Bəstəkarlıq iddiası, yoxsa nişan hədiyyəsi? ŞOU-BİZNES

Bəstəkarlıq iddiası, yoxsa nişan hədiyyəsi? ŞOU-BİZNES

Mədəniyyət
01 Noyabr 2012, 12:49 2347
Şou aləm ənənəsinə sadiq qalaraq yeni qalmaqal yaşayır. Bu dəfə “Aləm gözəl” mahnısı ətrafında – mahnının musiqi müəllifinin kimliyini müəyyənləşdirmək üçün meydan sulanır. Bəzi müğənnilər mahnının bəstəkarının nəqliyyat nazirinin oğlu, tanınmış iş adamı Anar Məmmədov, bəziləri isə müğənni Ramal İsrafilov olduğunu iddia edirlər.

“Kaspi” mahnının gerçək bəstəkarı olduğunu iddia edən Ramalla əlaqə saxlamağa çalışarkən müğənninin mobil telefonuna onun meneceri – “Azəri” qrupunun rəhbəri Bahadur Qasımov cavab verdi. Dediyinə görə, müğənni heç vaxt mobil telefon gəzdirmir və ona ünvanlanan bütün zənglərə o, cavab verir. Əvvəlcə hansısa toyla bağlı zəng etdiyimizi güman edən menecer məsələnin mahiyyətini bilincə artıq bu barədə danışmaq istəmədiklərini dedi:

“Artıq Ramal yeni layihələr üzərində işləyir. “Aləm gözəl” onun yazdığı mahnılardan biridir. Ramal istedadlı adamdır. Bu mahnını yazıb, indi də başqa mahnı yazacaq”.

Menecerin sözlərinə görə “Aləm gözəl” mahnısı artıq Ramal üçün maraqlı deyil: “Ona nə var? Bəstəkar adamdır da. Allah-təala ola vergi verib. Onun o qədər mahnıları var ki... Hamısı oxuyur, hamısı da bilir”.

Qalmaqallı mahnının sözlərinin Leyla Əmirliyə məxsus olduğunu öyrənib koordinatlarını əldə etmək istərkən menecer «Mən onu tanımıram. Sizi Ramalla əlaqələndirərəm, kimin nömrəsi lazımdırsa, özü verər» deyə kifayətləndi.

Paradoks?

Xatırladaq ki, müğənnilərdən xalq artisti Briliant Dadaşova, əməkdar artist Abbas Bağırov, Ramal, Könül Kərimova həmin mahnını ayrı-ayrı vaxtlarda ifa ediblər. Belə ki, Briliant Dadaşovanın sözlərinə görə, həmin mahnının ideyası ona məxsusdur.

“Aləm gözəl”in ifası ilə bağlı daha çox iddiaya bulunan müğənni Abbas Bağırov isə mahnının xeyir-duasını Anar Məmmədovdan aldığını deyir: “Müəllif mahnının mənim ifamda səslənməsini istəyib. Mənim Anar Məmmədova böyük hörmətim var. Müəllif gələcəkdə mahnını başqalarının da oxumasını istəsə, onlar da oxuyacaq”. Qeyd edək ki, Abbas Bağırovun “Aləm gözəl” klipində mahnının müəllifi Anar Məmmədov qeyd edilib.
Müğənni Könül Kərimovanın ifasında səslənən versiyada isə bəstəkarın Ramal İsrafilov, mətnin Leyla Əmirli olduğu göstərilib. Maraqlıdır ki, mahnıya çəkilən klipdə və Abbas Bağırova məxsus albomda musiqi müəllifi kimi Anar Məmmədov qeyd olunub.

A.Məmmədovun vəkili Ruslan Məmmədov mətbuata açıqlamasında məsələ ilə bağlı yaxın günlərdə, dəlil-sübutlarla çıxış edəcəklərini bildirib. Vəkilin sözlərinə görə, mahnının sözləri də, musiqisi də Anar Məmmədova məxsusdur: “Əgər kiminsə sübutu varsa ki, Anar müəllimdən öncə bunu yazıb, sübutu gətirsin ortaya. Biz bundan qorxmuruq”.
Anar Məmmədova nişan hədiyyəsi

Mübahisəli və anlaşılmaz məqam yaranıb. Mahnının ifaçıları “Aləm gözəl”i hərəsi bir tərəfə çəkir. Hamı ilk ifaçılığını öz adı və bildiyi bəstəkarın adı ilə bağlamağa çalışır. Amma onların özləri üçün də qaranlıq məqamlar var: mahnının gerçək müəllifi kimdir? Anar Məmmədov, yoxsa Ramal İsrafilov?

