• cümə, 29 Mart, 12:51
  • Baku Bakı 14°C

“...bəxtimə yazılmışdı“

28.08.13 08:09 3213
“...bəxtimə yazılmışdı“
Zaman insanları ikiyə ayırır. Birincisi sevgisini bağıranlar, ikincisi sevgisini susanlar. Kiminə görə birincisi, kiminə görə ikincisi haqlıdr. Mənə elə gəlir ki, Allahın mizan-tərəzisində ikincilər daha ağır gəlir. Çünki babamın dediyi kimi, "hər şeyi təmizləyən sudur, o da ayaq altından axır".
Rəşad susanlardandı. Səsinin çıxdığını heç görən olmadı. Dəyərlidi, doludu, mərddi. Gözəl yazar, gözəl araşdırmaçıdı. Borçalının dumduru bulaq suyunda arındırdığı ruhuna batırdığı qələmiylə yazıb-yaradır. Acgözlüklə mütaliə edən, əslinin-kökünün tarixini araşdırıb yazılara köçürən adamdı. Bir sözlə, dövrümüzün dəyəri az bilinən, bərabəri az bulunan gənclərindəndir. Əminəm, suallarıma cavablarını oxuyanda haqlı olduğumu görəcəksiniz:

- Rəşad Sahil kimdi?
- Bundan əvvəl bizdən böyüklər, daha doğrusu, oxumuşlar “Sən kimsən?” sualını “Kimdir müqəssir?” kimi verirdilər. Məsəlçün, Gertsen, “Kimdir müqəssir?” əsərinin müəllifi. İnsan yaranışdan, bələk bağını qırandan sonra ilk qədəmlərini atan gündən günahkar bir aləmin içindən addımlamış olur. Bu günahkar aləmdə özünün Tanrı qarşısındakı günahsız əməlləriylə kimliyini qazanmış olur. Bu qovğalar içində öz mənəvi saflığını qoruduqca, bir o qədər də kimliyini təsdiq edir. O insanın mənəvi kamilliyi nəfsinə qalib gəldikcə zənginləşir. Şair demişkən:
“Kimə kim dərdimi qıldım, onu özümdən çox dərdə mübtəla gördüm”.
Mənim kimliyim real imkanlarımın inkarında təsdiq edə bilmədiyim köməksizliyimdi. Fikrimi şair Dərviş Cavanşirin bir misrası ilə yekunlaşdırım:
“Korun əl ağacı, karın qapısı,
Ha döykü taleyin sədası gələ!”
- Yazar olmaq “əlinə qələm almaq”mı deməkdir, yoxsa...?
- Qurani Kərimin “Qələm” surəsində deyilir: “Yazıya pozu yoxdu”. Mən də taleyimə yazılanları ömür yolunda izlədim. Əlimə qələm almaq da mənim bəxtimə yazılmışdı. Özgələrdə bu necədi, deyə bilmərəm. Çünki onları özüm kimi tanımıram.
- Media nədir?
- Bu sual ara-sıra mətbuatda özünə yer tapır və buna da müxtəlif cür yanaşmalar olur. Mən də bircə cümləylə münasibətimi deyim: özülü Həsən bəy Zərdabi ilə, Mirzə Cəlillə qoyulan media, hər şeydən öncə maarifləndirmədi. Hələ qalmışını demirəm...
- Təəssüf ki, bugünkü dəyər kriteriyalarını zorlayan sərbəstlik gəncliyi əlinə alıb. Bu istiqamətdə kimə nə iş düşür ki, məsələnin həlli yolu tapılmasa da, qarşısı alınsın?
- Çox təəssüf...
- “Könül sultanları” kimin layihəsi idi?
- Övliyaları oxuduqca onlarla mənim aramda bir körpü düşürdü. İstədim ki, o körpüdən oxucular da keçsin, özlərinə yaxın könül sultanlarını bulsunlar. Bu səbəbdən də haqqında oxuduğum könül sultanlarının bir qisminin həyat və yaradıcılığını işləyib mətbuatda dərc etdirdim. Hər bir mövzunun öz oxucusu olduğundan,“Könül sultanları”nın da öz oxucuları vardı. Yazılar qəzetdə dərc olunmağa başlayandan sonra oxuculardan müsbət rəylər aldıq. Bir müddət beləcə davam etdik. Nəhayətdə, qəzetin fəaliyyəti dayandığından layihəni də saxlamaq məcburiyyətində qaldım.
- Hazırda layihə başqa qəzetlərdə davam edirmi?
- Yox. Həmin qəzetdən sonra “Könül sultanları”nı heç yanda dərc etdirmədim.
- Bir az da Şəmistan bəydən bəhs edək...
- Şəmistan Əlizamanlı müasir Azərbaycanın hərbi diktoru kimi hərb tarixində və vətənpərvərlik mahnılarının əvəzsiz ifaçısı kimi də incəsənət tarixində özünün xüsusi yeri olan bir insandır. Onun oxuduğu hərbi marşların Azərbaycan gəncliyinin vətənpərvərlik ruhunda böyüməsində xüsusi yeri var. Onun ifa etiyi “İgid əsgər, möhkəm dayan”, “Cənab leytenant”, “Çağırır Vətən” və s. marşlar hər zaman gəncliyin ruhunun aydınlanmasında bir çıraq kimi yanacaq.
- O zaman belə bir sual verim. Şəmistan bəy səninçün kimdi?
- Şəmistan Əlizamanlı ən çətin anlarımda pənah gətirdiyim iman yerimdi. Onun oddan-alovdan keçmiş ömür yolunda özümün qor götürdüyüm çırağın nurunu gördüm. Ən çətin anlarımda o çırağın işığından nurlandım.
- Bədii ədəbiyyatda əsasən oxuyub axtardığın nədir?
- “Atın məni nəşim axan sellərə,
Tanısın bu dünya biçarə məni”
deyən Səməd Vurğun mənümçün sufi şairdi. Elə “Mən tələsmirəm”, “Dünya” şeirləri də bu ab-havanın məhsuludu. XVI əsr bütün dünyada, istər Şərq, istərsə də Qərb ədəbiyyatında bütün ədəbi korifeylərin sufizmə söykəndiyi dövrdü. İstər Daniel Defonun “Robinzon Kruzo”su, istər Şeksprin “Hamlet”i, istərsə də Fizulinin “Leyli Məcnun”u o illərin ədəbi məhsuludu.
- Bildiyimə görə, mütaliəni sevirsən?
- Bəli, heç olmayan kimi. Elə bir vaxt olmaz ki, nəsə oxumayım.
- Bu, mənəvi aclıqdanmı, yoxsa yeni nəsə yaratmaq ehtiyacındanmı irəli gəlir?
- Ədəbi mütaliə hər şeydən öncə mənəvi ehtiyacın tələbidi, ödənməsidi. Bu məsələnin bir tərəfi. İkinci tərəfsə, oxuyub-öyrənərək özünü yetişdirməkdi, yəni ədəbi zövqünü günü-gündən kamilləşdirməkdi. Oxuduğum yazarlarla hər ünsiyyətə girəndə əbədiyyət deyilən anlayışı, onun fövqündə duran yazarlardan öyrənirəm. Qraf Tolstoyun “Hacı Murad”, Lermontovun “İsmayıl bəy” poeması bütövlükdə Qafqaz haqqındakı təəssüratımı daha da zənginləşdirmiş olur. Elə bir tarixi fakt tanımıram ki, bu əsərlər qədər o dövrü açıqlamış olsun. Öz yazarlarımızdan İsa Hüseynovun qələmindən çıxan möhtəşəm “Məhşər” əsərini söyləmək olar. Bu əsər qədər istər Nəsimi dövrünün tarixi gerçəkliklərini, istərsə də o dövrün fəlsəfi yönünü açıqlayan ikinci belə bir əsərə rast gəlməmişəm. İsa müəllim, bu əsərdə Azərbaycan dilinin tarixi zənginliyini göstərməklə, arxaik sözlərimizi yenidən müasirləşdirib, onlara həyat verib. “Məhşər”i oxuyanda Azərbaycan dilinin nə qədər zəngin bir dil olduğunu bir daha görürsən.
- Kimləri oxuyursan?
- Oxuduğum müəlliflər çoxdur, onlardan bir neçəsinin adlarını qeyd edim. İsa Hüseynov, Çingiz Aytmatov, Yunus İmrə, Mövlanə Cəlaləddin Rumi, Ərzurumlu İbrahim Haqqı, Dərviş Cavanşir, Rasim Gənzəli, Yaqub Qədri Qaraosmanoğlu, Mehmet Rıhtım, Turqut Özakman, Əziz Alpout və sair. Bunlar mənim çox sevdiyim və tez-tez oxuduğum müəlliflərdi.
- Adını çəkdiyiniz müəlliflərdən şəxsən tanıdığınız varmı?
- Bəli, nəzmdə Dərviş Cavanşir və nəsrdə Rasim Gənzəli. Hər ikisi sevdiyim və çox hərmət etdiyim yazarlarımızdı.
- Onları bir az tanıdaqmı?
- Təbii. Dəvriş Cavanşir Azərbaycan poeziyasında öz yeri, dəst-xətti olan bir sufi təbiətli şairdir. Onun şerlərini oxumaqla, ya dinləməklə başa düşmək mümkün deyil. Vallah, səmimi deyirəm, mümkün deyil. Ona görə ki, ən azından, yazılanları qismən də olsa yaşamalısan, ruhunu tutub, öz ruhunla qovuşdurub yaşamalısan. Ruhunda ucalıq amanatı olan şerləri dərk etmək ancaq o ucalıqara vara biləcək kimsələrə qismət olar. Başqa cür bir fayda hasil olan deyil. Mövlanənin deyimi ilə ifadə etsəm, fikrimi daha dəqiq çatdırmış olaram; bu hikmətləri, bu həqiqətləri eşitsən belə, bunlar sənə bir nağıl, bir qabıq təsiri bağışlayar və sən ayrı-ayrı dənələrin içindəki ləzzətdən xəbərsiz qalarsan. Dərvişin şeirlərini oxuyanda dincəlirsən, bir rahatlıq tapırsan. Şeirlərindən iki misranı misal gətirim.
Allah, bir səndən başqa bir kimsəm yox dünyada,
Sənin tənhalığına səndən çox öyrənmişəm...
Yaxud da;
Təkcə sənin yanında sevib də suçlu qaldım,
Yaratdığın bəndəni sənin qədər sevmədim.
Rasim Gənzəli ilə şəxsi tanışlığım yox idi. İlk dəfə Şəmistan Əlizamanlı tanış etmişdi bizi. Rasim müəllim çox yetənəkli, son dərəcə xüsusi qabiliyyətə malik insan, gözəl əsərlərin müəllifidi. Müraciət etdiyi mövzular o qədər orijinaldı ki, hər Azərbaycan türkünün ürəyindən səs verir. Əsərlərinə diqqət edəndə görürsən ki, bütün kitablarının adları “Q” hərfi ilə başlayır. “Qanlı çay”, “Qurtlar və manqurtlar”, “Qurdbəşər” və sair. Səbəbini özündən soruşduqda belə cavab vermişdi: “İki kitabım nəşr olunmuşdu. Bir gün qardaşım qızı gəldi ki, əmi, bəs fikir vermisənmi, sənin kitablarının adı “Q” hərfi ilə başlayır? Doğrusu, özüm diqqət etməmişdim. O gündən sonra yazdığım kitablarıma “Q” hərfi ilə başlayan adlar seçdim”.
Bu hər iki müəllif çox sevdiyim və dostluq etdiyim ziyalılarımızdı.
- Söhbət üçün təşəkkür edirəm.
- Mən təşəkkür edirəm. Həm sənə, həm qəzetinizə, həm də əziyyət çəkib söhbətimizi oxumağa vaxt ayıracaq oxuculara...
Nigar İsfəndiyarqızı
banner

Oxşar Xəbərlər