Bəşər varlığının təkmilləşməsinə xidmət edən əsər
Professor İdris Abbasovun Mirzə Kazımbəyin
"Türk-tatar dilinin ümumi qrammatikası” əsərini, nəşrindən yüz yetmiş səkkiz il
sonra tədqiqat mahiyyətli müfəssəl və orijinal şərhlərlə dilimizə çevirməsi Azərbaycan
dilçiliyində böyük hadisədir. XIX əsrin məşhur fransız şərqşünası
Qustav Düqa "XII-XIX əsr Avropa şərqşünaslarının tarixi” kitabında həmyerlimiz
Mirzə Kazımbəyi Qərb şərqşünasları arasında mütaliə edərək ona on səkkiz səhifəlik
yazı həsr etmişdir. Müəllif, M.Kazımbəyin həyat və yaradıcılığından yığcam şəkildə
bəhs etdikdən sonra onun çap olunmuş və əlyazma şəklində olan əsərlərinin
adlarını sadalayır. Q.Düqa M.Kazımbəyi Rusiya şərqşünaslığının fəxri
adlandırır: "M.Kazımbəy müsəlman hüququ sahəsində, dinlər haqqında dərin
araşdırmalar aparmışdır və bu, şərqşünaslıqda çox əlamətdar hadisədir. M.Kazımbəy
yüksək fəlsəfi məsələlərə yaxşı bələd idi. Onun
ideyaları son dərəcə geniş idi. M.Kazımbəyin əsərləri inkişafa olan dərin
sevgini əks etdirirdi. Rusiya, şərqşünaslıq elmini irəli aparan öz alimləri
sırasında belə insanların olması ilə fəxr etməlidir”.
M.Kazımbəyin qələmə aldığı "Türk-tatar dilinin qrammatikası” kitabı
1839-cu ildə işıq üzü görmüş və yarı-Demidov mükafatına layiq görülmüşdür.
Kitabın nəşrindən sonra qazandığı uğurlardan ruhlanan böyük alim Sankt-Peterburqdakı
dostuna yazırdı: "Bu qrammatika dörd illik zəhmətimin məhsuludur və ola bilsin
ki, gələcək nəsil buna görə mənə minnətdar olacaq”. Kitab bütün Rusiyaya və
Avropaya səs saldı. Kitabın təkrar nəşrinə ciddi zərurət yarandığından, 1846-cı
ildə "Türk-tatar dilinin ümumi qrammatikası” adı altında təkrar nəşr olunmuş,
Rusiyanın hüdudlarından kənarda sürətlə yayılmışdır. Təsadüfi deyildir ki,
alman şərqşünas Yulius Senker əsəri alman dilinə tərcümə edərək çap
etdirmişdir.
Alman əsilli rus şərqşünası
akademik Bernard Dorn M.Kazımbəyin "Qrammatika” əsərini "bəşər varlığının təkmilləşməsinə
xidmət edən əsərlər kateqoriyası”na aid edirdi.Professor O.Bötlinq
M.Kazımbəyin "Qrammatika” kitabı haqqında deyirdi: "...Burada dilin əsasları
çox dəqiq şəkildə ehtiva olunub və biz onda daim fikir xəzinələri tapırıq... Bu
qrammatika qrammatik formaların tam aydınlaşdırılması yolu ilə mükəmməl və
dolğun material təqdim edir”.
Vəfatından on səkkiz gün əvvəl,
M.Kazımbəy İtaliya və Avstriyaya elmi ezamiyyəsinin təfsilatlı planını tərtib
edir. Onun İtaliyaya və Avstriyaya iki illik elmi ezamiyyətə getməsinə izn
verilir. Lakin əcəl böyük alimə son niyyətini yerinə yetirməyə imkan vermir...
Son nəfəsinədək müxtəlif
elm sahələrində uğurlar qazanan "Yeddi planet”in alim-naşiri, həmyerlimiz
M.Kazımbəy Türk-Azərbaycan dilinin ilk elmi qrammatikasının qaranlıq sahələrinə
dərindən nüfuz etmiş, çoxşaxəli və şərəfli yaradıcılıq yolu keçmişdir.
Mirzə Kazımbəyin "Türk
tatar dilinin ümumi qrammatikası” əsərinin tərcümə edildiyini və yenicə işıq üzü gördüyünü eşitdikdə, istər-istəməz
belə bir sual yarana bilər: Görəsən, elmi qrammatikamızın fundamental sütunu
olan bu qiymətli əsər hansı səbəbdən bu günə qədər dilimizə çevrilməyib?