Ramal İsrafilov sözünə əməl edərək bizimlə əlaqə saxladı. Düzdür, məlum qalmaqalla bağlı əvvəlcə sorğumuza cavab vermək istəmədi: «Mən hələlik susuram. Bir-iki problem var. Yalnız onlar həll olunandan sonra efirə çıxıb rahat danışacam» - desə də, məsələ ilə bağlı ilk açıqlamasını «Kaspi»yə verdi: «60-a yaxın mahnım var. Müğənnilər illərdən bəridir oxuyurlar. Hələ də yazıram. İndi mən o qədər ucuz oldum ki, bir mahnıya görə söhbətdən qaçam? Məni sevən, mənə pərəstiş edən, mahnılarımı əzbərdən bilən insanlar məsələnin nə yerdə olduğunu yaxşı bilirlər. Amma hələ susuram...»

Müğənni-bəstəkar «Aləm gözəl» mahnısının sözlərinin də, musiqisinin də ona məxsus olduğunu bildirdi: «Mahnının mətnində Leyla Əmirli bir-iki sözdə dəyişiklik edib. O meneceridir. Ancaq bu o demək deyil ki, mahnının sözlərini Leyla yazıb. İş ondadır ki, indi mahnının sözlərini də danırlar, öz adlarına çıxırlar».

R.İsrafilovun dediyinə görə, sözügedən mahnı 2010-cu ildə Anar Məmmədova həsr olunub: «Anar mənim dostumdur. Bu mahnını ilk dəfə onun nişanında oxudum. Sonra Anarla mənim arama girdilər, dostluğumuza bir az mane oldular. Sonra da bu mahnıya qarşı münasibət dəyişməyə başladı. Əslində isə mən bu mahnını yazıb Anar Məmmədova hədiyyə etmişəm».

Allah var, haqqı yemək olmaz


R.İsrafilovun sözlərinə görə, «Aləm gözəl»in ilk ifaçısı da özü olub: «Məndən sonra mahnını Könül Kərimova oxuyub. Onun oxumasını da özüm istəmişəm. Könüldən sonra isə Abbas Bağırov mahnını icazəsini istədi məndən. O aralar mənim Abbasla küsülüyüm var idi. Qrupdan çıxdığım üçün aramız soyuq idi. Amma o mahnını məndən icazəsiz oxudu. Elə bil mənə zərbə vurmaq üçün ifa etdi. Amma bu, mənə zərbə deyildi. Əslində mən Abbasın mahnını oxumasına sevinirəm. Amma mahnının müəllifinin kimliyini danırlar. Gah onun üstünə, gah bunun üstünə atırlar. Amma mən susuram. Çünki göydə Allah var, haqqı yemək olmaz».

Müəllif Hüquqlarının Agentliyinin mahnının müəllifliyinin Anar Məmmədova məxsus olduğunu bildirməsinə gəlincə, mahnının müəlliflik hüququnun yalnız özünə məxsus olduğunu vurğuladı: “Bu sonradan ola bilər. Anarın da musiqi haqqında anlayışı var. Tar çalmağı bacarır, musiqi təhsili yoxdur, amma anası Konservatoriyada musiqidən dərs verib. Anar Məmmədov da tar sinfində oxuyub».

Müğənni mahnının müəllifliyinin özünə məxsus olması ilə bağlı hansısa addım atmaq fikrində olmadığını da söylədi: «Yazıq mahnını o günə saldılar ki... Ana övladını dünyaya gətirdikdən sonra bəzən onu kiməsə verir. Uşaq böyüyəndən sonra yenə anasını tapır. İnanıram ki, bu mahnı da belə olacaq. Mən ürəyimdə bilirəm ki, bu mahnı mənimdir».

R.İsrafilov Anar Məmmədovun şou-biznes aləmində müğənnilərə hörmət edən bir şəxs olduğunu da qeyd etdi: «O, musiqiyə dəyər verən adamdır. Onun nişanında mən də, Brilyant xanım da oxuduq. Mən can atırdım ki, fərqli bir ifam olsun. Brilyant xanım da mənə bu mahnı üçün ideya verdi. İndi bu o deməkdir ki, bu, Brilyant xanımın mahnısıdır? Bu mənim Anara hədiyyəm olduğu üçün bir çox sənətçilərimizdə xofluluq yaradır. Deyirlər ki, götürək oxuyaq, Ramala acıq verək. Yenə deyirəm, bu mahnı mənimdir, Anar Məmmədovun istəyi ilə yazılıb və ona həsr etmişəm. Ümumiyyətlə, mən xoşbəxt cütlüklərə çoxlu belə mahnılar yazmışam. Sadəcə problem bu mahnının başında yaranıb. Amma mən bunu problem hesab etmirəm. Sevinirəm ki, bu mahnıya görə xalq artistləri, əməkdar artistlər qırğın edirlər. Mən gülürəm”. Ramal İsrafilov mahnı ilə bağlı yaranan mübahisəyə nöqtə qoymaq istədi: “Mən nöqtəni qoyuram. Mahnının sözləri də, musiqisi də, ideyası da mənə məxsusdur».

