• cümə, 19 Aprel, 05:30
  • Baku Bakı 18°C

Bəyanatla həll olunmayan münaqişə

03.02.20 18:27 1125
Bəyanatla həll olunmayan münaqişə
Politoloqların fikrincə, 2020-ci il Dağlıq Qarabağ münaqişənin həll edilməsi üçün Ermənistana veriləcək sonuncu il olmalıdır

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yanvarın 28-30-u tarixlərində ATƏT Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib. Görüşün sonunda həmsədrlər və münaqişə tərəflərinin birgə bəyanatı ictimaiyyətə açıqlanıb. Bəyanatda qeyd edilir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Qarabağ münaqişəsinin həlli üçün mümkün növbəti addımları müzakirə ediblər: "Cenevrədə ATƏT-in Minsk Qrupu həmsədrləri ayrı-ayrılıqda və birgə Ermənistan və Azərbaycan Xarici İşlər nazirləri Zohrab Mnatsakanyan və Elmar Məmmədyarovla görüşüblər. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin nümayəndəsi Anjey Kasprşik də iştirak edib: "Qeyd olunduğu kimi, üç gün davam edən intensiv müzakirələr zamanı həmsədrlər və nazirlər gündəliyin aşağıdakı bəndlərini müzakirə etdilər: 2019-cu ildə müzakirə olunan razılaşma və təkliflərin icrası və əhalini sülhə hazırlamaq üçün mümkün addımlar; gələcək sülhün əsasını təşkil edən prinsip və elementlər; nizamlama prosesinin irəliləməsinin vaxtı və gündəliyi məsələləri.
Həmsədrlər tərəflərə münaqişənin sülh yolu ilə həllində və nizamlama prosesində məxfilik prinsipinin tapılmasında kömək etmək üçün tam sadiqliklərini, habelə ədalətli və davamlı sülhə nail olmaq üçün yaradıcılıq və kompromis ruhunun lazım olduğunu bir daha təsdiq ediblər. Nazirlər yaxın gələcəkdə həmsədrlərin iştirakı ilə görüşməyə razılaşıblar".
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü və bütövlükdə münaqişənin həllinə yönəlik bəyanatla bağlı ekspertlər nə düşünür?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirdi ki, Azərbaycan tərəfi son vaxtlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ciddi şəkildə narahatlığını bəyan edirdi: "O cümlədən rəsmi Bakı tərəfindən status-kvonun bu şəkildə qalması da qeyri-mümkün hesab edilirdi. Məhz bunu görən həmsədr ölkələr ,sanki danışıqlarda irəliləyişlərin ola biləcəyi haqqında imitasiya etməyə başlayırlar. Məsələ ondadır ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin son görüşü 11 saata yaxın davam edib. Lakin önəmlisi odur ki, bu görüşdən bir neçə gün keçibdir və fevral ayı ərzində biz Ermənistan rəhbərliyi tərəfindən addımın atılmasını gözləyirik. Əks halda, bu, vaxt uzatmaqdan başqa bir şey olmayacaq”.
Z.Məmmədov qeyd etdi ki, ATƏT Minsk qrupunun həmsədr ölkələri real olaraq Madrid prinsiplərinə əməl edərək, birinci mərhələdə ətraf rayonların boşaldılması haqqında qəti addımlar atmalıdırlar: "Əks təqdirdə, Azərbaycan Helsinki şurasının qərarlarına və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə və bu qurumun nizamnaməsinin 51-ci maddəsinə istinad edərək öz ərazisini digər yollarla azad edəcək. 2020-ci il münaqişənin sülh yolu ilə həll edilməsi üçün bəlkə də, Ermənistana veriləcək sonuncu il olacaq”.
