• cümə axşamı, 28 mart, 13:25
  • Baku Bakı 16°C

Beynəlxalq agentliyin Azərbaycan iqtisadiyyatı ilə bağlı nikbinliyi

26.07.19 19:25 12712
Beynəlxalq agentliyin Azərbaycan iqtisadiyyatı ilə bağlı nikbinliyi
"Moody’s” Beynəlxalq Reytinq Agentliyi Azərbaycan bank sisteminə dair proqnozunu "sabit”dən "müsbət”ədək artırıb. Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindənAZƏRTAC-a bildirilib ki, proqnozda yaxın 12-18 ay ərzində bankların kredit qabiliyyətinin necə dəyişəcəyi barədə proqnozlar əks olunur. "İqtisadi artımın davam etməsi, dövlət tərəfindən ev təsərrüfatlarına göstərilən misilsiz dəstək bank sisteminə müsbət proqnoz verilməsini şərtləndirən başlıca amillərdir. Dünyada enerji daşıyıcılarının əlverişli qiymətləri, ixracın artması, iqtisadiyyatda qeyri-neft sektorlarının payının böyüməsi nəzərə alınmaqla 2019-2020-ci illərdə iqtisadi artım sürətinin 3 faizədək artmasını gözləyirik. Hökumətin həyata keçirdiyi islahatlar da ölkədəki iqtisadi artıma müsbət təsir göstərməlidir”, – deyə "Moody’s”in analitikləri bildiriblər. Ekspertlər göstərilən proqnozda bankların balansını tarazlaşdırmaq, dövlətin ev təsərrüfatlarına dəstəyi sayəsində bank aktivlərinin daha da keyfiyyətli hala gələcəyini, habelə problemli kreditlərin payının 2020-ci ilin sonunadək 10 faizdən aşağıya enməsini güman etdiklərini qeyd ediblər.
"İlkin ssenarimizə görə, bankların mənfəətinin artması və mövcud risklər nəzərə alınmaqla ölçülən aktivlərinin çoxalması sayəsində bütövlükdə bank sistemində kapital yetərliliyi göstəriciləri sabit qalacaq”, – deyə məlumatda bildirilir. Hesabatda dollarlı depozitlərin payı davamlı azalsa da, MDB ölkələri arasında ən yüksək səviyyədə qaldığı, bütövlükdə, bank sistemi üzrə dollarlı passivlərin azalması, həmçinin dövlətin dəstəyi sayəsində manatlı likvidliyin yaxşılaşdığı diqqətə çatdırılır. Həmçinin, pul-kredit və büdcə-vergi mühiti yaxşılaşdıqca, hökumətin ayrı-ayrı banklara yox, bütövlükdə bank sektoruna yardım etdiyi də bildirilir.
Maraqlıdır, beynəlxalq agentliyin Azərbaycan iqtisadiyyatı ilə bağlı verdiyi proqnoz nə qədər realdır?
İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, adıçəkilən reytinq agentliyi davamlı olaraq iqtisadi göstəricilər haqqında proqnozlar açıqlayır və əksər hallarda bu proqnozlar mövcud şərtlərin qiymətləndirilməsi əsasında açıqlanır: "Eyni zamanda, bu göstəricilər mütəmadi olaraq yenilənir. Sözügedən agentliyin, adətən, rüblük olaraq açıqladığı statistikalarda müəyyən dəyişikliklər ola bilir. Hazırkı şəraiti qiymətləndirsək, demək olar ki, bu proqnozların ciddi əsaslarının olduğunu söyləmək olar. 2019-cu ilin birinci yarım ilində iqtisadi artım tempi 3 faiz ətrafında olub. Növbəti dövrlərdə də bu tempin qorunub-saxlanacağı gözlənilir. İqtisadi artım prosesinə təsir edən bir neçə faktor var. İlk növbədə əsas səbəb kimi neft sektorunda ümumdaxili məhsulun artımını qeyd etmək lazımdır. Xüsusilə ötən ilin müvafiq dövrü ilə müqayisədə qaz hasilatında 35 faizdən çox artım qeyd olunub. Bu da neft sektorunda dörd faiz ətrafında ÜDM-in artımını şərtləndirir. Bundan başqa, dövlət büdcəsi ötən illə müqayisədə daha yüksəkdir. Bu isə son nəticədə məcmu tələbin artımına gətirib çıxarır. Məcmu tələbi ÜDM-in təxminən 65 faizi formalaşdırır. Yəni bu istiqamətdə artım ÜDM-in həcminə öz təsirini göstərir. Eyni zamanda, qeyri-neft iqtisadiyyatının inkişafına hədəflənən müəyyən dövlət proqramlarının həyata keçirilməsi, strateji yol xəritələrinin öhdəliklərinə uyğun olaraq tədbirlərin görülməsi bu artıma öz təsirini göstərir. Bank sektoruna gəlincə isə böyük ehtimalla, sözügedən agentlik son dövrlərdə bu sahədə atılan addımlara diqqət yetirir. Problemli kreditlərin həlli ilə bağlı qəbul edilən qərar bank sektorunda toksik aktivlərin əhəmiyyətli səviyyədə azalmasını və likvidliyin artmasını şərtləndirib. Həmçinin, növbəti dövrlərdə kredit portfelinin artması və iqtisadiyyatın dəstəklənməsi yolu ilə bu vəsaitlərin iqtisadiyyata transferi gözlənilir. Amma istənilən halda Azərbaycan iqtisadiyyatında əsas təsiredici qüvvənin neft amili olduğunu nəzərə almaq lazımdır. Neftin qiymətindəki gözlənilməz azalmalar müəyyən risklər formalaşdıra bilər. Bütövlükdə götürdükdə, proqnozlar indiki halda reallığı əks etdirsə də, risklər nəzərə alınmalıdır”.

