• cümə, 29 Mart, 17:29
  • Baku Bakı 14°C

Beynəlxalq analitik mərkəzlər tərəfindən yüksək qiymətləndirilən iqtisadi durum

28.01.19 19:34 808
Beynəlxalq analitik mərkəzlər tərəfindən yüksək qiymətləndirilən iqtisadi durum
Azərbaycan Amerikanın tanınmış "The Heritage Foundation" analitik mərkəzinin tərtib etdiyi 2019-cu il üzrə İqtisadi Azadlıq İndeksində 7 pillə irəliləyərək mövqeyini xeyli yaxşılaşdırıb. Trend-in məlumatına görə, yeni tərtib olunmuş indeksdə Azərbaycan 65,4 bal toplamaqla (il üzrə 1.1 bal daha yaxşı) 180 ölkə arasında 60-cı yeri tutub. İndeksdə bildirilir ki, Azərbaycan "əmlak hüququ", "investisiya azadlığı", "dövlət xərcləri", "məhkəmə sisteminin effektivliyi" və "hökumət bütövlüyü" kimi kateqoriyalar üzrə mövqelərini yaxşılaşdırıb. Qeyd edək ki, Qazaxıstan reytinqin 59-cu pilləsində, Türkiyə 69-cu, Qırğızıstan 79-cu, Rusiya 98-ci, Belarus 104-cü, Tacikistan 122-ci, Özbəkistan 140-cı, Ukrayna 147-ci, Türkmənistan isə 164-cü pilləsində qərarlaşıb.
Son illər ərzində Azərbaycan bu və ya digər aparıcı beynəlxalq qurumların hesabatında öz iqtisadi göstəricilərinə görə əhəmiyyətli dərəcədə irəliləyiş əldə edir. Ölkəmizin əldə etdiyi uğurların əsasında hansı amil dayanır? Ümumiyyətlə, bu tendensiya gələcəkdə də davam edə bilərmi?
"Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin rəhbəri Fikrət Yusifov söylədi ki, əldə olunan uğurların əsasında iqtisadi islahatlar və bu islahatların sistemli şəkildə bir neçə il ərzində davam etməsi faktı dayanır: "Görülən işlər bütün dünyanın gözü qarşısındadır. Bundan öncə də bir neçə nüfuzlu beynəlxalq maliyyə qurumları, reytinq agentlikləri Azərbaycanı islahatlar kontekstində daha öncül yerlərə layiq görüb. Keçən ilinin sonlarında Azərbaycan Dünya Bankının hesabatında 25-ci yerə layiq görülüb. Hesab edirəm ki, bu, ölkəmiz üçün çox böyük irəliləyiş deməkdir. Azərbaycanda aparılan islahatlar beynəlxalq təşkilatların gözü qarşısında həyata keçirilir. Bu mənada, göstəricilər ölkəmiz haqqında müsbət imic formalaşdırır. Belə bir imicin formalaşması isə bizim üçün böyük əhəmiyyət daşıyır. Çünki xarici investorlar beynəlxalq qurumların məlumatları ilə daima maraqlanır. Siyahıda irəlidə olan və qısa müddət ərzində bir neçə pillə irəliləyə bilən ölkələr investorların əsas seçimləri arasında olur. Hesab edirəm ki, Azərbaycan yaxın gələcəkdə daha da irəliyə gedərək öz layiq olduğu yerləri əldə edəcək. Bu ilin əvvəlindən başlayan struktur islahatları kontekstindən yanaşsaq, deyə bilərəm ki, biz yaxın vaxtlarda bu hesabatlarda daha da irəliyə gedə bilərik. Bizim əsas hədəflərimiz arasında bu məqam xüsusi əhəmiyyət daşıyır. Düşünürəm ki, aparılan islahatlar bu nəticələri əldə edəcəyimizə heç bir şübhə yeri qoymur”.
İqtisadçı-eskpert Pərviz Heydərov bizimlə söhbətində bildirdi ki, əldə olunan uğurlar görülən işlərin nəticəsi kimi qiymətləndirilə bilər: "Bu göstəricilərin əldə olunmasının təməlində Azərbaycanın son illər ərzində iqtisadi sahədə əldə etdiyi bir sıra nailiyyətlər dayanır. Bildiyiniz kimi, Azərbaycan bir sıra beynəlxalq qurumlar və reytinq agentlikləri tərəfindən verilən son açıqlamalara əsasən, yüksək pillələrə layiq görülüb. Ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar, qeyri-neft sektorunun inkişafı ilə bağlı görülən işlər makroiqtisadi sabitliyin dayanıqlılığını təmin edilməsi baxımından mühüm rol oynayır. Görülən işlər təbii ki, artıq öz bəhrəsini verməkdədir Belə ki, qurumların haqqımızda verdiyi müsbət nəticələr də məhz bunun nəticəsi kimi qəbul edilməlidir. Azərbaycanın reytinq pillələrində irəliləməsi heç də təsadüfi deyil. Bu, birbaşa olaraq aparılan struktur islahatlarının göstəricisi kimi qiymətləndirilməlidir. Həqiqətən də, neftin qiyməti aşağı düşəndən sonra ölkədə aparılan islahatlar nəticəsində iqtisadi böhranın nəticələri minimuma endirildi. Makroiqtisadi sabitliyin təmin edilməsi baxımından bu, çox vacibdir. Ötən ilin göstəricilərinə əsasən deyə bilərik ki, iqtisadi artım əldə olundu. Bu dayanıqlılığın gələcəkdə də təmin edilməsi üçün müxtəlif işlər görülür. İqtisadi inkişaf dinamikasına baxsaq, biz bunu açıq-aydın görə bilərik. Bu mənada qeyd etmək lazımdır ki, 2018-ci ildə ölkənin ixrac həcmində qeyri-neft məhsulları və xammal əhəmiyyətli dərəcədə artdı. Məhz bu fakt bizim statistik göstəricilərdə xeyli irəliləməyimizə təsir etdi. Bütün bunlar hökumətin həyata keçirdiyi iqtisadi siyasətin nə dərəcədə uğurlu olmasından xəbər verir. Təbii ki, görülən işlər müvafiq qurumlar tərəfindən qiymətləndirilir. Ona görə də, ardıcıl olaraq bu və ya digər analitik iqtisadi mərkəzlər tərəfindən Azərbaycanın iqtisadi durumu yüksək qiymətləndirilir”.
Şəbnəm Mehdizadə




banner

Oxşar Xəbərlər