“Beynəlxalq güclər münaqişənin həllində maraqlı deyillər”
Azərbaycan
Müdafiə Nazirliyi növbəti dəfə Ermənistan tərəfinə xəbərdarlıq edib. Qeyd
edilib ki, erməni silahlı bölmələri oktyabrın 30-u axşam saatlarından
başlayaraq cəbhənin şimal-qərb istiqamətində yerləşən bölmələrimizin mövqelərini
60 millimetrlik minaatanlardan, qumbaraatanlardan, həmçinin "AQS-17"
tipli avtomatik qumbaraatanlardan və iriçaplı pulemyotlardan atəşə tutub. Qəti
cavab tədbirləri nəticəsində düşmən susdurulub: "Müdafiə Nazirliyi bir daha xəbərdar
edir ki, qoşunların qarşıdurma xəttində vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət
Ermənistan rəhbərliyinin üzərinə düşür”.
Göründüyü kimi,
cəbhə xəttində gərginliyin artacağı ilə bağlı deyilənlər özünü doğruldur. Buna əsas
səbəb kimi danışıqlar prosesinin dalana dirənməsi göstərilir. Mövzu haqdakonfliktoloq Elxan Mehdiyevlə söhbətləşib, onun danışıqların gələcəyi, prosesin
inkişafı barədə fikirlərini öyrəndik.
- Elxan bəy,
sizcə, cəbhədə vəziyyət niyə gərgindir?
- İşğal davam
etdikcə, müharibə ehtimalı da qalır. Proses danışıqlardakı vəziyyətdən asılı
olaraq, fərqli istiqamət alır. İndiki dönəmdə müşahidəm budur ki, Azərbaycan tərəfi
atəşkəsi davam etdirmək siyasəti tutub. Bunun özü də suallar doğurur. Mən özüm
bu suallara cavab tapmıram. Erməni tərəfi isə indi daha çox ruh yüksəkliyi
yaşayır. Aprel ayından sonra onlar tamamilə panika içində, məğlub
durumdaydılarsa, indi, yəni sentyabrdan bu yana daha rahatdırlar. Paradda göstərilən
raketlərin onlara verilməsi həm orduda, həm də siyasi rəhbərlikdə ovqatı tamam
dəyişib. Psixoloji üstünlük qazanıblar. Təbii ki, düşmənin yeni silahlar əldə
etməsi Azərbaycan üçün xoş deyil. Göründüyü kimi, cəbhə xəttində güclü
olduqlarını göstərmək istəyirlər.
- Azərbaycan da hərbiyə
kifayət qədər pul ayırır və bu, ən yüksək səviyyədə elan olunur. Hətta hər dəfə
vurğulanır ki, ölkənin hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən çoxdur.
Sizcə, yalnız "İsgəndər” raketləri onları çətin durumdan çıxarır?
- Azərbaycan mətbuatı
bəzən düzgün mövqe tutmur. Gah yazırlar ki, ermənilər 5 rayonu tərk edir, gah
da yazırlar ki, Qarabağ qaytarılır və s. Bəzən elə şeylər yazırlar ki, o, heç Ermənistanda
müzakirə mövzusu belə deyil. Onların işğal etdikləri torpaqlardan çıxmaq fikirləri
yoxdur. Bu vəziyyət Azərbaycan üçün xoş deyil. Ermənilərin silahlarının
yararsız olduğunu və ya güclərinin zəif olduğunu deməkdənsə, raket sistemlərinin
gücünü müəyyən edib ona qarşı hazırlaşmaq, silahları yerindəcə məhv etmək
lazımdır. Ən azı, onları hədəfdə saxlamalıyıq.
- Beynəlxalq
güclərin mövqeyi haqda nə düşünürsünüz? Onlar aprel döyüşlərini dayandırdılar və
danışıqlar aparacaqlarını söylədilər. Amma status-kvonun dəyişməsi üçün yenə heç
nə etmədilər. Belə vəziyyətdə Azərbaycan nə etməlidir?
- Beynəlxalq
güclər dedikdə 3 ölkədən danışırıq. Digərlərinin bu işə qarışmağa faktiki
olaraq, ixtiyarı yoxdur. 3 həmsədr ölkə bu məsələni tamamilə monopoliyaya alıb.
Nə bu işə qoşulmaq istəyən beynəlxalq təşkilatlara, nə də dövlətlərə imkan
vermirlər. Ona görə də konkret şəkildə münaqişənin onların monopoliyasında
olduğunu deyə bilirik. Onların işi tərəfləri atəşkəsə çağırmaqdır. Amma tərəfin
biri, yəni Azərbaycan 20 ildən çoxdur işğala məruz qalıb. Düşünürəm ki, dövlət
özü sözünü deməlidir. Çünki xaricilər yalnız sülhə çağırmaqla kifayətlənirlər.
