“Bərzaninin kompromissiz siyasəti qondarma rejimə uğur gətirməyəcək”
Rəsmi Bağdadın, dünya
dövlətlərinin, xüsusən də İraqla qonşu ölkələrin etirazına baxmayaraq, Məsud
Bərzaninin rəhbərlik etdiyi Şimali İraq Kürd Muxtariyyəti sentyabrın 25-də müstəqillik
haqqında referendum keçirib. İraqın kürd regionunda keçirilən referendum, onun
nəticələrinin bölgəyə təsiri, Azərbaycanın tutduğu mövqe və digər məsələlərlə
bağlı "Kaspi”nin suallarını millət vəkili, politoloq Elman Nəsirov
cavablandırır.
-
Elman müəllim, beynəlxalq aləmin çağırışlarına məhəl qoymayan İraqdakı kürd
muxtariyyəti bu günlərdə referendum keçirib. Bu hadisəni necə
qiymətləndirirsiniz?
- İraqın şimalında müstəqil
Kürdüstan dövlətinin yaradılması üçün referendumun keçirilməsi beynəlxalq
birliyin əksər üzvləri tərəfindən mənfi qarşılanıb. Bu məsələdə xüsusilə BMT,
ABŞ, Türkiyə, İran, İraq və digər region ölkələri tənqidi mövqelərini ortaya
qoyublar. İraqın ərazi bütövlüyünün dəstəklənməsi ən yüksək səviyyədə ifadə
olunub. Hətta Türkiyədə rəsmi səfərdə olan Rusiya prezidenti Vladimir Putin də
Suriya ilə bərabər, İraqın da ərazi bütövlüyünün qorunmasının vacib olduğunu
dilə gətirdi. Bu referendum qondarma, qanunlara, beynəlxalq hüquqa zidd addım
kimi qiymətləndirilir. Xüsusilə də kürdlərin 4 dövlətin – Türkiyə, İran, İraq
və Suriya ərazisində kompakt şəkildə yaşaması reallığını nəzərə alsaq, onların
Şimali İraqda müstəqil dövlət yaratmaq niyyəti zəncirvari reaksiya doğuracaq,
digər 3 dövlətin ərazi bütövlüyünü də sual altında qoyacaq. Onsuz da Suriyada
bu istiqamətdə vəziyyət kifayət qədər ağırdır. Son referendum isə həmin
vəziyyəti bir qədər də gərginləşdirir. Ona görə də Türkiyə hökuməti
referendumla əlaqədar qətiyyətli mövqeyini ortaya qoyub. Türkiyənin
Təhlükəsizlik Şurası, hökumət təcili yığıncağını keçirib, müzakirələr aparıb.
Prezident Rəcəb Tayyib Ərdoğan kəskin mövqeyini bir neçə dəfə diqqətə çatdırıb.
Türkiyə bu məsələdə əlində olan bütün imkanlardan, xüsusən də iqtisadi, maliyyə
rıçaqlardan yararlanır. İlk olaraq İraqın Şimalındakı kürd muxtariyyətindən
alınan neftə embarqo qoyulub. Bu, öz müstəqilliyini elan etmiş qondarma rejimə
çox böyük vəsait daxilolmalarının qarşısının alınması deməkdir. Türkiyə İraq
hökuməti ilə 1926 və 1946-cı illərdə imzalamış müvafiq müqavilələri də işə
salıb. Öz ərazisinin təhlükəsizliyi naminə hərbi güc tətbiqi imkanlarını da
özündə qoruyub saxlayır. Bununla bərabər, Prezident Ərdoğanın oktyabrın 4-də
İrana səfəri gözlənilir. O, iranlı həmkarı Həsən Ruhani ilə də bu mövzuda
danışıqlar aparacaq. Artıq İran dövləti Ərbilə və Süleymaniyyəyə hava
reyslərini dayandırıb. Gözlənilir ki, Tehran səfərindən sonra koordinasiya
olunmuş İran-Türkiyə əməkdaşlığının əsasları yarana bilər. Rəsmi Bağdad da bu
məsələ ilə əlaqədar kəskin mövqeyini ortaya qoyub, referendumu qeyri-qanuni
elan edib. Hətta zərurət yaranarsa, hərbi güc tətbiq ediləcəyi barədə
məlumatlar da dolaşmaqdadır. Bu cür situasiyada İraqın şimalında qondarma
referendumun keçirilməsi onsuz da mürəkkəb olan regionda vəziyyətin daha da
dramatik həddə çatmasına səbəb olub. Artıq region ölkələrində terrorizm
dalğasının güclənməsi ehtimalları meydana gəlir. Göründüyü kimi, İraqın
şimalında qeyri-qanuni referendumun keçirilməsi dünyanın ayrı-ayrı ərazilərində
separatçı qüvvələrin ruhlanmasına gətirib çıxarır. Bu, olduqca təhlükəli
tendensiyalardan biridir. Belə separatizm əməllərinə qarşı mübarizə aparılması,
eyni zamanda terrorizmə, radikalizmə qarşı mübarizə anlamında da dəyərləndirilə
bilər.
- Sizcə, M.Bərzani rəhbərlik
etdiyi bölgəni niyə məhz indi müstəqil
ölkəyə çevirmək qərarına gəlib?
- Hadisələrə isti-isti
qiymət verməkdə bir qədər çətinliklər var. Ancaq müəyyən dövlətlərin bu əməlinə
görə Bərzaniyə açıq və ya gizli dəstək verdiyi ortadadır. Bu məsələ ilə
əlaqədar da Türkiyə prezidenti açıq formada bəyanat səsləndirib. Təəssüflə qeyd
edib ki, Türkiyə ilə münasibətləri o qədər yaxşı olmayan dövlətlər Bərzaniyə
dəstək verirlər. O, bu kontekstdə İsrailin adını çəkdi. Bildirdi ki, bu
məsələlərlə bağlı İsrail loyal mövqe nümayiş etdirir. Digər müəyyən siyasi
dairələrin, maliyyə mənbələrinin, kürd lobbi qruplarının da bu məsələlərdə
fəallığı qeyd olunmaqdadır. Bərzaninin referendumdan öncəki açıqlamasında qeyd
olunurdu ki, ABŞ bu referendumun qarşısını almaq üçün təzyiq göstərsə də, bunun
qarşılığında heç bir addım atmaq istəmir. Ona görə də Bərzani referendumu
təxirə salmadı, inadkarlıq nümayiş etdirdi. Bərzaninin bu məsələlərlə əlaqəli
güzəştsiz, kompromissiz siyasəti nəticə etibarilə həm bu qondarma rejimə uğur
gətirməyəcək, həm də regionda sülhün, əmin-amanlığın qorunmasına səbəb
olmayacaq. Uzun müddətdir ki, tarixdə Yaxın Şərqi barıt çəlləyinə bənzədirlər.
Həmin barıt çəlləyinin partlaması ehtimalı bu referendumdan sonra daha da
artır. Onsuz da bu regionda sakitlik, dinclik, təhlükəsizlik yoxdur. Sualınıza
cavab olaraq bir daha qeyd etmək istərdim ki, müəyyən beynəlxalq dairələr,
qüvvələr öz geosiyasi maraqlarından çıxış edərək, açıq və ya gizli şəkildə
proseslərdə rol oynayaraq, Türkiyə, İran, Suriya və İraqla vəziyyətin
kəskinləşməsini istəyirlər. Müəyyən mənada Türkiyənin varlığını həzm edə
bilməyən beynəlxalq dairələr də bu vasitə ilə rəsmi Ankaraya, İrana təzyiq
göstərmək istəyirlər. Bu da mürəkkəb bir regionda proseslərin gözlənilməz
ssenari üzrə inkişafına təkan verə bilər. Ən təhlükəlisi isə budur ki, belə
situasiyada beynəlxalq terrorizmin daha da genişlənməsi üçün münbit şərait
yaranır. Ona görə də beynəlxalq birliyin koordinasiya olunmuş fəaliyyətinə
böyük ehtiyac var. Çünki, separatizm, radikalizm, terrorizm bir-biri ilə bağlı
məsələdir. Onların birinə münasibətdə sərt, digərinə isə qeyri-obyektiv
yanaşmaq, müşahidəçi statusunda sadəcə prosesləri izləmək çox ağır nəticələrə
səbəb ola bilər. Bu da təkcə region üçün deyil, bütün dünya üçün təhlükə yarada
bilər.
-
Bəzi ekspertlər İraqın şimalındakı kürd muxtariyyətinin beynəlxalq aləmin
əleyhinə gedərək referendum keçirməsinin, müstəqilliyə can atmasının səbəbini
Türkiyənin vaxtilə yürütdüyü siyasi kursla əlaqələndirirlər. İddia olunur ki,
NATO dövləti olan Türkiyə 2003-cü ildə İraqa müdaxilə olunan zaman ABŞ-la
birlikdə hərəkət etmədiyi üçün Qərb tərəfindən cəzalandırılır. Bu iddialar nə
dərəcədə əsaslıdır?
- Amerika özü də belə
məsələlərdə bir qədər fərqli mövqedə dayanıb. Rəsmi Vaşinqton referendumun
nəticələrini qəbul etməyəcəyini bəyan edib. 2003-cü ildə Türkiyənin Səddam
Hüseyn əleyhinə koalisiyada yer almaması, fərqli mövqedə dayanması ilə əlaqədar
rəsmi Ankaranın öz arqumentləri var idi. 1990-cı ildə "Səhrada fırtına”
əməliyyatında Türkiyə iştirak etsə də, bunun qarşılığında ona verilən vədlər
yerinə yetirilmədi. Bu səbəbdən də bir çox hallarda Türkiyə öz maraqları
əleyhinə çıxış etmiş oldu. Yəni, Ankara Vaşinqtonu o zaman ittiham etdi ki,
Amerika öz müttəfiqləri qarşısında götürdüyü öhdəlikləri bir çox hallarda icra
etmir. Səbəblərdən biri də bu oldu ki, 2003-cü ildə Türkiyə məlum proseslərdə
fəal iştirak etmədi, ABŞ-ın yanında elə də sıx yer almadı. Buna baxmayaraq, hesab
etmirəm ki, indiki halda İraqın şimalında referendumun keçirilməsi ilə Türkiyə
cəzalandırılır. Bu cür yanaşma düzgün deyil. ABŞ və Türkiyə NATO üzvü olan,
ciddi müttəfiq sayılan dövlətlərdir. Onlar arasında bu və ya digər məsələ ilə
əlaqədar fikir ayrılığı ola bilər, lakin fundamental məsələlərdə Vaşinqton və
Ankara müttəfiq olduqlarının fərqinə varırlar. Elə kürd muxtariyyətinin
referendum keçirməsinə qarşı Türkiyə və ABŞ-ın ortaq mövqe nümayiş etdirməsi də
buna sübutdur.
-
İraqın şimalındakı kürd muxtariyyətinə hərbi müdaxilə edilməsi barədə
bəyanatlar da tez-tez gündəmə gəlir. Əgər belə bir hadisə baş verərsə, bu, nə
ilə nəticələnə bilər?
- Hərbi müdaxilə son imkan
tədbiri kimi nəzərdən keçirilir. Türkiyənin belə bir addım atmasına qədər bir
çox təsir imkanları var. Hərbi müdaxiləni də qanundan kənar addım kimi qəbul
etmək olmaz. Bir qədər əvvəl xatırlatdığım kimi, bu məsələ ilə əlaqədar 1926 və
1946-cı ildə imzalanan müqavilələr var. Eyni zamanda, Türkiyə rəhbərliyi son
bəyanatında belə bir fikir irəli sürüb ki, İraq hökuməti, yəni rəsmi Bağdad bu
məsələ ilə əlaqədar Ankaraya yardım üçün müraciət edərsə, istənilən kömək,
hətta hərbi dəstək verilə bilər. Ona görə də belə situasiyada rəsmi Bağdadın
davranışından çox şey asılıdır. Hər iki dövlət bu separatizm dalğasının hansı
nəticələrə səbəb olacağını yaxşı başa düşür. Ən böyük fəlakət ölkələrin ərazi
bütövlüyünün pozulması, parçalanmasıdır. Bu səbəbdən problemin hərbi yolla
həlli gündəmdən çıxarılmayıb. Son tədbir kimi məhz bu seçimin edilməsi
ehtimalları və imkanları kifayət qədər genişdir.
-
Baş verən proseslər fonunda Azərbaycan necə mövqe nümayiş etdirməlidir?
- Azərbaycan hər zaman
separatizmin əleyhinədir. Azərbaycan İraqın ərazi bütövlüyünü, suverenliyini
tanıyır və məlum hadisələrin dinc yolla həllində maraqlıdır. Azərbaycan özü
separatizmdən, terrorizmdən əziyyət çəkən dövlətdir. Ermənistanın timsalında bu
məsələlərlə bağlı bizim çox ciddi düşmənimiz var. Ermənistan Dağlıq Qarabağda
separatizm hərəkətlərinə bilavasitə rəhbərlik edib, Azərbaycanın 20 faiz
ərazisini işğal edib, 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi
köçkünə çevrilməsinə səbəb olub. Məhz Ermənistanın dəstəyi ilə işğal olunmuş
Azərbaycan torpaqlarında qeyri-qanuni rejim yaradılıb. Ona görə də Azərbaycan
bütün dünya dövlətlərinin ərazi bütövlüyünə hörmətlə yanaşır, separatizmin,
terrorizmin əleyhinə olduğunu nümayiş etdirir. Bir regionda separatizmin qalib
gəlməsi digər regionda da analoji proseslərin baş verməsində münbit şərait
yarada bilər. Bir regionda separatizmə göz yummaq digər regionda onun inkişafı
üçün imkanlar yaratmaq anlamındadır. Azərbaycan multikulturalizm ənənələrini
paylaşan, demokratik prinsipləri, demokratik dəyərləri, beynəlxalq hüququ,
hüquqi idarəetməni əsas tutan müstəqil dövlətdir. Bu səbəbdən də Azərbaycan
İraqın ərazi bütövlüyünə də hörmətlə yanaşır, onu dəstəkləyir.
Rufik
İSMAYILOV