• cümə, 29 Mart, 19:47
  • Baku Bakı 14°C

Beynəlxalq konfrans öz işinə başlayıb

17.11.18 11:37 438
Beynəlxalq konfrans öz işinə başlayıb
Bu gün Bakıda "İşğal olunmuş Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyətlər və üçüncü tərəflərin məsuliyyəti” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.
Trend-in məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi tərəfindən təşkil olunan konfransda Prezident Administrasiyasının, Xarici İşlər Nazirliyinin məsul şəxsləri, Milli Məclisin deputatları, Azərbaycandakı səfirliklərin nümayəndələri, xarici qonaqlar iştirak edirlər.
Konfransda Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərindəki qeyri-qanuni iqtisadi fəaliyyəti, təbii resursların qanunsuz şəkildə istismarı və bu kimi digər məsələlər yerli və xarici ekspertlər tərəfindən müzakirə edilib.
Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov bildirib ki, işğal edilmiş Azərbaycan ərazilərində Ermənistan tərəfindən törədilən qanunazidd əməllər həmin əraziləri narkotiklərin qanunsuz dövriyyəsi və hətta terrorizm fəaliyyətinin mərkəzinə çevirib. F. Məmmədov iştirakçıların nəzərinə çatdırıb ki, Ermənistanın həyata keçirdiyi qeyri-qanuni fəaliyyət qonşu ölkələrin sabitliyini pozmaqla yanaşı, eyni zamanda, regional sülhə qarşı da açıq təhdid təşkil edir.
Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev konfransda çıxış edərək Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətə və həmin bölgələrdə beynəlxalq hüququn imperativ normalarının pozulması faktlarına diqqət çəkib, bu bölgələrin qanunsuz mal dövriyyəsi üçün tranzit məntəqəsinə çevrildiyini vurğulayıb.
Daha sonra, İtaliyalı diplomat və ATƏM-in (hazırkı ATƏT) Minsk konfransının ilk sədri Mario Raffaelli Minsk qrupunun 25 ildən sonrakı fəaliyyətinə nəzər salaraq, Azərbaycanın öz dövlət müstəqilliyini əldə etdikdən sonra sürətli inkişafa nail olaraq etibarlı regional tərəfdaşa çevrildiyini xatırladıb.
Konfransın panel müzakirələrində "AzerGold” QSC-nın İdarə Heyətinin sədri Zakir İbrahimov, XİN Mətbuat xidmətinin rəhbəri v.m.i.e Leyla Abdullayeva və Baş Prokurorluğun rəis müavini Vüqar Nəsibov çıxış edərək mədən qaynaqlarının qanunsuz şəkildə istismar edildiyini, müvəqqəti işğal altındakı Azərbaycan torpaqlarında qanunsuz fəaliyyətin həyata keçirildiyini və bu kimi fəaliyyətlərin münaqişənin uzadılması və status-kvonun saxlanılması vasitəsi kimi istifadə edildiyini bildiriblər.
Bundan başqa, işğal altındakı ərazilərdə fəaliyyət göstərən hüquqi şəxslərə qanunsuz audit xidməti göstərən şirkətlərə qarşı Baş Prokurorluq tərəfindən zəruri istintaq tədbirlərinin həyata keçirildiyi çıxışçılar tərəfindən nəzərə çatdırılıb.
banner

Oxşar Xəbərlər