Kimin torpağının işğalda qaldığı onları maraqlandırmır. Kimə qarşı genosid törədildiyi,
insanların qaçqın həyatı yaşaması və s. ilə maraqlanmırlar. İşğalçı tərəfə rəğbət
göstərdikləri məlum məsələdir. Apreldə ölkəmiz qəhrəmanlıqla vuruşurdu. Ermənilər
güclü olduqları haqda bütün dünyada mif yaratmışdılar. Ölkəmiz bunu dağıtmağı
bacarmışdı. Aprel ayında ermənilər panikada idilər. Əhali də, ordu da qaçıb
gizlənirdi. 3 gün ərzində ordumuz həmin templə davam etsəydi, daha böyük əraziləri
geri qaytara bilərdik. Ona görə də deyirəm ki, münaqişənin həlli həmsədrlərin
yox, Azərbaycan dövlətinin işidir.
- Onların
konkret öhdəliyi var. Münaqişənin həllini üzərlərinə götürüblər. Sizcə, BMT-nin
qətnamələri niyə icra olunmur?
- Onları BMT-nin
qətnamələri maraqlandırmır. Torpaqlarımızı işğaldan azad etmək ölkə Konstitusiyasında
da əksini tapıb və bu, Azərbaycanın tam hüququdur. Beynəlxalq güclərin Azərbaycan
üçün torpaq qaytarmaq fikri yoxdur. Bunu heç planlaşdırmırlar da. Ancaq onunla
maraqlanırlar ki, tərəflər danışıb razılığa gəlsinlər. Tərəfin biri işğalçıdır.
Azərbaycanın torpaqlarını tutub tələblərini, şərtlərini irəli sürür, qəbul
olunacağı halda sülhə razılıq verəcəyini bəyan edir. Ölkəmiz işğala məruz qalmaqda
davam edir. 20 ildən çoxdur ki, ermənilərin – işğalçının başını sığallamaqla,
Azərbaycanı isə təsir və təzyiq altında saxlamaqla məsələni uzadırlar. Ermənilər
heç bir cəzaya, sanksiyalara məruz qalmırlar. Onlara güldən ağır söz deyilmir.
Ona görə də işğal etdikləri əraziləri özlərininkiləşdirməyə çalışırlar. Əvvəllər
Dağlıq Qarabağ ətrafındakı rayonlardan çıxmağa etiraz etmirdilərsə, indi bütün
rayonları Ermənistana birləşdirmək üçün mübarizə aparırlar. Bu cür vəziyyətdə düşməni
dinc yolla işğal etdiyi ərazilərdən çıxarmaq olarmı? Beynəlxalq güclərin gündəmində
onları həmin ərazilərdən çıxarmaq planı yoxdur. Rusiya tərəfi də düşünür ki, Azərbaycan
statusa razı olmalıdır. Dağlıq Qarabağı Azərbaycandan ayırmaq istəyirlər.
- Necə düşünürsünüz,
aprel döyüşləri təkrarlana bilərmi?
- Aprel döyüşləri
kiçikmiqyaslı olsa da, düşmənin uydurduğu mifləri darmadağın etdi. Sülh o zaman
olur ki, münaqişə alovlansın, düşmən tərəf qarşıdakının gücünü görsün. Əgər o
gücü görməsə, işğal etdiyi torpaqlardan heç vaxt çıxmaz. Azərbaycan ordusu düşmənə
ağır zərbə vurub bir neçə strateji məntəqəni ələ keçirərsə, o zaman münaqişənin
taleyi həll olunar. Apreldə buna çox yaxın idik. Daha 3 gün irəli getsəydik, daha
mühüm postları tutardıq, Fizuli, Cəbrayıl, Ağdərə bizdə ola bilərdi. Qubadlı, Kəlbəcərin
azad edilməsi isə danışıqlarda həll olunan məsələyə çevrilərdi.
- 2017-ci ildə münaqişənin
həlli ilə bağlı hansı yenilikləri gözləyirsiniz?
- Heç nə gözləmirəm.
Erməni tərəfi çalışır ki, məsələni uzatsın. Bu isə Azərbaycanın ziyanınadır.
Sarkisyanın planı odur ki, məsələni uzatsın, 2017-ci ili də başa vursun və
torpaqlardan çıxmasın. Düşünür ki, prezidentliyini başa vurduqdan sonra hansı vəziyyət
yaranacaqsa, bu, yeni gələn rejimin işidir. Baxmayaraq ki, onun özü yenidən baş
nazirliyə gəlmək istəyir.
- Ümumiyyətlə, bu
məsələnin gələcəyini necə proqnozlaşdırırsınız?
- İndidən gələcək
barədə proqnoz vermək çətindir. Münaqişənin 20 ildən artıq davam etməsi göstərir
ki, proqnozlaşdırma, öncədən təhlillər vermə həmişə yerinə düşmür. Hesab edirəm
ki, Azərbaycan Ordusu hazırlıqlı, iradəli, döyüşməyə hazırdır. Əgər müharibə
olarsa, onlar erməniləri darmadağın edərlər. Bəlkə də, bunu aprel döyüşlərindən
əvvəl söyləmək çətin olardı. Amma həmin ay ordumuzun şücaətini gördük. Əsgərlər,
zabit heyəti qətiyyətli idilər. Ordumuz müasir texnikaya yiyələnib və onları
işlətməyi bacarır. Bu isə bizim imkanlarımızı artırır.
Şəfa Tapdıq