• cümə, 29 Mart, 14:51
  • Baku Bakı 14°C

Bəstəkarın gücünü, qüdrətini göstərən janr

11.04.17 11:30 3046
Bəstəkarın gücünü, qüdrətini göstərən janr
Bu gün insanlar nəinki teatra, incəsənətin digər sahələrinə də maraq göstərmirlər. O cümlədən baletə də. Hər nə qədər balet ustaları bunu inkar etsə də... Bu gün balet əsərlərinə də maraq göstərənlər barmaqla sayılası qədərdir. Bayağı mahnıların dinləyiciləri kifayət qədərdir. Hətta deyərdim ki, dinlənmə sayına görə rekord həddə belə çatıb. Mahnı janrı belədir ki, bu gün yazdın, bir müğənni oxudu, sabah başqasının dilində səslənəcək. Ancaq balet tamamilə fərqlidir. Baletin ərsəyə gəlməsi üçün böyük zəhmət çəkilir, onu səhnədə saxlamaq qüvvə istəyir. Bəs görəsən balet əsərlərimiz niyə günü gündən azalır? Bəstəkarlarımız nə üçün balet əsərləri yazmaqdan imtina edirlər? Məsələnin kökündə maddi problemlər dayanır, yoxsa başqa səbəblər var? Məsələni aydınlaşdırmaq üçün ekspertlərə müraciət etdik. Aydın oldu ki, balet əsərlərinin azalmasının səbəbi müxtəlifdir. Ekspertlər opera və balet sahəsində problemlərin olduğunu gizlətmədilər.
Elə bilirdim ki, yeni cığırlar açılacaq, yeni əsərlər olacaq...
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadədüşünür ki, balet sahəsində Azərbaycan hər zaman qabaqcıl sıralarda olub. O, mətbuata da açıqlamasında qeyd edib ki, musiqi tariximizə baxsaq, bizim çox gözəl baletlərimiz yazılıb. Onlardan bəziləri səhnəyə qoyulub, bəziləri isə hələ də öz səhnə həllini gözləyir: "Balet operaya nisbətən daha çox yazılıb. Opera nadir hallarda yazılır. Son illərdə isə ümumiyyətlə, yazılmır. Sonuncu "İntizar” operasını mən yazmışam. On il keçib. Elə bilirdim ki, yeni cığırlar açılacaq, yeni əsərlər olacaq, amma nədənsə, olmadı. Opera qərb musiqisinin ən mürəkkəb janrıdır. Operanın yazılması nə qədər çətin olsa da, biz bu ənənəni davam etdirməliyik. Bunu bəstəkarlara dəfələrlə demişəm. Düzdür, bəstəkara zorla heç nə yazdırmaq olmaz, amma bacardığımız qədər təbliğat aparırıq. Balet sahəsində isə son illərdə yazılan əsələr var. Məsələn, Polad Bülbüloğlu "Eşq və ölüm” baletini yazıb, səhnəyə də qoyulub. Yekaterinburqda səhnəyə qoyulanda mən özüm də çıxış elədim”.F. Əlizadə əlavə edib ki, Fikrət Əmirovun "Nəsimi” baleti Nəsiminin vəfatının 600 illiyi münasibəti ilə yenidən bərpa edilir: "Vaxtilə Qara Qarayev "Yeddi gözəl” və "İldırımlı yollarla”, Fikrət Əmirov "Min bir gecə”, "Nəsimi” kimi möhtəşəm baletlər yazıb və çox gözəl qarşılanıb. 2017-ci ildə Nəsiminin vəfatının 600 illiyi münasibəti ilə "Nəsimi” baleti təzədən bərpa olunur. Təkrar edirəm ki, balet sahəsində bizdə heç vaxt problem olmayıb. Onu da qeyd edim ki, balet sənətini Azərbaycan tamaşaçısı hər zaman məmnuniyyətlə qəbul edib, onu yüksək qiymətləndirib. Məsələn, Qara Qarayev və Fikrət Əmirov baletlərinə görə həm Dövlət mükafatları alıblar, həm də Lenin mükafatına layiq görülüblər. Keçmiş SSRİ-də yaxşı qarşılanan, təqdir olunan baletlər məhz Azərbaycanda yazılıb”.