Politoloq Qabil Hüseynli bildirdi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində erməni tərəfinin mövqeyi, həmsədrlərin bu məsələyə biganə, seyrçi münasibəti və həmsədr dövlətlərinin Ermənistana ciddi təzyiqlər göstərməməsi, xüsusilə BMT-nin bu məsələyə diqqət ayırmaması ikili standartlardan çıxış etməsi anlamına gəlir: "Bununla yanaşı, ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesinə müəyyən dinamizm verən qüvvədir. Yəni tərəfləri görüşdürür, danışıqlarda təkliflər irəli sürür. Təkliflər beynəlxalq hüquq prinsiplərinə uyğun olmasa da, hər halda danışıqlar prosesinin hərəkətdə olduğunu diqqətə gətirir. Ermənistan tərəfi elə bilir ki, danışıqlar prosesini uzatmaqla vaxt udur. Amma Azərbaycana tərəfi buna seyrçi qala bilməz. Ordumuz, nəhayətdə hərəkətə keçib, işğal altında olan torpaqlarımızı azad edəcək. Dünyada da gedən proseslər, xüsusilə, Rusiya-ABŞ gərginliyi və Rusiyanın digər dövlətlərlə olan gərginlikləri bu ölkənin mövqeyini zəiflədir. Rusiyanın mövqeyinin zəifləməsi də Azərbaycanın Ermənistan üzərində qələbəsi deməkdir. Onsuz da gec-tez, Ermənistan işğal etdiyi torpaqları azad etməyə məcbur qalacaq. ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətinə gəlincə isə ümid edirəm ki, həmsədrlərin münaqişənin həlli istiqamətində fəaliyyəti daha kəskin, daha prinsipial olacaq”.
Q.Hüseynlinin sözlərinə görə, baş nazir Nikol Paşinyan nə qədər absurd fikirlər səsləndirsə də, birbaşa təmaslardan imtina edə bilməz: "Paşinyanın sərsəm ifadələri və qərəzli mövqeyi danışıqlar prosesinə ciddi zərbə vurur. İrəvan sülhün tərəfində olmadığını dəfələrlə isbatlayıb. Amma məsələ ondadır ki, düşmən hərbi əməliyyatların başlanmasını da arzulamır. Çünki Ermənistan, müharibənin başlayacağı təqdirdə, fəlakətə düçar olacağının fərqindədir. Paşinyanın qaçacaq yeri yoxdur. Sabiq prezidentlər Serj Sarksiyan və Robert Koçaryan Azərbaycan torpaqlarının işğalında rol oynamış şəxslər kimi bu təhlükəli mirası Paşinyana ötürüb gediblər. Lakin artıq sabiqlər də anlayırlar ki, dövr dəyişib, şərtlər əvvəlki kimi deyil, yeni beynəlxalq anlayış formalaşıb. Pis-yaxşı, proseslərə nəzarət edilir. Müəyyən mənada, işğalçı Ermənistana təzyiqlər də göstərilir. Bütün dövlətlər və nüfuzlu qurumlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Avropa İttifaqının qərarına görə, postsovet məkanındakı bütün münaqişələrə yanaşmalar, ərazi bütövlüyü çərçivəsində olmalıdır. O baxımdan, Paşinyan uzun müddət özünü "dəliqanlı”lığa qoyub, real faktlardan qaça bilməz. Ermənistan hökuməti, əvvəl-axır danışıqlar masasına oturmalı və diktə ediləni qəbul etməlidir. Bunun əksi savaşdır".
Politoloq onu da vurğuladı ki, xarici işlər nazirlərinin görüşlərindən öncə Fransa prezidenti Emmanuel Makron yanvarın 29-da Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib: "Söhbət zamanı ikitərəfli münasibətlərin müxtəlif aspektləri müzakirə edilib, hər iki tərəf əlaqələrin inkişafından məmnun olduqlarını bildirib, iqtisadi sahədə əməkdaşlığın genişləndiyi vurğulanıb. Eyni zamanda, dövlət başçıları Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələləri də müzakirə ediblər. Prezident İlham Əliyev münaqişənin nizama salınması ilə bağlı Azərbaycanın mövqeyini bir daha Fransa prezidentinə çatdırıb. Dövlətimizin başçısı telefon danışığı zamanı, həmçinin, regional təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparıb”.
BƏXTİYAR
banner

Oxşar Xəbərlər