AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Bəşəriyyət yeni “Crew Dragon” kosmik gəmisi ilə fəxr edə bilər

Bəşəriyyət yeni “Crew Dragon” kosmik gəmisi ilə fəxr edə bilər

Təfsilat
31 May 2020, 21:00 207
Bəşəriyyət Amerika istehsalı olan yeni "Crew Dragon” kosmik gəmisi ilə fəxr edə bilər.
AZƏRTAC xəbər verir ki, bunu "SpaceX” kompaniyasının rəhbəri İlon Mask Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı üzrə Milli İdarənin saytında canlı yayımlanan brifinqdə deyib.
"Crew Dragon” kosmik gəmisi insanlar tərəfindən hazırlanıb və bəşəriyyət bu nailiyyətlə fəxr edə bilər. Biz bundan sonra astronavtları Yerə təhlükəsiz qaytarmalıyıq”, - deyə İlon Mask ABŞ-ın Florida ştatındakı Kanaveral burnunda yerləşən Kennedi adına Kosmik Uçuşlar Mərkəzində təşkil olunan brifinqdə bildirib.
"Düşünürəm ki, bu, sivilizasiyamızın Mars planeti yolunda ilk addımıdır. Biz planetlərarası sivilizasiyaya çevriləcəyik. Bu yol innovasiya və texnologiyalar sahəsində çox böyük səylər tələb edir. Əgər yerətrafı orbitə giriş adi hala çevrilsə, minlərlə və hətta milyonlarla insan digər planetlərə səfər edə bilər. İndi bu daha real imkanlar kimi görünür”, - deyə "SpaceX” kompaniyasının rəhbəri əlavə edib.
Qeyd edək ki, mayın 30-da ABŞ-ın Şərq sahili vaxtı ilə saat 15:22-də "Falcon 9” daşıyıcı raketi göyərtəsində astronavtlar Daqlas Hörli və Robert Benkenin olduğu "Crew Dragon” kosmik gəmisi ilə birgə Beynəlxalq Kosmik Stansiyaya doğru start götürüb. Bu, ABŞ ərazisindən Amerika kosmik gəmisi ilə son doqquz ildə ilk pilotlu uçuşdur. NASA 2011-ci ildə geri qayıdan "Space Shuttle” gəmilərinin istifadəsi proqramının başa çatmasından sonra pilotlu uçuşları dayandırmışdı. Həmin dövrdən bəri amerikalı astronavtlar kosmosa Rusiyaya məxsus kosmik gəmilər vasitəsi ilə çıxarılırdı.