Bu işə böyük bir teatr qüvvəsi qoşulur
Bəstəkarlar İttifaqının katibi Sərdar Fərəcov isə bizimlə söhbətində bildirdi ki, yeni balet əsərlərinin yazılması üçün vacibdir ki, bəstəkarın xəyalında, düşüncəsində bu mövzu inkişaf etsin və həmin mövzuya uyğun əsər yazılsın: "Gərək bəstəkar özü balet əsəri yazmaq ehtiyacı duysun. Bu işin yalnız bir tərəfidir. İşin görünməyən tərəfi isə bəstəkarın cızma-qara etməsi ilə iş bitmir. Kağızda balet əsəri yazmaqla balet əsəri meydana gəlmir. Balet əsəri o zaman balet olur ki, o teatrda peşəkar xoreoqraf tərəfindən səhnələşdirilsin. Rejissor özü buna gözəl bir səhnə qurmalıdır. Bu işə böyük bir teatr qüvvəsi qoşulur. Bəstəkar ilk növbədə həvəsə gəlib bunu yazmalıdır. Bəstə teatrda təcəssüm tapandan sonra bu balet əsər kimi qiymətləndirilə bilər. Kağızda yazılan əsər ancaq bir sənət nümunəsidir, balet deyil. Bəstəkarları həvəsləndirmək lazımdır. Elə olur ki, sifarişlər verilir, o zaman bəstəkar daha həvəslə işləyir. Misal üçün, bizdə Azər Dadaşov adlı bir bəstəkar çalışırdı. Hərdən deyirdi ki, istəyirəm bir balet yazım, ancaq nə mövzuda bilmirəm. Burda bizim ədəbiyyat və teatr xadimlərinin də müəyyən mənada köməyi lazımdır ki, müəyyən bir mövzunu təklif etsinlər. Opera və balet janrı bəstəkar üçün ən çətin janrdır. Bu, spesifik janrdır. Burada rəqs də var, vokal da, rəssamlıq da, teatr da. Ölkəmizdə balet əsərlərinin az yazılmasına görə yalnız bəstəkarları qınamaq heç də düzgün deyil. Balet əsəri yazmaq və onu ərsəyə gətirmək çox çətindir. Bu, böyük bir işdir. Burada bir neçə qüvvələr birləşməlidir”. İttifaq katibi hesab edir ki, balet janrının inkişafı, populyarlaşması üçün proqram yaradılmalıdır: "Balet elə sənətdir ki, hər bəstəkar istəyər bu janra müraciət eləsin. Bu janrda Azərbaycanda çox gözəl nümunələr olub və onlar indiyə qədər səhnədən düşmür. Əfrasiyab Bədəlbəylinin "Qız qalası”, Qara Qarayevin "Yeddi gözəl”, "İldırımlı yollarla”, Soltan Hacıbəyovun "Gülşən” baletlərinin adını çəkə bilərəm. Lakin ardını gətirə bilmirəm. 60-70-ci illərdə birpərdəli baletlər də yaranmışdı. Məsələn, Fərəc Qarayevin "Qobustan kölgələri”, "Kaleydoskop”, Tofiq Bakıxanovun "Xəzər balladası”, "Xeyir və Şər” baletləri yazılmışdı. Müasir dövrümüzdə yeni baletləri az görürük. Bəstəkarlarımız arasında bu janra o qədər də müraciət edən yoxdur. Əlbəttə, burda müxtəlif səbəblər var. Balet gözəl janrdır. Özü də xarici ölkələrin müasir musiqisində çox populyardır. Azərbaycan bəstəkarları bu tilsimi qırmalı, yeni baletlər ortaya qoymalıdırlar. Bu, təkcə arzu deyil, həm də proqram kimi nəzərdə tutulmalıdır. Balet, opera, simfoniya bəstəkarın gücünü, qüdrətini göstərən janrlardır. Hər bəstəkar bu janrlara müraciət edib, uğur qazana bilmir. Bir halda ki, Azərbaycanda saydığım baletlər var, əlbəttə, yeni nəsil bəstəkarlar da balet haqqında düşünməlidir”.
