• cümə, 29 Mart, 09:45
  • Baku Bakı 5°C

Beynəlxalq Gənclər Gününə həsr olunmuş tədbir keçirilib

08.08.19 21:28 11528
Beynəlxalq Gənclər Gününə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (GTMŞ) Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə 12 avqust - Beynəlxalq Gənclər Günü münasibətilə tədbir keçirib.
AZƏRTACxəbər verir ki, GTMŞ-in sədri Məryəm Məcidova, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Gənclər və İdman Nazirliyinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayev, BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin və başqaları çıxış edərək Beynəlxalq Gənclər Gününün əhəmiyyətindən danışıblar. Məlumat verilib ki, 1998-ci ildə hər il avqustun 12-nin dünyada Beynəlxalq Gənclər Günü kimi qeyd olunması qərara alınıb. Həmin vaxtdan etibarən bu gün gənclərin nailiyyətlərini təbliğ etmək, cəmiyyətin bütün sahələrində gənclərin iştirakına təkan vermək məqsədilə dünyada geniş qeyd olunur. Azərbaycan bir çox sahədə olduğu kimi, bu sahədə də bir çox ölkəni, o cümlədən beynəlxalq ictimaiyyəti qabaqlayıb. Belə ki, 1997-ci ildə ümummilli lider Heydər Əliyevin Fərmanı ilə Azərbaycan Gəncləri Günü təsis edildikdən xeyli sonra gənclərin işi üzrə nazirlərin ümumdünya konfransının (8-12 avqust 1998-ci il) tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə 12 avqust - Beynəlxalq Gənclər Günü elan edilib.
Diqqətə çatdırılıb ki, bu gün ölkəmizdə gənclərə ən yüksək səviyyədə diqqət və qayğı göstərilir, uğurlu dövlət gənclər siyasəti həyata keçirilir. Azərbaycan gənclərinin inkişafı və xarici ölkələrdə təhsil üzrə çoxsaylı Dövlət proqramları qəbul olunub.
Qeyd edilib ki, builki Beynəlxalq Gənclər Gününün konsepti təhsildə transformasiyadır. BMT-nin 2030-cu il üçün Dayanıqlı İnkişaf Gündəliyinə uyğun hazırlanan tədbir IV Dayanıqlı İnkişaf Məqsədi (DİM) olan keyfiyyətli təhsilin təbliği və inkişafına həsr edilib. Tədbirdə keyfiyyətli təhsili təmin etmək və inklüziv cəmiyyətlərdə gənclərin rolunu artırmaq üçün bilik və təcrübələrin vacibliyindən danışılıb. Tədbirin gənclərin inklüzivliyini artırmağa, bacarıqlara daha əlçatan etməyə istiqamətləndiyi vurğulanıb.
DİM-in ölkəmizdə və dünyada inklüziv, dayanıqlı və möhkəm əsaslı gələcək qurmaq üçün birgə razılaşdırılmış səylər göstərmək üçün ciddi çağırış olduğu qeyd edilib. Vurğulanıb ki, ölkəmizdə gənclərimiz keyfiyyətli təhsil, sosial layihələr və digər məqsədlər üzərində çalışırlar. Bu sahədə gənclərin maarifləndirilməsi böyük əhəmiyyət kəsb edir.
Qeyd olunub ki, beynəlxalq gənclər hərəkatının fəal üzvü olan Azərbaycan gəncliyi bu gün Avropanın və dünyanın 30-dan çox nüfuzlu beynəlxalq təşkilatında təmsil olunur. Bununla əlaqədar GTMŞ Beynəlxalq Gənclər Gününü qurumun üzvləri, eləcə də üzv olmayan təşkilatların nümayəndələri ilə birlikdə qeyd edir.
Diqqətə çatdırılıb ki, BMT-nin "2030-cu il İnkişaf Gündəliyi”nin həyata keçirilməsinə gənclərin daha çox cəlb edilməsi üçün addımlar atılır. Son vaxtlar Azərbaycanda qəbul olunan Dövlət proqramlarında DİM-ə nail olunması prioritet istiqamətlər kimi nəzərə alınıb.
Sonra insan və ətraf mühitlə bağlı musiqili kompozisiya təqdim olunub.
GTMŞ-ın sədri Məryəm Məcidova onlayn kampaniyaya dair təqdimatla çıxış edib.
Tədbirdə gənclər üçün konsert, fərqli peşə sahiblərinin təlim və çıxışları, milli rəqslər, məşhur musiqi qruplarının ifaları, gənclərin inklüzliyini artıran oyunlar, əyləncə proqramı təşkil olunub. Gənclər öz sahələrinin sirlərini paylaşıb, fikir və təcrübələrini bölüşüblər.
banner

Oxşar Xəbərlər