• cümə, 29 Mart, 08:43
  • Baku Bakı 5°C

Bəşər tarixinin ən qanlı faciəsi dünya mediasında

26.02.21 17:37 1055
Bəşər tarixinin ən qanlı faciəsi dünya mediasında
Xocalı soyqırımı ermənilərin beynəlxalq cinayətlərinin tərkib hissəsidir

Ermənilərin Xocalı şəhərində törətdiyi soyqırımından 29 il ötdü. 29 il öncə bəşər tarixinin ən qanlı faciələrindən biri yaşandı. Xocalı soyqırımı Azərbaycan tarixinin ən dəhşətli və faciəvi səhifələrindən biri, erməni faşizminin xalqımıza qarşı iki yüz il ərzində apardığı etnik düşmənçiliyin təzahürüdür. Azərbaycan xalqı 30 ilə yaxındır Ermənistanın hərbi-siyasi təcavüzünün dünya ictimaiyyəti tərəfindən qınanılması, beynəlxalq təşkilatların, dünya dövlətlərinin ermənilərin Azərbaycan torpaqlarında törətdiyi Xocalı və bu kimi soyqırımı hadisələrinə beynəlxalq siyasi-hüquqi qiymət verilməsi istiqamətində işlər aparır. Xocalı soyqırımı ilk dəfə özünün siyasi-hüquqi qiymətini yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra alıb və bundan sonra Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılması üzrə məqsədyönlü tədbirlər görülməyə başlanılıb. Ölkəmizdə son illər Xocalı soyqırımının bütün dünya miqyasında tanınması üçün geniş ideoloji işlər aparılır. Xocalı soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması birbaşa dövlətimizin başçısı İlham Əliyevin tapşırıqları və nəzarəti altında həyata keçirilir. Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət nəticəsində artıq beynəlxalq təşkilatlar, aparıcı dövlətlər münaqişənin kökləri, səbəbləri və nəticələri barədə daha geniş məlumatlandırılır. Görülən tədbirlərin nəticəsi olaraq artıq Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir sıra ölkələri və beynəlxalq təşkilatları tərəfindən tanınıb. Bu sırada mediaya xüsusi yer verilməlidir. Təqdirəlayiq haldır ki, hər il olduğu kimi, bu il də dünya mediası Xocalı soyqırımının növbəti ildönümü ərəfəsində çoxsaylı məqalə və informasiyaları yayıb, faciə ilə bağlı obyektiv məlumatı öz səhifələrində yerləşdirib. Builki mərasimi əvvəlkilərdən fərqləndirən ən əsas hal odur ki, Azərbaycan xalqı 29-cu ildönümü tamamilə başqa əhval-ruhiyyədə yad etdi: qalib gəlmiş, qisasını almış, tapdanmış qürurunu özünə qaytaran xalq kimi! 44 günlük Vətən Müharibəsində təkcə torpaqlarımız azad olunmadı, şəhidlərimizin qisası alınmadı, həm də dəhşətli Xocalı faciəsinin qurbanlarının intiqamı alındı. Və Azərbaycan əsgəri qisasını dinc insanlardan yox, döyüş zamanı aldı.
Qardaş Türkiyə mediası il boyu öz səhifələrində bu faciəyə geniş yer ayırır. "Haberturk” qəzetinin köşə yazarı Gurşad Zorlu "Xatırladınızmı? Xocalıda bir soyqırımı yaşanmışdı” başlıqlı müəllif yazısında qeyd edir ki, 29 il əvvəl tarixin ən böyük faciələrindən biri baş verdi: "O gecə yaşananlar bir soyqırımı ifadəsidir. 63 uşaq, 106 qadın, 613 nəfər öldürüldü. 8 ailə tamamilə silindi. 155 uşaq valideynlərini itirdi. 487 nəfər yaralandı, 1200-dən çox adam əsir götürüldü. 150 nəfər itkin düşdü. Xocalıda baş verənlər müharibə gedişində yaşanan bir hücum deyildi, orada müharibə qaydaları pozuldu”. Müəllif yazır ki, Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan bu soyqırımına görə şəxsən məsuliyyət daşıyırdı. İngilis tədqiqatçı Tomas de Valla müsahibəsində demişdi ki, Xocalıdan əvvəl azərbaycanlılar zarafat etdiyimizi, mülki əhaliyə qarşı əl qaldırmayacaqlarını düşünürdülər. Biz bu fikri məhv etməyi bacardıq. Bu vəhşiliyə məsul olanlar heç bir sanksiya ilə qarşılaşmadılar. Türk yazar vurğulayır ki, 44 günlük müharibənin son həftəsində Azərbaycan ordusu Xocalıya yaxın bəzi kəndləri mühasirəyə aldı: "Lakin atəşkəs razılaşması imzalandı. Kaş ki, Xocalı azad edilərdi. Buranın Azərbaycan xalqı üçün tamamilə fərqli bir mənası var. Bu gün Qarabağdakı işğalın əhəmiyyətli bir hissəsi sona çatdı, Dağlıq Qarabağda olan Xocalı isə bir şəkildə Rusiya hərbi gücünün nəzarəti altında qaldı”.
Müəllif yazır ki, bu qırğın BMT TŞ, "Human Rights Watch” və Avropa Şurasının müvafiq qətnamələrində təsdiqlənib. İndiyə qədər Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya və Şotlandiya parlamentləri, habelə ABŞ-ın 20-dən çox ştatı Xocalıda bş verənləri soyqırımı kimi tanıyıb. Üstəlik, İslam Əməkdaşlıq Təşkilatı Xocalıda törədilən cinayətləri soyqırımı kimi xarakterizə edib. Türk yazar sonda yazır ki, Xocalı soyqırımını beynəlxalq aləmdə tanıtmaq üçün ortaq diaspor araşdırmaları ən üst səviyyəyə qaldırılmalıdır: "Hər şeydən əvvəl, türk dünyasında”.
"Yeni cağ” qəzetinin köşə yazarı Selcan Taşçı Hamşioğlu "Statüsü belirsiz" Hocalı” başlıqlı məqaləsində bildirir ki, Azərbaycan əsgəri Xocalının cəmi bir neçə kilometrliyində olub: "Azərbaycan əsgərləri əllərini uzatsaydılar Xocalıya çatardı”. "Kocaeli” qəzeində dərc edilən məqalədə bildirilir ki, ermənilər Rusiyanın dəstəyi ilə Azərbaycan ərazilərini işğal etməyə, qırğınlar və soyqırımı törətməyə başladılar. Qaçmağa və canlarını qurtarmaq istəyənlər qarlı, buzlu havada bir-bir tutularaq öldürüldülər: "Bu qeyri-insani vəhşilik qarşısında sözdə mədəni dövlətlər, qurumlar, təşkilatlar və Qərb ölkələri kor, kar və lal oldu. ATƏT kimi qurum və təşkilatlar işğal altındakı ərazilərin Azərbaycanın əraziləri olduğunu söylədi. Ancaq tüklərini belə tərpətmədilər”. "Anadolu” qəzetində dərc edilən məqalədə ermənilərin rusların köməyi ilə Xocalıda soyqırımı həyata keçirdikləri bildirilir: "Azərbaycan dövləti tarix boyu heç bir qonşu dövlətin torpağına və ya əmlakına xələl gətirməyib. Dünyada ərazisində başqa millətlərin yaşamadığı tək bir dövlət var, o da Ermənistanın oyuncaq dövlətidir. Bakıda isə 30 mindən çox erməni yaşayır”.
29-cu ildönümü ilə bağlı dünyanın bir çox media vasitələrində məqalələr dərc edilib. Məsələn, Xorvatiyanın "Veçernji list” qəzetindən Azərbaycanda səfərdə olmuş jurnalist Hassan Haydar Diabın Qarabağla bağlı geniş məqaləsi dərc edilib. Müəllif BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qətnamələrinə istinad edir, Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq hüquq tərəfindən dəstəkləndiyini vurğulayır. Jurnalist, həmçinin yeni azad olunmuş ərazilərə - Füzuli, Cəbrayıl və Qubadlı rayonlarına səfəri zamanı şahidi olduğu dağıntıların miqyasını, o cümlədən ermənilər tərəfindən məzarlıqların, yaşayış evlərinin və digər tikililərin məhv edildiyini oxucuların diqqətinə çatdırıb. Küveytin ərəb dilli "Dasmannews.com” xəbərlər portalında və "Al Wasat” qəzetində "Xocalı soyqırımı XX əsrin ən dəhşətli müharibə cinayətlərindən biridir” sərlövhəli məqalə dərc edilib. Qeyd edilib ki, müasir tarixin ən dəhşətli cinayətlərindən biri olan Xocalı soyqırımı XX əsrin digər qətliamları ilə müqayisə edilə bilər (Holokost, Babiy Yar, Xatın və s). Beynəlxalq hüquq, birmənalı olaraq bu cür cinayətləri soyqırımı kimi tanıyır və insanlığa qarşı ən ağır cinayətlər hesab edir. Böyük Britaniyanın "The London Post” saytında Milli Məclisin deputatı Cavanşir Feyziyevin və Böyük Britaniya Nümayəndələr Palatasının üzvü Bob Bləkmənin birgə müəllifi olduqları məqalə dərc olunub. "Xocalı soyqırımı və onun qurbanları” adlı məqalə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunub. Məqalədə bildirilir ki, 1945-ci ildən sonra yaradılmış və bütün dünya tərəfindən qəbul olunmuş beynəlxalq norma və prinsiplərə zidd olaraq, Azərbaycanının ərazi bütövlüyünə qarşı silahlı hücum yolu ilə Dağlıq Qarabağ bölgəsinin və ona bitişik 7 rayonun işğal olunması və bu ərazilərdən bütün azərbaycanlıların etnik təmizlənməyə məruz qoyulması, sadəcə, Ermənistan tərəfindən beynəlxalq qanunların pozulması deyil. Hələ 1980-ci illərdən başlayaraq son 30 il ərzində Ermənistan dövləti Azərbaycana qarşı çoxsaylı müharibə cinayətləri, insanlığa qarşı cinayət və soyqırımı cinayətləri törədib. Bu cinayətlər yüz minlərlə azərbaycanlının fundamental insan haqlarından, o cümlədən öz doğma torpaqlarında yaşamaq hüququndan məhrum olması ilə nəticələnib. Məqalədə Xocalı soyqırımının tarixi və təfərrüatları barədə geniş məlumat verilib.
İtaliyanın "Lo Spessore” onlayn qəzetində Beynəlxalq Siyasət və İqtisadi Araşdırmalar İnstitutunun (İREPİ) rəhbəri, jurnalist Domeniko Letizianın müəllifliyi ilə "Xocalı: Azərbaycan xalqının ürəyində açıq yara” başlıqlı məqalə dərc edilib. Məqalədə hər il fevral ayında yaxın keçmişin amansız hadisələri ilə yadda qalan Xocalı faciəsi qurbanlarının anıldığı bildirilib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ən ağır və faciəvi hadisəsinin meydanına çevrildiyini xatırladan müəllif, ağırlığına və amansızlığına baxmayaraq, münaqişələrin tarixin qaranlıq səhifələrində qaldığını təəssüf hissi ilə diqqətə çatdırıb. Faciənin təfərrüatlarına gəldikdə isə D.Letisiya 1992-ci il 25 fevral gecəsində Ermənistan ordusunun keçmiş sovet qoşunlarının köməyi ilə əhalisi azərbaycanlılardan ibarət olan Xocalıya hücuma başladığını, bu addımın məhz azərbaycanlılara qarşı qırğın törətmək məqsədi daşıdığını, Xocalının talanvə yerlə-yeksan edildiyini xatırladıb. Məqalədə Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarına istinadən Xocalıda törədilən cinayətlərə və onlardan irəli gələn məsuliyyətə dair heç bir şübhənin olmadığı vurğulanaraq bildirilib ki, müstəqil mənbələrdən əldə olunan hesabatlar göstərir ki, 1992-ci ilin fevral ayından 25-dən 26-na keçən gecə Xocalının ələ keçirilməsi zamanı yüzlərlə azərbaycanlının şəhəri tərk etməyə cəhd edən zaman hücum edən erməni silahlıları tərəfindən öldürüldüyü, yaralandığı və girov götürüldüyü qeyd olunur. Avropa İnsan Hüquqları Məhkəməsi qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən "xüsusilə ağır əməllər” kimi müəyyən etmişdir. Sonda müəllif torpaqlarından didərgin salınmış bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünlərin ailəsində kədər və davamlınostalgiyanın hökm sürdüyünü və bunun onların qəlblərində dərin sağalmaz izlər buraxdığını bildirib. Onun fikrincə, Xocalı müasir tariximizin ağrılı səhifəsi və Azərbaycan xalqının qəlbində açıq bir yara olsa da, bəlkə də ədalətin təntənəsi və günahkarların cəzalandırılması ilə bu yaraya məlhəm tapıla bilər.

Azər NURİYEV

banner

Oxşar Xəbərlər