiş etdirir. Beynəlxalq maliyyə qurumlarının belə qərarları qəbul etməsində inkişaf etmiş ölkələrin təsir imkanları böyükdür. Təbii ki, onlar porosesə təsir göstərirlər. Öncə Asiya İnkişaf Bankı, sonra Dünya Bankı, eyni zamanda Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı sözügedən kəmərlərin maliyyələşməsində iştirakla bağlı qərar qəbul etdilər. Bu ondan xəbər verir ki, inkişaf etmiş ölkələr və ya böyük güclər TANAP-ın reallaşmasına dəstək verirlər. Bu, iqtisadi və siyasi xeyirlə yanaşı, strateji bir əhəmiyyətin də olduğunu göstərir”.

İqtisadçı onu da bildirdi ki, Azərbaycan Cənub Qaz Dəhlizinin reallaşmasından təxminən 100 milyard dollara yaxın gəlir əldə edəcək. Burada söhbət həm də Azərbaycan dövlət gəlirlərinin formalaşması baxımından kifayət qədər əhəmiyyəti olan bir təşəbbüsün dəstəklənməsindən gedir. Qazanan tərəf region, regionun təhlükəsizliyində marağı olan dövlətlər və ideyanın müəllifi Azərbaycandır.

Aygün

banner

Oxşar Xəbərlər