Mahnının necəliyindən, hitə çevrilib cevrilməməsindən söhbət açmaq fikrindən uzağıq. Ramalın menecerinin sözlərindən də, öz deməsindən də başa düşülür ki, müğənni-bəstəkar tez-tez mahnı yazır. Yəni onun üçün mahnı yazmaq su içim kimi bir şeydir. Qeyd edim ki, Ramil İsrafilovun rəsmi internet səhifəsində musiqiçi ailəsində dünyaya göz açdığı, 3 yaşında pianoda «Cücələrim» mahnısını ifa etməsi, Türkiyənin Rizə şəhərində «Sarımsaq» festivalə adlı konsert proqramında çıxışı, 1997-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbinin xanəndə sinfinə daxil olması, “Səyyah” folklor ansamblında solist kimi fəaliyyəti, 2002-ci ildə Vaqif Gərayzadənin yaratdığı “Aypara” vokal qrupuna dəvət olunması, Abbas Bağırovla birgə yaratdıqları “A-Trio” qrupunda solist kimi fəaliyyəti, o cümlədən 2009-cu ildən solo karyerasına start verərək həm bəstəkar, həm də müğənni kimi fəaliyyət göstərməsi qeyd olunub.

Amma Anar Məmmədovun mahnı yazmasını ilk dəfə eşitdiyimizdən bizdə istər-istəməz “Mahnı bəstələmək üçün insandan nə tələb olunur?” sualına cavab axtarmaq istəyi yarandı. Yəni “hər kəs istədiyi vaxt ilham pərisinə güvənib mahnı yaza bilərmi?”, “Bu o qədər asandırmı?” Və ya…

Anar Məmmədov bəstəkar ola bilərmi?

Ünlü bəstəkar, Musiqi Akademiyasının professoru, xalq artisti Aqşin Əlizadə sualımızı maraqla qarşıladı: «Mən bu suala doğru cavab versəm, hamısı məndən inciyəcək» - dedi. Bəstəkarlığın çox müqəddəs və nadir bir sənət olduğunu vurğulayan A.Əlizadə hesab edir ki, insan anadan bəstəkar doğulmalıdır:

“İnsan Musiqi Akademiyasını bitirəndən sonra peşəkar ola bilir. Amma yenilik vermək insanın əlində deyil. Bunu heç bir müəllim və məktəb öyrədə bilməz. Üzeyir bəy, Qara Qarayev, Fikrət Əmirov kimi bəstəkarlara bunu öyrətməyiblər, onlar anadan istedadlı doğulublar. Onların çoxlu tələbələri olub, ancaq hamısı böyük bəstəkar olmayıb. Bu, normal bir haldır”.

A.Əlizadənin fikrincə, bütün zamanlarda bəstəkarlıq sənətində rəqabət yaranıb: «Hətta, dəhşətli rəqabətlər olub. Elə olub ki, insanlar həyatlarını da itiriblər. Kimin iradəsi, instinkti güclüdür o, qabağa gedə bilir. Bir də cəsur olmaq lazımdır. Bu o demək deyil ki, qabağına kim çıxdısa, vurub öldürəsən, insanın içində cəsurluq olmalıdır. Ümumiyyətlə, bu iş üçün çox savadlı bir insan olmalısan». Bəstəkar hesab edir ki, azərbaycanlı bəstəkar yalnız öz ölkəsində yetişməlidir. Belə ki, bu sənətin işartıları uşaqlıqdan başlayır: «Muğamlarımız içində böyüyürük, bütün əlifbamız muğamlardan gəlir. Kim bunu dərindən hiss edir, öz sözünü tapa bilirsə, demək o, bəstəkar ola bilir. Amma o, özü də bunu heç vaxt başa düşmür».

A.Əlizadənin fikrincə, musiqi təhsili olmadan bəstəkar olmaq mümkün deyil: «Olanda da şikəst olur, ya bir əli, ya da bir qıçı çatmır. Musiqiyə 15-20 yaşından başlayıb hətta, professional da olsa, o, salxaq olur. Onun mütləq çatışmazlığı olur. Çünki insan beyin elə qurulub ki, o, 5 yaşında bir şeyi, 10 yaşında başqa bir şeyi alır. Hamımızın beynimizdə güclü bir kompyuter var. Hər şey orada yazılıb. Əgər sən 20 yaşında yazmağa başlayırsansa, demək, o kompyuterdə əvvəldən pozğunluq, boşluq var. Sən onu doldura bilmirsən. Demək sənin başqa bir problemin var. Çünki ola bilməz ki, o yaşda birdən həm gedib uşaqlarına çörək tapasan, həm də musiqi yazasan».

Qeyd edək ki, Anar Məmmədovun musiqi sahəsində hər-hansı təhsilinin olub-olmaması ilə bağlı məlumatları öyrənməyə nə qədər cəhd göstərsək də əlimiz çatmadı. Ona görə də onun bəstəkar olub-olmadığı sualını açıq saxladıq...

Təranə Məhərrəmova