İkinci nəşrindən iki il
sonra, 1848-ci ildə Y.Senker tərəfindən alman dilinə tərcümə edilərək uzun müddət
Qərb ali məktəblərində dərslik kimi tədris olunması, əsərin Avropa şərqşünaslığı
üçün nə dərəcədə önəmli olduğunu göstərir. Vaxtilə M.Kazımbəyin irsinə ciddi
ehtiyac duyan Qərb müəlliflərinin əsərləri əksərən rus dili vasitəsilə dilimizə
səylə tərcümə edildiyi halda, ana dilimizin möhtəşəm abidəsinin tərcümə, tədqiq
və şərhinə təşəbbüs belə göstərilməməsi, doğrudan da, təəccüb doğurur. Əlbəttə,
müasir dünya dilçiliyinin, ələlxüsus Qərb dilçilik ənənələrinin yenilikçi baxışlarının
öyrənilməsi və tətbiqi təqdir olunası haldır, lakin öz ana dilinin
qrammatikasına biganə qalmaq bağışlanılmazdır. Odur ki, bu gün elmimizə və elm
tariximizə tədqiq və şərhlərlə təqdim edilən əsərin bir çox suallara cavab
olacağını əminliklə söyləmək olar.
Prof. İ.Abbasov M.Kazımbəyin
məşhur "Qrammatika” əsərini alimdən əvvəl və onun yaşadığı dövrdə ərəb,
fransız, rus, ingilis, latın, italyan, türk, alman və digər dillərdə olan
fundamental əsərlərlə müqayisə edərək, nəşrindən 178 il sonra ilk dəfə olaraq tədqiqat
mahiyyətli orijinal və müfəssəl şərhlərlə Azərbaycan dilinə tərcümə etmişdir. Dünya
şöhrətli həmyerlimizin müasir dilçilik üçün spesifik önəm daşıyan ideyalarını və
çoxcəhətli linqvistik fəaliyyətini araşdırmış, hətta sanskrit, yunan, latın
dillərində olan mənbələrə baş vuraraq alimin müasir dünya dilçiliyindəki
layiqli mövqeyini müəyyənləşdirmişdir. Bununla da, əslində İ.Abbasov Mirzə
Kazımbəyin linqvistik irsini XXI əsrdə yenidən canlandırmış və Kazımbəy irsinin
ölməzliyini sübut etmişdir.
Üç hissə, iyirmi iki fəsildən
ibarət "Qrammatika” kitabı prof. İ.Abbasovun zəngin və rəngarəng tədqiq və şərhlərinin
əlavə olunması ilə bir növ irihəcmli ümumi dilçilik ensiklopediyasına
çevrilmişdir. Kitabda Türk-Azərbaycan dilinin qrammatikasından savayı, Babil
qrammatik ənənəsindən, qədim hind dilçiliyindən, çin və yapon qrammatik ənənəsindən,
ərəb dilçiliyindən, qədim Yunanıstan və Roma dilçiliyindən bəhs olunmuş,
modistlərin təlimi, Por-Royal qrammatikası və s. haqqında zəruri məlumatlar
verilmiş, koqnitiv linqvistika, deskriptiv və preskriptiv qrammatika, komparativ
və kontrastiv linqvistika haqqında yetərincə araşdırmalar aparılmışdır. Antik
dövrdən tutmuş müasir dilçilik cərəyanlarına qədər ən müxtəlif dilçilik hadisələri
tədqiqata cəlb olunmuşdur.
Təbii ki, 1008 səhifəlik
kitabda əksini tapmış linqvistik məsələlərə bir məqalədə münasibət bildirmək,
onları detalları ilə təhlil etmək, təbii ki, mümkün deyildir. Kitabda sanskrit,
yunan, latın, italyan, fransız, ərəb, ingilis, rus, hətta ispan, portuqal dillərinin
qrammatik hadisələrinin Türk-Azərbaycan dili ilə müqayisəyə cəlb edilməsi çox
maraqlı məqamları ortaya çıxarır. Məsələn, M.Kazımbəyin təqdim etdiyi Second
preterite terminini İ.Abbasov sanskrit dilində fel zamanları və şəkilləri
içərisində mütaliə edir. O, M.Kazımbəyin "Qrammatika” əsərində qədim sanskrit,
yunan və latın dillərinə məxsus qrammatik terminlərin izlərinin olduğunu
vurğulayır. Sanskrit dilində fel yunan dilində maraqlı analogiyalar təqdim
edir. Burada İ.Abbasov feilin əmr, potensial (optative), prekative (əfv)
və digər şəkillərindən bəhs edərək Türk-Azərbaycan dilinin fonunda sanskrit və
yunan dillərinin başlıca önəm daşıyan qrammatik materiallarını
diaxronik-kontrastiv aspektdə araşdırmaya cəlb edir.
Məsələn,
Preterit keçmişdə baş verən hadisələri bildirən qrammatik zaman, yaxud
fel forması hesab olunur. İngilis dilində bu, bəzən bitmiş tərzi ifadə edən Past
Simple fel formasına uyğun gəlir. Latın dilində perfekt zamanı, demək
olar ki, keçmişdə bitmiş hərəkəti bildirən preteritlə eyni
funksiyaları bölüşür. Müasir fransız dilində preterit le passé simple (the simple
past) kimi tanınır və hərəkətin davam etməsini, təkrar baş verməsini və
adiliyini bildirən imperfektdən (l'imparfait) fərqlənir. İtalyan dilində bu zaman forması passato remoto(hərf. "remote past")
adlanır. Bu, bir dəfə və uzaq keçmişdə baş vermiş hərəkəti bildirən keçmiş
zaman formasıdır. İtalyan dilində bu zaman forması hərəkətin təkrar-təkrar,
davamlı baş verməsini ifadə edən imperfetto, yaxud hərəkətin yenicə yerinə yetirildiyini bildirən
passato prossimo zamanlarından fərqlənir. Əslində bir çox Avropa
dillərindəki zaman terminlərini dilimizə konkret və məhdud bir zaman forması
kimi tərcümə etmək mümkün deyildir. Məsələn, ingilis, ispan, fransız, italyan və
s. dillərində sadaladığımız zaman bildirən istilahlar heç də Türk-Azərbaycan
dili ilə eyniyyət təşkil etmir və s.
Prof. İ.Abbasov Türk-Azərbaycan dilinin
qrammatikasına dair əsərlər yazmış J.Preindl, A.Fayzmayer, L.Dübö, K.Komidas,
V.Lötelye, A.Jober, A.Davids, Vilyam Barker, Tomas Voqan, Çarlz Uels, Edvard
Kvolz, Maykl Svan, Lars Conson və digər dilçi-alimlərin irəli sürdükləri dəyərli
fikir və mülahizələri saf-çürük etmiş, müəyyən nəticələrə gəlmişdir. Eyni
zamanda o, XIX əsr italyan qrammatikləri V.Peretti, D.Martelli R.Cottinin,
latın dilinin qrammatikasından bəhs edən P.Jansenin və onlarla başqasının əsərlərindən
bəhrələnmişdir.
Prof. İ.Abbasov qədim
yunan, latın, italyan, ərəb dillərinin səs
sistemi, qrammatikası, sintaksisini araşdırır. Belə ki, M.Kazımbəyin əsərində
rast gəlinən və çox vaxt dolaşıqlıq yaradan bir çox termin və istilahlar
birbaşa həmin mənbələrdə araşdırılır və bu dil materiallarının izahı əsasında
Türk-Azərbaycan dilinin qrammatikası haqqında anlaşıqlı mənzərə yaranır.
Məsələn, fel formasının müfəssəl
şərhinə nail olmaq üçün İ.Abbasov tarixən Türk-Azərbaycan dilində işləklik
qazanmış "supin” terminini izah etmək üçün latın dilində olan "di, do, dum”
sonluqlu "supin”in italyan, fransız dillərində
hansı formada təzahür etməsinə, latın dilində feli sifət formalarının təkamülünə,
mürəkkəb zaman formalarının müvafiq nominasiyalarının müxtəlif dillərdə şərhinə
geniş yer verir. Mürəkkəb zamanların izahında M.Kazımbəyin istifadə etdiyi
terminlərə aydınlıq gətirmək üçün müəllif bir neçə dilin materialını eyni
zamanda müqayisə edir, eyni bir terminoloji istilahın "Plusquamperfectum” (latın dili) müxtəlif ədəbiyyatlardakı nominasiyasını
"plus-que-parfait” (J.Holderman), "Preterito più che perfetto” (K.Komidas),
"Prétérit antérieur”(A.Jober), "Preterpluperfect Tense”(A.Davids) və
mümkün dəqiq qarşılığını "Əvvəlcə baş
vermiş üçüncü keçmiş zaman”(İ.Abbasov) müəyyənləşdirir. Bu zaman irəli
sürülən fikir və müddəalar ən mötəbər mənbələrdən gətirilən nümunələrlə əsaslandırılır.
Mirzə Kazımbəy üslubunun
özünəməxsusluğunu qorumaqla yanaşı, professor İdris Abbasov əsəri elə bir müstəviyə
çıxarmışdır ki, ondan ən müxtəlif profilli dilçi-filoloqlar, tədqiqatçılar müəllim-pedaqoqlar
və s. faydalana bilərlər.
Sonda akademik Nizami Cəfərovun
kitab haqqında söylədiyi bir fikri xatırlatmaq istərdim: "İdris Abbasovun "Mirzə
Kazımbəyin "Türk-tatar dilinin qrammatikası”nın tərcümə, tədqiq və şərhi”
monoqrafiyası öz elmi miqyasına görə, bir institutun görə biləcəyi ağır və məsuliyyətli
işdir. O bu işi təkbaşına yerinə yetirmiş, sözün həqiqi mənasında orijinal bir əsər
ortaya qoymuşdur...”.
Günel Bayramova, Azərbaycan
Dillər Universitetinin baş müəllimi,
italyanşünas alim, dilçi-komparativist
Dillər Universitetinin baş müəllimi,
italyanşünas alim, dilçi-komparativist