Balet hər kəs üçün deyil
Bakı Xoreoqrafiya Akademiyasının İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əbülfəz Babazadə deyir ki, Azərbaycanda balet əsərlərinin az-az yazılması daha çox baletə olan maraqla bağlıdır: "Yəni balet bir incəsənət növü kimi hamı üçündür, lakin hər kəs üçün deyil. Ona görə də onun öz tamaşaçısı vardır. Şərqdə ilk balet Azərbaycanda yaranıb və bu baxımdan bir çox ölkələrə örnək ola bilərik. Bu gün Bakı Xoreoqrafiya Akademiyası qarşısına mühüm vəzifələr qoyub. O vəzifələrdən biri də, əlbəttə ki, klassik baletə, onun müxtəlif və yeni janr və cərəyanlarına olan marağı artırmaqdır. İndi bu sahədə böyük işlər görülür. Lakin biz bazar iqtisadiyyatı dövründə yaşayırıq. Bu gün bütün münasibətlərdə qarşılıqlı fayda və səmərə, ən çox da onun maddi tərəfləri öz əksini tapır. Bu gün belə əsərlər daha çox sifarişlə ərsəyə gəldiyindən, bəstəkar artıq təxmini bilir ki, yazdığı balet kim tərəfindən və hansı qiymətə alınacaq”.
Müsahibimiz qeyd etdi ki, bu gün Azərbaycan baleti yeni bir intibah dövrünün sevincini yaşamaqdadır: "Çünki ölkənin aparıcı səhnələrində həm peşəkar truppa, həm də şagird və tələbələr tərəfindən balet əsərləri, xoreoqrafiya kompozisiyaları daha çox nümayiş etdirilir. Bu da daha çox Bakı Xoreoqrafiya Akademiyasının xüsusi plan üzrə balet və bütövlükdə klassik rəqs ənənələrinin yaşatması, inkişafı və təbliğ etməsi ilə bağlıdır. Bu fakt əminlik yaradır ki, balet əsərləri yazan bəstəkarlarımız çoxalacaq və səhnələşdirilməmiş baletlərə tezliklə səhnə həyatı veriləcəkdir”.
Onlar yeni quruluşda səhnəyə qoyulacaq
Azərbaycan Dövlət Opera və Balet Teatrının mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyeva isə bizimlə söhbətində bildirdi ki, teatrda tamaşa hazırlayarkən heç də balet əsərləri seçməkdə çətinlik çəkmirlər: "Bizə təqdim olunan əsər balet janrının tələblərinə tam cavab verirsə, onda bu əsər qəbul olunub səhnəyə qoyula bilər. Əsər seçərkən kifayət qədər Azərbaycan bəstəkarlarından yararlanırıq. İndiyə kimi balet janrında yazılmış xeyli əsərlərimiz var. Hansı ki, onlar bu gün də dinlənilir və öz aktuallığını qoruyub saxlayıb. Onların bir hissəsi hal-hazırda repertuarımızda yer alıb. Qeyd edim ki, zamanında çox gözəl balet tamaşalarımız da olub ki, vaxtı ilə bizim teatrda oynanılıb və müxtəlif səbəblərdən repertuardan çıxarılıb. Hazırda Opera və Balet Teatrının rəhbərliyi balet janrında yazılmış səhnədə olmayan əsərləri yenidən repertuara qaytarmaq istiqamətində iş aparır. Onlar yeni quruluşda səhnəyə qoyulacaq. Bu baxımdan biz heç də çətinliklərlə üzləşmirik. Tamaşa qoymaq istəyərkən əsər seçməkdə də çətinlik çəkmirik. Fikrət Əmirov, Qara Qarayev və başqa bəstəkarların yazdığı kifayət qədər əsərlər var ki, onlar da yeni quruluşda bərpa olunub səhnəyə qoyulacaq. Yeni əsərlər janrın tələblərinə cavab verirsə, onlar da gələcəkdə səhnəyə qoyula bilər”.
Balet janrı Azərbaycanda XX əsrin əvvəllərində yaranıb. Bu janra kifayət qədər maraq və diqqət də olub. Düzdür, hazırda da Opera və Balet Teatrının tamaşaçısı kifayət qədərdir. Sadəcə, bu sahədə təbliğata, reklama ciddi ehtiyac var. Bu sənətin inkişaf etməsi üçün həm balet əsərləri yazan bəstəkarlarımızı qiymətləndirmək, həm də bu əsərlərə tələbat yaratmaq lazımdır.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər