Beş manatla biznes quran xanım - Biznes
Gənc yaşda olmasına baxmayaraq, öz biznesini qura
bilib. Deyir ki, önəmli olan insanın özünə inanması və məqsədlərinin ardınca gedə
bilməsidir. Çünki insan yalnız bu halda
uğur qazana bilər. Təsadüfən bu sahəyə gəlsə də, indi böyük hədəfləri var.
Müsahibim "Beyaz Decoration” şirkətinin
qurucusu Bəyaz Məcidovadır.
Qeyd edək ki, B.Məcidova 1993-cü ildə Şəkidə anadan
olub. İlk təhsilini Maliyyə İqtisad Kollecində Maliyyə işi fakültəsində alan
Bəyaz, daha sonra bir neçə illik fasilədən sonra Azərbaycan Dövlət İqtisad Universitetinin
marketinq fakültəsinə daxil olur. Hazırda 4-cü kurs tələbəsi olan həmsöhbətim
deyir ki, təhsil aldığı sahə işi ilə əlaqədardır: "Bu işə marağım uşaqlıqdan
var idi. Əslində ona görə də, ixtisası dizaynerlik üzrə seçdim. Yəni, uzaqdan
baxanda işimlə təhsilim uyğun görünməsə də, əslində bir-biri ilə sıx əlaqəli
sahələrdir. Marketinq isə bu işin
özəyini təşkil edir. Hazırda dizayner kimi, tanınmış şirkətlərin birində
çalışıram”.
"Ac,
yuxusuz qaldığım gecələr də az olmayıb”
Əvvəlcə şirkətlərdə dizayn işləri və sosial media
üzrə çalışdığını deyən həmsöhbətim, bu işə maraqlı bir təsadüf sayəsində gəlib:
"Bir gün rəfiqəmin istəyi ilə üstü dizayn edilmiş şokolad hazırladım. Sonradan
bir neçə belə hədiyyələr hazırlamağa başladım. Əvvəllər bunu yaxınlarımıza
hədiyyə vermək üçün edirdim. Daha sonra gördüm ki, mənim hobbi olaraq gördüyüm
işlər insanlar tərəfindən müsbət
qarşılanır və sifariş vermək istəyirlər. Əslində, mən bu dekorasiyaları
gündəlik işimin yorğunluğunu atmaq üçün hobbi olaraq edirdim. Sifarişlərin
sayının artdığını gördükdə isə biznesə çevirməyə qərar verdim”.
Öz işini quran gənc xanım deyir ki, bu işə heç bir
maddi dəstək olmadan, cəmi 5 manatla başlayıb: "İşə maddi olaraq heç kimdən
dəstək almadan başlamışam. Amma ailəmin mənə mənəvi dəstəyi çox böyük olub.
Onlar hələ də mənə dəstək olmağa davam edirlər. Hətta bəzən elə olur ki,
sifarişləri çox vaxt evdə birlikdə hazırlayırıq. Eyni zamanda ad günlərinin
təşkilatçılığı zamanı şirniyyatları anam hazırlayır. Bir növ ailə biznesinə
çevirmişik bu işi. Düzdür, işin çətinlikləri var. Çünki başqa şirkətdə
çalışıram və bu ikinci işim olduğu üçün daha çox axşamlar məşğul ola bilirəm.
Axşam gec saatlarda isə axtardığını tapmaq elə də asan deyil. Bəzən soyuq
havada belə axtarış etmək üçün xeyli yerləri gəzmək lazım olur. İşi çatdırmaq
üçün ac, yuxusuz qaldığım gecələr də az olmayıb. Ancaq işin yorğunluğu müştərilərimin
xoş sözləri və məmnunluqları sayəsində silinib gedir. Böyümək üçün bu
yorğunluqları motivasiya kimi görürəm. Onlardan mənə yüksək motivasiya və
sevərək gördüyüm işin nəticəsi qalır”.
"Bütün
ailə üzvlərimi köməyə çağırmalı oldum”
Bəyaz deyir ki, universiteti bitirdikdən sonra
xarici ölkələrdən birində bu işin ali təhsilini almaq niyyətindədir:
"Dekorasiya ilə bağlı ali təhsil almaq
və daha böyük yeniliklər gətirmək istəyirəm. Çünki düşünürəm ki, bacarıq elmlə
birləşdikdə daha gözəl nəticələr əldə edə bilərəm. Ali təhsil bir növ insana
yeni qapılar açır, işin sirlərini, dərinliklərini tam şəkildə qavramağa şərait
yaradır. İndi hazırladıqlarımı sosial şəbəkələrdə paylaşıram. İşimin bütün
avadanlıqları, aksesuarlarım, dekorlarım evdədir. Evdə otağın biri sırf mənim
işim üçün ayrılıb. Mən bu sahəni dincəlmək üçün seçmişəm. Əslində bu, mənim
üçün işdən daha çox, hobbi, terapiya rolunu oynayır desək, doğru olar”.
Müsahibim zamanla bütün problemlərin öhdəsindən
gələcəyini düşünür: "Sifarişlərin hazırlanma müddəti fərqlidir. Bu, işə görə
dəyişir. Elə olub ki, işi bir saata da qurtara bilmişəm. Bəzən isə aylarla vaxt
aparır. Məsuliyyətli olmağa, sifarişləri vaxtında çatdırmağa çalışıram. Düzdür,
nadir hallarda gecikdirmələr olub. O zaman müştərilərimizin səmimiliyimizə
inanması sayəsində ciddi problem yaşamamışıq. Hətta bir dəfə çox böyük bir
tədbir təşkil edirdik, son anda bizdən asılı olmayan səbəblərdən dolayı işlərdə
problemlər yaşandı. Çatdırmayacağam deyə, təlaşa düşdüm. İşlər gecikməsin deyə,
bütün ailə üzvlərimi köməyə çağırmalı oldum və işi tam zamanında təqdim edə
bildik. Bu işə heç bir gəlir olmadan başladığım üçün kiçik addımlarla
irəliləyirəm. Ona görə də, indi az qazansam da, həvəsdən düşmürəm. Təkcə bu
işin gəlirinin mənə bəs etməsi üçün bir az da zaman lazımdır”.
"Öz şirkətimi qurmaq istəyirəm”
Həmsöhbətim deyir ki, marağı olan bütün sahələrdə
işləməyə çalışır: "Boş vaxtlarımda rəsm çəkirəm, marketinq üzrə işlər görürəm,
dizayn edirəm. Beləcə, demək olar ki, boş vaxtım qalmır. Hələlik istirahətə çox
vaxt ayıra bilmirəm. Əgər, uğur qazanmaq istəyirsənsə, çox çalışmalısan. Ona
görə, vaxt tapan kimi yeni araşdırmalar edirəm. İstirahət üçün dostlarımla vaxt
keçirməyi seçirəm əsasən. Yaxın zamanda üzə çıxaracağımız bir neçə layihələr
var. İndidən cəhdlər edirik. Kiçik addımlarla getsəm də, hədəfim sonda böyük
uğurlar qazanmaqdır”.
Sonda gələcək planları haqqında danışan Bəyaz deyir
ki, öz biznesini böyük şirkətə çevirmək niyyətindədir: "İndi öz kiçik biznesim
deyə bəhs etdiyim "Beyaz Decoration”u gələcəkdə daha da böyüdərək, şirkətimi
qurmaq istəyirəm. Hədəfim təkcə dekorasiya və fərqli hədiyyələr hazırlamaq
deyil. Eyni zamanda böyük tədbirlərin təşkilatçılıq işlərini də tam şəkildə
üzərimizə götürmək və layiqincə öhdəsindən gəlmək istəyirik. Bunu edə biləcəyimə
əminəm. Çünki insan nəyisə ürəkdən istəyirsə, edə bilməyəcəyi heç nə yoxdur. Bu
işə yeni başlayanlara da tövsiyə edərdim ki, onları kiminsə yönləndirməsinə
əsla icazə verməsinlər, öz həvəsləri və istəkləri üzrə davam etsinlər. Həvəsli
olduğunuz işdə mütləq uğur tapacaqsınız”.
Şəbnəm
MEHDİZADƏ