• cümə, 19 Aprel, 18:32
  • Baku Bakı 24°C

Beyləqan rayonunda işgüzar forum keçirilib

15.05.15 14:28 1059
Beyləqan rayonunda işgüzar forum keçirilib
Bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Beyləqan rayonunun Birinci Aşıqlı kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib. İşgüzar forumun keçirilməsində əsas məqsəd sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatların verilməsi, Beyləqanda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsi olub. 90-a yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Beyləqan rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış “yaşıl market”in, 50 başlıq südlük istiqamətli müasir ailə fermer, intensiv bağçılıq və tərəvəzçilik təsərrüfatlarının, ət kəsimi, pendir istehsalı, meyvəqurutma, dondurma və şirniyyat məhsullarının istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2015-ci ilin ötən dövrü ərzində 2100-ə yaxın sahibkara 73,8 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 5100-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilib ki, ümumilikdə, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 10345 investisiya layihəsinin maliyyələşdirilməsinə 423,4 milyon manat güzəştli kredit verilib. Digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, quşçuluq fabriklərinin, cins iri buynuzlu heyvandarlıq komplekslərinin, çörək zavodlarının, meyvə-tərəvəz, ət, süd emalı, quru meyvə, tikinti materiallarının istehsalı müəssisələrinin, iri fermer, üzümçülük təsərrüfatlarının yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 34700-ə yaxın yeni iş yerinin açılması imkanı yaradılıb.
İşgüzar forum çərçivəsində Beyləqan və ətraf rayonlardan olan 92 sahibkara 2,8 milyon manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, quşçuluq və s. sahələrin inkişafına yönəldiləcəkdir. Bu kreditlərin reallaşdırılması hesabına 150-dən çox yeni iş yerinin açılması mümkün olacaq.
Forum çərçivəsində Beyləqanda güzəştli kredit ayrılmış və 4000 ha ərazidə yaradılmış iri fermer təsərrüfatlarına baxış keçirilib. Ümumilikdə, əhalinin ərzaq təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədilə 15 sahibkarlıq subyekti tərəfindən respublikanın 12 rayonunda - Ağcabədi, Beyləqan, Kürdəmir, Ağsu, İmişli, Hacıqabul, Cəlilabad, Salyan, Xaçmaz, Füzuli, Saatlı, Şamaxıda 30 min hektaradək 19 iri fermer təsərrüfatının yaradılmasına 51,8 milyon manat dövlətin güzəştli kreditləri verilib.
Kaspi.az
banner

Oxşar Xəbərlər