• cümə, 19 Aprel, 08:09
  • Baku Bakı 13°C

Berlində “ASAN xidmət”in təqdimatı olub

05.05.15 08:54 1046
Berlində “ASAN xidmət”in təqdimatı olub
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovun başçılıq etdiyi nümayəndə heyəti Berlində səfərdədir.
“ASAN xidmət” Mərkəzindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində Dövlət Agentliyinin nümayəndə heyəti ilə Almaniya Bundestaqının deputatı və Almaniyanın ATƏT-in parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbərinin müavini Yürgen Klimke, Almaniyanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Aksel Fişer, Almaniya Federal Xarici və Daxili İşlər Nazirliklərinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (GİZ) nümayəndələri, habelə Almaniya Parlamentində Cənubi Qafqaz dövlətləri ilə əlaqələr üzrə dostluq qrupunun rəhbəri xanım Karin Strenz və qrupun digər üzvləri ilə görüşlər keçirilib.
Agentliyin sədri İnam Kərimov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən son illər dövlət idarəçiliyinin təkmilləşdirilməsi və modernləşdirilməsi sahəsində həyata keçirilən islahatlar barədə məlumat verib. Agentliyin sədri bu islahatların tərkib hissəsi olan “ASAN xidmət”in uğurlu fəaliyyəti və Azərbaycanda elektron hökumət sahəsində görülən digər tədbirlər barədə geniş təqdimat edib. “ASAN xidmət”in hüquqi-formal xüsusiyyətləri və dövlət xidmətlərinin göstərilməsində səmərəliliyin artırılması baxımından uğurlu və nümunəvi model olaraq üstünlükləri diqqətə çatdırılıb. Qeyd edilib ki, son iki ildə mərkəzlərə müraciət edən 5 milyona yaxın vətəndaşın məmnunluğu təmin edilib.
Görüşlər zamanı Almaniya rəsmiləri dövlət xidmətlərinin göstərilməsi sahəsində “ASAN xidmət” konsepsiyasının örnək model olduğunu və bu təcrübənin digər ölkələrdə tətbiqinin zəruriliyini vurğulayıblar.
Azərbaycan Respublikasının Almaniyadakı səfiri Pərviz Şahbazov Azərbaycan-Almaniya arasında əməkdaşlığın dinamik inkişafından və bu əməkdaşlığın inkişafına “ASAN xidmət”in töhfəsindən danışıb. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Mustafa Qurbanlı ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı və bu sahədə dövlət dəstəyinin rolu və beynəlxalq miqyasda fəaliyyəti barədə məlumat verib.
Nümayəndə heyətinin səfəri XVIII “Səmərəli idarəetmə 2015” mövzusunda keçirilən Konqresdə iştirak çərçivəsində davam etdirilir.
banner

Oxşar Xəbərlər