• cümə axşamı, 28 mart, 20:12
  • Baku Bakı 13°C

“Beynəlxalq arenada Azərbaycanın səsi olaraq tanınmaq istəyirəm”

19.09.17 10:30 3357
“Beynəlxalq arenada Azərbaycanın səsi olaraq tanınmaq istəyirəm”
Yeni mövsümə başlar-başlamaz, sosial şəbəkə fenomeni, güclü səs imkanlarına malik olan ifaçı Çinarə Məlikzadə yeni layihələri ilə tamaşaçılarını sevindirdi. Belə ki, ifaçı bu mövsümdə Türkiyənin tanınmış FOX televiziyasında yayımlanan "Sen iste yeter” verilişində qonaq qismində iştirak etdi. Türkiyədə də kifayət qədər tamaşaçısı olan ifaçının yenilikləri bununla bitmədi. O, oktyabrın 4-də İstanbulda verəcəyi konsert proqramına hazırlaşır. Hazırda başı konsertin proqramına qarışan ifaçı "Kaspi”nin suallarını cavablandırdı.Türkiyənin tanınmış sənətkarlarından olan Oktay Kaynarca ilə görüşən Çinarə onunla görüş səbəbinə də aydınlıq gətirdi.

- Çinarə xanım, yeni mövsümdə sizi xoş gördük.
- Çox sağ olun. Təşəkkür edirəm. Hər kəsə yeni mövsümdə uğurlar arzu edirəm. Mətbuat nümayəndələrinə də məxsusi olaraq. "Kaspi” qəzetinin yaradıcı heyəti fəaliyyətimi diqqətdə saxladığı üçün onlara da minnətdarlığımı bildirirəm.

- Türkiyədə tanınmış verilişlərin birində iştirak etmənizi sosial şəbəkə vasitəsilə gördük. İstərdik, bu barədə bizə ətraflı məlumat verəsiniz.
- Bizi FOX televiziyasında kifayət qədər reytinq sahibi olan verilişə dəvət etdilər. Dostum, menecerim Ərtoğrulla məsləhətləşdim və bu verilişdə iştirak etməyə razılıq verdik. Düşündük ki, qonşu ölkədə yayımlanan verilişdə iştirak etməyimizdə pis heç nə ola bilməz. Əksinə, bizim üçün çox xoş olar. Öncədən onu qeyd edim ki, televiziyanın təşkilati işləri yüksək səviyyədə idi. Bizi çox gözəl qarşıladılar və yola saldılar. Onlardan çox razı qaldıq. Verilişdə çıxışımızı etdik və geri döndük (gülür).

- Bu verilişə təklif kimin tərəfindən gəldi?
- Təklif FOX televiziyası "Sen iste yeter” verilişinin prodüseri tərəfindən gəldi. Bütün məsrəfli məsələləri onlar həll etdilər. Biz o verilişə çıxmaq üçün bir qəpik də olsun pul verməmişik. Hətta onlar bizi mühafizə ilə təmin etdilər. Digər xərcləri də öz öhdələrinə götürdülər.
- Türkiyədə verəcəyiniz konsertin bu verilişlə hər hansı bir əlaqəsi varmı?
- Türkiyədə baş tutacaq konsertimin bununla heç bir əlaqəsi yoxdur. Bu tamam ayrı bir layihədir. İstanbula gedəndə Ərtoğrul axşam gəlib dedi ki, bizim konsertimiz olacaq. Əslində mən buna inanmadım. Sən demə, Türkiyəyə gələndə o artıq danışıqları aparıbmış. Ərtoğrul işlərimi özü dizayn edir deyə o, məndən xəbərsiz qərarlar vermək iqtidarındadır. Ona görə məndən xəbərsiz konserti danışıb. Bu, mənim üçün də sürpriz oldu. O, mənə konsertin bütün təfərrüatlarını izah etdi və mən də konsertin keçirilməsinə razılıq verdim. Ondan sonra afişalar hazırlanmağa başlandı. Hazırda konsertin məşqləri gedir. Türkiyədə konsert verməyin təbii ki, öz çətinliyi var.
- Bu, sizin ilk konsertinizdir?
- Bəli. Konsertimiz İstanbulda, Avcılar Antik səhnəsində baş tutacaq. Bu konsert 100 nəfərin qarşısında çıxış deyil. Düzdür, 2000 nəfərlik zal da deyil. Ancaq istənilən halda, ölçüsünə görə böyük zala və akustik səs imkanlarına malikdir. Güman edirik ki, hər şey yaxşı olacaq. Qismətdə nə varsa o da olsun.Məlumat üçün bildirim ki, biletləri afişalarda olan nömrələrdən almaq mümkündür. Konsertimizdə bütün Türkiyədə yaşayan tamaşaçılarımızı görmək istəyərəm.

