• cümə, 19 Aprel, 16:01
  • Baku Bakı 25°C

Berlində Azərbaycan qadınlarının azadlıq mübarizəsindən danışılıb

01.02.20 11:52 683
Berlində Azərbaycan qadınlarının azadlıq mübarizəsindən danışılıb
Berlin Humboldt Universitetinin Azərbaycan tarixi kafedrasında keçirilən elmi kollokvium çərçivəsində kafedranın doktorantı Valentina Smirnova "1920-30-cu illərin Azərbaycan kinosunda qadın obrazları ilə bağlı əsas narrativlər və onların təsvirində istifadə olunan konstruksiyalar” mövzusunda məruzə ilə çıxış edib.
AZƏRTACxəbər verir ki, mövzu ilə əlaqədar aylarla Azərbaycan Dövlət Film Fondunda, eləcə də Milli Arxiv İdarəsində araşdırmalar aparan məruzəçi öz tədqiqatının ilkin nəticələrini kollokviumda müzakirəyə çıxarıb. Diqqətini əsasən bəhs olunan illərdə çəkilmiş üç məşhur film - "Sevil”, "İsmət” və "Almaz” filmləri üzərində cəmləyən müəllif azərbaycanlı qadınların yeni cəmiyyətdə öz layiqli yerlərini tutmaq uğrunda mübarizəsini real misallar əsasında göstərib.
Məruzənin sonra mövzu ətrafında geniş müzakirələr aparılıb.
Kollokviumun aparıcısı, Azərbaycan tarixi kafedrasının dosenti Rasim Mirzəyev müzakirələrə yekun vuraraq, avropalılara mövzu il bağlı çox da bəlli olmayan məsələlərdən danışıb. Vurğulayıb ki, qadınlarımızın azadlığı, onların təhsil alması, peşələrə yiyələnməsi və ictimai həyatda fəal mövqe tutmaları yalnız sovet hakimiyyətinin irəli sürdüyü məsələ deyildi. Azərbaycanda artıq XIX əsrin ortalarından etibarən meydana çıxan, daha dəqiq desək, Şərqin böyük mütəfəkkiri Mirzə Fətəli Axundovun əsasını qoyduğu son dərəcə güclü maarifçilik hərəkatının mərkəzi mövzularından biri də məhz qadın və onun cəmiyyətdəki mövqeyinin yüksəldilməsi olub. Bu baxımdan, Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlara səsvermə hüququnun verilməsi qətiyyən təsadüfi deyildi. Bu gün Bakının mərkəzi meydanlarının birində "Azad qadın” heykəlinin ucalması azərbaycanlılar üçün tamamilə qanunauyğun olsa da, İslam dünyasında, bütövlükdə Şərq aləmində nadir bir haldır.
Qeyd edək ki, Humboldt Universitetinin, həmçinin Berlindəki digər universitetlərindən olan professor, tələbə və doktorantlarının, eyni zamanda, şəhər ictimaiyyətinin nümayəndələrinin də iştirak etdiyi kollokvium ənənəvi olaraq hər həftənin dördüncü günü keçirilir.

banner

Oxşar Xəbərlər