Beynəlxalq konfransın iştirakçıları BSU-da
14-15 mart 2018-ci il tarixində Bakıda keçirilən "Nizami mədəni irsinin müasir dövrdə
interpretasiyası” mövzusunda beynəlxalq konfransın iştirakçıları -
Finlandiyanın Helsinki Universitetinin nümayəndəsi Eero Tarasti, Almaniyanın
Humbolt Universitetinin nümayəndəsi Eva-Maria Auch, Qazax Milli Universitetinin
nümayəndəsi Ənvər Galiyev, Braziliyanın Paraiba Dövlət Universitetinin nümayəndəsi
Sudha Swarnakar martın 16-da Bakı Slavyan Universitetində (BSU) qonaq olublar.
Qonaqlarla görüş zamanı BSU-nun rektoru, professor
Nurlana Əliyeva BSU-nun yaranma tarixi, buradakı təhsil sistemi, universitetdə
fəaliyyət göstərən 11 tədris və mədəniyyət mərkəzi, universitetin beynəlxalq əlaqələri,
dünyanın aparıcı universitetləri ilə müəllim-tələbə mübadiləsi barədə ətraflı məlumat
verib. Azərbaycanda hökm sürən multikultural
mühit, tolerant dəyərlərdən söhbət açan N.Əliyeva multikulturalizm ənənələrinin
Azərbaycanın dövlətçilik prinsiplərində aparıcı olmasını Ümummilli Lider Heydər
Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırıb. May ayının əvvəlində Ulu Öndər
Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar BSU-da keçirilən "Azərbaycanşünaslığın
aktual problemləri” adlı ənənəvi beynəlxalq konfransdan danışan N.Əliyeva
bildirib ki, BSU son iki il ərzində mühüm beynəlxalq tədbirlərə ev sahibliyi
edib. Multikulturalizmin mərkəzi sayılan Bakı Slavyan Universitetində tələbələrin
təhsillərini mükəməlləşdirməsi üçün hər cür şərait yaradıldığını söyləyən
rektor Nurlana Əliyeva gənclərin bəşəriyyətin inkişafında rolundan danışaraq
qeyd edib ki, XXI əsrdə dünya xalqları arasında qurulan münasibətlərdə gənclər əsas
körpü rolunu oynayırlar.
Əcnəbi qonaqlar söhbət zamanı Azərbaycan mədəniyyətinə,
ədəbiyyatına olan maraqlarından danışıblar. Helsinki Universitetinin nümayəndəsi
Eero Tarasti Nizami Gəncəvinin yaradıcılığını yüksək qiymətləndirərək onu Azərbaycan
ədəbiyyatının incisi adlandırıb. Qazax Milli Universitetinin nümayəndəsi Ənvər
Galiyev qazax –Azərbaycan xalqlarının oğuz etnik qrupuna mənsubluğu və bu xalqların bir-birinə yaxın mədəniyyətlərinin
olması barədə danışıb. Paraiba Dövlət Universitetinin nümayəndəsi Sudha Swarnakar
bir neçə Azərbaycan ədəbiyyatı nümünəsini portuqal dilinə tərcümə etdiyini və əcnəbi
tələbələrin bu əsərləri maraqla oxuduqlarını deyib. O bildirib ki, Bakıya hər səfərdində
BSU-ya baş çəkir. Universitetin yüksək səviyyədə dəyişdiyini qeyd edən qonaq
burada yaradılan Nizami Gəncəvinin əsərlərindən ibarət dekorasiyaya heyran
qaldığını dilə gətirib.
Görüş çərçivəsində qonaqlar BSU-nun tədris və mədəniyyət
mərkəzlərində olublar. Universitetin Akt zalı ilə tanış olan qonaqlar "Arzu” rəqs
ansamblının üzvləri ilə birgə yallı gediblər.