Berti Foqts 4 futbolçudan imtina etdi

Berti Foqts 4 futbolçudan imtina etdi

İdman
11 Oktyabr 2012, 16:58 1757
Azərbaycan millisinin heyətində dəyişiklik baş verib. Apasport.az saytının məlumatına görə,DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 16-da Moskvadakı "Lujniki" stadionunda Rusiya ilə keçirəcəyi oyuna hazırlıq məqsədilə Bakı şəhərində təlim-məşq toplanışında olan komandamızın heyətindən 4 futbolçu kənarlaşdırılıb.
Belə ki, baş məşqçi Berti Foqtsun qərarına əsasən Nizami Hacıyev, Elvin Məmmədov, Ruslan Əmircanov və Usim Nduka etibarən təlim-məşq toplanışında iştirak etməyəcək. Bununla, millimizin heyətində 21 futbolçu qalıb.
Elvin Məmmədov milli komandadan kənarlaşdırılması ilə bağlı baş məşqçi Berti Foqtsun verdiyi qərara münasibət açıqlayıb. O deyib ki, Berti Foqstla söhbəti olub. “O, bu qərarına səbəb kimi mənim klubumda əsas heyətdə oynamamağımı gətirdi. Məşqlərdə özümü yaxşı tərəfdə göstərdiyimi özü mənə bildirdi. Ancaq oyun təcrübəsinin az olmasını səbəb göstərərək məni millidən kənarlaşdırdığını söylədi. Mən də bu qərara hörmətlə yanaşıb, komandaya uğurlar arzuladım və düşərgəni tərk etdim”.
E.Məmmədovun sözlərinə görə, Foqtsa öz üzərində işləməyə davam edəcəyini deyib: “Mən öz klubumda əsas heyətə düşürəm. Özümü ilk onbirliyə düşməyə hazır da sayıram. Ancaq “Qəbələ”ylə son tur oyununda baş məşqçi mənə şans vermədi. Bu isə məndən asılı olan deyil. Hər bir məşqçinin öz fikri var. Ola bilsin ki, Foqts taktikasına görə mənə şans vermədi. Yerə gəlmişkən, “Qəbələ” ilə matçı Foqts özü də stadiondan izləyirdi. Yəqin ona görə bu qərara gəlib. Fikrimcə, bu heç də əsas səbəb deyil, mən ona öz iradımı bildirdim”.
Qeyd edək ki, Rusiya ilə oyuna 28 futbolçu çağıran almaniyalı çalışdırıcı zədə üzündən Əfran İsmayılovla Cavid İmamverdiyevi heyətdən kənarlaşdırmalı oldu. Elnur Allahverdiyev isə “Turan”la oyunda hakimin üzünə tüpürdüyünə görə AFFA-nın İntizam Komitəsinin ağır cəzasına məruz qaldığından, Foqts onu da heyətdən çıxarmağı lazım bildi.