İqtisadçı-ekspert Pərviz Heydərov vurğuladı ki, neftin dünya bazarındakı qiyməti aşağı düşdükdən sonra bank sektorunda müəyyən problemlər yarandı: "Manatın iki dəfə devalvasiyası isə bu problemləri daha kəskin şəkildə büruzə verdi. Bank sektoru demək olar ki, iflic vəziyyətinə düşmüşdü. Hökumət bütün itkiləri öz üzərinə götürdü. Həmin ərəfədə ondan çox bank fəaliyyətini dayandırdı. Əgər hökumət vaxtında addım atmasaydı, bu proses bir qədər də dərinləşə bilərdi. Bank sektorunda ən böyük problemlərdən biri də kreditlər məsələsi idi. Bu problem bank sektorunun dirçəlməsinə və böhrandan çıxmasına imkan vermirdi. Hökumət bu məsələdə də öz ağırlığını ortaya qoydu. Bu ilin əvvəlində dövlət başçısının təşəbbüsü ilə məsələ öz həllini tapdı. 2016-cı ilin sonlarından başlayaraq iqtisadiyyatda stabillik əldə olundu. 2018-ci ildə isə iqtisadi aktivlik müşahidə olunmağa başladı. Görülən işlər bank sektorunu iflic vəziyyətdən xilas etdi. Düzdür, bu sahədə hələ də müəyyən problemlər var, bank sektoru iqtisadiyyatın inkişafı üçün bütün tələblərə tam cavab vermir. Amma görülən işlər nəticəsində beynəlxalq reytinq agentliklərinin Azərbaycan haqqında verdiyi rəylər müsbətə doğru dəyişməyə başladı. Hal-hazırda ölkə iqtisadiyyatında iqtisadi aktivlik müşahidə olunmaqdadır. Xüsusilə, cari ilin 6 ayı ərzində 3 faizdən çox ümumdaxili məhsul istehsalı qeydə alınıb. Bu artımın cari ilin sonunadək bir qədər də yüksələcəyini proqnozlaşdırmaq olar. Bu da növbəti illər üçün daha nikbin proqnozlar irəli sürmək üçün zəmin yaradır. Gələn ildən Azərbaycan Avropaya qaz ixrac edəcək. Bununla da böyük miqdarda gəlir əldə etmiş olacağıq. Bu məqam ÜDM-in həcmini daha da artıracaq. Həmçinin, qeyri-neft sektoru ilə bağlı hökumətin həyata keçirdiyi tədbirlər davam etdirilir. İxrac potensialının genişləndirilməsi üçün müxtəlif işlər görülür. Bu isə özünü ilbəil müsbət nəticələrlə göstərir. Bütövlükdə götürsək, beynəlxalq qurumların ölkə iqtisadiyyatının inkişafı ilə bağlı söylədikləri rəqəmlər özünü doğrultmaq iqtidarındadır”.
Şəbnəm


banner

Oxşar Xəbərlər