• cümə, 19 Aprel, 12:49
  • Baku Bakı 25°C

Beynəlxalq film festivalları bizə nə verir?

11.10.18 10:30 1236
Beynəlxalq film festivalları bizə nə verir?
Kino həm də tarixdir, bir ölkənin təbliğində ən ideal vasitədir. Kinonu inkişaf etdirmək üçünsə festivalların rolu danılmazdır. Bu sıradan 4-9 oktyabr tarixlərində "DokuBaku” adlanan beynəlxalq sənədli film festivalı keçirildi. Oktyabrın 19-dan 21-dək isə Animalfilm I Beynəlxalq Animasiya Filmləri Festivalı keçiriləcək. Ondan sonra - 14-17 noyabr tarixlərində "START” Beynəlxalq Qısa Filmlər Festivalı 9 yaşını qeyd edəcək. Göründüyü kimi, paytaxtımızın kino həyatı hadisələrlə zəngindir.
"Kimdənsə dəvət gözləməyə ehtiyac yoxdur”
Kino tədqiqatçısı, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə kinonu bir insanın ömrünə bənzədir: "İnsanın qapanması, özü-özü ilə yaşaması heç də yaxşı hal deyil. Belə ki, ətrafımıza baxmalı, kənara çıxmalı, bizdən uzaqda nələrin, hansı proseslərin baş verdiyini görməliyik ki, inkişaf edə bilək. Kino sahəsində də belədir. Kinematoqrafiyamızın 120 yaşı var. O, bütün bu situasiyalardan şərəflə çıxıb. Sovet dövründə müxtəlif film festivalları keçirilirdi. Həmin festivallarda Azərbaycan kinosu iştirak edirdi. O dövrlər mükafata layiq görülmək, nələrsə əldə etmək çox çətin idi. Bu çətin dövrlərdə belə Azərbaycan filmləri beynəlxalq film festivallarından əlidolu dönürdü. Düzdür, o dövrlər qısqanclıqlar da az olmayıb. Bu gün isə Azərbaycan kinosu öz müstəqil dövrünü yaşayır. Biz artıq sovet kinosunun tərkib hissəsi yox, dünya kinosunun tərkib hissəsiyik. Bu gün çəkilən filmlər beynəlxalq kino festivallarında nümayiş olunur və mükafatlar qazanır. Artıq bizim gənclər bilir ki, dünyada hansı yeniliklər var, hansı mövzular aktualdır. Rejissorlarımız, aktyorlarımız beynəlxalq festivallara gedir, orda dünya kino sahəsində baş verən ən son yeniliklərdən xəbərdar olurlar. Hər bir ölkənin kino sahəsi müxtəlif istiqamətlər üzrə inkişaf edib və beynəlxalq festivalların iştirakçıları onların hamısından xəbər tuturlar. Aktyorlar üçün o qədər yeniliklər var ki, onları öyrənmək, gətirib öz kinomuza tətbiq etmək çox vacib məsələdir. Bu gün texnika kino sahəsində o qədər inkişaf edib ki, artıq 50-ci illərin primitiv texnikasından istifadə etmirik. Bu günün gəncləri həmin o texnikalardan da xəbərdardırlar. Bizim kino ustalarının beynəlxalq festivallarda iştirakı təqdirəlayiqdir və bu festivallar onlar üçün "master klass” hesab olunur. Bu gün bizim özümüzdə də beynəlxalq festivallar keçirilir. Bunu alqışlayıram”.
Kinoşünas qeyd etdi ki, bu gün yerli və beynəlxalq festivalların təşkilatçıları gənclərdən ibarətdir: "Noyabrda keçiriləcək Beynəlxalq "START” film festivalının təşkilatçısı Feruz Şamiyev tələbəm olub. Bu gün həmin kinoşünas artıq beynəlxalq festivala rəhbərlik edir. Festivalda iştirak etmək və festival keçirmək üçün kimdənsə dəvət gözləməyə ehtiyac yoxdur. Gənclər özləri nələrsə etməlidir. Dünyanın hər yerindən Azərbaycana böyük maraq var. Azərbaycanı görmək üçün bu festivallar ən ideal vasitədir”.
"Festival funksional olmalıdır”
Rejissor Namiq Ağayev festivalı bayrama bənzədir: "Festival təkcə film deyil, ünsiyyət, dostluq, əlaqə deməkdir. Əslində bu, ənənə halını almalıdır. Burada eyni vaxtda filmin marketinqi prosesi də baş verir. Festivalda durub çıxış etməyi, 3-4 filmi nümayiş etdirməyi doğru hesab etmirəm. Festival funksional olmalıdır. Mən bu gün festivalların çoxunda iştirak etmirəm. Ancaq bu festivalların keçirilməsini yüksək qiymətləndirirəm. Gənclərin bu festivalları keçirməsi isə ikiqat sevindiricidir. Ancaq bu yaxınlarda teatr festivalı olacağını bilirəm, buna da yüksək səviyyədə hazırlaşırıq. Mən özüm indi kino-teatr mərkəzi yaradıram. Ancaq beynəlxalq festival istənilən halda təqdirəlayiqdir. Əsas odur ki, ölkəmizi layiqincə təbliğ edə bilək”.
"Festival kinonun inkişafında bir vasitədir”
Kinoşünas Aygün Aslanlı festivalın, sadəcə təqdim olunan filmləri izləməklə yekunlaşmadığını qeyd edir. Bildirir ki, məhz beynəlxalq festivallar əsil təbliğat vasitəsidir: "Müasir dövrdür, internet əsridir. İstədiyimiz filmi istədiyimiz zaman izləmə imkanımız var. Ancaq festival ünsiyyət deməkdir. Məhsulun daha geniş auditoriyaya təqdim olunması, satışı funksiyasını yerinə yetirir. Festival kinonun inkişafında bir vasitədir. Kino isə vizual sənətdir, baxılmaq üçün çəkilir. Nə qədər çox baxılarsa, bir o qədər çox yayılar. Məhz beynəlxalq festivallar filmlərə bu imkanı yaradır. Bu baxımdan kinematoqrafiyanın, kino sənətinin inkişafında festivalın ciddi rolu var. Festivallar nəinki rejissorlar, kino sahəsində çalışan gənclər, eyni zamanda dövlətimiz üçün də əhəmiyyətlidir”.
Aygün xanım qeyd edir ki, festival film nümayişi ilə bərabər, həm də bir kino bazarıdır: "Festivala prodüserlər, ssenaristlər, rejissorlar dəvət olunur. Onlar bir-birilərinin filmi ilə tanış olmaq imkanı qazanırlar. Təsəvvür edin ki, xaricə çıxmaq imkanları məhdud olan azərbaycanlı bir rejissorun filmi beynəlxalq festivallar nəticəsində xaricdə nümayiş olunur. Rejissor bu vəsilə ilə işini fərqli insanlara və auditoriyaya tanıtmaq imkanı qazanır. Eləcə də bizdə keçirilən festivallara dəvət olunan rejissorlar gəlib birbaşa yerində yeni filmlərlə tanış olurlar. Azərbaycan kinosunda bu cür tədbirlər necə rol oynaya bilər məsələsinə gəldikdə isə, ölkəmizdə yerli festivallar davamlı olaraq keçirilsəydi, bunun böyük təsiri ola bilərdi. Yerli beynəlxalq festivallar başlayanda, yeni-yeni tələbələr filmlər çəkməyə həvəslənmişdilər. Daha sonra Mədəniyyət Nazirliyinin "Bu meydan, bu ekran” ənənəvi gənclər müsabiqəsi başladı. Bu da gənclərə daha yaxşı işlər görməyə şərait yaratdı”.