- Başqa ölkədə konsert vermək heç də asan məsələ deyil.
- Əlbəttə asan deyil. Əgər konsert verirsənsə, orada musiqiçilərdən tutmuş, ən xırda texniki məsələlərin həllinə qədər hər şey önəm kəsb edir. Hələ ki işlərimiz yaxşı gedir, məşq prosesləri ilə məşğuluq. Konsertdən sonra nələrin baş verəcəyini biləcəyik. Musiqiçilər Türkiyədən təyin olunub. Konsertdə istifadə olunacaq geyimləri Azərbaycandan aparacağıq. Digər texniki məsələlər isə İstanbulda həll olunacaq. Türkiyədəki konsert proqramı ilə məşğul olanlar bunu həll edəcəklər.
- Maraqlıdır, nə üçün ilk konsertinizi Türkiyədə vermək qərarına gəldiniz?
- Əslində bu konsertin baş tutma səbəbləri məndən asılı olmadı. Biz ifaçıyıq. İfaçı üçün haradan sərfəli təklif gəlirsə və bu təklif onun şəraitinə uyğun olursa, təbii ki, razılıq verir. Düşündük ki, niyə də ilk konsertimiz Türkiyədə olmasın? Təbii ki, öz ölkəmdə böyük bir konsert proqramı ilə çıxış etmək mənim qarşıdakı məqsədlərimdən biridir. Ancaq qismət belə imiş. Allahın izni ilə gələcəkdə ölkəmdə də konsert verəcəyəm.

- Konsertdən gözləntiləriniz nələrdir?
- Konsertdən gözləntilərimiz böyük kütlənin iştirakı və bundan sonra daha böyük konsertlərdir. Amma özümüzü hər şeyə hazırlamışıq. Bütün bunlar olmaya da bilər. Əsas odur ki, biz pozitiv insanlarıq, həyatımızda baş verən hər şey yaxşılığa doğrudur.

- Adətən xaricdə konsert deyəndə bizim müğənnilər ya toya gedir, ya da kiçik klublarda oxuyurlar. Daha sonra müsahibələr verməyə başlayırlar ki, mənim xaricdə möhtəşəm konsertim oldu.
- Bizim konsertimiz nə toydur, nə də ki mini proqram. Konsertimizin baş tutacağı Antik səhnədə bir çox türk müğənniləri çıxış edib. Ərtoğrul araşdırıb. O səhnədə bir çox tanınmış türk müğənniləri konsertlər veriblər. Bizim də ilk konsertimiz olduğuna görə, daha böyük ölçülü səhnələrə getmədik.

- Türkiyənin tanınmış sənətkarı Oktay Kaynarca ilə görüşmüsünüz. Bu konsert öncədən planlaşdırılmışdımı?
- Oktay Kaynarca mənim "Vurulmuşam bir yara” mahnımı öz sosial şəbəkə hesabında paylaşmışdı. Paylaşım böyük əks-səda doğurdu. Menecerim hörmət əlaməti olaraq paylaşıma görə öz təşəkkürünü bildirmişdi. Mən də "İnstagram” hesabımdan ona təşəkkürümü bildirdim. Oktay bəy İstanbula gələndə bizimlə görüşmək istədiyini yazmışdı. Bunun üçün Ərtoğrula əlaqə nömrəsi vermişdi. Onunla görüşmək təbii ki, bizim üçün sevindirici haldır. Mən onu bir aktyor, sənətkar kimi çox bəyənirəm. Çox sadə insandır, səmimi və komplekssizdir. Verilişdən qabaq danışıqlar apardıq. Biz onunla görüşəndə o, baş rola çəkildiyi "Eşkiya dünyaya hökmdar olmaz” serialının çəkilişində idi. Ancaq buna baxmayaraq, bizə zaman ayırdı. Bizi çox yaxşı qarşıladı. Hətta onunla bir neçə məsələni də müzakirə etdik. İnşallah, o layihələrimiz də baş tutar. Layihələrimiz barədə öncədən danışmaq istəmirəm. Fürsətdən istifadə edib, Oktay bəyə də buradan minnətdarlığımı bildirirəm.

- Bundan sonra Türkiyə şou-biznesinə qatılmağı düşünürsünüzmü?
- Türkiyə şou-biznesinə qatılmaq deyəndə ki, ümumiyyətlə heç bir şou-biznesə qatılmaq fikrində deyilik. Şou-biznes deyilən şey qalmaqallar, atmacalarla doludur. Biz kimlərləsə qalmaqala getmək, münasibətlərin pisləşməsi kimi şeylərdən uzağıq. Nəinki Türkiyə şou-biznesi, Azərbaycan şou-biznesinin dərinliklərinə girmək kimi məqsədimiz yoxdur. Normal həyatla, öz işimizlə məşğul olmaq, yaxşı mahnılar oxumaq, Türkiyə mətbuatında, mediasında, televiziyasında, türk müğənnilərinin arasında olmaq, əlbəttə, bizim üçün xoş olardı. Nəinki Türkiyə, bütün dünyada tanınmağa çalışacağam. Çox istəyirəm ki, beynəlxalq arenada Azərbaycanın səsi olaraq tanınım. Təbii ki, bunun dadı ayrıdır. Misal üçün, ustadımız, xalq artistimiz Alim Qasımov Azərbaycanı muğamı ilə dünyaya tanıtdı. Onun öz ifası, üslub tərzi var. Biz də istəyərik ki, əlimizdən gəldiyi qədər səsimizlə, işlərimizlə ölkəmizi dünyada tanıdaq. Bir ifaçı üçün bundan gözəl nə ola bilər ki?

Xəyalə Rəis










banner

Oxşar Xəbərlər