• şənbə, 20 Aprel, 17:51
  • Baku Bakı 23°C

Beşikdən qəbr evinədək oxumaq

20.09.13 11:30 3097
Beşikdən qəbr evinədək oxumaq
Son zamanlar Azərbaycanda kitab oxumağa maraq kəskin şəkildə azalıb. Ölkədə kitab oxuyan təbəqə daha çox gənclər olsa da, araşdırmalar göstərir ki, gənclər arasında da mütaliəyə maraq nəinki yetərli, heç orta səviyyədə də deyil. Ona görə də ölkədə mütaliə mədəniyyətinin yüksəldilməsinə böyük ehtiyac var.
Mütəxəssislər hesab edirlər ki, kitab oxumaq vərdişi insanlarda 0 yaşdan, körpəlikdən formalaşdırılmalıdır. Çünki kitab - uşağın zehni, hissi, sosial və dil baxımından inkişafında önəmli bir xəbərdarlıq və tədris vasitəsidir. Türk alimlərin araşdırmalarına görə, kitablar uşağın inkişafında önəmli yer tuturlar. Belə ki, erkən yaşlardan kitaba maraq oyatmaq uşağın yaradıcı təxəyyül gücünü genişləndirir, uşağı yavaş-yavaş həyatın gerçəkliklərinə hazırlamaqda köməkçi olur, söz ehtiyatını artırdığı üçün uşağın duyğu və düşüncələrini ifadə etməsinə imkan yaradır, dinləmək qabiliyyətini formalaşdırır və uşaqda mütaliə sevgisini yaradır. Bəs görəsən Azərbaycanda uşaqlar arasında mütaliə qabiliyyəti formalaşıbmı? Ümumiyyətlə ölkədə uşaq ədəbiyyatı hansı səviyyədədir?
Ağrılı yerimiz - uşaq mütaliəsi
Mədəniyyət və Turizm Nazirliyinin kitabxana sektorunun müdiri Lətifə Məmmədova qəzetimizə açıqlamasında uşaq ədəbiyyatı nəşrinin ölkəmizdə ən ağrılı problemlərdən olduğunu bildirdi: “Uşaq ədəbiyyatı və uşaq mütaliəsi bizim ən ağrılı-acılı yerlərimizdən biridir. Alimlərin qənaətinə görə, əgər uşaq 9 yaşına qədər mütaliə vərdişinə yiyələnməyibsə, o uşaq gələcəkdə heç vaxt mütaliə etmir. Bu səbəbdən iki yaşından, hətta bir yaşından uşağı mütaliəyə öyrətmək lazımdır”. Sektor müdirinin sözlərinə görə, valideynlər 1 yaşından etibarən uşaqlara onlar üçün xüsusi hazırlanan kitablar verməlidirlər: “Kağız kitabları təbii ki, 1 yaşında uşağa vermək olmaz. Amma yumşaq kitablar, parçadan, plasmasdan olan kitablar var ki, onlar müxtəlif səslər çıxarır, səhifələrində müxtəlif şəkillər olur. Artıq kitab o yaşdan uşağın canına, qanına, qəlbinə işləyir. Uşaq böyüdükcə, təbii ki, kitablar da böyüyür. Bundan sonra isə kitab oxumaq onun həyat normasına çevrilir”. L.Məmmədova əlavə etdi ki, uşaqlar üçün elektron kitablar son dərəcə az buraxılır və uşaq ədəbiyyatı yox dərəcəsindədir. Bu problemin qarşısını almaq üçün yeni uşaq kitabları nəşr edilməlidir: “Gələcəyimizin inkişafı naminə biz bu problemi həll etmək üçün əlimizdən gələni etməliyik”.
“Uşaq kitablarını çap etməyə vəsait yoxdur”
Yazıçılar Birliyinin uşaq ədəbiyyatı şöbəsinin müdiri Qəşəm Nəcəfzadə bizimlə söhbətində sovet dövrü ilə indiki dövrün müqayisəsində uşaq ədəbiyyatında kəskin problemlərin yarandığını bildirdi. Onun sözlərinə görə, kitablar mətbəələrin hesabına çıxdığı üçün yük onların üzərində qalır və uşaq kitabı çap etməyə vəsait çatışmır: “Ölkədə uşaq ədəbiyyatında problemlər çoxdur. Əsas problemlər isə yaradıcılıq, çap poliqrafiya və kitabların ünvanlara çatdırılması problemidir. Sovet dönəmində kitablar hökumət hesabına çıxırdı. O dövrdə mətbəələrə yüksək qonorar verilirdi, kitablar da ünvanlarına lazımi səviyyədə çatdırılırdı. O səbəbdən kitaba maraq istənilən səviyyədə idi. O dövrdə uşaq jurnallarının tirajı 200-300 mini keçirdi. Sovet dövləti dağıldıqdan sonra bu yük mətbəənin üzərində qaldı. Mətbəələrdə isə vəsait çatışmadığında ölkədə uşaq ədəbiyyatı yox səviyyəsinə qədər endi”.
Uşaqlar yaşlarına uyğun böyümürlər
Q.Nəcəfzadənin sözlərinə görə, ölkədə çap edilən uşaq jurnallarından da uşaqlar istifadə edə bilmirlər: “Bu gün çap olunan jurnallar da orta məktəblərə yol tapa bilmir. Xüsusilə Azərbaycanın ucqar rayonlarında uşaqlar demək olar ki, kitabın, jurnalın nə olduğunu bilmirlər. Çünki Təhsil Nazirliyi imkan vermir ki, uşaq kitabları, uşaq jurnalları məktəblərə satılsın. Bu səbəbdən bu gün uşaqlar kitab oxumur. Artıq uşaq dünyası elə bir istiqamətdədir ki, uşaqlar uşaq kimi yox, sanki böyümüş formadadırlar. Mən istəyərdim ki, uşaq nağılları disklərə köçürülsün, səhnələşdirilsin, orta məktəblərə verilsin ki, uşaqlar bunlardan rahat istifadə edə bilsin. Kitabların elektronlaşdırılması ona görə lazımdır ki, bu gün uşaqlar kitabdan çox kompyuterdən istifadə edirlər. Buna görə də biz də uşağa kitabı sevdirmək üçün onların ən çox istifadə etdikləri üsullarla işləməliyik”.
“Sonra deməyək ki, millətimiz oxuyan deyil”
Məsələyə münasibət bildirən “Altun Kitab Evi” MMC -nin direktoru Rafiq İsmayılov da uşaq ədəbiyyatının ən ağrılı sahələrdən biri olduğunu söylədi. Bu sahəni xarici ölkələrlə müqayisə edən mütəxəssis bildirdi ki, bizim uşaq kitablarını qərb ölkələrinin buraxdığı kitablarla müqayisə etsək, görərik ki, biz onların fəaliyyətinin hələ 70 faizini mənimsəməmişik: “Ölkədə uşaq ədəbiyyatı ilə bağlı görülməli işlər kifayət qədər çoxdur. Qərb ölkələri və yaxud Şərqi Avropa ölkələrini nümunə götürsək görərik ki, həm forma, həm də məzmun baxımından elə kitablar buraxırlar ki, biz onların hələ 70 faizini mənimsəməmişik”. R.Hüseynov da vurğuladı ki, uşağı lap kiçik yaşlarından kitaba alışdırmaq lazımdır ki, sonra deməyək, millətimiz oxuyan millət deyil: “Qərb ölkələrində uşağa mütaliəyə marağı sıfır yaşdan aşılayırlar. Onlar üçün buraxılan əslində kitab deyil, kitab halında buraxılan bir məhsuldur ki, buradakı şəkillər oyun formasında yerləşdirilir. Daha sonra yaş artdıqca müəyyən mətnlər də yerləşdirilir və mətnlərin səhifələrdəki sayı artır, şəkillərin sayı isə azalır. Uşaqlar üçün nəşr olunan kitablarda poliqrafiyanın rolu böyükdür. Əvvəlcə uşaq psixologiyasını öyrənib ondan sonra belə kitablar nəşr etmək lazımdır. Sözsüz ki, uşaqlar üçün kitablar rəngarəng olmalıdır. Çünki uşaqların özünün də genetik xüsusiyyətləri bunu tələb edir və hər bir uşaq kitab bazarında özünə uyğun kitab tapmalıdır. Millətimizin gələcəyi üçün biz bunları etməliyik”.
Göründüyü kimi, kitab oxumaq vərdişi ilk əvvəl ailədə qazanılır. Bu səbəbdən də valideynlər uşağı müxtəlif kitablarla təmin etməli, ona ucadan kitab oxumalı və ata-ananın özü də kitab oxuyaraq uşağa əsl örnək olmalıdırlar. Almaniyalı pedaqoqların fikirlərinə görə, nağıllara inamın öldüyü gün uşaqların inkişafı dayanacaq. İndi bir çox valideyn uşaqların daha nağıllara inanmadığından şikayətçidir. Bu inamı yaşatmaq üçünsə uşaq ədəbiyyatının nəşrini gücləndirmək, səmərəli təcrübələrdən yararlanmaq və bu vərdişi uşaqlara aşılamaq lazımdır.
Aygün Cəfərli
banner

Oxşar Xəbərlər