• cümə axşamı, 28 mart, 17:28
  • Baku Bakı 16°C

Beynəlxalq Aeroportun yeni aerovağzal kompleksi açıldı

23.04.14 15:35 1249
Beynəlxalq Aeroportun yeni aerovağzal kompleksi açıldı
Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksinin açılışı olub. Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri açılış mərasimində iştirak ediblər.
Prezident İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksinin rəmzi açılışını bildirən lenti kəsib.
“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verib. Bildirilib ki, Azərbaycanın hava nəqliyyatının modernləşdirilməsinə xüsusi diqqət göstərilir. Nəhəng aviaşirkətlərdən birinə çevrilmiş AZAL həm regionda, həm də MDB məkanında yeni avialaynerlərin sayına görə liderlərdən biridir. Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni aerovağzal kompleksinin istifadəyə verilməsi bu hava limanının strateji əhəmiyyətini daha da artırır.
Prezident İlham Əliyev mərasimdə çıxış edib.
C. Əsgərov respublikanın hava nəqliyyatının modernləşdirilməsinə göstərdiyi diqqətə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib və yeni aerovağzal kompleksinin ilk rəmzi sərnişin biletlərini dövlət başçısına və xanımına təqdim edib.
Sonra kompleksin tikinti işləri üzrə baş əlaqələndiricisi Martin Burns və Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının direktor müavini Hacıağa Əliyev çıxış ediblər.
Prezident İlham Əliyev yeni aerovağzal kompleksi ilə yaxından tanış olub.
Ümumilikdə Heydər Əliyev Beynəlxalq Aeroportundakı yeni aerovağzal binasında hava gəmilərinin qəbulu, yerüstü xidməti üçün bütün lazımi infrastruktur mövcuddur.
Qeyd olunub ki, bəzi beynəlxalq təşkilatlar tərəfindən ölkəmizdə aviasiya təhlükəsizliyi sahəsində aparılan audit nəticəsində Azərbaycana “1-ci dərəcə” statusu verilib. Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportundan dünyanın 15 dövlətinin 33 hava limanına uçuşlar həyata keçirilir. Uzaq məsafələrə, o cümlədən ABŞ-a birbaşa uçuşların təşkili istiqamətində aparılan işlər yekunlaşmaq üzrədir. Respublika daxilində isə Naxçıvan, Gəncə, Qəbələ şəhərlərinə müntəzəm, Zaqatala və Lənkəran şəhərlərinə isə çarter reysləri yerinə yetirilir. 2013-cü ildə Heydər Əliyev Beynəlxalq Aeroportundan təyinat məntəqələrinə və geriyə 2 milyon 857 min sərnişin daşınıb. Bu göstəricilər son illərdə ölkəmizin hava nəqliyyatının modernləşdirilməsinin və təyyarə parkının müasir, yeni təyyarələrlə daha da zənginləşməsi sayəsində əldə olunub. Yeni aerovağzal kompleksinin meydanında 750 avtomobil yerlik dayanacaq və ona birləşən yollar da tikilmiş, ətrafda geniş yaşıllaşdırma işləri aparılıb.
Dövlətimizin başçısı görülən işlərdən razılığını bildirib, müvafiq tapşırıq və tövsiyələrini verib.
Sonda xatirə şəkli çəkdirilib.
Bu gün Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Çexiyaya səfər ediblər. Bu barədə “AzərTAc” Dövlət Agentliyi xəbər yayıb. Dövlət başçısı və xanımı Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksinin ilk sərnişinləri kimi Praqaya yola düşüblər.
banner

Oxşar Xəbərlər