• çərşənbə axşamı, 23 aprel, 20:57
  • Baku Bakı 20°C

Beynəlxalq agentliklər Azərbaycanda sosial və siyasi sabitlik proqnozlaşdırırlar

31.07.18 17:51 624
Beynəlxalq agentliklər Azərbaycanda sosial və siyasi sabitlik proqnozlaşdırırlar
Azərbaycan MDB üzrə əməkhaqqının səviyyəsinə görə ilk beşlikdədir. Rusiyanın Milli Araşdırma Universitetinin Sosial Siyasət Tədqiqatları İnstitutu MDB ölkələri arasında əməkhaqqı reytinqini açıqlayıb. Reytinqin nəticələrinə əsasən, 2017-ci ildə əməkhaqqı səviyyəsi Tacikistanda 137 dollar, Qırğızıstanda 216,3 dollar olub. Bu, MDB və keçmiş sovet ölkələri arasında orta aylıq əməkhaqqı səviyyəsinə görə, ən aşağı göstəricidir.
Əməkhaqqının ən yüksək olduğu ölkə isə Rusiyadır. Burada orta aylıq əməkhaqqı 670,9 dollar təşkil edir. İkinci yerdə 459,1 dollarla Qazaxıstan, üçüncü yerdə 421,9 dollarla Belarus, 4-cü yerdə 306,7 dollarla Azərbaycan, 5-ci yerdə 308,4 dollar əməkhaqqı ilə Moldova, 6-cı yerdə isə 272,9 dollarla Ukrayna qərarlaşıb. Bu ərəfədə "Standard & Poor’s" reytinq agentliyi də Azərbaycan iqtisadiyyatında 2021-ci ilə qədər 3 faiz artım proqnozu verib. Agentlik Azərbaycan iqtisadiyyatının 2018-ci ildən 2021-ci ilə qədər olan dövr ərzində orta hesabla 3 faiz artacağını bildirib. "Standard & Poor’s" Azərbaycanın uzunmüddətli və qısamüddətli suveren kredit reytinqini yerli və xarici valyutalarda "VV+/V" səviyyəsində təsdiq edib. Reytinqlər üzrə proqnoz müsbət qeyd edilib. Agentlik həmçinin hesabatında qeyd edib ki, Azərbaycan qazının Türkiyə və Avropaya tədarükünü nəzərdə tutan "Şah Dəniz” qaz kondensat yatağının hazırlamasının ikinci mərhələsi iyulun əvvəlində tamamlanıb ki, bu da öncədən planlaşdırılmış qrafikə uyğun olub. Hesabatda qeyd edilir ki, növbəti 4 ildə qaz ixracının tədricən artması gözlənilir.
Eyni zamanda, Azərbaycanda sosial və siyasi sabitliyin davam edəcəyi də proqnozlaşdırıb. Bu proqnoz "Fitch Ratings" Beynəlxalq Reytinq Agentliyi tərəfindən təqdim edilib. "Fitch Ratings" Beynəlxalq Reytinq Agentliyi xarici valyutada emitentin defoltunun uzunmüddətli reytinqini sabit proqnozlu "BB+” səviyyəsində təsdiq edib. Agentlik proqnozlaşdırır ki, Azərbaycan iqtisadiyyatı bu il 2 faiz artacaq. Agentliyin rəyinə görə, bu, neftin yüksək qiymətləri, qaz hasilatı, eləcə də kənd təsərrüfatı və turizmin inkişafı hesabına olacaq. Agentliyin analitiklərinin məlumatına görə, Azərbaycanda makroiqtisadi sabitlik inflyasiyanın 3,2 faizə düşməsi fonunda yüksəlir. Bunun səbəblərindən biri kimi, Agentlik manatın sabit məzənnəsini qeyd edib.
Həmçinin, bank sektorunda dollarlaşma səviyyəsinin azaldığı qeyd edilir. Depozitlər üzrə dollarlaşmanın səviyyəsi 67 faizdən 63 faizə, kreditlər üzrə isə 41 faizdən 39 faizə düşüb. Hesabatda qeyd edilir ki, neftin yüksək qiymətləri, "Cənub Qaz Dəhlizi” layihəsinin reallaşması və "Şah Dəniz” qaz-kondensat yatağının hazırlanmasının ikinci mərhələsi çərçivəsində hasil edilən karbohidrogen ehtiyatlarının ixracatının artmasına təkan verəcək. Daxili balansın profisitinin artımı Dövlət Neft Fondunun aktivlərinin və beynəlxalq rezervlərin həcmini bərpa etməyə kömək edəcək. Proqnozlara görə, 2018-ci ildə "Brent Crude" neftinin 1 barelinin qiyməti 70 dollar, 2019-cu ildə 65 dollar, 2020-ci ildə isə 57,5 dollar olacaq.
İqtisadçı-alim Vüqar Bayramov hesab edir ki, ilk beşliyə daxil olmaq müsbət hal kimi qiymətləndirilməlidir. O, SİA-ya açıqlamasında bəzi məqamları qeyd edib: "Azərbaycan MDB üzrə əməkhaqqının səviyyəsinə görə, ilk beşlikdə qərarlaşıb. Azərbaycan üçün xüsusən 2015-ci ildə devalvasiyadan sonra yenidən MDB-də əməkhaqqı, həm də digər göstəricilər üzrə öz mövqeyini yaxşılaşdırması çox vacib idi”. İqtisadçının sözlərinə görə, 2017-ci il Azərbaycan iqtisadiyyatında strateji il oldu. 2018-ci ildə Azərbaycan yenidən sürətli artım tempini bərpa etdi: "2018-ci ilin birinci yarım ilinin nəticələri ondan xəbər verdi ki, həm ümumi daxili məhsulda (ÜDM), həm də makroiqtisadi göstəricilərdə artım tempinə nail olunub. Nəticə etibarilə bu tempin də sosial sferaya, eləcə də əməkhaqqına transformasiyası müşahidə olunur. Təbii ki, ölkəmizin MDB-də ilk beşliyə daxil olması müsbət haldır. Xüsusilə nəzərə almaq lazımdır ki, növbəti illərdə Azərbaycanın yerinin daha da yaxşılaşacağı görünür. Çünki iqtisadiyyatın stabilləşməsi və bütün beynəlxalq maliyyə qurumları tərəfindən də 2018-ci il daxil olmaqla, növbəti illərdə iqtisadi artımın proqnozlaşdırılması orta aylıq əməkhaqqı tempinə də təsir göstərəcək. Bu, həm dövlət, həm də özəl sektorda özün büruzə verəcək. Təbii ki, bu da ölkəmizin növbəti illərdə yerinin daha da yaxşılaşmasına səbəb olacaq. MDB-də əməkhaqqının səviyyəsinə görə ilk beşliyə daxil olmaq müsbət hal kimi qiymətləndirilməlidir”.
Maliyyə bazarları üzrə ekspert Cəfər İbrahimli "Kaspi”yə açıqlamasında bildirdi ki, əslində, Azərbaycanda valyutanın sabitləşməsi və inflyasiya səviyyəsinin aşağı düşməsi ilə bağlı proqnozlar ötən ilin sonlarında qeyd olunurdu. Beynəlxalq təşkilatlar bu məlumatları bir qədər gecikmiş formada təqdim edirlər. Bu proqnozlar Azərbaycanın reytinqlərdə bir pillə irəliləyəcəyinə dair ehtimalları artırır. Bütün hallarda, beynəlxalq agentliklərin Azərbaycan haqqında müsbət rəyləri bizim üçün çox önəmlidir. Çünki onların verdikləri rəylər investorlar tərəfindən diqqətlə izlənir. Müsbət proqnozlar ölkəmizə daha çox investisiya axınının cəlbinə kömək edir. Bu mənada, Azərbaycan iqtisadiyyatı əksər qurumlar tərəfindən müsbət yöndə proqnoz edilir. Bu da ölkə iqtisadiyyatının gələcəyi üçün mühüm məsələdir”.
Şəbnəm Mehdizadə









banner

Oxşar Xəbərlər