Festivalın dövlət əhəmiyyətini vurğulayan kinoşünas Ermənistanda "Qızıl ərik” adlı festivalın keçirildiyini və buraya dünyanın ən məşhur sənət adamlarının dəvət olunduğunu qeyd edir. Həmin məşhur insanlar isə festivala gedəndə təkcə oturub filmlərə baxmırlar, həm də ölkə ilə tanış olub, rəsmi təbliğatın təsiri altına düşürlər. Və sonradan ermənilər dünyada özlərinə yeni tərəfdaş qazandıqlarını deyirlər.
"Bu problem bizdə xüsusilə qabarıqdır”
Gənc rejissor Kamal Yaşar bildirir ki, bütün beynəlxalq statuslu festivallar önəmlidir: "Ancaq beynəlxalq festivalın məhz bizdə və bizim təşkilatçılığımızla keçirilməsi ikiqat nailiyyətdir. Birinci halda bizim sənətçilər harasa öz filmlərini göndərə bilirsə, ikinci halda artıq dünyanın müxtəlif ölkələrindən olan sənətçilərin diqqəti bizə yönəlir. Bu, dünya mədəni mühitində və eyni zamanda yerli sənət mühitində çox yaxşı nəticələr verir, bir proses yaradır. Ən bəsit formada yanaşsaq, bizim ölkənin adı, statusu, ünvanı, mühiti bəlli olur. Digər tərəfdən də sənət mübadiləsi yaranır, yerli bazar daha da canlanır, mütəşəkkilləşir. Bir şeyi də qeyd edim ki, bu festivalların təşkili olduqca çətin və məsuliyyətli bir prosesdir. İllər öncə bu yükün altına girməyə cəhd edən və 2018-ci ildə yenidən öz statusunu bərpa edən "START” beynəlxalq film festivalı da, artıq ikincisi keçirilən "DocuBaku” beynəlxalq sənədli filmlər festivalı da bu cür nümunələrdəndir. Qeyd edim ki, ölkəmizdə təşkil olunan nəinki beynəlxalq festivalın, hətta kiçikmiqyaslı yerli festivalların da xüsusi rolu var. Məsələn, artıq bir neçə ildir keçirilən "Booktrailer” festivalının özü belə müəyyən anlamda yerli mədəni mühitə təsirlər edir və bu, açıq-aydın hiss olunur. Bunun fonunda beynəlxalq festivalların bizim tərəfimizdən təşkili isə hər mənada olduqca səmərəlidir. "DocuBaku” festivalı haqqında bir şeyi qeyd edim ki, bu festival həm yerli, həm də dünya bazarında, obrazlı desək, bədiidən bir köynək aşağı statusda olan sənədli filmə meydan açır, canlanma yaradır. Bu problem bizdə xüsusilə qabarıqdır. Çünki sənədli film ənənəsi bizdə bir az zəifdir, kövrəkdir və bu baxımdan "DocuBaku”nun önəmi böyükdür. Bu işdə zəhməti olan bütün təşkilatçılara şəxsən öz adımdan böyük təşəkkür edirəm. Eyni zamanda festivallar haqqında sənətə dəstək və sevgi naminə adicə danışmaqla olsa belə, bir maraq yaratmağı, təşviq etməyi özümə mənəvi öhdəlik kimi qəbul edirəm”.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər