• cümə, 29 Mart, 16:26
  • Baku Bakı 14°C

“Bərzaninin kompromissiz siyasəti qondarma rejimə uğur gətirməyəcək”

30.09.17 11:30 4206
“Bərzaninin kompromissiz siyasəti qondarma rejimə uğur gətirməyəcək”
Rəsmi Bağdadın, dünya dövlətlərinin, xüsusən də İraqla qonşu ölkələrin etirazına baxmayaraq, Məsud Bərzaninin rəhbərlik etdiyi Şimali İraq Kürd Muxtariyyəti sentyabrın 25-də müstəqillik haqqında referendum keçirib. İraqın kürd regionunda keçirilən referendum, onun nəticələrinin bölgəyə təsiri, Azərbaycanın tutduğu mövqe və digər məsələlərlə bağlı "Kaspi”nin suallarını millət vəkili, politoloq Elman Nəsirov cavablandırır.

- Elman müəllim, beynəlxalq aləmin çağırışlarına məhəl qoymayan İraqdakı kürd muxtariyyəti bu günlərdə referendum keçirib. Bu hadisəni necə qiymətləndirirsiniz?
- İraqın şimalında müstəqil Kürdüstan dövlətinin yaradılması üçün referendumun keçirilməsi beynəlxalq birliyin əksər üzvləri tərəfindən mənfi qarşılanıb. Bu məsələdə xüsusilə BMT, ABŞ, Türkiyə, İran, İraq və digər region ölkələri tənqidi mövqelərini ortaya qoyublar. İraqın ərazi bütövlüyünün dəstəklənməsi ən yüksək səviyyədə ifadə olunub. Hətta Türkiyədə rəsmi səfərdə olan Rusiya prezidenti Vladimir Putin də Suriya ilə bərabər, İraqın da ərazi bütövlüyünün qorunmasının vacib olduğunu dilə gətirdi. Bu referendum qondarma, qanunlara, beynəlxalq hüquqa zidd addım kimi qiymətləndirilir. Xüsusilə də kürdlərin 4 dövlətin – Türkiyə, İran, İraq və Suriya ərazisində kompakt şəkildə yaşaması reallığını nəzərə alsaq, onların Şimali İraqda müstəqil dövlət yaratmaq niyyəti zəncirvari reaksiya doğuracaq, digər 3 dövlətin ərazi bütövlüyünü də sual altında qoyacaq. Onsuz da Suriyada bu istiqamətdə vəziyyət kifayət qədər ağırdır. Son referendum isə həmin vəziyyəti bir qədər də gərginləşdirir. Ona görə də Türkiyə hökuməti referendumla əlaqədar qətiyyətli mövqeyini ortaya qoyub. Türkiyənin Təhlükəsizlik Şurası, hökumət təcili yığıncağını keçirib, müzakirələr aparıb. Prezident Rəcəb Tayyib Ərdoğan kəskin mövqeyini bir neçə dəfə diqqətə çatdırıb. Türkiyə bu məsələdə əlində olan bütün imkanlardan, xüsusən də iqtisadi, maliyyə rıçaqlardan yararlanır. İlk olaraq İraqın Şimalındakı kürd muxtariyyətindən alınan neftə embarqo qoyulub. Bu, öz müstəqilliyini elan etmiş qondarma rejimə çox böyük vəsait daxilolmalarının qarşısının alınması deməkdir. Türkiyə İraq hökuməti ilə 1926 və 1946-cı illərdə imzalamış müvafiq müqavilələri də işə salıb. Öz ərazisinin təhlükəsizliyi naminə hərbi güc tətbiqi imkanlarını da özündə qoruyub saxlayır. Bununla bərabər, Prezident Ərdoğanın oktyabrın 4-də İrana səfəri gözlənilir. O, iranlı həmkarı Həsən Ruhani ilə də bu mövzuda danışıqlar aparacaq. Artıq İran dövləti Ərbilə və Süleymaniyyəyə hava reyslərini dayandırıb. Gözlənilir ki, Tehran səfərindən sonra koordinasiya olunmuş İran-Türkiyə əməkdaşlığının əsasları yarana bilər. Rəsmi Bağdad da bu məsələ ilə əlaqədar kəskin mövqeyini ortaya qoyub, referendumu qeyri-qanuni elan edib. Hətta zərurət yaranarsa, hərbi güc tətbiq ediləcəyi barədə məlumatlar da dolaşmaqdadır. Bu cür situasiyada İraqın şimalında qondarma referendumun keçirilməsi onsuz da mürəkkəb olan regionda vəziyyətin daha da dramatik həddə çatmasına səbəb olub. Artıq region ölkələrində terrorizm dalğasının güclənməsi ehtimalları meydana gəlir. Göründüyü kimi, İraqın şimalında qeyri-qanuni referendumun keçirilməsi dünyanın ayrı-ayrı ərazilərində separatçı qüvvələrin ruhlanmasına gətirib çıxarır. Bu, olduqca təhlükəli tendensiyalardan biridir. Belə separatizm əməllərinə qarşı mübarizə aparılması, eyni zamanda terrorizmə, radikalizmə qarşı mübarizə anlamında da dəyərləndirilə bilər.

- Sizcə, M.Bərzani rəhbərlik etdiyi bölgəni niyə məhz indi müstəqil ölkəyə çevirmək qərarına gəlib?
- Hadisələrə isti-isti qiymət verməkdə bir qədər çətinliklər var. Ancaq müəyyən dövlətlərin bu əməlinə görə Bərzaniyə açıq və ya gizli dəstək verdiyi ortadadır. Bu məsələ ilə əlaqədar da Türkiyə prezidenti açıq formada bəyanat səsləndirib. Təəssüflə qeyd edib ki, Türkiyə ilə münasibətləri o qədər yaxşı olmayan dövlətlər Bərzaniyə dəstək verirlər. O, bu kontekstdə İsrailin adını çəkdi. Bildirdi ki, bu məsələlərlə bağlı İsrail loyal mövqe nümayiş etdirir. Digər müəyyən siyasi dairələrin, maliyyə mənbələrinin, kürd lobbi qruplarının da bu məsələlərdə fəallığı qeyd olunmaqdadır. Bərzaninin referendumdan öncəki açıqlamasında qeyd olunurdu ki, ABŞ bu referendumun qarşısını almaq üçün təzyiq göstərsə də, bunun qarşılığında heç bir addım atmaq istəmir. Ona görə də Bərzani referendumu təxirə salmadı, inadkarlıq nümayiş etdirdi. Bərzaninin bu məsələlərlə əlaqəli güzəştsiz, kompromissiz siyasəti nəticə etibarilə həm bu qondarma rejimə uğur gətirməyəcək, həm də regionda sülhün, əmin-amanlığın qorunmasına səbəb olmayacaq. Uzun müddətdir ki, tarixdə Yaxın Şərqi barıt çəlləyinə bənzədirlər. Həmin barıt çəlləyinin partlaması ehtimalı bu referendumdan sonra daha da artır. Onsuz da bu regionda sakitlik, dinclik, təhlükəsizlik yoxdur. Sualınıza cavab olaraq bir daha qeyd etmək istərdim ki, müəyyən beynəlxalq dairələr, qüvvələr öz geosiyasi maraqlarından çıxış edərək, açıq və ya gizli şəkildə proseslərdə rol oynayaraq, Türkiyə, İran, Suriya və İraqla vəziyyətin kəskinləşməsini istəyirlər. Müəyyən mənada Türkiyənin varlığını həzm edə bilməyən beynəlxalq dairələr də bu vasitə ilə rəsmi Ankaraya, İrana təzyiq göstərmək istəyirlər. Bu da mürəkkəb bir regionda proseslərin gözlənilməz ssenari üzrə inkişafına təkan verə bilər. Ən təhlükəlisi isə budur ki, belə situasiyada beynəlxalq terrorizmin daha da genişlənməsi üçün münbit şərait yaranır. Ona görə də beynəlxalq birliyin koordinasiya olunmuş fəaliyyətinə böyük ehtiyac var. Çünki, separatizm, radikalizm, terrorizm bir-biri ilə bağlı məsələdir. Onların birinə münasibətdə sərt, digərinə isə qeyri-obyektiv yanaşmaq, müşahidəçi statusunda sadəcə prosesləri izləmək çox ağır nəticələrə səbəb ola bilər. Bu da təkcə region üçün deyil, bütün dünya üçün təhlükə yarada bilər.
- Bəzi ekspertlər İraqın şimalındakı kürd muxtariyyətinin beynəlxalq aləmin əleyhinə gedərək referendum keçirməsinin, müstəqilliyə can atmasının səbəbini Türkiyənin vaxtilə yürütdüyü siyasi kursla əlaqələndirirlər. İddia olunur ki, NATO dövləti olan Türkiyə 2003-cü ildə İraqa müdaxilə olunan zaman ABŞ-la birlikdə hərəkət etmədiyi üçün Qərb tərəfindən cəzalandırılır. Bu iddialar nə dərəcədə əsaslıdır?
- Amerika özü də belə məsələlərdə bir qədər fərqli mövqedə dayanıb. Rəsmi Vaşinqton referendumun nəticələrini qəbul etməyəcəyini bəyan edib. 2003-cü ildə Türkiyənin Səddam Hüseyn əleyhinə koalisiyada yer almaması, fərqli mövqedə dayanması ilə əlaqədar rəsmi Ankaranın öz arqumentləri var idi. 1990-cı ildə "Səhrada fırtına” əməliyyatında Türkiyə iştirak etsə də, bunun qarşılığında ona verilən vədlər yerinə yetirilmədi. Bu səbəbdən də bir çox hallarda Türkiyə öz maraqları əleyhinə çıxış etmiş oldu. Yəni, Ankara Vaşinqtonu o zaman ittiham etdi ki, Amerika öz müttəfiqləri qarşısında götürdüyü öhdəlikləri bir çox hallarda icra etmir. Səbəblərdən biri də bu oldu ki, 2003-cü ildə Türkiyə məlum proseslərdə fəal iştirak etmədi, ABŞ-ın yanında elə də sıx yer almadı. Buna baxmayaraq, hesab etmirəm ki, indiki halda İraqın şimalında referendumun keçirilməsi ilə Türkiyə cəzalandırılır. Bu cür yanaşma düzgün deyil. ABŞ və Türkiyə NATO üzvü olan, ciddi müttəfiq sayılan dövlətlərdir. Onlar arasında bu və ya digər məsələ ilə əlaqədar fikir ayrılığı ola bilər, lakin fundamental məsələlərdə Vaşinqton və Ankara müttəfiq olduqlarının fərqinə varırlar. Elə kürd muxtariyyətinin referendum keçirməsinə qarşı Türkiyə və ABŞ-ın ortaq mövqe nümayiş etdirməsi də buna sübutdur.

- İraqın şimalındakı kürd muxtariyyətinə hərbi müdaxilə edilməsi barədə bəyanatlar da tez-tez gündəmə gəlir. Əgər belə bir hadisə baş verərsə, bu, nə ilə nəticələnə bilər?
- Hərbi müdaxilə son imkan tədbiri kimi nəzərdən keçirilir. Türkiyənin belə bir addım atmasına qədər bir çox təsir imkanları var. Hərbi müdaxiləni də qanundan kənar addım kimi qəbul etmək olmaz. Bir qədər əvvəl xatırlatdığım kimi, bu məsələ ilə əlaqədar 1926 və 1946-cı ildə imzalanan müqavilələr var. Eyni zamanda, Türkiyə rəhbərliyi son bəyanatında belə bir fikir irəli sürüb ki, İraq hökuməti, yəni rəsmi Bağdad bu məsələ ilə əlaqədar Ankaraya yardım üçün müraciət edərsə, istənilən kömək, hətta hərbi dəstək verilə bilər. Ona görə də belə situasiyada rəsmi Bağdadın davranışından çox şey asılıdır. Hər iki dövlət bu separatizm dalğasının hansı nəticələrə səbəb olacağını yaxşı başa düşür. Ən böyük fəlakət ölkələrin ərazi bütövlüyünün pozulması, parçalanmasıdır. Bu səbəbdən problemin hərbi yolla həlli gündəmdən çıxarılmayıb. Son tədbir kimi məhz bu seçimin edilməsi ehtimalları və imkanları kifayət qədər genişdir.

- Baş verən proseslər fonunda Azərbaycan necə mövqe nümayiş etdirməlidir?
- Azərbaycan hər zaman separatizmin əleyhinədir. Azərbaycan İraqın ərazi bütövlüyünü, suverenliyini tanıyır və məlum hadisələrin dinc yolla həllində maraqlıdır. Azərbaycan özü separatizmdən, terrorizmdən əziyyət çəkən dövlətdir. Ermənistanın timsalında bu məsələlərlə bağlı bizim çox ciddi düşmənimiz var. Ermənistan Dağlıq Qarabağda separatizm hərəkətlərinə bilavasitə rəhbərlik edib, Azərbaycanın 20 faiz ərazisini işğal edib, 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsinə səbəb olub. Məhz Ermənistanın dəstəyi ilə işğal olunmuş Azərbaycan torpaqlarında qeyri-qanuni rejim yaradılıb. Ona görə də Azərbaycan bütün dünya dövlətlərinin ərazi bütövlüyünə hörmətlə yanaşır, separatizmin, terrorizmin əleyhinə olduğunu nümayiş etdirir. Bir regionda separatizmin qalib gəlməsi digər regionda da analoji proseslərin baş verməsində münbit şərait yarada bilər. Bir regionda separatizmə göz yummaq digər regionda onun inkişafı üçün imkanlar yaratmaq anlamındadır. Azərbaycan multikulturalizm ənənələrini paylaşan, demokratik prinsipləri, demokratik dəyərləri, beynəlxalq hüququ, hüquqi idarəetməni əsas tutan müstəqil dövlətdir. Bu səbəbdən də Azərbaycan İraqın ərazi bütövlüyünə də hörmətlə yanaşır, onu dəstəkləyir.
Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər